Alimin həyat yolu

 

Bu il aprel ayının sonunda görkəmli alim, elmin planlaşdırılması, idarə edilməsi və tətbiqi sahəsində beynəlxalq nüfuza malik Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, biologiya elmləri doktoru, professor Urxan Kazım oğlu Ələkbərovun 70 yaşı tamam olur.

U.Ələkbərov 1943-cü il aprelin 28-də Bakı şəhərində qulluqçu ailəsində dünyaya gəlib. 1960-cı ildə Bakıdakı 134 nömrəli orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) biologiya fakültəsinə daxil olub. Ali məktəbin əyani şöbəsində təhsil aldığı ilk illərdə U.Ələkbərov eyni zamanda istehsalatda, yuxarı kurslarda isə gecə məktəbində müəllim və ekspedisiyalarda mühəndis vəzifələrində çalışıb. 1965-ci ildə ali təhsilini bitirdikdən sonra gənc alim Moskvada SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun məqsədli aspiranturasına daxil olub. Yeni elmi ideyalar irəli sürmək istedadı, gərgin əmək, tədqiqat işlərinin aparılması prosesinin optimal planlaşdırılması qabiliyyəti və tələbəlik illərində toplanmış müstəqil çalışma təcrübəsi U.Ələkbərova artıq aspiranturanın birinci ilinin sonunda dəyərli və elm üçün yeni nəticələr əldə etmək imkanı yaratdı. U.Ələkbərovun aparmış olduğu tədqiqat və analitik təhlillər əsasında hazırladığı ilk məqalələrindən ikisi SSRİ Elmlər Akademiyasının ən nüfuzlu elmi nəşri olan "SSRİ Elmlər Akademiyasının məruzələri"ində  dərc edilmişdi.  Bu elmi nailiyyət U.Ələkbərov üçün dissertasiya işini vaxtından əvvəl bitirmək imkanı yaratdı. Nəticədə o, 1968-ci ildə aspiranturada təhsil müddəti başa çatmamış dissertasiya müdafiə etmiş və genetika ixtisası üzrə biologiya elmləri namizədi diplomuna sahib olmuşdu. Yüksək tələbkarlıq və rəqabət şəraiti ilə səciyyələnən SSRİ Elmlər Akademiyasının istiqamət üzrə əsas elmi mərkəzində U.Ələkbərovun əldə etdiyi nailiyyət elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, ona ölkədaxili və beynəlxalq proqram və təşkilatların fəaliyyətində iştirak etmək şansı qazandırmışdı. O, sonrakı illərdə SSRİ Elmlər Akademiyası, ölkənin Elm və Texnika Komitəsinin müxtəlif şura və komitələrinin tərkibində fəaliyyət göstərirdi.

Ətraf mühitin idarəedilməsi sahəsində tədqiqatlarını ardıcıllıqla davam etdirən U.Ələkbərov Moskvada doktorluq dissertasiyası müdafiə etmiş, 1978-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsi almış, sonra isə professor adına layiq görülmüşdü. Aparılan tədqiqatlar əsasında alınmış nəticələrin elmi və tətbiqi əhəmiyyətini, bu nailiyyətlərin beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsini, elmə bəxş etdiyi töhfələri nəzərə alaraq, U.Ələkbərov 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Urxan Ələkbərovun elmi əmək fəaliyyəti məqsədli aspiranturaya daxil olduğu 1965-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlıdır.  O, aspiranturanı bitirdikdən sonra elmi fəaliyyətə 1968-ci ildə AMEA-nın Botanika İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. Botanika İnstitutunda çalışdığı qısa vaxt kəsiyində onun yüksək peşəkarlığı, geniş ümumi intellekti və eyni zamanda idarəçilik qabiliyyəti Elmlər Akademiyası rəhbərliyinin diqqətini cəlb etdi. Artıq  bir il sonra, 1969-cu ildə o, institutun elmi katibi, 1972-ci ildə isə elmi işlər üzrə direktor müavini idi və bu vəzifədə 1978-ci ilə qədər çalışmışdı. 1978-ci ildən başlayaraq o, əvvəl həmin institutun direktor əvəzi, sonralar isə direktoru təyin edildi.  Botanika İnstitutunun direktoru olmaqla yanaşı, U.Ələkbərov 1987-ci ildə AMEA-nın vitse-prezidenti və rəyasət heyətinin üzvü seçilmiş və bu vəzifədə 1996-cı ilə qədər çalışmışdı.

