Kitab sərgisi

 

"Azərikimya" İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər Mərkəzləşmiş Kitabxanalar Sistemi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açaraq Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Yeganə Əhmədova ümummilli liderin 90 illiyinə həsr edilmiş sərgiyə çıxarılmış 500-dən artıq kitab haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, sərgiyə daxil edilən kitablar əsas etibarilə ulu öndərin həyatı və fəaliyyəti ilə bağlıdır. Sərgiyə dünya şöhrətli siyasətçi haqqında Azərbaycan, rus və ingilis dillərində yazılmış bədii, elmi, siyasi və publisistik əsərlərin daxil edildiyi kitablar da təqdim edilmişdi.

Sərgidə Heydər Əliyevin həyatının bütün mərhələlərini - 1923-1959-cu illəri əhatə edən uşaqlıq, gənclik, tələbəlik və milli təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövrünü, 1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərlik dövrünü, 1982-1990-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı, 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti və Azərbaycan rəhbərliyinə yenidən qayıdışı və 1993-2003-cü illərdəki on illik gərgin, səmərəli fəaliyyəti dövrünü əhatə edən kitablar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışmışlar. Vurğulanmışdır ki, klassiklərimizin əsərlərinin, müasir Azərbaycan ədəbiyyatından nümunələrin və dünya ədəbiyyatından seçmələrin latın qrafikalı əlifba ilə kütləvi nəşr olunaraq kitabxanalara paylanması və oxucuların ixtiyarına verilməsi ilə bağlı Prezidentimizin imzaladığı bir neçə sərəncam bunun bariz nümunəsidir.

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxışında Azərbaycanın bir dövlət kimi dünya dövlətləri arasında tanınmasında və nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Böyük ideyalar, bəşəri fikirlər və mənəvi dəyərlər daşıyıcısı olan belə kitablar insanların, xüsusən də gənclərin həyatında əhəmiyyət kəsb edəcəkdir.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli video-film nümayiş etdirilmiş, məşhur "Dahi" mahnısı səsləndirilmişdir.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2013.- 28 aprel.- S.8.