Ulu öndərə ehtiramla
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Mərasimə hərbi və ictimai xadimlər, hərbi liseyi bitirmiş yüksək rütbəli zabitlər dəvət edilmişdi. Tədbir 2003-cü ildə Heydər Əliyevin hərbi liseyə təqdim etdiyi bayrağın orkestrin müşayiəti ilə salona gətirilməsi ilə başladı.
General-mayor
Mirzə Almasov giriş sözü ilə
çıxış etdi. Ulu öndər Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi tarixində müstəsna
xidməti olduğunu xüsusi vurğulayan təhsil
ocağının rəhbəri qeyd etdi ki, böyük rəhbərin
C.Naxçıvanski adına Hərbi Liseyin
açılması ilə həyata keçirməyə
başladığı müdrik siyasəti Milli Ordumuzun
formalaşmasına gətirib çıxarmışdır. Mərasimdə
ümummilli liderin ordu quruculuğu, hərbi kadr
hazırlığı, hərbi təhsilin müasir dünya
standartlarına uyğunlaşdırılması istiqamətində
aparılan siyasəti haqqında geniş
danışıldı.
Sonra
general M.Almasov təntənəli mərasimi aparmaq
üçün sözü Heydər Əliyev irsinin araşdırıcısı,
Müdafiə Nazirliyi Tərbiyə İşləri İdarəsinin
zabiti, əməkdar incəsənət xadimi, polkovnik Abdulla
Qurbaniyə verdi. A.Qurbani çıxış edərək hərbi
liseyin yaradılmasında və uğurlu fəaliyyətində
ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən
söz açdı. Burada xüsusi vurğulandı ki, ordunun
dövlət üçün nə qədər önəmli
bir struktur olduğunu daim öncədən görən və
layiqincə qiymətləndirən görkəmli dövlət
xadimi əslində hələ sovet dönəmində -
respublikamıza rəhbər vəzifəyə gətiriləndən
iki il sonra, 1971-ci ildə böyük çətinlik və
maneələri dəf edərək Azərbaycan gənclərinin
Silahlı Qüvvələrdə daha geniş təmsil
olunması üçün cəsarətli addımlar
atdı, bu gün Cəmşid Naxçıvanski adına Hərbi
Lisey kimi tanınan ixtisaslaşdırılmış orta hərbi
məktəbin yaradılmasına nail oldu. Bu gün həmin məktəbin
yetirmələri Azərbaycan Silahlı Qüvvələrinin
kadr ehtiyatının əsasını təşkil edir.
Uzun
müddət Sərhəd Qoşunlarına rəhbərlik
etmiş, hazırda istefada olan general-mayor Abbasəli Novruzov isə
çıxışında Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonrakı ilk illərdə ölkədə
yaranmış ağır vəziyyət barədə
geniş məlumat verdi, sərhədlərimizin qorunması ilə
bağlı ortaya çıxan problemləri xatırlatdı
və onların aradan qaldırılması üçün
ulu öndər Heydər Əliyevin həyata keçirdiyi tədbirlərdən
danışdı. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov
ümummilli liderin Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi naminə çoxşaxəli fəaliyyətindən
söhbət açdı.
Prezident təqaüdçüsü
Ömər Ağayev ümummilli liderin şəxsiyyət kimi
ayrı-ayrı xarakterik cəhətlərindən söz
açdı, onunla bağlı xatirələrindən
danışdı.
Mərasimin
rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar
C.Naxçıvanski adına Hərbi Liseyin muzeyində
ümummilli liderlə bağlı hazırlanmış
ekspozisiyaya baxdılar. Silahlı Qüvvələrin
mahnı və rəqs ansambllarının yaradıcı heyəti
mərasim iştirakçıları qarşısında
maraqlı konsert proqramı ilə çıxış etdi.
Azərbaycan.-2013.- 28 aprel.- S.8.