Elmlər Akademiyasının vitse-prezidenti  kimi U.Ələkbərovun əsas fəaliyyət istiqaməti təbiət elmləri - biologiya, kənd təsərrüfatı, tibb və kimya sahələrində aparılan elmi-tədqiqat işlərinin planlaşdırılması, idarə edilməsi, alınan nəticələrin tədrisi və real iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi idi. Eyni zamanda Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü kimi o, elmin digər sahələrinə aid olan tədqiqatların əlaqələndirilməsində də fəal iştirak edirdi. Akademik U.Ələkbərov öz elmi istiqaməti üzrə çalışmalarını 1988-ci ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunun direktoru və şöbə müdiri kimi davam etdirib. Bu vəzifələrdə o, 2002-ci ilə gədər fəaliyyət göstərmişdir. 2002-ci ildə akademik U.Ələkbərov BMT layihəsi çərçivəsində Azərbaycanda fərdi sektorda dünyada ilk İnsan İnkişafı Mərkəzi yaratmış və bu mərkəzə rəhbərlik etmişdi. Layihə 2007-ci ilin sonunda müvəffəqiyyətlə bitəndən sonra o, həmin tarixdən 2011-ci ilin son ayına qədər Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin müşaviri vəzifəsində çalışmışdır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə U.Ələkbarov 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru vəzifəsinə təyin edilmişdir.

