Heydər Əliyev - 90: Milli inkişaf strategiyası

 

"Azərbaycan" qəzetinin Ağsu Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "dəyirmi masa"

 

 

Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti olan, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaradan ulu öndər Heydər Əliyevin 90 illik yubileyi yaxınlaşır. Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində özünə əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın uğurlu iqtisadi inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır.

Ulu öndərin 90 illik yubileyi ilə əlaqədar "Azərbaycan" qəzeti müxtəlif layihələr həyata keçirir, ayrı-ayrı mövzularda səyyar "dəyirmi masa"lar təşkil edir. Növbəti belə "dəyirmi masa" Ağsu rayonunda baş tutdu.

 

Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

 

- Müasir siyasi nəzəriyyələr birmənalı şəkildə təsdiqləyir ki, ictimai-iqtisadi formasiyanın xarakterindən asılı olmayaraq, cəmiyyət və dövlət idarəçiliyi üçün şəxsiyyət-lider amili aktuallığını qoruyub saxlamaqdadır. Dünya miqyaslı ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev də müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş strateq kimi çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmiş, hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Xalqımız tarix boyu qazandığı dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali mənəvi keyfiyyətləri məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək dayanıqlı müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir.

Ümummilli lider Heydər Əliyev minilliklər boyu davam edən dövlətçilik tariximizin yalnız 35 ilinə sahiblik edir. Fəqət, əsrin üçdəbirini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmişdir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın öz təbii və konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millətin mövcudluğuna qədər inkişafı kimi şanlı mərhələni əhatə edir.

Əsl lider bütünlükdə mühitdən asılı olan adamlardan onunla seçilir ki, ətrafda baş verən hadisə və proseslərə münasibətdə fəal mövqedən çıxış edərək biganəlik, laqeydlik göstərmir. Öz iradəsi, qətiyyəti, hadisələrə operativ qiymət vermək bacarığı, ən təhlükəli  riskdən çəkinməməsi ilə sübuta yetirir ki, onun varlığı təkcə cismanilikdən ibarət deyildir! Ulu öndər Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq yolunda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq, bu mənada həm də onun yüksək liderlik əzmini nümayiş etdirir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil heç zaman siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur. Böyük strateqin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik də respublikanın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühasının tarixi sınaq anında üzərinə düşən missiyanın öhdəsindən uğurla gəlməsi, sözün həqiqi mənasında, Milli Qurtuluşa nail olması da onun xalqla mənəvi birliyinin nəticəsidir.

Müstəqil Azərbaycan dövlətinin banisi - ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir. Hələ 2003-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deməklə cəmiyyətə layiqli davamçısı kimi təqdim etdiyi cənab İlham Əliyevin son 10 illik prezidentlik fəaliyyətinin ümumi təhlilinə nəzər saldıqda, həmin fikrin təxmin deyil, qəti qənaət olduğunun bir daha fərqinə varırıq. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına, dövlətinə necə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və hansısa problem baş qaldıranda "Heydər Əliyev bu məsələni necə həll edərdi" sualı üzərində düşündüyünü qətiyyən gizlətmir. Özündə dərin mənəvi-psixoloji çalarları ehtiva edən bu məqam Azərbaycanda alternativi olmayan Heydər Əliyev siyasi kursunun varisliyinin yüksək səviyyədə təmin olunduğuna dəlalət edir!

Ulu öndər Heydər Əliyevin zəngin irsinə söykənən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir.

 Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toplayır. Həm də onunla təsəlli tapırıq ki, ümummilli liderin möhtərəm Prezident İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var! Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərdi. Bütün bunlar onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirir.

Bu gün Azərbaycanın bölgələri davamlı inkişaf edir. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bölgələrin siması dəyişmiş, əhalinin rifah halı yüksəlmişdir. Azərbaycanın əyalətlərində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Ağsu rayonunun timsalında da qabarıq görünür.

Bu gün tam əminliklə söyləmək olar ki, Heydər Əliyevin müəllifi olduğu milli inkişaf prosesində Ağsu rayonu mühüm yer tutur. Bu barədə danışmaq üçün söz Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər SEYİDƏLİYEVə verilir.

 

Ənvər SEYİDƏLİYEV:

- Azərbaycan müstəqillik əldə etdikdən sonra öz inkişaf yolunu seçmişdir. Bu inkişaf əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyi milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, antiböhran tədbirlərinin, möhkəm maliyyə potensialının və ölkə iqtisadiyyatının dayanıqlığının nəticəsidir. Azərbaycan mövcud qlobal maliyyə böhranı şəraitində belə inamla addımlayır, qarşıya qoyulan bütün sosial proqramları müvəffəqiyyətlə həyata keçirir, iqtisadiyyatını inkişaf etdirir.

 Ölkəmizdə aparılan sosial-iqtisadi inkişafdan Ağsu rayonu da kənarda qalmamışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü icrası rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. 2003-cü ildən başlayaraq həyata keçirilən tədbirlər yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.

Reallaşan çoxsaylı layihələr, görülən abadlıq, tikinti-quruculuq işləri sayəsində Ağsu respublikanın tamamilə dəyişən və abadlaşan diyarına çevrilmişdir. Ümummilli liderin zəngin irsinin gənc nəslə çatdırılmasında mühüm rol oynayan Heydər Əliyev Mərkəzi istifadəyə verilmiş, Heydər Parkının ərazisi genişləndirilərək müasir layihə əsasında əsaslı şəkildə yenidən qurulmuşdur. Üç tarixi hadisənin - Böyük Vətən və Qarabağ müharibələrinin, 20 Yanvar şəhidlərinin rəmzlərini özündə birləşdirən "Qəhrəmanlar parkı" xatirə kompleksi, turistlərin və rayon sakinlərinin mənalı istirahət yerinə çevrilən Heydər Əliyev seyrəngahı son 5 ilin irimiqyaslı tikintilərindəndir.

