Azərbaycan nümayəndə heyəti İran parlamentinin sədri ilə görüşmüşdür

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin başçılığı ilə nümayəndə heyəti İrana səfəri çərçivəsində bu ölkənin İslam Şurası Məclisinin sədri Seyid Əli Laricani ilə görüşmüşdür.

Görüşdə Azərbaycan-İran münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətinə dair səmərəli fikir mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, ölkələrimizin tərəqqisi və inkişafı qarşılıqlı maraq doğuran məsələdir. Azərbaycan-İran münasibətlərinin inkişafı tarixi və mədəni tellərlə bir-birinə bağlı olan xalqlarımızı daha da doğmalaşdırır. Bildirilmişdir ki, əlaqələrin bütün parametrlər üzrə inkişaf dinamikasının bundan sonra da səmimilik şəraitində davam etdirilməsi böyük əhəmiyyət daşıyır.

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də görüşdə iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 30 aprel.- S.2.