Süzməyi öyrədən sənət
29 aprel Beynəlxalq
Rəqs Günüdür
Xalqımızın mənəvi sərvətlərindən biri də min illər boyu səslərin və hərəkətlərin insan həyatında rolu hiss ediləndən bu günümüzədək yol gələn rəqs sənətidir. Xalq yaradıcılığının ayrılmaz tərkib hissəsi olan rəqslər qədim tarixə malikdir. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, əsrlər və minilliklər ərzində xalqlar tərəfindən yaradılan və formalaşdırılan mədəniyyət və incəsənətin bir növü olan qədim rəqslər barədə yazılı mənbələr kifayət qədər deyil.
Azərbaycan xalqının yaratdığı rəqslərin böyük tarixə malik olması Qobustan qaya təsvirlərində öz əksini tapıb. Rəqslərin hər birinin yaranma səbəbləri, eləcə də birini digərindən fərqləndirən forma və məzmunu vardır. Lakin onların növləri barədə geniş mühakimə yürütmək o qədər də asan deyil. Təkcə onu qeyd etmək olar ki, əlvanlıq, forma və məzmun genişliyi rəqslər üçün səciyyəvi xüsusiyyət daşıyır.
Azərbaycan rəqsləri eyni zamanda lirik və temperamentlik, yüksək ifaçılıq baxımından seçilir. Əlbəttə, rəqslərin heç də hamısı bu günədək gəlib çatmayıb, ya unudulub, yaxud da formaca dəyişiblər. Lakin uzunömürlülüyü ilə seçilən "Vağzalı", "Tərəkəmə", "Yallı", "Uzundərə", "Nəlbəki", "Ceyranı", "Cəngi", "Qaytağı", "Qazağı", "Şalaxo", "Xançobanı"... kimi rəqslərimiz yalnız xalqımız tərəfindən deyil, onlara heyranlıqla tamaşa edən və hətta oynamağa can atan əcnəbilərin də mədəniyyət və insəsənət aləmində yaşamaq haqqı qazanıb. Xalqımız tərəfindən zaman-zaman yaradılan və bir-birindən maraqlı, məzmunlu rəqslər nəinki Vətənimizdə, dünyanın böyük konsert salonlarında da sevilir.
Əlbəttə, rəqslər dünya xalqlarının mədəni həyatının tərkib hissəsi olaraq qorunub saxlanılır və nəsillər dəyişdikcə onların yeni-yeni növləri də formalaşdırılır. Bu baxımdan, Beynəlxalq Rəqs Gününün təsis olunması vacib məsələlərdən biri idi. 1982-ci ildə UNESCO-nun qərarı ilə 29 aprel tarixi Beynəlxalq Rəqs Günü elan edilib. Fransız baletmeysteri Jan-Jorj Noverrin anadan olduğu tarixin Beynəlxalq Rəqs Günü kimi seçilməsi təsadüfi deyildi.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən ənənəvi halda hər il qeyd edilir. Ölkəmizdə milli rəqslərimizin tarixi qədimdir. Bədii filmlərimizdə də rəqslərdən istifadə olunur. Bu da əlbəttə, rəqslərimizin inkişafı və təbliğində mühüm rol oynayır. "O olmasın, bu olsun", "Əhməd haradadır", "Bəyin oğurlanması", "Arşın mal alan" və digər belə filmlərdə milli rəqslərə geniş yer verilib.
Respublikamızda
Beynəlxalq Rəqs Günü ilk dəfə olaraq Milli
Konservatoriyanın nəzdindəki Dövlət
Gimnaziyasının rəqs qrupunun iştirakı ilə xalq
artisti Təranə Muradova və əməkdar artist Kamil
Dadaşovun rəhbərliyi altında keçirilib. Əlbəttə,
professional sənət adamlarının fikrinə əsasən,
rəqs ağıla gələn hər hansı bir hərəkət
demək deyil. Rəqs hərəkətləri ilə insanlar
duyğularını, istək və arzularını, həmçinin
istedad və qabiliyyətlərini göstərə bilirlər.
Bu halda insanın xarakteri, emosiyaları açılır. Rəqs
insanların psixoloji halını dəyişərək
yüngülləşdirir, yəni stressdən
çıxarır. Bəzən qol götürüb
oynayır və özünü unudursan. Bəziləri
üçünsə rəqsdə heç bir qızıl
qayda yoxdur. Bu, ya diqqəti özünə cəlb etmək, ya
da özünüifadə üçün vasitə ola bilər.
Xalqımızın mənəvi sərvətlərindən
sayılan rəqslər, təbii ki, ilk vaxtlar elin
toy-düyünündə, şənliklərdə, əlamətdar
və tarixi günlərdə özfəaliyyət səviyyəsində
ifa edilib. Lakin zaman keçdikcə
onun peşəkarları, əsl sənətkarları
formalaşdı. Bu gün Azərbaycan rəqslərindən
söz düşəndə kimlər xatırlanmır?
Xalq
artistlərindən Leyla Vəkilova, Afaq Məlikova, Əminə
Dilbazi, Fərəc Cavanşirov, Maqsud Məmmədov, Rəfiqə
Axundova, Təranə Muradova, əməkdar artist Xanlar Bəşirov
və digər sənətkarların
adlarını fərəhlə çəkirik.
Sənət
ona göstərilən məhəbbətdə, diqqət və
qayğıda yaşayır. Xalqımız tərəfindən
zaman-zaman yaradılan sənət əsərlərinin
uzunömürlülüyünün sirri də məhz
bundadır. İstər bu günədək sevilərək
qorunub saxlanılan oyunlar olsun, istərsə də peşəkarların
formalaşdırdığı, səhnə əsərlərini
bir az da zənginləşdirən
rəqslər - milli-mənəvi sərvətlərimizin
sırasındadır, ona görə də onları
yaşatmaq həm də vətəndaşlıq borcudur.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 28 aprel.- S.11.