Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın «Atletiko Madrid» futbol klubunun heyətini qəbul
etmişdir
Aprelin
29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
ölkəmizdə səfərdə olan İspaniyanın
"Atletiko Madrid" futbol klubunun heyətini qəbul
etmişdir.
İdmançıları
salamlayan dövlət başçısı İlham ƏLİYEV
demişdir:
-
Sizi böyük nümayəndə heyətində görmək
xoşdur. Əminəm ki, Bakıda vaxtınızı
yaxşı keçirirsiniz. Yəqin ki, Azərbaycan
haqqında yaxşı məlumatınız vardır, əsasən
də son dövrlərlə bağlı. Klubunuzun Azərbaycanın
təqdimatı ilə bağlı gördüyü işlərdən
məmnunluğumu bildirmək istərdim. Əlbəttə ki,
bir dəfə görmək, on dəfə eşitməkdən
daha yaxşıdır. Səfərinizin qısamüddətli
olmasına baxmayaraq, əminəm ki, Azərbaycanı daha
yaxından tanımaq və insanlarla daha yaxın ünsiyyət
qurmaq üçün imkan tapacaqsınız.
Sizin
klub dünyada çox tanınır və deyə bilərəm
ki, Azərbaycanda çoxlu azarkeşiniz vardır. Bildiyimə
görə, siz burada yerli komanda ilə görüş
keçirəcəksiniz. Bu, dostluq görüşü
olacaqdır. Amma ümid edirəm ki, bir gün siz rəsmi
matçda görüşəcəksiniz. Ümidvaram ki, bizim
klubların şansları və göstərdikləri oyun səviyyəsi
artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul
edəcəyik. Amma yenə də düşünürəm
ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır.
Əminəm ki, bu səviyyədə əməkdaşlıq
sizin ölkəmizi daha yaxından tanımağa, bir çox
sahədə daha sıx əlaqələr qurmağa yardım
edəcəkdir.
Bir
daha xoş gəlmişsiniz. Azərbaycanda xoş vaxt
keçirməyinizi arzulayıram.
* * *
"Atletiko
Madrid" klubunun prezidenti Enrikio CEREZO Prezident İlham Əliyevə
nümayəndə heyətini qəbul etdiyinə görə
təşəkkür etdi. Ölkəmiz və Bakı
haqqında təəssüratlarını bölüşən
Enrikio Cerezo dedi:
- Mən
Bakıya gəlib çox təsirləndim. Çünki
doğrudan da çox gözəl şəhəriniz
vardır. Şadıq ki, ölkənizlə aramızda əməkdaşlıq
yaranır. Azərbaycan xalqını tanımağıma
çox şadam. Burada olmaqdan şərəf hissi duyuruq.
"Atletiko
Madrid" futbol klubu barədə məlumat verən Enrikio
Cerezo son illər böyük inkişaf əldə edildiyini
bildirdi və klubun gələcək planlarından
danışdı.
* * *
Prezident
İlham ƏLİYEV dedi:
-
Xoş sözlərə görə sizə minnətdaram. Mən
bilirəm ki, "Atletiko Madrid" futbol komandasının
çox böyük tarixi vardır. Nəinki İspaniyada,
dünya miqyasında sizin komandanızın xüsusi yeri vardır.
Əlbəttə, bu əməkdaşlıq bizə imkan verəcəkdir
ki, Azərbaycanda futbolun səviyyəsi daha da qalxsın və
əlaqələrimiz daha da geniş olsun.
* * *
Dövlət
başçısı "Atletiko Madrid" klubunun Azərbaycana
gəlməsinin ölkəmizin komandaları ilə əməkdaşlığın
genişləndirilməsi baxımından faydalı
olacağına əminliyini bildirdi və bu səfərin
idmançıların ölkəmizi daha da yaxından
tanımaları üçün yaxşı imkan
yaratdığını vurğulayaraq dedi:
- Mən
çox şadam ki, siz indi Bakıdasınız, ölkəmizlə
tanış olursunuz. Ümid edirəm ki, bu təmaslar
bundan sonra da davam edəcəkdir.
"Atletiko Madrid" klubunun prezidenti Enrikio Cerezo Azərbaycan ilə rəhbərlik etdiyi klub arasındakı əlaqələrin beynəlxalq
idman aləmində
real əməkdaşlığa çevriləcəyinə əminliyini
ifadə etdi.
