Heydər Əliyev sahibkarlığın inkişafına xüsusi diqqət yetirmişdir

 

Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində onun  haqqında fikir söyləmək həddən artıq böyük məsuliyyət tələb etdiyi qədər də şərəflidir. Azərbaycanın  dövlət müstəqilliyi təhlükə altında olanda, ölkə son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız ulu öndər Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışını zəruri saydı. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.

Ulu öndər Heydər Əliyev xalqın itmiş inamını özünə qaytara bildi. Bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirirdi. Çıxışlarının birində demişdir: "Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır".

Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla ölkəyə xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

Onun rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

İqtisadiyyatın ümumi inkişafı ilə yanaşı, ölkənin aqrar sahəsinin də inkişafı daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Hələ, 1994-cü il dekabırın 10-da keçirilmiş "Aqrar islahat: problemlər və onların həlli yolları" mövzusunda Beynəlxalq konfrasda çıxış edən ümummilli lider demişdir: " ... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarətlə həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xüsusən kasıb təbəqəyə, kəndlilərə, daim torpaqla bağlı adamlara zərər vurulmasın, əksinə, xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir." Belə də oldu. Ulu öndərin təşəbbüsü ilə "Torpaq islahatları haqqında", "Kolxoz və sovxozların islahatları haqqında", "Aqrar islahatın əsasları haqqında" Azərbaycan Respublikası qanunları qəbul edilmiş, bu qanunların icrası ilə bağlı aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrilmiş, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olunmuşdular.

Bütün bunlar Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sürətli iqtisadi inkişafa nail olmasının əyani sübutudur.  Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış  milli inkişaf strategiyası Azərbaycanı sürətli inkişaf yoluna çıxartdı. Bu inkişaf həyatın bütün sahələrini əhatə edirdi.

Sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiya və s. xidmətlər göstərən strukturlar yaradılmışdır.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər bu gün də iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət edir.

Ümummilli liderin yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi. Ulu öndər bütün daxili və xarici təzyiqlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də ölkəmizin təbii sərvətlərinin, ilk növbədə Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə istismarı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmağa müvəffəq oldu. Neft müqavilələri müvəffəqiyyətlə həyata keçirilir və öz müsbət bəhrəsini verir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə çoxşaxəli diplomatik əlaqələr saxlayır, ən nüfuzlu beynəlxalq təşkilatların, birliklərin iqtisadi və maliyyə qurumlarının üzvü kimi uğurla çıxış edir. Ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artır, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə daha fəal iştirak edir.

1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutaraq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəlif ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır. Məhz görülən bu tədbirlərin nəticəsidir ki, bu gün  Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə cevrilmişdir.

Ulu öndər Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanmışdır. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə onun dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etmişdir.

Vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım yeni Vergi Məcəlləsinin qəbul edilməsi oldu və bu, hər şeydən əvvəl müdrik siyasətçi Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm elementlərindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiqi olmasıdır. Bu məqsədlə vergi orqanları tərəfindən aparılan vergi yoxlamaları əsaslı təhlil olunmuş və burada mövcud boşluqların aradan qaldırılmasına dair müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklər səyyar vergi yoxlamalarının dövrilik prinsipinə əsasən yox, qanun pozuntusuna yol verən, vergidən yayınan intizamsiz vergi ödəyicilərində aparılmasını nəzərdə tutmuşdur.

Müstəqilliyin ilk illərində ümummilli liderin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, bank sistemində də liberal islahatlara başlandı. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində bank sistemi institusional olaraq genişlənməyə və özəl bankların sayı artmağa başladı.

Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratdı.

Uğurlu neft strategiyasının məntiqi nəticəsi kimi iri neft gəlirlərinin ölkəyə axınını və bu əsasda bankların maliyyə resurslarının strateji məqsədlərə effektiv ötürülməsinə hazır olmalarını nəzərə alaraq yeni, 2002-2005-ci illəri əhatə edən inkişaf strategiyasının əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz transformasiyası, əhalinin və regionların bank xidmətlərinə çıxış imkanlarının artırılması və bu əsasda yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçilik funksiyasının inkişaf etdirilməsi, bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azad və sağlam rəqabət mühitinin təmin edilməsi təşkil edirdi.

