Zaqatala 2013-cü il üçün Azərbaycanın folklor paytaxtı seçilib

 

Zaqatalaya səfərlərindən birində Prezident İlham Əliyev demişdir: "Zaqatala Azərbaycanın çox gözəl bir guşəsidir. Burada çox gözəl təbiət, təbii şərait var, gözəl, zəhmətkeş, vətənpərvər insanlar yaşayır".

Gözəlliklər diyarı Zaqatala Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında - Alazan (Qanıx) - Əyriçay vadisində yerləşir. 7 çay axan ərazisinin 49 faizini meşələr təşkil edir. Zaqatalada 1 şəhər, 1 qəsəbə, 60 kənd yaşayış məntəqəsi mövcuddur. Dəniz səviyyəsindən 560 metr yüksəklikdə yerləşən rayonun ərazisi 1348 kvadratkilometr, əhalisi 123 min nəfərdir. Zaqatalada 20-dən çox millət və xalqın nümayəndəsi yaşayır.

Zaqatalanın tarixinin çox qədim olduğu bildirilir. Müxtəlif yerlərdə hələ də izi silinməyən V-VII əsrlərə aid Zaqatala səddinin qalıqları, tarixi tam öyrənilməmiş neçə-neçə abidəsi də bunu sübut edir. Rayonumuz bütün gözəllikləri, qədimliyi və eyni zamanda, müasirliyi ilə əsl turizm məskənidir. Gələn turistlər əsasən Yuxarı Çardaxlar kəndində yerləşən Pəri qalasına, Car kəndindəki "Cingözqala"ya, Zaqatala qalasına, Alban məbədinə, qos-qocaman çinarlara, parklara, "Şəlalə"yə daha çox maraq göstərirlər.

Zaqatalada dövlət qeydiyyatına alınmış 108 daşınmaz tarix və mədəniyyət abidələri mövcuddur. Rayonda 1 xalq teatrı, 2 xalq rəqs kollektivi və kəndirbazlar qrupu, həmçinin 70-ə yaxın ifaçı və 15 musiqi kollektivi fəaliyyət göstərir.

Təəssüflə qeyd edək ki, 2012-ci il mayın 7-də və sonrakı günlərdə baş vermiş zəlzələlər nəticəsində dağılan evlərlə, sosial obyektlərlə yanaşı, 100-ə yaxın mədəniyyət müəssisəsi də zərər çəkmişdir. Ancaq dövlətimizin və Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində zəlzələnin fəsadlarının aradan qaldırılması üçün çox operativ tədbirlər həyata keçirildi. Yeni evlər, yeni sosial obyektlər, təhsil və mədəniyyət ocaqları tikilməyə, başqa sözlə, Zaqatala yenidən qurulmağa başlandı. Təkcə bir faktı xatırladaq ki, 5000-ə yaxın ev və 25 yeni məktəb binası tikilir. Şübhəsiz, Zaqataladakı tikinti-quruculuq, abadlıq işlərinə göstərilən yüksək dövlət qayğısı rayonda turizmin inkişafına da təsirsiz ötüşməyəcək.

Onu da qeyd edək ki, rayonumuz zəngin folklor nümunələri, bayatıları və laylaları, qocaman el sənətkarları, tətbiqi sənət ustaları ilə tanınan bölgədir. Təsadüfi deyildir ki, respublika Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramı çərçivəsində Zaqatala 2013-cü il üçün "Azərbaycanın folklor paytaxtı"seçilib. Bu isə hər bir zaqatalalının ürəyini qürurla, fərəhlə doldurub. Artıq təntənəli mərasimlərin, elmi-praktik konfransların, həmçinin digər tədbirlərin keçirilməsi üçün rayon mədəniyyət və turizm şöbəsi illik tədbirlər planı tutub. Hazırlıq tədbirləri ilə əlaqədar ilk toplantı keçirilib. İnanırıq ki, Zaqatalada beynəlxalq folklor festivalının keçirilməsi, "Zaqatalanın folklor aləmi" adlı qədim sənətkarlıq nümunələrindən, əl işləri və rəsm əsərlərindən ibarət sərgi, "Milli oyunlarımızı yaşadaq, atçılıq turizmini inkişaf etdirək" devizi ilə yürüşün keçirilməsi, "Laylay dedim yatınca, gözlərəm ay batınca" layla gecəsi və digər rəngarəng tədbirlər zaqatalalılarla yanaşı, gələn qonaqların da ürəyincə olacaq. İncəsənət ustalarının və özfəaliyyət kollektivlərinin iştirakı ilə konsertlərin təşkili, eləcə də şifahi xalq yaradıcılığı nümunələrinin ən gözəl ifaçılarının seçilməsi üçün müsabiqə də "paytaxt" tədbirləri sırasındadır. Bir sözlə, çalışacağıq ki, gözəlliklər diyarı Zaqatalanı, sözün əsl mənasında, folklor paytaxtı kimi də tanıda bilək.  

 

 

Zümrüd AĞAKİŞİYEVA,

Zaqatala Rayon Mədəniyyət və

Turizm Şöbəsinin müdiri

 

Azərbaycan.-2013.- 28 aprel.- S.10.