Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Tehranda İran Prezidenti Mahmud  Əhmədinejad ilə görüşmüşdür

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev aprelin 29-da Tehranda İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Prezident Mahmud Əhmədinejada çatdıran Ramiz Mehdiyev yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə etmişdir.

Ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev münasibətlərimizin möhkəmlənməsi üçün yaxşı potensialın olduğunu bildirmişdir.

Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığı vurğulanmışdır. Prezident İlham Əliyevin salamlarından məmnunluq duyduğunu ifadə edən Prezident Mahmud Əhmədinejad onun da səmimi salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş etmişdir.

Münasibətlərimizin inkişafında hər iki ölkənin dövlət başçılarının yüksək siyasi iradə nümayiş etdirdiklərinin vurğulandığı görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 30 aprel.- S.2.