2004-2012-ci illərdə Avtovağzal kompleksi, Azərbaycan Respublikasının Dövlət Bayrağı tikinti kompleksi, rayon icra hakimiyyəti, Prokurorluq və Məhkəmə, Maliyyə İdarəsi, DSMF rayon şöbəsi, 87 saylı Ağsu-İsmayıllı Dairə Seçki Komissiyası, 3 saylı rayonlararası Qeydiyyat-İmtahan bölməsi, Su Kanal İdarəsi, kənd yaşayış məntəqələrində 4 poçt şöbəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi və Fövqəladə Hallar nazirliklərinin rayonda fəaliyyət göstərən təşkilatları üçün müasir dizaynda yeni inzibati binalar tikilmişdir. Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət sarayı, Poçtamt və Telekommunikasiya Qovşağı, Statistika İdarəsi, Suvarma Sistemləri İdarəsi, bir çox digər müəssisə, idarə, təşkilatlara məxsus binalarda əsaslı bərpa və təmir işləri görülmüşdür.

Regional Dövlət proqramlarının icra olunduğu müddətdə təhsil və səhiyyə obyektlərinin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, keçmiş Sovetlər İttifaqı dövründə 20-25 ildə bir yeni məktəb binası tikilirdisə, son 9 il ərzində rayonda dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana - yeni məktəblər" layihəsi çərçivəsində ümumi şagird yerlərinin sayı 3624 olan, kompyuter texnikası ilə təchiz edilmiş 17 ümumtəhsil məktəbi inşa olunmuşdur. Həmin dövrdə 13 əlavə sinif korpusu tikilərək 4 məktəbdə genişləndirmə işləri aparılmışdır. İnşasına 2012-ci ildə başlanılmış 180 şagird yerlik Qəşəd və Rəhimli kənd tam orta məktəb binalarının tikintisi davam etdirilir. Yaxın günlərdə hər biri 80 şagird yerlik Keşdiməz kənd ümumi orta, Dilman və Muradlı kənd tam orta məktəb binalarının tikintisinə başlanılacaq.

Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayı-yerlik yeni bina inşa olunmuş, Yaponiya Hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində rayonun Ərəbmehdibəy kəndində tibb məntəqəsi əsaslı təmir edilərək istifadəyə verilmişdir.

Hələ 2007-ci ildə rayonun inkişafı ilə bağlı proqram hazırlanarkən iqtisadiyyatda kənd təsərrüfatı üstün sahə olduğu üçün, ilk növbədə, mövcud potensialdan - yerli xammaldan səmərəli istifadə olunmaqla fəaliyyət göstərən emal müəssisələrinin yaradılmasını nəzərdə tutduq. Cənubi Qafqaz regionunda ən böyük istehsal müəssisələrindən olan, ildə 5 min ton məhsul qəbul etməyə imkan verən "Az Qranata" Şirələr və şərab emalı zavodunun tikintisi başa çatdırılaraq 2011-ci ildə istehsal prosesinə başladı.

Digər sənaye sahələri də inkişaf etdirilmişdir. Müasir avadanlıqlarla təchiz olunmuş, sutkada 5 ton çörək və çörək məmulatları istehsal edən zavod istifadəyə verilib. Ağsu şəhərində yeni texnologiya əsasında gün ərzində 20 ton un istehsal edən dəyirman və ərazidən keçən çayların ehtiyatlarından istifadə edərək qum-çınqıl buraxan 3 karxana açılmışdır. Əhali bordyur və plastik qapı-pəncərələr hazırlayan sexlərin məhsullarından da geniş istifadə edir.

Dövlət Proqramı çərçivəsində Rayonun mərkəzi və kənd ATS-lərinin rekonstruksiyası başa çatdırılaraq Elektron Avtomat Telefon Stansiyalarının montaj tutumu 8,2 min nömrəyə, rayon üzrə internet xidmətindən istifadə edənlərin sayı 680 abonentə çatdırılıb.

Dövlət başçısı cənab İlham Əliyev bütün bölgələrə qayğı ilə yanaşır, hər səfərdən sonra regionlarda olan çətinliklərin aradan qaldırılması üçün vəsait ayırır. Uzun illər idi ki, Ağsuda əhali içməli su sarıdan ciddi korluq çəkirdi, əkin sahələrinin suvarma suyu ilə təminatında böyük rolu olan Yuxarı Şirvan Kanalının Ağsu maşın qolu istifadəsiz qalmışdı. Məhz ölkə Prezidentinin 2006-cı və 2009-cu illərdə rayonumuza səfərlərindən sonra imzaladığı sərəncamlar əsasında hər iki problem həll edildi. Kanalda və ona xidmət edən nasos stansiyasında 1 milyon manatlıq əsaslı təmir işləri aparıldı. Ağsunun yaranışından yaşanan içməli su probleminə, nəhayət, son qyularaq 3,7 milyon manat dəyəri olan layihə əsasında dağlıq ərazilərdəki bulaq sularının gətirilməsi üçün polad borularla 25 kilometr uzunluğunda yeni kəmər çəkildi və digər zəruru işlər görüldü. Rayonun kəndlərində də əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması üçün Dövlət Proqramı çərçivəsində Kəndoba və Ağabəyli kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

Rayonda elektrik, qaz, yol infrastrukturları onillər bundan əvvəl istifadəyə verilmiş və çoxdandır ki, təzələnmirdi. Bu məsələlər də müsbət həllini tapmışdır. Ağsu şəhərində respublikada birincilər sırasında elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunmuş və smart-kart tipli sayğaclar quraşdırılmışdır. Ağsu şəhərinin təbii qaz təsərrüfatı əsaslı surətdə yenidən qurularaq qaz abonentləri əvvəlcədən ödəniş sistemli smart-kart sayğacları ilə təmin olunmuşdur. Ötən il 19 yaşayış məntəqəsi qaz yanacağından istifadə etmiş, cari ildə isə 2 kəndə təbii qaz verilmişdir. Rayonun kənd yaşayış məntəqələrinin qaz təminatının bərpası və yenidən qurulması tədbirləri çərçivəsində cari ildə daha 8 kənd yaşayış məntəqəsinə təbii qazın verilişi nəzərdə tutulub. Rayonun ümumilikdə 1140 fərdi mənzilini əhatə edən Ərəbuşağı, Ağalarbəyli, Qaraqoyunlu, Muradlı, Təklə, Musabəyli və İlxıçı kəndlərinin təbii qazla təmin edilməsi məqsədilə daşıyıcı və məhəllədaxili qaz kəmərlərinin çəkilişi başa çatdırılıb, mənzildaxili qaz kəmərlərinin çəkilişi və İTRON tipli əvvəlcədən ödəmə sistemli qaz sayğaclarının quraşdırılması işləri aparılır.