U.Ələkbərovun elmi fəaliyyətinin bütün mərhələləri ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi ilə əlaqədar olub. Tədqiqatların ilkin mərhələlərində onun çalışmaları ekoloji vəziyyətin təhlilinə, ətraf mühit, onu çirkləndirən müxtəlif amillərin canlıların çağdaş və gələcək nəsillər, ilk növbədə insan üçün törətdiyi risklərin qiymətləndirilməsinə, bu neqativ proseslərin qarşısının alınmasına yönəldilmişdir. Adıçəkilən problem dünyada qlobal miqyasda narahatlıq törədirdi və onun həlli üçün beynəlxalq əməkdaşlıq ilbəil güclənirdi. Bu istiqamətdə həmin dövr üçün qlobal miqyası və əhəmiyyətinə görə ən önəmli beynəlxalq əməkdaşlığa misal olaraq 1974-cü ildə imzalanmış ətraf mühitin keyfiyyətinin idarəedilməsi, hazırkı və gələcək nəsillər üçün ekoloji, bununla əlaqədar iqtisadi və sosial risklərin azaldılmasına yönəldilmiş SSRİ-ABŞ elmi əməkdaşlığı haqqında dövlətlərarası saziş göstərilə bilər. Akademik U.Ələkbərovun ətraf mühit amillərinin törətdiyi risklərin idarə edilməsi sahəsində irəli sürdüyü innovativ ideyalar və bu istiqamətdə əldə edilmiş nailiyyətlər onun həmin dövlətlərarası əməkdaşlığa cəlb edilməsi ilə nəticələndi. Əməkdaşlıq proqramına start verildiyi 1974-cü ildən o, bu dövlətlərarası proqramın icrasında iştirak edirdi. Səmərəli fəaliyyətin nəticəsi kimi U.Ələkbərov artıq 1976-cı ildə göstərilən dövlətlərarası proqramın SSRİ tərəfindən milli koordinatoru vəzifəsinə təyin edilmiş və SSRİ-ni sazişdə təmsil edən 5 koordinatordan biri olmuşdu. Həm də o, SSRİ-ni təmsil edən milli koordinatorlar arasında ən cavanı, Moskvadan kənarda yaşayan və fəaliyyət göstərən yeganə ekspert idi. Koordinator kimi U.Ələkbərovun ABŞ-a ilk səfəri 1977-ci ildə baş tutmuşdu. Bu səfər zamanı o, Vaşinqtonda ABŞ Dövlət Departamentinin himayəsi ilə həyata keçirilən dövlətlərarası elmi proqramın koordinatoru kimi fəaliyyət göstərməklə yanaşı, eyni zamanda Kaliforniya Universitetində (San-Fransisko) məruzə ilə çıxış etmişdi. Bundan sonra alim bir çox ABŞ və digər ölkələrin universitetlərində məruzə və seminarlar keçirmək üçün dəvət almışdı. Bu proses hazırda da davam etməkdədir. U.Ələkbərovun əməkdaşlıq etdiyi universitetlər sırasında Kaliforniya (San-Fransisko, 1977), Miçiqan (Ann Arbor, 1979), Stokholm (1983), Kanzas (Lavrense, 1989, 1992, 1994), Ratgers (Nyu Cersi, 1989), Texas (Collec Steyşn, 1995), Nyu-York (1998, 2000, 2009), Greysvald (2000), Missisipi (2002, 2003), Cakson (2003, 2004), Kolumbiya (Nyu-York, 2005, 2006), Lexay (Filadelfiya, 2007), Təl-Əviv (İsrail, 2011), Orta Doğu, Çukurova (Ankara, Adana, 1995, 1996) və o cümlədən Yaponiya, Koreya, Rusiyanın aparıcı universitetləri də var. Universitetlərlə yanaşı, bir sıra beynəlxalq təşkilatlarda da U.Ələkbərov  təklif etdiyi ətraf mühitin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsinin innovativ prinsiplərinə, irəli sürdüyü ekoloji sivilizasiya konsepsiyasının planlaşdırılmasına dair məruzə və seminarlarla  çıxış edib. Bu beynəlxalq qurumlar sırasında BMT (Nyu-York), Dünya Bankı (Vaşinqton), Avropa Yenidənqurma və İnkişaf Bankı (London), UNESCO (Paris), Amerika Sağlamlıq Fondu (Nyu-York) və digərləri göstərilə bilər. U.Ələkbərov eyni zamanda elmi seminarların keçirilməsi, beynəlxalq elmi forumlara rəhbərlik etmək üçün ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Norvec, Finlandiya, Yaponiya, Kanada, Polşa, Türkiyə, Macarıstan və digər ölkələrin elmi-tədqiqat və analitik institutları tərəfindən dəvətlər almışdır. Bunların arasında ABŞ-ın Kaliforniya ştatında yerləşən məşhur Livermur Laboratoriyasının adı xüsusi qeyd edilməlidir. ABŞ-ın Energetika Nazirliyi və Kaliforniya Universitetinin patronajında olan bu tədqiqat, təhsil və elmi yenilikləri tətbiq edən mərkəz rəsmi sənədlərdə ABŞ-ın elmi təhlükəsizliyini təmin edən əsas obyekt kimi göstərilir. U.Ələkbərov həmin təşkilatın dəvəti ilə iki dəfə bu mərkəzin elmi seminarlarında məruzə ilə çıxış etmişdir.

Qeyd edilməlidir ki, U.Ələkbərovun məruzələri əsasən xarici universitetlərin dövlət idarəetmə və beynəlxalq münasibətlər məktəblərində (fakültələrində) təşkil olunur. Bu onunla bağlıdır ki, akademikin irəli sürdüyü elmi konsepsiyalar ətraf mühitin təbii, iqtisadi, sosial, siyasi komponentlərdən təşkil olunmuş vahid, əlaqəli bir sistem kimi qiymətləndirilməsinə və idarəedilməsinə əsaslanır.

