Bakıda «Metallurgiya və
materialşünaslığın problemləri» mövzusunda birinci Beynəlxalq konfrans
işə başlamışdır
Aprelin
29-da Azərbaycan Texniki Universitetində (AzTU) bu ali təhsil
müəssisəsinin, Təhsil Nazirliyi və "Baku Steel Company"
şirkətinin birgə təşkilatçılığı
ilə "Metallurgiya və materialşünaslığın
problemləri" mövzusunda birinci Beynəlxalq elmi-praktik
konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki,
ümummilli lider Heydər Əliyevin
90 illik yubileyinə həsr edilmiş tədbirdə Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif
Hacıyev, doktorantlar, ali məktəblərin müəllimləri,
sənaye müəssisələrinin mütəxəssisləri,
xarici ölkələrdən gəlmiş alimlər iştirak etmişlər.
Əvvəlcə
iştirakçılar universitetin foyesində ulu öndər
Heydər Əliyevin büstü önünə
qızılgüllər düzmüş, xatirəsini
ehtiramla yad etmişlər.
Universitetin
akt zalında davam etdirilən tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov
Azərbaycanda metallurgiya sənayesinin təşəkkül
tapmasında və inkişafında ümummilli lider Heydər Əliyevin
müstəsna rolunu qeyd etmişdir. Bildirmişdir ki,
metallurgiya və sənayenin digər yeni sahələri
üçün kadr hazırlığı, xaricdə təhsil alaraq respublikaya
qayıdan gənc mütəxəssislərin sənayenin müxtəlif sahələrinin
inkişafına cəlb edilməsi daim ulu öndər Heydər
Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndərin
bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən
müvəffəqiyyətlə davam etdirilir. Rektor Prezident
İlham Əliyevin "Azərbaycan Polad İstehsalı
Kompleksinin yaradılması haqqında" 2013-cü il 23 aprel
tarixli sərəncamının əhəmiyyətini
xüsusi vurğulamışdır.
H.Məmmədov
bildirmişdir ki, tədbirin əsas məqsədi metallurgiya və
materialşünaslığın müasir problemlərinin
müzakirə edilməsi, bu sahədə
aparılan elmi-tədqiqat işlərinin ümumiləşdirilməsi,
mütərəqqi texnologiyaların istehsalata tətbiqinin genişləndirilməsi, səmərəli
təcrübə mübadiləsinin aparılması və işgüzar əlaqələrin
qurulmasıdır.
Konfransda
10-dan çox ölkədən, o cümlədən Türkiyə,
Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Almaniya və
digər ölkələrdən tanınmış alimlər
məruzələrlə çıxış edəcəklər.
Yerli
və xarici ölkə mütəxəssislərinin
iştirakı ilə keçirilən tədbirin aktuallığını və
qarşılıqlı əlaqələrin qurulmasında əhəmiyyətini qeyd edən rektor konfransın işinə uğurlar
arzulamışdır.
Plenar
iclasda AzTU-nun metallurgiya və metalşünaslıq
kafedrasının müdiri, professor Sübhan Namazovun "Heydər
Əliyevin Azərbaycan metallurgiyasının inkişafında
rolu və perspektivlər" mövzusunda məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, iqtisadiyyatın digər sahələrinin
inkişafında metallurgiyanın rolunu yaxşı bilən
ümummilli lider Heydər Əliyev metallurgiya sənayesinin
inkişafına xüsusi diqqət yetirmişdir. Məhz bu
diqqət və qayğının nəticəsində Azərbaycan
Filizsaflaşdırma Kombinatı keçmiş SSRİ məkanında
qara metallurgiya sənayesinin ən qabaqcıl müəssisələrindən
birinə çevrilmişdi. Burada neft sənayesi
üçün istehsal olunan müxtəlif çeşidli
yüksək keyfiyyətli borulardan xarici ölkələrdə
geniş istifadə olunurdu.
Ötən
əsrin 70-ci illərində ümummilli liderin uzaqgörən
siyasəti nəticəsində çoxlu sayda metallurq,
maşınqayırma sahəsinin alim və mühəndisləri
Rusiyanın və SSRİ-nin digər respublikalarında elm mərkəzlərinin
aspirantura və doktoranturalarına
göndərilmişlər. Sonradan bu mütəxəssislərin
hesabına Azərbaycan Texniki Universitetində və istehsalat
sahələrində güclü kadr potensialı
formalaşmışdır.
S.Namazov vurğulamışdır ki, hazırda ulu
öndərin bütün sahələrdə siyasətini
uğurla davam etdirən Prezident İlham Əliyev eyni zamanda sənaye
siyasətini də müvəffəqiyyətlə həyata
keçirir, metallurgiya sənayesinin inkişafına müstəsna
əhəmiyyət verir, böyük qayğı göstərir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi
altında metallurgiya sənayesinin inkişafı məqsədi
ilə ciddi işlər görülür, respublikamızın
inkişafına yönəlmiş mühüm layihələr
həyata keçirilir.
Konfransda
Fransanın Pyer və Mariya
Küri Universitetinin professoru Filip Vermaut və Tomsk
Politexnik Universitetinin prorektoru, professor Dmitri Çinaxovun
mövzuya dair məruzələri dinlənilmişdir.
Sonra
konfrans işini "Qara və əlvan metallurgiya",
"Materialşünaslıq və nanomateriallar",
"Maşınqayırmada tribotexnika", "Metallurgiya və
materialşünaslıqda innovasiyalar" bölmələrində
davam etdirmişdir. Bölmə iclaslarında ölkədə
metallurgiya və materialşünaslığın problemləri
və perspektivlərinə dair məruzələr dinlənilmiş,
işgüzar müzakirələr aparılmışdır.
Tədbir
çərçivəsində metallurgiya sahəsinə həsr
olunmuş kitablardan ibarət sərgi nümayiş
etdirilmişdir.
Konfransın
işi aprelin 30-da bölmə iclaslarında davam etdiriləcəkdir.
Azərbaycan.-2013.- 30 aprel.- S.3.