Son illərin ən böyük uğurlarından biri də kəndlərdə yaşayan əhali üçün hər cür şəraitin yaradılması olmuşdur. Artıq kənd yaşayış məntəqələri də inkişaf dövrünə qədəm qoymuşdur. Abadlaşdırma işləri Çiyni kəndi üçün daha xarakterikdir. Burada irimiqyaslı tikinti və infrastruktur proqramı həyata keçirilir. Yollar asfaltlaşdırılmış, kəndə təbii qaz verilişi bərpa olunmuş, elektrik təsərrüfatı tamamilə yenidən qurulmuşdur. Nəfis dizaynda məktəb binası, yerli icra hakimiyyəti orqanı və kənd bələdiyyəsi üçün ikimərtəbəli inzibati bina, mədəniyyət sarayı, həmçinin kənd stadionu inşa olunmuşdur.

Son illərə qədər rayonda idmanın kütləviliyi ilə bağlı işlər lazımi səviyyədə deyildi, səmərəli tədbirlər demək olar ki, keçirilmirdi. Bunun bir səbəbi də hər cür şəraitə malik idman-sağlamlıq ocaqlarının olmaması idi. Hazırda Ağsu şəhərində 3 min yerlik stadionun, gənclərin və yeniyetmələrin yaradıcılığının səmərəli təşkili üçün Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin tikilməsi ilə bu problem aradan qaldırılmış, Ağsu şəhər Mədəniyyət və istirahət parkının əsaslı şəkildə yenidən qurulması şəhər əhalisinin mənalı istirahətinin təşkili üçün böyük töhfə olmuşdur.

Yol tikintisi və təmiri işləri hər il ciddi nəzarətdə saxlanılır. Ötən illərdə bu sahədə az iş görülməyib. Dövlət Neft Şirkətindən ayrılmış 500 min manat və hər il üçün rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına Ağsu şəhərinin yeni salınan məhəllə və küçələri asfaltlaşdırılmış, Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində 12 kənddə ümumi uzunluğu 75,4 kilometr yolların təmir olunmasına 735,1 min manat vəsait xərclənmişdir. Bundan əlavə, ağır yükgötürmə qabiliyyətinə malik nəqliyyat vasitələrinin Ağsu şəhərinin küçə və meydanlarına daxil olaraq hərəkətdə çətinliklər yaratmasının qarşısını almaq üçün Ağsu-Kürdəmir və Bakı-Şamaxı-Yevlax magistrallarını birləşdirən dairəvi yolun tikintisinin birinci hissəsi başa çatmış, uzunluğu 2,5 kilometr olan çınqıl yol istifadəyə verilmişdir. 2012-ci ildə ümumi uzunluğu 2,5 km olan şəhər küçələrində 459,2 min manat dəyərində, 36856 kvadratmetr asfaltlaşdırma işləri aparılıb. Rayon mərkəzini kəndlərlə birləşdirən yolların əsaslı təmirinə başlanılıb. Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun əsaslı təmiri istiqamətində işlərinin icrası davam etdirilir. 2012-ci ildə Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunda 3 körpü və 24 suötürücü qurğunun tikintisi başa çatdırılıb. Hazırda yol yataqlarının tikilməsi və hamarlanması aparılır. Görülmüş işlərə 11 milyon manat vəsait xərclənib.

2011-ci il dövlət başçısı tərəfindən "Turizm ili" elan olunmuşdu. Hələ ötən illərdə rayonda turizmin imkanlarından istifadə etmək nəzərdə tutulmuşdu. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Ağsu rayonu ərazisində arxeoloji qazıntı işlərinə başlanıldı. Məqsəd Azərbaycanın turizm marşrutlarından kənarda qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq etmək və nümayişə hazır vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkməkdir. Ağsuda aparılan tədqiqatlar nəinki Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr şəhər probleminin geniş və hərtərəfli tədqiqi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Arxeoloji qazıntılar rayonun tarixinin daha qədimə - XII əsrə aid olmasını sübut edir. Bu mövzu ilə bağlı görülən işlər və bu il fevral ayının 5-də açılmış "Orta əsr Ağsu şəhəri: Sənətkarlıq məhəlləsi" sərgi kompleksi turistlərin qəbulu üçün hər cür şəraitin olduğunu göstərdi.

2012-ci ildə bütün mülkiyyət formalarından olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahənin inkişafına 44 milyon 374 min manat investisiya yönəldilmişdir. İnvestisiya qoyuluşunun səviyyəsi son 9 ildə 158 dəfə yüksəlmiş, rayonda ümumi məhsul istehsalının həcmi 144 milyon 405 min manata çatmışdır ki, bu, 2003-cü illə müqayisədə 6,1 dəfə çoxdur. Tikinti-quraşdırma işlərinin həcmi 9 il ərzində 186 dəfə artmış və 2012-ci ildə məhsul buraxılışının ümumi həcminin 30,4 faizini təşkil etmişdir.

Aqrar sahənin xüsusi çəkisi ümumi məhsul buraxılışında 44,0 faiz təşkil edir. Kənd təsərrüfatı istehsalının həcmi 2003-cü ildəki 17 milyon 719 min manatdan 3,6 dəfə artaraq ötən il 63 milyon 592 min manat təşkil etmişdir.