Müəyyən edilmiş strateji hədəflərə nail olunması üçün bank fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, bank sisteminin etibarlılığının və sağlamlığının artırılması, bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, bank sistemində şəffaflığın artırılması və bazar intizamının möhkəmləndirilməsi, səmərəli bank nəzarətinin təşkili kimi konkret vəzifələr qarşıya qoyulmuş və icra edilmişdir.

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən radikal islahatlar və institusional inkişaf nəticəsində sektorda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, xarici bankların Azərbaycana marağı artmışdır.

Bunun bariz nümünəsi kimi Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Respublikasının  və Türkiyə Cümhuriyyətinin iştirakı ilə yaradılmiş, 1995-ci ilin iyul ayında Heydər Əliyevin iştirakı ilə açılışı olmuş "Azər-Türk Bank" Acıq Səhmdar Cəmiyyəti hər iki dövlətin iqtisadiyyatında  körpü rolunu oynayaraq, bu dövlətlərin iqtisadiyyatının inkişafında bu gün də yaxından iştirak edir.

Sektora əmanət qoyuluşunu stimullaşdırmaq və əhalinin sektora etibarını artırmaq məqsədilə, 2007-ci ildə əmanətlərin sığortalanması sistemi yaradıldı.

Bank-maliyyə sektoru uğurla həyata keçirilən inkişaf və modernizasiya strategiyası, həmçinin böhranqabağı preventiv idarəetmə və "maliyyə immunizasiyası" tədbirləri nəticəsində 2008-ci ildən başlayan qlobal böhranla qarşıdurmada kifayət qədər dayanıqlılıq nümayiş etdirərək öz müvazinətini itirmədi. Dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın bank sektorunda hər hansı iflas və xüsusi gərginlik halı qeydə alınmadı, sektor öz ölçülərini və sabitliyini qorudu.

Hazırda  Azərbaycanda 43 bank, 600-dən cox  bank filialı    98 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. Bankların xüsusi və cəlb edilmiş vəsaitlərinin, o cümlədən   əhalinin banklardakı əmanətlərinin  həcminin dinamik inkişafı aktiv əməliyyatların genişləndirilməsi üçün əlverişli şərait yaratmış, nəticədə bank aktivlərinin həcmi davamlı artım göstərərək  20 mlrd. manata çatmışdır.

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş və iş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerli və xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Məlum olduğu kimi, iqtisadi canlanmanın vüsət aldığı dövrdə nəzarət işləri ilə məşğul olan dövlət orqanlarının fəaliyyəti ümumilikdə respublikanın iqtisadi böhrandan çıxmasında subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir və çox vaxt sahibkarlığın inkişafına süni maneələr  törədirdi. Buna görə də bu problem Heydər Əliyev tərəfindən xüsusi nəzarətə götürülmüş və qısa bir müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdı. İlk addım kimi ölkə Prezidenti tərəfindən imzalanmış 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanı göstərmək olar.  Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət  mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüşdür. Belə ki, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən bir sıra halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədi ilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində müəyyən tədbirlər görülmüşdür.

Bütün bunlarla yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılması və iqtisadiyyatın inkişafı dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalanmışdır.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, onların müddəti uzadılmışdır.

Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Ölkəmizdə yeni tipli iqtisadiyyatın formalaşması prosesi həm də iqtisadi sahədə keçmiş müsbət ənənələrin davam etdirilməsi ilə müşayiət edilir.

Bütün bunlar bir daha təsdiq edir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət  onun layiqli davamcısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məhz onun rəhbərliyi ilə Azərbaycan özünün yeni inkişaf dövrünü yaşayır, həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanılır. Əhalinin yaşayış şəraiti, maddi rifah halı günbəgün yaxşılaşır. Heç şübhəsiz, bütün bunların əsasında ümummilli lider Heydər Əliyevin yaxın və uzaq gələcəyə hesablanmış milli inkişaf strategiyası durur.

Ölkədə ardıcıl həyata keçirilən islahatlar nəticəsində respublikada bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmişdir. Ölkədə sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış və bu da sahibkarlıq mühitinin daha da əlverişli olmasına şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin azaldılması və sosialyönümlü müxtəlif problemlərin aradan qaldırılması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur.