Ətraf mühitin keyfiyyətinin idarə edilməsi ilə bağlı U.Ələkbərovun konsepsiyasına görə, ekoloji təsirlərin azaldılmasının bir yolu da canlıların ətraf mühitin təsirlərinə davamlılığının artırılmasından keçir. Bu istiqamətin işlənilməsində UNESCO ilə sıx əməkdaşlıq edən və Fransada yerləşən Beynəlxalq Həyat İnstitutunun rolu xüsusilə əhəmiyyətlidir. 1981-ci ildə U.Ələkbərov Həyat İnstitutunun yaratdığı ekspert qrupunda çalışmaq üçün dəvət almışdı. 5 ekspertdən ibarət qrupa U.Ələkbərov ilə yanaşı  ABŞ-dan iki, Yaponiya və İsveçdən - hərəsindən bir alim dəvət edilmişdi. Ekspert qrupu 1986-cı ilə qədər çalışmış, fəaliyyət göstərdiyi illər ərzində  elm və təcrübə üçün bir sıra dəyərli hesabatlar,  tövsiyələr hazırlamışdır.

Akademik U.Ələkbərov ətraf mühitin idarəedilməsi ilə əlaqədar  bir sıra digər beynəlxalq təşkilatlarda da fəaliyyət göstərmişdir.  Bu təşkilatlar sırasında Amerika Sağlamlıq Fondu (Nyu-York, 1992-2001, koordinator), UNESCO-nun "İnsan və Biosfer" Beynəlxalq Komissiyası (Paris, 1999-2003, üzv), Avropa Yenidənqurma və İnkişaf Bankının Davamlı İnkişaf üzrə Beynəlxalq Şurası (London, 2000-2010, üzv), BMT-nin Ümumdünya Sağlamlıq Təşkilatı (1988-1990, proqram rəhbəri), BMT-nin İnsan İnkişafı Proqramı (1994-2004, milli koordinator) və s. adlarını çəkmək olar. Hazırda alim UNESCO-nun "İnsan və Biosfer" (MaB) Azərbaycan Milli Komitəsinin sədri kimi fəaliyyət göstərir. O, Avropa ölkələri, ABŞ və Kanadanın milli "İnsan və Biosfer" komitələrini özündə birləşdirən UNESCO-nun "EuroMaB" təşkilatının 2011-ci ildə İsveçdə keçirilən toplantısında bu beynəlxalq qurumun "Təhsil və insan potensialının inkişafı" komitəsinin sədri seçilmişdir. Elmi və pedaqoji fəaliyyəti dövründə  o, bir sıra milli, xarici və beynəlxalq akademiya, elmi cəmiyyət, komitə, şuralar və digər elmi qurumların üzvü, fəxri doktoru seçilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan alimlərinin dünyada tanınması, onların beynəlxalq təşkilatlarda geniş fəaliyyəti üçün imkanların yaradılması ilk növbədə ümummilli lider Heydər Əliyevin elmin inkişafına və ölkənin beynəlxalq səviyyədə təmsilinə yönəldilmiş ardıcıl siyasətinin nəticəsidir. Bu istiqamətdə fəaliyyəti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti İlham Əliyev "qara qızıl"ın tükənməz milli sərvət olan insan potensialına çevrilməsi konsepsiyasını irəli sürmüş və bu istiqamətdə olduqca yüksək nəticələrin əldə olunmasını təmin etmişdir.