* * *
Dövlət başçısı "Atletiko
Madrid" klubunun və
ümumilikdə ispan futbol komandalarının əldə etdiyi uğurlar münasibətilə
təbriklərini çatdırdı. Prezident
İlham Əliyev Azərbaycanda idman sahəsində görülən
işlərdən danışaraq
dedi:
- Deyə bilərəm ki, Azərbaycanda idman sürətlə inkişaf edir və çox yaxşı nəticələr
vardır. Birinci Avropa Oyunları
2015-ci ildə Bakıda
keçiriləcəkdir. Londonda keçirilmiş son Olimpiya
Oyunlarında da Azərbaycan çox yaxşı nəticə göstərmiş, ikisi qızıl olmaqla 10 medal qazanmış və ölkələr sırasında
30-cu yerdə olmuşdur.
* * *
Sonra Madridin Ticarət Palatasının prezidenti
Arturo FERNANDES çıxış edərək dedi:
- Cənab Prezident! Biz bilirik ki,
İspaniya ilə Azərbaycan arasında o qədər də çox işgüzar əlaqələr yoxdur.
İndi isə "Atletiko Madrid"
komandası ölkənizə
səfər etmək imkanı qazanıb. Düşünürəm ki, ispan şirkətləri ilə
ölkəniz arasında
çox işlər görmək olar. Bu səfərdən sonra mən İspaniyaya, Madridə qayıdacağam. Bilirsiniz ki,
Madriddə 7 milyon insan yaşayır və orada çoxlu
şirkət fəaliyyət
göstərir, onlar bizneslə məşğul
olmaq istəyirlər və Azərbaycan da sahibkarlıqla məşğul olmaq üçün gözəl
yerdir. Gözəl şəhərinizi, ölkənizi, buradakı
inkişafı gördük.
Ölkənizlə fəxr etməlisiniz.
Bunu Madridə qayıtdıqda hər kəsə çatdıracağam
ki, biz bizneslə məşğul ola
bilərik, bizim üçün yaxşı
imkanlar mövcuddur,
biz şirkətlərimizi Sizin
gözəl ölkənizə
cəlb etməyə hazırıq. "Atletiko Madrid"ə və şəxsən mənim üçün buraya səfər etmək imkanı yaradıldığına görə
təşəkkürümü bildirirəm.
* * *
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
Bəli, ölkələrimiz
arasında əməkdaşlıq
lazımi səviyyədə
deyil, ola
bilsin bu, məlumat azlığından
irəli gəlir. Əminəm
ki, İspaniyada o qədər də çox insan Azərbaycan haqqında məlumatlı deyildir.
Azərbaycanda əlbəttə ki, ölkənizi tanıyırlar, lakin İspaniyaya gedənlərin
sayı çox deyildir. Şübhəsiz, iş adamları
bu istiqamətdə daha çox iş görməlidirlər.
Bizim Avropa ölkələri ilə çox fəal əlaqələrimiz
vardır və Avropa İttifaqı bizim bir nömrəli
ticarət tərəfdaşımızdır.
Bizim ixracın əksər hissəsi Avropa İttifaqınadır. Əlbəttə
ki, Avropanın aparıcı ölkələrindən
biri olan İspaniya şirkətləri
bu işdə daha fəal ola bilərlər.
Azərbaycanda tikinti, infrastruktur, enerji və digər sahələrlə
bağlı çoxlu
layihələr həyata
keçirilir. Lakin əfsuslar olsun ki, ispan şirkətlərinin
bu layihələrdə
iştirakı yetərli
deyil və bu baxımdan sizin əlaqələriniz,
Azərbaycan haqqında
çatdıracağınız məlumat daha çox ispan şirkətlərinin ölkəmizə
gəlməsinə və
birlikdə iş görməyimizə təkan
verə bilər. Azərbaycanda yaxşı biznes
imkanları, sərmayə
mühiti mövcuddur.
İqtisadiyyat daim inkişaf
etməkdədir, böyük
imkanlar vardır.
Beləliklə, biz Azərbaycanda sizin ölkənizin daha çox şirkətlərini görmək
istərdik.
