Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Bakıda
keçiriləcək
Avropa Oyunları
Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir
Aprelin
29-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları
Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir.
Komitənin
üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-
Xoş gəlmisiniz!
Cənab
Prezident! Əziz dostlar və qonaqlar! Sizi Azərbaycanda görməkdən
çox şadam. Xoş gəlmisiniz! Ümid edirəm ki,
ölkəmizdə olmağınızdan məmnun
qalacaqsınız. Bu, Koordinasiya Komitəsinin ilk
görüşüdür. Sözsüz ki, siz artıq
başlanılmış hazırlıq işlərinin
şahidi olacaqsınız. Bu, böyük məsuliyyətdir.
Çünki bu, birinci Avropa Oyunlarıdır, bu, böyük
sınaqdır. Ümidvaram ki, birgə səylər nəticəsində
Olimpiya Hərəkatı tarixində ən yaxşı
oyunlardan birini təşkil etmək hədəfinə nail ola
biləcəyik. Bu, bizim məqsədimizdir. Biz indi çox fəal
şəkildə çalışırıq, sözsüz
ki, bu gün və sabah təqdimatlar keçiriləcəkdir.
Əlbəttə ki, sizin tövsiyələriniz yüksək
qiymətləndiriləcəkdir. Çünki bildiyiniz kimi,
Olimpiya Oyunları kimi böyük tədbirin təşkilində
bizim təcrübəmiz yoxdur. Baxmayaraq ki, keçmişdə
biz dünya və Avropa çempionatlarına ev sahibliyi
etmişik, Avropa Oyunları fərqli səviyyəli və
sözsüz ki, xüsusi diqqət tələb edən
oyunlardır. Bir daha xoş gəlmisiniz və Bakıda xoş
günlər keçirməyinizi arzu edirəm.
* * *
Sonra
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ
çıxış edərək dedi:
- Cənab
Prezident, çox təşəkkür edirəm. Həmkarlarım
adından qeyd etmək istəyirəm ki, burada olmaqdan son dərəcə
məmnunuq. Mən 2001-ci ildə Sizin Milli Olimpiya Komitəsinə
çox fəal rəhbərlik etdiyiniz bir dövrdə ilk dəfə
Azərbaycana səfərimi yaxşı xatırlayıram. Biz
fəxr edirik ki, Siz indi də Azərbaycan Milli Olimpiya Komitəsinə
rəhbərlik edirsiniz. Həmin vaxt Jak Roqq Avropa Olimpiya Komitəsinin
prezidenti, mən isə vitse-prezidenti idim. Siz həmin vaxt
İcraiyyə Komitəsinin toplantısına ev sahibliyi
etdiniz. Biz o zaman Bakıda çox xoş günlər
keçirdik. Bu gün biz yenidən Bakıdayıq.
Cənab
Prezident, tam əminliklə deyirəm ki, biz burada tarix
yazırıq. Bu, çox nadir bir hadisədir. Əminəm
ki, Sizin və bütün azərbaycanlı həmkarlarımın
səyləri nəticəsində ilk Avropa Oyunları ölkənizdə
sözün əsl mənasında uğur qazanacaqdır. Biz
isə öz növbəmizdə mümkün olan
bütün vasitələrlə bu işə köməyimizi
göstərməyə hazırıq. Avropada bu oyunlara
böyük maraq vardır. Düşünürəm ki, hər
iki tərəfin birgə əməkdaşlığı nəticəsində
böyük uğurlar qazanacağıq. Fürsətdən
istifadə edərək Koordinasiya Komitəsinin Yunanıstandan
olan sədri Spiros Kapralosu təqdim etmək istərdim. O,
burada iştirak edənlərdən yeganə şəxsdir ki,
Olimpiya Oyunlarında qalib gəlib.