2012-ci ildə rayonda pərakəndə əmtəə dövriyyəsinin həcmi 89 milyon 141 min manat təşkil etmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,7 dəfə çoxdur. Əhaliyə göstərilən pullu xidmətlər 2003-cü ildəki səviyyəni 9 milyon 672 min manat, 2011-ci ilin səviyyəsini isə 234,5 min manat ötərək 14008,2 min manat olmuşdur.

Son 9 il ərzində orta aylıq əməkhaqqı 7,1 dəfə artaraq 234 manata çatmışdır. Həmin dövrdə əhalinin gəlirləri 13 milyon 234 min manatdan 151 milyon 115 min manatadək yüksəlmiş, başqa sözlə, 2003-cü ildəki səviyyədən 11,4 dəfə artıq olmuşdur.

Həyata keçirilmiş tədbirlər nəticəsində 2003-2012-ci illər ərzində rayonun müəssisə və təşkilatlarında 9360 yeni iş yeri açılmışdır ki, bundan 4996-sı daimi iş yerləridir.

Ümummilli lider Heydər Əliyevin hələ 1981-ci ildə rayonumuzda olarkən "Ağsu respublikanın qabaqcıl rayonları səviyyəsinə çıxmalıdır. Bunun üçün imkan və şərat vardır" istəyi artıq həqiqətə çevrilmişdir. 2009-cu il oktyabrın 29-da ictimaiyyətin nümayəndələri ilə görüşdə rayonda görülən işləri yüksək qiymətləndirən cənab Prezident İlham Əliyev də inkişafın sürətli olduğunu diqqətə çatdırmışdır: "Ağsu Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. Çox böyük işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır". Ölkə başçısı möhtərəm İlham Əliyev 2010-cu il oktyabr ayının 30-da rayonumuzda səfərdə olarkən bir neçə böyük obyektlərin açılışını etmiş və Ağsunun bugünkü inkişafından, insanlar üçün yaradılan şəraitdən məmnun olduğunu bildirmişdir.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli siyasi xadimdir. Ümummilli lider Heydər Əliyevdən sonrakı tarixi mərhələnin meydana çıxardığı siyasi-ictimai reallıqlar, iqtisadi-hərbi proseslər, ideoloji-etnik problemlər mövcud siyasi kursun işığında hadisələrin və gedişatların yenidən dəyərləndirilməsini tələb etdiyi məqamlarda Prezident İlham Əliyev istənilən məsələyə yaradıcı münasibət bəsləməyi, yeni müstəvidən yanaşmağı müvəffəqiyyətlə həyata keçirir. Bu mənada, cənab İlham Əliyev daim inkişafda olan, yeniləşib zənginləşən Heydər Əliyev siyasi təliminin, yeni dövlətçilik nəzəriyyəsinin yaradıcısıdır. Prezident İlham Əliyev Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun böyük magistrallardakı qüdrətli sükançısıdır.

Bakının az qala hər gün, hər həftə keçirilən genişmiqyaslı böyük və əhəmiyyətli tədbirlərə layiqincə ev sahibliyi etməsi də Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin real göstəricilərindəndir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, beynəlxalqmiqyaslı qərarlara imza atılması, dünyaya müraciətlə bəyanatlar səsləndirmək haqqı qazanması Prezident İlham Əliyev siyasətinin təntənəsidir. Bütün bunlar Prezident İlham Əliyevin timsalında inanılmış, sınaqlardan çıxmış siyasi kursun ardıcıllıqla və qətiyyətlə davam etdirilməsinin nələrə qadir olduğunun, ölkəmizi hansı səviyyəyə gətirib çatdıra biləcəyinin gerçək təzahürləridir.

Prezident İlham Əliyev yaxın və uzaq gələcəyi, bütün reallıqları incəliklərinə qədər görən və məharətlə proqnozlaşdırmağı bacaran böyük dövlət xadimidir. Ölkəmizin və xalqımızın bundan sonrakı mərhələdə də cənab İlham Əliyev kimi geniş formatda, böyük miqyasda düşünən, xalqına və dövlətinə ürəkdən bağlı olan, yüksək səviyyəli və enerjili, zəngin təcrübəyə malik dövlət xadiminə ciddi ehtiyacı var. Prezident İlham Əliyevin böyük milli dövlətçilik istedadı müstəqil Azərbaycanın sabahına da gur işıq salır. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik təliminin bəhrələri və əbədiyaşar işıqlarıdır.

 

Bəxtiyar SADIQOV:

- Bu gün Azərbaycan özünəməxsus, fəqət, sınaqlardan uğurla çıxan milli inkişaf strategiyasına malikdir. Təsadüfi deyil ki, dünya iqtisadiyyatında artıq "İnkişafın Azərbaycan modeli" deyilən bir fenomen var. Bu tərəqqi regionların sosial-iqtisadi yüksəlişində də özünü qabarıq büruzə verir. Ağsu rayonunun timsalında bunu daha aydın görmək olar. Bu gün rayonda iqtisadi sahədə keçmiş ənənələr bərpa olunur və yeni tipli iqtisadiyyat Ağsunun yüksəlişində əsas amilə çevrilir. Bu barədə danışmaq üçün söz fermer təsərrüfatının rəhbəri Alxas MƏMMƏDOVa verilir.

 

Alxas MƏMMƏDOV:

- Zaman özü sübut edir ki, ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin avqust ayı Azərbaycan tarixinə qızıl xətlə yazıldı. Bugünkü inkişafımızın, firavan yaşayışımızın özülü məhz həmin ildə Heydər Əliyevin uzaqgörən siyasəti, gərgin əməyi və zəhməti sayəsində qoyulmuşdur.

