Bakıda möhtəşəm «Reklam
acgözləri gecəsi» keçirilmişdir
"Nizami" Kino Mərkəzində "CinemaMixer" şirkəti və "YARAT!" Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə çoxdan gözlənilən "Reklam acgözləri gecəsi" keçirilmişdir.
AzərTAc xəbər verir ki, gecədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirin əhəmiyyətindən söhbət açaraq bildirmişdir ki, dünya kino səhnələrində və məkanlarında keçirilən belə şoular Azərbaycanın artıq mədəni həyatında da sırada olan hadisələrə çevrilmişdir.
Nazir müavini vurğulamışdır ki, "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən Azərbaycan mədəniyyəti ölkə daxilində və xaricində gənc istedadların, orta və hətta yaşlı nəsildən olan yaradıcı adamların iştirakı ilə həyata keçirilən tədbirlərdə yüksək səviyyədə təbliğ olunur. Həmçinin professional reklam filmlərinin yüksək səviyyəli təqdimatı olan "Reklam acgözləri gecəsi" də uzun müddət yaddaşlarda qalacaqdır.
Sonra səhnəyə "YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova və "CinemaMixer" şirkətinin yaradıcısı, kinorejissor Mehdi Məmmədov dəvət edilmişlər.
"YARAT!" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "CinemaMixer" şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində "Reklam acgözləri gecəsi"nin rəhbərlik etdiyi qeyri-kommersiya təşkilatı tərəfindən ilk dəfə keçirildiyini diqqətə çatdırmışdır.
Kinorejissor Mehdi Məmmədov belə festivalların davam edəcəyini, növbəti festivalda Azərbaycanda reklam filmləri sahəsində mükafatın təsis edilməsi ideyasının olduğunu da diqqətə çatdırmışdır.
"Reklam acgözləri gecəsi" layihəsinin yaradıcısı Jan-Mari Bursikonun nümayəndəsi Daniil Kostinski bildirmişdir ki, layihə həmişə nadir proqrama, formata və atmosferə malik olur. Keçən əsrin 70-ci illərində fransız sahibkarı Jan-Mari Bursiko tərəfindən yaradılan bu layihə 30 il ərzində dünyada məşhurlaşmış, o cümlədən 2009-2010-cu illərdə İsveçrə, Serbiya, Rumıniya, Madaqaskar, Moldova, Cənubi Afrika Respublikası, Polşa, Livan, Belçika, Meksika, Fransa, İtaliya, İspaniya, Ukrayna, Çexiya, Slovakiya, Azərbaycan, Rusiya, Hollandiya, Monako, Portuqaliya, ABŞ, Bolqarıstan, Yaponiya, Almaniya, Əlcəzair, Konqo, Küveyt, Mərakeş, Honq Konq, Çili və başqa ölkələrdə təşkil olunmuşdur.
Hər gecənin özəlliyi onun keçirildiyi ölkədən və təşkilatçıların təşəbbüsündən asılıdır. Müxtəlif illərdə "gecənin" mövzuları sevgi, uşaqlar, kino, idman, avtomobillər, qadınlar və analıq olmuşdur... Dünyada Çin, fransız yaxud amerikansayağı, kədərli və yumoristik, siyasi məzmunlu və bəzən çox cəsarətli mövzuya malik "gecələr" olmuşdur. Bir şey dəyişilməz qalır, böyük şirkətlər öz reklam çarxlarını gecənin menyusunda görməyi özlərinə şərəf bilir, tamaşaçılar isə bu cür "kino-qidaya" görə yuxularına haram qatmağa hazır olurlar.
Tamaşaçılar
bir neçə saat ərzində nəinki son 100 ilin ən
yaxşı reklam çarxlarına baxmış, həmçinin
möhtəşəm bir şouda iştirak etmişlər.
Azərbaycan.-2013.- 28 aprel.- S.11.