* * *
Yunanıstan
Olimpiya Komitəsinin prezidenti Spiros KAPRALOS Prezident İlham Əliyevə
ilk Avropa Oyunlarına ev sahibliyi etməyə qərar verdiyinə
görə təşəkkür etdi. "Bu, Sizin ölkəniz
üçün çox əlamətdar hadisə
olacaqdır" - deyən Spiros Kapralos birinci Avropa
Oyunlarına ev sahibliyi etməyin əhəmiyyətinə
toxunaraq bildirdi:
- Bu,
çox məsuliyyətli tədbirdir. Çoxnövlü
idman oyunlarına ev sahibliyi etmək çox çətindir.
Hazırlıq işləri üçün vaxtımız
olduqca məhduddur. Oyunları yüksək səviyyədə
təşkil etmək bizim ümumi məqsədimizdir.
Çünki prezident Hikkinin də söylədiyi kimi, bu,
tarixdə qalacaqdır. Biz, bu masa ətrafında əyləşən
bütün ekspertlər Azərbaycan tərəfinə bu
möhtəşəm oyunları təşkil etmək
işində öz köməklərini əsirgəməyəcəklər.
* * *
Avropa
Olimpiya ailəsinə bu beynəlxalq idman tədbirinin
Bakıda keçirilməsi barədə verdikləri qərara
görə minnətdarlığını bildirən, bunun
çox əhəmiyyətli və rəmzi qərar
olduğunu vurğulayan Prezident İlham ƏLİYEV dedi:
- Biz
bunu Azərbaycan tərəfinə göstərilən
yüksək etimad kimi qiymətləndiririk.
Düşünürük ki, Azərbaycan bu cür yüksək
səviyyəli beynəlxalq tədbiri təşkil etmək
iqtidarındadır. Siz düzgün olaraq qeyd etdiniz ki, bizim
vaxtımız çox məhduddur. Yay Olimpiya Oyunlarına
hazırlıq işləri 6-7 il çəkirsə, bizim cəmi
iki ilimiz vardır. Lakin biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində
təşkil etmək əzmindəyik. Biz bu oyunları
yüksək səviyyədə təşkil etməyə
çalışacağıq və sözsüz ki, bu, Avropa
Olimpiya ailəsi tarixində ilk oyunlar kimi yadda qalacaqdır. Bu,
gələcək oyunlar üçün müəyyən
meyarlar formalaşdıracaqdır. Ümid edirəm ki, birgə
səylərimiz nəticəsində məqsədimizə
çatacağıq.
* * *
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik
HİKKİ:
- Cənab Prezident! Bu oyunlara göstərdiyiniz
diqqətə və davamlı dəstəyinizə
görə bir daha təşəkkür
edirəm. Bilirəm ki,
siz Olimpiya hərəkatında çox
böyük təcrübəyə
malik olan insansınız, bütün
işlərin qaydasında
olmasına daim nəzarət edirsiniz.
* * *
Daha sonra Avropa Olimpiya
Komitəsinin vitse-prezidenti
Aleksandr KOZLOVSKİ çıxış
edərək dedi:
- Cənab Prezident! Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi
ilə bağlı məmnunluğumu ifadə
etmək istərdim.
Qeyd edim ki, Bakı
son illər ərzində
inanılmaz dərəcədə
dəyişib. Bu gün Bakı Avropanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə
çevrilib. Buraya gələrkən
yolda biz hər yerdə böyük tikinti işlərinin aparıldığının şahidi
olduq. Əminəm ki, bir neçə ildən sonra Bakının daha da inkişaf
etməsinin şahidi olacağıq.
* * *
Aleksandr Kozlovski Bakıda
keçiriləcək Avropa
Oyunlarının proqramına
sambo idman növünün daxil edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etdi. Dövlət
başçısı qeyd
etdi ki, sambo Azərbaycanda da çox populyardır
və bu növdə ölkəmizin
bir neçə qat dünya çempionları vardır.
Prezident İlham Əliyev bu məsələnin nəzərdən keçiriləcəyini
diqqətə çatdırdı.
Daha sonra dövlət başçısı
dedi ki, Azərbaycanda mövcud olan və yaradılan
idman infrastrukturu yarışların yüksək
səviyyədə keçirilməsinə
imkan verəcəkdir.
