Ulu öndərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir

 

Qarşıdan xalqımızın ulu öndəri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 90 illik yubileyi gəlir. Bu münasibətlə ölkəmizdə müxtəlif məzmunlu tədbirlər keçirilməkdədir.

Bakının Xətai rayonunda da Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı ayrı-ayrı tədbirlər keçirilir. Təşkil olunan silsilə tədbirlər çərçivəsində aprelin 27-də rayon ərazisində ağacəkmə aksiyasına başlanılıb. Ağacəkmə kampaniyası Xətai rayonundakı bütün park və yaşıllıqları əhatə etmişdi. Rayon ictimaiyyətinin yaxından iştirak etdiyi aksiyada ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü və dekorativ cəhətdən yaraşıqlı 700 ağac əkilmişdi.

Xətai rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov və Milli Məclisin deputatı Hüseynbala Mirələmov da iştirak edirdilər. Xatırladaq ki, ərazinin genişləndirilməsi və əhalinin mənalı istirahətinin müasir tələblərə cavab verən səviyyədə təmin olunması məqsədi ilə 2007-ci ildə parkda abadlıq, əsaslı yenidənqurma işlərinə başlanmış, ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır. 2007-ci il oktyabrın 3-də yenidən qurulmuş parkın və Heydər Əliyevin abidəsinin təntənəli açılışı mərasimində iştirak edən Prezident İlham Əliyev belə bir istirahət guşəsinin yaradılmasından məmnun qaldığını bildirmiş, buradakı şəlalənin yaxınlığında vaxtilə ulu öndərin əkdiyi ağacın yanında ağac əkmişdir.

Ümumilikdə 13 hektar ərazisi olan parkda Çin texnologiyası əsasında musiqili, rəngli fəvvarə quraşdırılmış, on mindən çox ağac, bəzək kolu, gül-çiçək əkilmiş, çoxlu oturacaq qoyulmuş, iki min kvadratmetr sahədə yaşıllıq salınmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Parkın yuxarı hissəsindəki yamacda düzəldilmiş süni şəlalə buraya xüsusi gözəllik verir. Onun girəcəyində isə milli memarlıq üslubunda hazırlanmış böyük giriş qapısı tikilmişdir. Hazırda Xətai rayonunda müxtəlif bayram tədbirləri məhz bu parkda təşkil olunur.

Dünən keçirilən ağacəkmə kampaniyasında isə Heydər Əliyevin adını daşıyan bu istirahət parkında 180 ağac əkildi. Xətai rayon sakinləri ağaclardan 90 ədədini ümummilli lider Heydər Əliyevin, 90 ədədini isə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr etdilər. Hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edildi, suvarma işləri görüldü. Ağacəkmə kampaniyası rayon ictimaiyyətinin nümayəndələri tərəfindən böyük razılıqla qarşılandı.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 28 aprel.- S.8.