Beynəlxalq Prokurorlar
Assosiasiyası ilə əməkdaşlıq
uğurla davam etdirilir
Aprelin 26-dan 27-dək Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, Paris Apelyasiya Məhkəməsinin baş prokuroru Fransua Falettinin dəvəti ilə Fransanın Ədliyyə Sarayının inzibati binasında Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti yaz iclası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, assosiasiyanın İcraiyyə Komitəsinin üzvü - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin iştirak etdiyi iclasda İcraiyyə Komitəsinin əvvəlki iclasında müzakirə olunmuş bir sıra mövzulara münasibət bildirilmişdir. Assosiasiyaya növbəti üç il üçün prezidentin, İcraiyyə Komitəsinə yeni vitse-prezidentlərin və üzvlərinin seçilməsi müzakirə edilərək qeyd olunan məsələ ilə əlaqədar gizli səsvermə keçirilməklə namizədlərin siyahısı müəyyən edilmişdir.
İclasda qeyd olunan namizədlərin siyahısının qurumun cari ilin sentyabrın 8-dən-12-dək Moskva şəhərində "Prokuror və qanunun aliliyi" mövzusunda keçiriləcək 18-ci illik konfrans və ümumi yığıncağında təsdiq edilməsi tövsiyə edilmişdir.
Bundan
başqa, tədbirdə dünya prokurorlarının ilk və
yeganə beynəlxalq təşkilatı olan Beynəlxalq
Prokurorlar Assosiasiyasına üzv dövlətlərin milli
prokurorluq orqanlarında fəaliyyətləri zamanı nailiyyətlər
əldə etmiş prokurorların mükafatlarla təltif
edilməsi məsələsinə baxılmaqla müvafiq qərarlar
qəbul edilmiş, eyni zamanda assosiasiyanın büdcəsi,
qurumun növbəti illik konfrans və
yığıncaqlarının keçirilməsi məsələləri
müzakirə olunmuşdur.
Azərbaycan.-2013.- 30 aprel.- S.3.