1920-ci ildə Qarabağda,
Zaqatalada, Lənkəranda xalq
üsyanları
Qarabağ tarixində üsyanlar çox olub. Onlardan biri XIV əsrdə, biri isə XX əsrin əvvəllərində baş verib. Hər iki üsyanın əsasında haqsızlıq və əsarətə qarşı etiraz dayanır. İlk belə üsyan 1343-cü ildən 1356-cı ilədək Qarabağda Çobanlı əmirlərinə qarşı baş verib və sonda xalqın arzusu yerinə yetib. Qarabağ əmirləri Hacı Həmzə, Mülayim, Həsən Çobani Axtaçı və Hüseyn Ənbuğa özlərinə "Ulus əmirliyi" verilməsini tələb edirlər və məqsədlərinə nail olurlar. Qızıl Orda hökmdarı Canı bəy Qarabağa gəlir və Ağdamda əhali onu ehtiramla qarşılayır. Ardınca o, Təbrizə gedib Məlik Əşrəfi tutub cəzalandırır və bununla Çobanlı feodallarının ağalığına son qoyulur.
1920-ci il aprelin 27-də Azərbaycana gələn Qırmızı ordunun məqsədi isə tamamilə başqa idi: Azərbaycanın işğalı və müstəqilliyimizə son qoyulması, torpaqlarımızın parçalanması.
Müxtəlif səbəblərdən işğalın ilk günlərini nisbətən sakit qarşılayan əhali sonradan baş alıb gedən hərc-mərcliyə dözməyərək ayağa qalxdı. Mayın əvvəllərində XI ordu hissələri Yevlax tərəfdən Qarabağa daxil oldu. Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov hakimiyyətdən kənarlaşdırıldı və bununla da Qarabağın qara günləri başlandı. Əvvəlcə Milli Ordu hissələri sıxışdırıldı. Bu isə Gəncədə, Zaqatalada olduğu kimi, Qarabağda da silahlı üsyana gətirib çıxardı.
Professor Fəzail İbrahimlinin qeyd etdiyi kimi, "tarixən heç bir işğalçı tərəfindən müqaviməti qırılmayan Azərbaycan xalqı XI ordu qarşısında da mütilik göstərmədi. XI ordunun gəlişini sükutla qarşılayan Azərbaycan xalqının təmkini uzun çəkmədi. Tərəddüd edənlər, ümid gözləyənlər, mübarizə aparmağın mənasız olduğunu güman edənlər, qeyri-leqal fəaliyyətə keçən siyasi partiya üzvləri və Milli Ordu əsgərləri qısa müddətdə başa düşdülər ki, sakit dayanmağın heç bir mənası yoxdur. XI ordunun özbaşınalığı, qarətçilik, kütləvi güllələmələr xalqın qəzəbinə səbəb oldu. Respublikanın ayrı-ayrı bölgələrində üsyanlar baş verdi... Milli Ordu ilə XI ordu arasında yaranmış qarşıdurma mayın ortalarında Tərtərdə üsyan dalğası yaratdı və bu dalğa bütün Qarabağa yayıldı. Qarabağın müxtəlif yerlərində yerləşən Azərbaycan Ordusunun Tərtər, Cavanşir, Ağdam süvari və Bakı piyada alayı və iki topçu diviziya xalqın mənafeyini müdafiə edir, XI ordunun bu yerlərdə törətdiyi cinayətə göz yummurdular".
Ermənilərin
istəkləri ilə XI ordunun fəaliyyəti, 1918-ci ilin
martında olduğu kimi, bir-birini tamamlayırdı. Gəncə
üsyançılarına qarşı vuruşan orduda ermənilərin
söz sahibi olması orada 12 mindən çox azərbaycanlının
amansızcasına məhvinə gətirib
çıxardı. XI ordu Gəncə üsyanından sonra azərbaycanlılara
qarşı amansızlıqla rəftar edirdi. Günahsız
insanları sorğu-sualsız güllələyir, hər tərəfdə
qanunsuzluq hökm sürür, əhali səbəbsiz olaraq
incidilirdi. İnsanların narazılığının səbəbi
isə hərbi hissələrdə erməni
daşnaklarının həddindən artıq çox
olması və onların qəddarlığı ilə
bağlı idi.
1920-ci
ilin martında Milli Ordu tərəfindən ermənilərin
Qarabağda qaldırdığı qiyam yatırılsa da,
gizli şəkildə fəaliyyətini davam etdirən
qüvvələr var idi. Bolşeviklərin gəlişi
onların əl-qolunu tamamilə açdı. Ermənistan
hökumətinin göstərişlərini yerinə yetirən
xüsusi dəstələr peyda olmuşdu və onlar əsl
quldurluqla məşğul olurdular. Onların bu
özbaşınalığına qarşı isə ancaq Milli
Ordu hissələri dayanmaq gücündə idi. Belə bir
vaxtda erməni silahlılarını zərəsizləşdirmək
əvəzinə XI ordu rəhbərliyi Milli Ordunu ləğv
etmək planını işə saldı.
Gəncə
üsyanı ilə Cəbrayıl qəzasında 20-dən
çox silahlı dəstə yaradıldı. Mayın 29-da
başlanan üsyan nəticəsində Tərtərdə və
ətraf bölgələrdə sovet hakimiyyəti devrildi.
Tezliklə Ağdam və Xankəndi də
üsyançıların əlinə keçdi. İyunun
3-də Qafqaz İslam Ordusunun keçmiş komandanı Nuru
paşanın da üsyancılara qoşulması ilə
Qarabağda sovet hakimiyyəti tamamilə devrildi. 1920-ci il iyunun
10-da Qırmızı ordu hissələri ilə milli qüvvələrin
qarşılaşması oldu. Üsyançılar sona qədər
vuruşsalar da, sovet-bolşevik qüvvələrinin hərbi
üstünlüyü şəraitində məğlubiyyətə
uğradılar. İyunun 11-də Tərtər, Ağdam və
Bərdə, iyunun 13-də Şuşanın müdafiəçilərinin
müqaviməti qırıldı.
Bir
faktı da qeyd edək ki, eyni vaxtda Azərbaycanın müxtəlif
yerlərində, o cümlədən Lənkəran və
Zaqatalada da üsyanlar oldu. Zaqatalada sovet hakimiyyətinə
qarşı üsyana Qars Respublikasının rəhbərlərindən
Molla Hafiz Əfəndi başçılıq edirdi.
Üsyançılar sürətlə Zaqatala qalasını,
Qaxı və ətraf əraziləri ələ keçirdilər.
Bütün bölgə ayağa qalxmışdı. Lakin XI
ordu hissələri qeyri-bərabər döyüşdən
sonra iyunun 16-da üsyanı yatıra bildi. Üsyanın rəhbəri
Hafiz Əfəndi öz dəstəsilə birlikdə hələ
sovet hakimiyyətinin olmadığı Gürcüstan ərazisinə
keçə bildi.
Qüvvələr
nisbətinin qeyri-bərabərliyi bu üsyanların taleyini XI
ordunun xeyrinə həll etsə də, Zaqatala, Lənkəran
və Qarabağdakı üsyanlar xalqımızın azadlıq
və milli dövlətçilik mübarizəsi tarixində
parlaq səhifələrdən biridir.
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 28 aprel.- S.12.