 Ulu öndərin təşəbbüsü və gərgin əməyi sayəsində qəbul olunmuş qərarlar respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artımında müstəsna rol oynadı, üzümçülükdə görünməmiş nəticələr əldə olundu, xalq təsərrüfatının kompleks inkişafı təmin edildi. 1969-1982-ci illərdə Azərbaycan dövləti özünün böyük inkişaf dövrünü yaşadı və bu illərdə respublikanın tərəqqisində önəm təşkil edən bütün sahələrdə ölkəmizin adı SSRİ məkanında birincilər sırasında çəkildi.

Respublikada ən geridə qalmış rayonlar sırasında olan Ağsu rayonunun məhz bu illərdə, sözün əsl mənasında, bütün sahələrdə inkişafı vüsət almışdı. İqtisadiyyat tənəzzüldən tərəqqiyə yönəlmiş, insanların rifah halı və mənzil-məişət şəraiti yaxşılaşmağa başlamış, təhsil səviyyəsinin yüksəlməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin kənd təsərrüfatının sənaye üsulunda inkişafı təmin edilmişdir.

Ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən sonra demokratik dövlət quruculuğunun həyata keçirilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrildi.

Lakin müstəqilliyin ilk illəri Azərbaycan üçün ciddi sınaq dövrü oldu. Bu müddətdə ölkəmizdə baş verən məlum neqativ hadisələr Ağsu rayonunun iqtisadiyyatını da iflic vəziyyətə saldı, sənaye müəssisələrinin, tikinti təşkilatlarının fəaliyyəti dayandı, kənd təsərrüfatında istehsal tamamilə aşağı düşdü.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat səviyyəsi yaxşılaşmağa başladı.

Respublikamızda əldə olunan nailiyyətlər Ağsu rayonunun da sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərmiş, rayon iqtisadiyyatının dinamik inkişafı təmin olunmuş, sənayenin, aqrar bölmənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması, infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur. Ölkədə sahibkarlığın zəruri bazar infrastrukturlarının formalaşdırılması nəticəsində rayonumuzda sahibkarlığın inkişafı geniş vüsət almışdır.

Möhtərəm İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə əldə olunmuş inkişaf rayonumuzda 2012-ci ildə də davam edib, makroiqtisadi göstəricilər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Rayonda ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 5,8 dəfə, 2011-ci illə müqayisədə 26,6 faiz, adambaşına düşən məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 5 dəfə, 2011-ci illə müqayisədə 25 faiz, pərakəndə əmtəə dövriyyəsi 2003-cü illə müqayisədə 5,7 dəfə, 2011-ci illə müqayisədə 12,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 2003-cü illə müqayisədə 158 dəfə, 2011-ci illə müqayisədə isə 110 dəfə artıb.

Əhalinin hər nəfərinə düşən pul gəlirləri 2011-ci illə müqayisədə 13,4 faiz artaraq 2064,99 manat təşkil edib. Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əməkhaqqı 2003-cü illə müqayisədə 7,1 dəfə, ötən ilə nisbətən 5,9 faiz artaraq 234 manata çatıb.

Vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində respublikamızda üzümçülük sürətlə inkişaf etdirilmişdir. 1969-cu ildə üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bu da öz növbəsində aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Təəssüf ki, 80-ci illərin ortalarından 90-cı illərin əvvələrinə qədər iqtisadiyyatın aparıcı sahələrindən biri olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu. Yalnız keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı üçün əlverişli şərait yaradıldı və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanıldı. Ağsu rayonunda "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" qəbul edilənədək 158 hektar üzüm bağı mövcud olmuşdur. Həmin Dövlət Proqramı və icrası davam edən II Dövlət Proqramı çərçivəsində daha 145 hektar üzümlük salınmışdır. Üzüm bağlarının 295 hektarı məhsuldar, 8 hektarı isə cavan bağlardır. Ağsu rayonunda 2012-ci ildə 295 hektar sahədən 3230 ton üzüm istehsal olunmaqla, məhsuldarlıq 109,5 sentnerə çatdırıldı. İstehsal olunan üzümün 2121 tonu texniki, 1109 tonu isə süfrə üzümü olmuşdur.

Ağsu rayonunda vaxtilə əsas iqtisadi fəaliyyət və istehsal istiqaməti olan sahələr yenidən dirçəldilir, eyni zamanda, yeni istehsal istiqamətləri uğurla tətbiq olunur, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Aqrar bölmə ilə emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi, rəqabət qabiliyyətli məhsul istehsalının artırılması üçün zəruri tədbirlər həyata keçirilir.

Rayonda sənaye kompleksinin əsasını yerli kənd təsərrüfatı məhsullarının emalı, sənayenin tərkibində əsasən yerli xammala əsaslanan yeyinti sənayesi üstünlük təşkil edir. Ötən illərdə konserv və şirə istehsal edən "Konserv-A" MMC, nar şirəsi istehsal edən "Mehman" MMC və "Büllur" MMC, Ağsu 1 nömrəli Konserv zavodunun bazasında meyvə şirələri və konserv məhsulları istehsal edən "MiriGrand" MMC, M.Ə.Sabir adına Üzüm İstehsalı və Emalı Müəssisəsinin bazasında alkoqollu içkilər istehsal edən "Azşərab-3" ASC yaradılaraq fəaliyyət göstərmişdir. Hazırda əsas sənaye müəssisələri rayon mərkəzlərində yerləşən çörək zavodu və 2011-ci il oktyabrın 30-da açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodu, nar şirəsi istehsal edən "Mehman" MMC, alkoqollu içkilər istehsal edən "Azşərab-3" ASC və meyvə şirələri istehsal edən "MiriGrand" MMC-dir. Son illər rayonda bir sıra yeni unüyütmə müəssisələri - dəyirmanlar, plastik qapı-pəncərə, tomet, bordyur və mebel istehsalı sexləri də yaradılmışdır.

2012-ci ildə sənaye məhsulunun 67,5 %-i və ya 3144,1 min manatı emal, 28,6 %-i və ya 1331,6 min manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 3,9 %-i və ya 179,8 min manatı su təchizatı və tullantıların təmizlənməsi sahələrində istehsal edilmişdir.