İnsan potensialının inkişafına yönəldilmiş fəaliyyət və bu istiqamətdə dünyaya inteqrasiya müstəqillik qazanmış Azərbaycan Respublikasının əsas prioritetinə çevrilmişdir. Bu prosesin səmərəli və müasir səviyyədə aparılması üçün müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə ölkədə BMT ilə birlikdə İnsan İnkişafı Haqqında Milli Hesabatların hazırlanmasına start verilmişdi. Ölkə rəhbərliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları ilə bu proqrama rəhbərlik və onun icrası U.Ələkbərova tapşırılmışdı. Akademik U.Ələkbərovun rəhbərliyi altında ilk milli hesabat 1994-cü ildə hazırlanmış və 1995-ci ildə şəxsən ümummilli lider Heydər Əliyev tərəfindən beynəlxalq ictimaiyyətə təqdim edilmişdi. 1996-cı ilə aid İnsan İnkişafı Haqqında ikinci Milli Hesabat dünyada ən uğurlu hesabat kimi qiymətləndirilmişdir. Həmin hesabatın təqdimat mərasimində ümummilli lider Heydər Əliyev ilə yanaşı ölkəyə bu məqsədlə gəlmiş BMT Baş katibinin müavini, BMT İnkişaf Proqramının rəhbəri Gustaf Spet də iştirak etmişdi. U.Ələkbərov Azərbaycanda İnsan İnkişafı Haqqında Milli Hesabatların hazırlanmasında 2004-cü ilə qədər iştirak etmiş və 2005-ci ildə bu layihə sona çatmışdır. U.Ələkbərovun insan inkişafının planlaşdırılması və idarəedilməsi sahəsindəki  təcrübəsi nəzərə alınaraq o, BMT-nin Baş Qərargahının qərarı ilə Tacikistan, Kosovo, Litva, Polşa, Sloveniya və digər ölkələrdə milli hesabatların hazırlanmasında iştirak etmiş və  təlim məşğələləri keçmişdir.

Bəlli olduğu kimi, insan potensialının inkişafı Azərbaycan Respublikasının əsas prioriteti kimi daim gündəmdədir. Ölkə Prezidenti İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin nəticəsi olaraq beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, Azərbaycan 2010-cu ildən insan inkişafı sahəsində yüksək nəticələr əldə etmiş ölkələr qrupuna aid edilmişdir. Həmin vaxta qədər Azərbaycan insan inkişafı sahəsində orta nəticələr əldə etmiş ölkələr sırasına daxil idi. Ölkənin sürətli innovativ inkişafı bu istiqamətə yeni nailiyyətlərin  əldə edilməsi potensialının mövcudluğundan xəbər verir.

Qeyd etmək lazımdır ki, akademik U.Ələkbərovun elmə verdiyi töhfələrlə yanaşı, onun insanlara, vətənə, dövlətə, xalqa münasibəti də hər zaman diqqət çəkib. Həqiqi ziyalı adını daşımağa layiq U.Ələkbərov ölkədaxili proseslərlə bağlı da birmənalı vətəndaş mövqeyi nümayiş etdirib. Özü də təkcə Azərbaycanda deyil, həm də ölkəmizin sərhədlərindən kənarda. Alim xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində baş vermiş iqtisadi və humanitar fəsadlarla bağlı bilgilərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün də əlindən gələni əsirgəməyib. Bir sıra beynəlxalq mənbələr onun Azərbaycan qaçqınlarının vəziyyəti haqqında fikirlərindən indi də sitat gətirirlər. Bu beynəlxalq və xarici mənbələrdə U.Ələkbərov "Azərbaycan alimi və inkişaf üzrə ekspert" kimi təqdim olunur və onun çıxışlarından sitatlar "Tanınmışların deyimləri" siyahılarında dərc edilir. Maraqlıdır ki, U.Ələkbərov ilə yanaşı bu elektron və çap mənbələrində eyni zamanda Kofi Annan, Hillari Klinton, Corcio Armani, Ancelina Coli və digər tanınmışların deyimləri yer tapıb.

Elmi-pedaqoji və ictimai fəaliyyətinə görə U.Ələkbərov Azərbaycan Respublikasının Lenin Komsomolu mükafatı laureatı adına layiq görülmüş, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Şərəf nişanı" ordeni və "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. Bu günlərdə isə dövlət başçısı İlham Əliyev U.Ələkbərova "Şöhrət" ördeni vermişdir.

Yekun olaraq  qeyd etmək istərdik ki, bu gün də Urxan Ələkbərov əvvəlki enerji ilə əsl vətəndaş-alim kimi xalqımıza, vətənimizə şərəflə xidmət edir.

 

 

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər

Akademiyasının prezidenti,

Akademik

 

Azərbaycan.-2013.- 28 aprel.- S.9.