Bildirdi ki, bu prosesə bir neçə il əvvəl başlanıb və artıq Gimnastika Mərkəzi, Su İdman Növləri Mərkəzi,
Olimpiya Stadionunun tikintisinin aparılması,
əvvəldən inşa
olunmuş komplekslərin
hazırda yenidən qurulması yarışların
keçirilməsində heç
bir çətinliyin olmayacağından xəbər
verir.
Avropa Oyunlarının şəhərimizə
gələn hər bir qonağın xatirəsində əbədi
qalacağına əminliyini
bildirən Prezident İlham ƏLİYEV dedi:
- Avropa Oyunlarının
Bakıda keçirilməsi
Avropa irsinin burada əsrlər boyu mövcudluğunu göstərir. Eyni zamanda, onu göstərir ki, nəinki "Eurovision" mahnı
müsabiqəsi, eləcə
də Avropa Oyunları Azərbaycanda keçirilə bilər.
Bizim əsas məqsədlərimizdən
biri şəhərdə
elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif buyuran istər idmançı, istər qonaq, istərsə də turist özünü evindəki
kimi rahat, təhlükəsiz hiss etsin
və bu möhtəşəm beynəlxalq
tədbirdən zövq
alsın.
* * *
Avropa Olimpiya Komitəsinin İcraiyyə
Komitəsinin üzvü,
Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez KOCİJANÇİÇ çıxış edərək
ilk dəfə ölkəmizdə
keçiriləcək Avropa
Oyunlarının əhəmiyyətini
qeyd etdi və bu oyunların
yüksək səviyyədə
təşkilində Azərbaycan
tərəfinə uğurlar
arzuladı.
* * *
Patrik
HİKKİ: Cənab Prezident!
Biz fəxr edirik
ki, Sizin həyat yoldaşınız,
birinci xanım təşkilat komitəsinə
rəhbərlik edir.
Bu, bizim üçün
çox əhəmiyyətlidir.
Prezident
İlham ƏLİYEV: Təşəkkür
edirəm. Onun "Eurovision" mahnı müsabiqəsinin təşkilat
komitəsinə sədrliyi
uğurlu olub. Avropa Yayım Birliyi, eləcə də bu cür
tədbirlərin təşkilatçılarının
fikirlərinə görə
müsabiqə çox
uğurlu şəkildə
təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri
olub. Onun yaxşı təcrübəsi
vardır. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür.
On ildən artıqdır
o, Azərbaycan Milli Gimnastika Federasiyasının
prezidentidir. O, Milli
Olimpiya Komitəsinin üzvüdür. Fəxr
edirəm ki, ölkənin Prezidenti olmamışdan 6 il əvvəl, 1997-ci
ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Bu, onu göstərir ki, mən prezident
kimi öz vəzifəmdən istifadə
edərək Olimpiya Komitəsinin rəhbəri
olmamışam. Mən Olimpiya
ailəsindən bu vəzifəyə gəlmişəm.
Açığını desəm, çox
şadam ki, mən hələ də bu vəzifədəyəm,
çünki bu, necə deyərlər, ümumiyyətlə, bizim
siyasətin istiqamətini
göstərir və həmçinin müəyyən
mənada idmançılarda
əlavə inam yaradır. Onlar görürlər ki, ölkənin Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni zamanda,
mən Avropa Olimpiya Komitəsinin prezidenti ilə şəxsi dostluq münasibətlərimizi yüksək
qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən
artıqdır tanıyırıq.
Mən, həmçinin Koordinasiya
Komitəsinin bu cür geniş tərkibdə təşkilindən
məmnunluq duyuram.
Bu, bizim tərəfdaşlığımızın
yaxşı göstəricisidir
və praktik nöqteyi-nəzərdən düşünürəm
ki, bu əhəmiyyətli
beynəlxalq tədbirin
təşkilində önəmli
rol oynayacaqdır.
Bir daha xoş gəlmisiniz!
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 30 aprel.- S.1.