Bütün bunlar bir daha göstərir ki, regional inkişaf istiqamətində həyata keçirilən tədbirlər də dövlətin sosialyönümlü siyasətinin əsas prioritetlərindən biridir. İnanırıq ki, bu siyasət möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı illərdə də uğurla davam etdirilərək Azərbaycanın bütün regionları inkişaf edəcək, ölkəmiz ən qabaqcıl dövlətlər səviyyəsinə yüksələcəkdir.

 

Bəxtiyar SADIQOV:

- Sosial problemlərin həlli mövcud iqtidarın fəaliyyətində prioritet sahələrdən biridir. Son illərdə bu sahədə ölkəmizdə mühüm nailiyyətlər əldə edilmişdir. Təqdirəlayiq haldır ki, sosial yüksəliş ölkənin bütün bölgələrində aydın hiss olunur. Ağsu rayonunda da həyata keçirilən sosialyönümlü siyasət yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yüksəlməsinə, yoxsulluq həddinin kəskin aşağı enməsinə gətirib çıxarıb. Bu barədə danışmaq üçün söz rayon Ağsaqqalar Şurasının  sədri Seyfəddin ABDULLAYEVə verilir.

 

Seyfəddin ABDULLAYEV:

- Son 9 ildən artıq dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi tərəqqinin sürətlənməsinə, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən mühüm uğurlar qazanılıb.

İnsan amilinə xidmət edən sosialyönümlü siyasət Ağsu rayonunun simasında aydın görünür. Rayon icra hakimiyyəti, Ağsu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi və bələdiyyələr bayramlarda, eləcə də əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlara bayram sovqatı göndərir, daxili imkanlar hesabına şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imkansız şəxslərə maddi yardım edilir, onların müalicəsi üçün pulsuz dərman və sarğı materialları verilir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları üçün ikimərtəbəli inzibati bina tikilib istifadəyə verilmişdir. Burada sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.

2012-ci ildə 1398 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir ki, bu da 6855 nəfər ailə üzvünü əhatə edir. Sosial müdafiəyə ehtiyacı olan 25 nəfərə, son 3 ildə isə 75 nəfər vətəndaşa müalicə olunmaq üçün göndəriş vərəqi, sağlamlıq imkanı məhdud olan 6 nəfərə son 3 ildə isə 11 nəfər vətəndaşa əlil arabası və 5 nəfər əlilə "Oka" markalı avtomobil verilib.

Son 10 ildə 5 fərdi, hər biri 16 mənzildən ibarət 2 ictimai yaşayış evi tikilərək əlillərə paylanmışdır. Onlardan 4 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilinə, 1 fərdi yaşayış evi Əfqanıstan müharibəsi əlilinə, 14 mənzil şəhid ailəsinə, 18 mənzil isə Qarabağ müharibəsi əlilinə verilmişdir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 1 ədəd 6 mərtəbəli, 54 mənzilli ictimai yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılaraq layihələndirmə sənədləri hazırlanır.

Səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması istiqamətində mövcud qanunvericiliyin tələbləri yerinə yetirilmiş, rayon ərazisində məskunlaşan məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Gürcüvan kənd ərazi dairəsinin əhatə etdiyi Gürcüvan, Hinqar və Kövlüc kəndlərində 205 məcburi köçkün ailəsinin istifadəsinə bələdiyyə mülkiyyətində olan torpaqlardan 600 ha əkin, 1700 ha örüş-otlaq sahəsi ayrılmışdır.

"Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)" Dövlət Proqramına uyğun olaraq, həmin illər üzrə Ağsu rayonu üçün prespektiv iş planı işlənib hazırlanmışdır. İşin səmərəliyini artırmaq məqsədilə əlaqələndirmə komitəsi yaradılmış, hər il üçün Ərazi Məşğulluq proqramları işlənərək Ağsu Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə təsdiq edilmişdir.

Dövlət Proqramının icra olunduğu illərdə rayon Məşğulluq Mərkəzinə 2695 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Bu müddətdə 1537 nəfər işaxtaran vakant yerlərə göndərilərək münasib işlə təmin edilmiş, 240 nəfər vətəndaşa işsizlik müavinəti verilmişdir. Aktiv məşğulluq tədbirlərindən sayılan peşə hazırlığı kurslarına böyük önəm verilərək 2006-2012-ci illərdə 232 nəfər işaxtaran vətəndaş peşə hazırlığı kurslarına göndərilmişdir.

 2006-2012-ci illərdə Ağsu rayonunda əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada idarə, müəssisə və fiziki şəxslər də daxil olmaqla, 132 iş verən təşkilat 1960 boş iş yeri ilə çıxış etmişdir. Yarmarkaların nəticəsi olaraq 447 nəfər işaxtaran vətəndaş işlə təmin olunmuşlar.

 Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi deməyə əsas verir ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaq, xalqımız daha firavan yaşayacaqdır.

 

Bəxtiyar SADIQOV:

 

- Azərbaycanın inkişafında abadlıq və quruculuq prosesi xüsusi yer tutur. Ölkə paytaxtı ilə yanaşı, regionlarımız da möhtəşəm tikinti meydanına çevrilib. Bu işlər Ağsu rayonunun simasında da öz bariz əksini tapıb. Abadlıq-quruculuq indi rayonda əsas fəaliyyət istiqamətidir və artıq kəndlər də şəhər görkəmi alır. Bu barədə danışmaq üçün söz şəhər 4 saylı tam orta məktəbin direktoru Şəfəq BALIYEVAya verilir.

