Ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən yeni kitabın təqdimatı olmuşdur

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə M.F.Axundov adına Milli Kitabxanada "Azərbaycanda yanğın təhlükəsizliyinin təmin olunmasında Heydər Əliyevin xidmətləri" mövzusunda fotosərgi təşkil olunmuş və FHN-in adıçəkilən qurumunun şöbə rəisi, daxili xidmət polkovniki, əməkdar jurnalist Hikmət Xudiyevin "Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi" kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, dövlətlərin inkişafında xalqların yetişdirdiyi böyük şəxsiyyətlərin, liderlərin əvəzsiz rolu var. Bu cür dahi şəxsiyyətlərdən biri də Azərbaycanın inkişafında, dövlətçiliyin möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında əhəmiyyətli rol oynamış ümummilli lider Heydər Əliyevdir. Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada Heydər Əliyevlə bağlı nişanə olmasın.

Ulu öndər Heydər Əliyev haqqında üçüncü kitabın müəllifi olan əməkdar jurnalist Hikmət Xudiyevin təqdimatı keçirilən "Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi" kitabı haqqında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov, Milli Məclisin deputatları Siyavuş Novruzov, Bəxtiyar Sadıqov, Aqil Abbas, eləcə də professor Hikmət İbrahimov kitab haqqında fikirlərini bölüşərək qeyd etmişlər ki, müəllif bu kitabda ötən əsrin 70-80-ci illərində və ikinci dəfə müstəqillik əldə eldiyimiz dövrdə yanğın təhlükəsizliyi sistemində milli kadrların yetişdirilməsində və irəli çəkilməsində, neft və neft emalı  sənayesində yanğın təhlükəsizliyinin etibarlı təmin olunmasında, xalq təsərrüfatının müxtəlif sahələrində, kənd təsərrüfatında yanğın təhlükəsizliyinin gücləndirilməsi üçün dövlət tədbirlərinin həyata keçirilməsində və qərarların qəbul edilməsində, Azərbaycanın yanğın təhlükəsizliyi xidmətinin ötən əsrin 80-ci illərində keçmiş SSRİ respublikaları arasında birinci yerə çıxmasında, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsində, yanğın təhlükəsizliyi qurumlarının maddi-texniki, hüquqi bazasının möhkəmləndirilməsində, xüsusi təhsil müəssisəsinin yaradılmasında, yanğınsöndürənlərin peşə bayramı gününün təsis edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini zəngin faktlar əsasında işıqlandırmışdır.

Çıxış edənlər onu da vurğuladılar ki, "Heydər Əliyev və Azərbaycanın yanğın təhlükəsizliyi" kitabında müəllif bu gün Fövqəladə Hallar Nazirliyinin tərkibində fəaliyyət göstərən yanğın təhlükəsizliyi qurumlarının dövlət başçısı İlham Əliyevin qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoymasını, keçmiş ənənələrini yaşatmaqla yeni uğurlara imza atmasını çoxsaylı faktlarla oxuculara çatdırır.

 

 

Azərbaycan.-2013.- 30 aprel.- S.9.