* * *
Arturo
FERNANDES: Biz artıq enerji
və digər sahələri əhatə
edən 20-25 ispan şirkətinin nümayəndələrindən
ibarət ticarət nümayəndə heyəti
ilə ölkənizə
səfərə gəlməyi
planlaşdırırıq. Çox güman ki, təmsil etdiyim Ticarət Palatasının
dəstəyi ilə səfər bu ilin noyabr-dekabr aylarında həyata keçiriləcəkdir. Biz
əlaqələr qurmağa
başlaya bilərik.
Bilirəm ki, sizin İtaliya, Fransa, İngiltərə və digər ölkələrlə iş
birliyiniz vardır. Əfsuslar olsun ki, İspaniya
hələ də bu ölkələr sırasında deyildir.
Mən səylərimi əsirgəməyəcəyəm
ki, İspaniya da Azərbaycanda təmsil olunsun. Belə ki, ölkənizdə gözəl imkanlar mövcuddur. Azərbaycan çox
cəlbedici ölkədir.
* * *
Prezident
İlham Əliyev Azərbaycanın Avropanın
aparıcı ölkələri
ilə fəal iqtisadi iş birliyi qurduğunu vurğulayaraq İspaniya ilə də iqtisadi əməkdaşlığın
genişləndirilməsi üçün
yaxşı imkanların
olduğunu qeyd etdi və Azərbaycan
iqtisadiyyatının sürətlə
inkişaf etdiyini diqqətə çatdırdı.
Bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı
300 faiz, yəni 3 dəfə artıb.
"Gələcək inkişafla bağlı çoxlu planlarımız
vardır" - deyən
dövlət başçısı
Azərbaycanın tərəfdaş
kimi daha çox xarici şirkətlərlə əlaqələr
qurmaq əzmində olduğunu vurğuladı.
Prezident İlham Əliyev onu da bildirdi ki,
bu baxımdan ispan şirkətləri ilə artıq başlanan iqtisadi iş birliyinin bundan sonra daha
da genişləndirilməsi
ölkələrimizin iqtisadi
maraqlarına cavab verə bilər.
* * *
Daha sonra "Atletiko Madrid"
futbol klubunun oyunçusu Arda TURAN çıxış edərək
dedi:
- Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm.
Biz "Azərbaycan" sözünü sinəmiz
üstündə gəzdirdik.
İspaniyada Azərbaycanın sponsorluğu ilə oynamaq bizim üçün,
bir türk oyunçu olaraq xüsusilə mənim üçün çox böyük şərəfdir.
Çünki bu gün Şəhidlər xiyabanını
ziyarət edərkən
söylədim ki, özümü həm bir türk, həm də bir azərbaycanlı olaraq hiss edirəm. Təbii ki, biz eyni millətik,
eyni kökdənik.
Bakını bu qədər
gözəlləşdirdiyiniz üçün Sizə minnətdaram. Bakıda əvvəllər
də olmuşam.
İndi daha möhtəşəm
görünür. Gənc ölkə
olmağınıza baxmayaraq,
Azərbaycanın inkişafı
çox möhtəşəmdir.
Ona görə də Sizə çox təşəkkür edirəm.
Prezident olaraq ölkəni bu dərəcədə inkişaf etdirdiyiniz, insanlara qayğı göstərdiyiniz, bizi yüksək səmimiyyətlə,
xoş münasibətlə
qarşıladığınız üçün Sizə çox təşəkkür
edirəm. Mən bir türk, bir azərbaycanlı olaraq həqiqətən ev sahibi
sayılıram. Ona görə
çox şərəf
duyuram. Bir daha təşəkkürümü
bildirirəm.
* * *
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun!
Sizi görməyimə çox
şadam. Əminəm ki, səfəriniz xoş keçəcəkdir.
Bizim xüsusi
münasibətlərimiz, xüsusi
duyğularımız vardır. Bizi birləşdirən
həm tarix, həm də bu gün vardır.
Türkiyə-Azərbaycan sözün
əsl mənasında
iki dost, qardaş ölkədir. Sizin bu komandada iştirakınız bizi sevindirir. Çünki biz Türkiyənin uğurlarını öz
uğurlarımız kimi
qəbul edirik. Ümidvaram ki, Azərbaycana bundan sonra daha
tez-tez gələcəksiniz.
* * *
Futbolçular Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim
etdilər.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 30 aprel.- S.1-2.