 

Şəfəq BALIYEVA:

- Ölkənin böyük iqtisadi potensiala malik rayonlarından olan Ağsu son illər, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Respublika Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğı və diqqətdən Ağsuda da xüsusi bacarıqla bəhrələnir, bölgənin yüksəlişinə, əhalinin həyat tərzinin hər vasitə ilə yaxşılaşmasına uğurla nail olunur. Rayonda yaradılmış sağlam mənəvi-psixoloji mühit iqtisadi inkişafa, sosial yüksəlişə təkan verir, adamları doğma diyarın hər qarışını cənnətə döndərmək uğrunda inamlı mübarizəyə ruhlandırır.

Son illər ərzində aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində Ağsu şəhəri qeyri-adi bir sürətlə dəyişib gözəlləşməkdədir. Onun simasını dəyişən təkcə abad küçələr, rahat yollar, yaşıl xiyabanlar, yaraşıqlı parklar, müasir görkəm alan sosial obyektlər, fərdi və ictimai binalar deyil. Aparılan uğurlu siyasi-ideoloji iş sayəsində adamların dünyagörüşü, həyata baxışları da köklü şəkildə dəyişmişdir.

Son illər Ağsu şəhərində və rayonun kəndlərində abadlıq-quruculuq sahəsində həyata keçirilən tədbirlər rayon əhalisi tərəfindən razılıqla qarşılanmışdır. Belə ki, rayonun Heydər Əliyev, Azərbaycan, Ü.Hacıbəyov, Nizami, M.Ə.Rəsulzadə və Vidadi küçələrində, "Bakı-Yevlax", "Ağsu-Kürdəmir" magistral yollarının Ağsu şəhərindən keçən hissəsində piyada səkiləri asfaltlaşdırılmış, yaşıllıq sahələri və gecə işıqlandırma sistemi yenidən qurulmuşdur. Ağsu şəhərində Heydər Əliyev parkının yenidən qurulması, Heydər Əliyev Mərkəzinin, Seyrəngah kompleksinin tikinti işləri başa çatdırılmışdır. Ağsu şəhərində yeni salınan küçələrin asfaltlaşdırılması işlərinə başlanılmışdır. Rayon büdcəsi və daxili imkanlar hesabına Ağsu şəhərinin Vidadi, Azərbaycan və N.Tağızadə küçələrində avtomobil yollarına 23760 kvadratmetr, həmin küçələrin piyada səkilərinə isə 2063 kvadratmetr, T.Əliyarbəyov, H.Aslanov, Ü.Hacıbəyov, S.Vurğun, T.Xasıyev, H.Əliyev və M.Ə.Rəsulzadə küçələrinə 59300 kvadratmetr asfalt döşənmişdir.

Ağsu şəhərinə 25 km uzunluğunda içməli su kəmərinin çəkilməsi və digər zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il  23 noyabr tarixli 603 saylı sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan  3,7 milyon manat vəsait ayrılmışdır. 2010-cu ildə tədbirin icrasına başlanılmış, rayonun Quzay kəndi ərazisində olan 4 ədəd bulağın suyunu yığmaq üçün qəbuledici kamera tikilmişdir. Şəhərin ərazisində, Ağsuçayın sağ sahilində 1 ədəd 500 kubmetrlik su anbarı tikilərək şəhər xəttinə qoşulmuş, su anbarlarının yanında bakterisid qurğusu quraşdırılmışdır. Qəbuledici kameradan şəhərin su anbarlarına qədər 219 mm-lik polad borularla 21 km uzunluğunda su kəməri çəkilmişdir. Bundan başqa, su anbarından Pirhəsənli kəndinə 3,7 km uzunluğunda 110 mm-lik polietilen borularla su kəməri çəkilərək 3 yerdə bulaq tikilmişdir. Ümumilikdə tikinti işlərinə 3582736 manat vəsait sərf edilmişdir.

Rayonun kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə 8 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün torpaqayırma sənədləri hazırlanmış, sutəmizləyici qurğuların quraşdırılması işlərinə başlanılmışdır. Kəndoba və Ağabəyli kəndlərində isə sutəmizləyici qurğuların quraşdırılması işləri başa çatdırılmışdır. Rayonun İlxıçı, Çaparlı, Pirhəsənli, Qaravəlli, Qaraqaşlı, Qiyaslı, Rəhimağalı, Şahbəyli, Ərəbuşağı, Çiyni və Növcü kəndlərində subartezian quyuları istifadəyə verilmişdir.

Şəhərin yeni salınan məhəllələrində olan küçələrə şeben döşənməklə bərkitmə işləri aparılmışdır, hazırda isə şəhərə dairəvi yol çəkilişinin tamamlama işləri aparılır. 14 km kənd magistral yoluna asfalt salınmış, 70 km-dən çox kənd və kəndarası yollar qum-çınqıl döşənməklə təmir edilmişdir.

Rayonda sahibkarlığın inkişafına geniş yer ayrılmış, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarca ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri tikilib istifadəyə verilmişdir.

Şəhər telefon şəbəkəsi üzrə 4000, kənd telefon şəbəkəsi üzrə isə 4204 montaj tutumlu EATS istismar olunub. Şəhərdə 2902, kəndlərdə 1917 və SDMA simsiz rabitə xidmətindən 116 abunəçinin istifadəsi təmin edilib. Rayon üzrə internet xidmətindən istifadə edənlərin sayı 680 abonentə çatdırılıb.

Ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında rayon ərazisində yaşıllıqların salınması və uzunömürlü ağacların əkilməsi, faunanın qorunması diqqət mərkəzində saxlanılmışdır.

Şəhərin küçələrinə, parklara, ictimai və inzibati binaların ərazisinə, həmçinin magistral yolların kənarına 26200 ədəd ağac, 6347 ədəd kol və bəzək kolları əkilmiş,19245 kvadratmetr sahədə yaşıllıqlar salınmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.

Şəhərin mərkəzi küçələrində yolun hər iki tərəfində müasir üslubda dekorativ hasar çəkilmiş, Ağsu şəhərində 50-yə yaxın fərdi, 24 ədəd dövlət fondu yaşayış binasının dam örtüyü əsaslı təmir olunmuşdur.

Rayonda aparılan abadlıq-quruculuq işləri bütövlükdə kəndlərin simasını dəyişmiş, şəhərlə kənd arasında fərqlərin aradan qaldırılması istiqamətində xeyli irəliləyişə səbəb olmuşdur.

 

Bəxtiyar SADIQOV:

- Ulu öndər "Nə qədər ki Azərbaycan var, mən varam. Mən isə Azərbaycanda əbədi olacağam" - deyirdi. Həqiqətən də Heydər Əliyevin izləri, fəaliyyətinin təzahürləri ilə hər addımda rastlaşırıq. Bir daha əmin oluruq ki, ümummilli liderimizin xatirəsi ölkəmizdə əbədiyaşardır. Bu irsi yaşadan ən böyük qurum isə şübhəsiz ki, Heydər Əliyev Fondudur. Son 9 ildə fond Azərbaycanda xeyirxahlığın, mərhəmətin və quruculuğun əsas ünvanına çevrilib. Fondun Ağsu rayonuna da mühüm töhfələri olub. Bu barədə danışmaq üçün söz Çiyni kənd tam orta məktəbin direktoru Vahid FƏRZƏLİYEVə verilir.

 

Vahid FƏRZƏLİYEV:

- Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş ulu öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaranmışdır. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilən, milli mənafelər baxımından mühüm strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən fondun çoxşaxəli fəaliyyəti xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. 2004-cü il mayın 10-da yaranan fondun ən müxtəlif sahələrdəki fəaliyyəti milli intibah prosesinə öz dəyərli töhfələrini verməkdədir.

Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaqdır. Fond ümummilli liderin milli ideyalarından çıxış edərək ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərin həllinə maddi-mənəvi dəstək verir.

Son 9 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi ilə ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir.

Azərbaycan ictimaiyyətinin dərin rəğbətini qazanan, köməyə, yardıma ehtiyacı olanların hər zaman yanında olan Heydər Əliyev Fondu ulu öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı mühüm layihələrə imza atmışdır. Ulu öndərin adını daşıyan fond ümummilli liderin arzu və istəklərinin, onun ideyalarının həmişəyaşarlığını əks etdirən əsas mərkəzdir. Bununla belə, Heydər Əliyev Fondunu xalqımıza daha çox sevdirən onun fəlsəfəsidir. Bu fəlsəfənin əsasında çox sadə bir ideya və amal durur: insanlara yaxşılıq etmək!

Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də məhz Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur.

Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi - "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə istiqamətlənmişdir. Son illər ərzində yüzlərlə məktəb əsaslı təmir olunmuş, onlarca məktəb inşa edilmişdir. Həmin məktəblər arasında bizim Ağsu rayonunda tikilən 9 məktəb və bir uşaq yaradıcılıq mərkəzi də vardır.

Hazırda rayonumuzda fəaliyyət göstərən şagird və müəllimlərin fəxrlə "Bu məktəb bizə Heydər Əliyev Fondunun töhvəsidir" - dedikləri Bəyimli, Bico, Padar, Ərəbmehdibəy, Növcü, Çiyni, Axunlu, Qaraməmmədli, Qaraqoyunlu kənd məktəbləri minlərlə şagirdə elmin sirlərini öyrədir, gənc nəslin yetişməsində mühüm rol oynayır .

Heydər Əliyev Fondu hesabına tikilən bu məktəblər həm də müasir avadanlıqlarla təchiz olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın 2009-cu ildə rayonumuza səfərləri zamanı rayonda Səməndər Rzayev adına Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzi üçün yeni binanın da təməlqoyma mərasimi keçrildi. 2011-ci ilin oktyabrında növbəti səfər zamanı həmin yaradıcılıq mərkəzinin təntənəli açılışı oldu .

Hazırda həmin məktəbdə 213 şagird 8 dərnək olmaqla 15 qrupda məşğul olur. Sözsüz ki, gözəl şəraiti olan məktəb və mərkəzlərdə dərs keçən müəllim və şagirdlər, onların valideynləri Heydər Əliyev Fonduna, xüsusilə fondun prezidenti Mehriban xanıma dönə-dönə sağ ol deyirlər. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın xalğımıza göstərdiyi misilsiz xidməti və xeyirxahlığı təsvir etmək üçün günlərlə vaxt lazımdır.

Nə qədər ki, Azərbaycan var, qədirbilən xalqımız var Heydər Əliyev Fondu - xeyirxahlığın simvolu kimi anılacaqdır!

 

"Dəyirmi masa"ya yekun vuran Bəxtiyar SADIQOV dedi:

- "Dəyirmi masa"da haqlı olaraq vurğulandı ki, Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin qısa bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Çətin, lakin şərəfli müstəqillik tariximizin ötən 22 ilinə nəzər salarkən görürük ki, böyük qürur və fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində olmalıyıq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir.

Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin əsasında xalqın maraqları ön planda dayanır. Paytaxtla yanaşı bu gün bölgələrin də davamlı inkişafı hər kəsdə böyük qürur hissi yaradır. Bölgələrimizdə yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu da öz növbəsində insan amilinin yüksəlişinə, bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaradır. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən dövlət başçısı İlham Əliyev ötən 10 ildə bölgələrdə yaşayan vətəndaşların sosial-infrastruktur baxımından paytaxtla bərabər səviyyədə layiqli həyat tərzinin təmin olunmasına, regional inkişafdakı fərqin doğurduğu mənəvi-psixoloji fəsadların aradan qaldırılmasına nail olmuşdur.

Qarşıdan növbəti prezident seçkiləri gəlir. Ötən hər gün bizi tarixi və taleyüklü seçimə yaxınlaşdırır. Lakin bu gün Azərbaycan seçicilərinin böyük əksəriyyəti tərəddüd etmədən seçimini qətiləşdirib. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 20 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşayış tərzinə əsaslanır.

 

 

Azərbaycan.-2013.- 30 aprel.- S.4-5.