2012-ci ildə respublika iqtisadiyyatının bir çox sahələrində inkişaf davam etdirilmiş, ümumi daxili məhsulun həcmi 2,2 faiz artmışdır. Bu zaman artım strateji məqsədlərə uyğun olaraq qeyri-neft sektorunun hesabına formalaşaraq bu sektor üzrə 9,7 faiz təşkil etmiş və onun ümumi daxili məhsulda payı 52,7 faizə çatmışdır.

Bu artım tempi 2013-cü ilin birinci rübündə də davam etmişdir. Belə ki, 2013-cü ilin birinci rübündə sosial və iqtisadi sahələrin inkişafını əks etdirən makroiqtisadi göstəricilər bir qədər yüksəlmiş, əhalinin rifah halını göstərən əməkhaqqı və gəlirlər artmış, inflasiya minimum səviyyədə qalmışdır.

Ümumi daxili məhsul istehsalı 3,1 faiz artaraq 12,9 milyard manata catmış, əlavə dəyərin 6,8 milyard manatı və ya 52,3 faizi sənaye sahələrində, 1,0 milyard manatı tikintidə, 787,3 milyon manatı nəqliyyatda, 296,0 milyon manatı kənd təsərrüfatında, 1,4 milyard manatı ticarət və xidmət sahələrində, 230,1 milyon manatı rabitədə, 1,7 milyard manatı digər sahələrdə istehsal olunmuşdur. Ölkədə azad sahibkarlıq mühitinin formalaşması fərdi sahibkarlıq kimi yeni təsərrufatçılıq formalarının təşəkkül tapmasına təkan vermiş, nəticədə 2012-ci ildə ümumi daxili məhsulda özəl sektorun payı 83 faizə çatmışdır.

Ölkədə uğurla reallaşdırılan iqtisadi inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsinə qədəm qoymuşdur.  2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin bu mərhələdə qarşıya qoyduğu başlıca hədəflərdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılması, əhalinin sosial problemlərinin həlli məsələləri nəzərdə tutulmuşdur.

Sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsi kimi, 12 fevral 2013-cü il tarixdə Bakı Biznes  Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin  cıxışını qeyd etmək olar. Dövlət başçısı qeyd etdi ki, "Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim secdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur."

İkinci Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları  bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır.

 Tədbirdə qeyd olunduğu kimi, 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft sektorunda ümumi daxili məhsul isə 2,4 dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalmışdır. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Ötən il sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi  qaytarılan vəsaitlər hesabına olmuşdur. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi  isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yeri açılmışdır.     

Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit verilməsi planlaşdırılıb  ki, bu vəsaitin də 83 faizi regionlar ücün nəzərdə tutulmuşdur. 2013-cü ilin birinci rübü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 606 sahibkara 81,3 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2380-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrinin sayı 26 faiz, verilmiş güzəştli kredit vəsaitinin həcmi 65,6 faiz, yeni yaradılacaq iş yerlərinin sayı isə 11 faiz artmışdır. Güzəştli kreditlərin 50,2 faizi aqrar sahənin, 49,8 faizi isə müxtəlif sənaye sahələrinin inkişafına yönəldilmişdir.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmış və bu uğurların qazanılmasında təbii ki, sahibkarların rolu danılmazdır.

Görülmüş tədbirlərin nəticəsidir ki, 2012-ci ildə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22,1 milyard ABŞ dolları olmuş, bundan 13,3 milyardı  daxili, 8,8 milyard dolları isə xarici investorların vəsaiti  olmuşdur.

Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan  sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti qeyd etdi ki, "Rəqabət qabiliyyətli məhsulların istehsalının artırılması hesab edirəm ki, ən vacib prioritetlərdən biri olmalıdır. Bu istiqamətdə işlər görülür və sahibkarlara verilən layihələr ekspertizadan keçirilir. Hesab edirəm ki, dövlət və hökumət tərəfindən sahibkarlara verilən tövsiyələr rəqabət qabiliyyətli məhsulların istehsalına təkan verəcəkdir".

   İclasda 2013-cü ilin birinci rübünün nəticələri müzakirə olunarkən qeyd edildi ki, bu dövrdə makroiqtisadi göstəricilər  müsbət olmuş, inflyasiya cəmi 1,2 faiz təşkil etmişdir. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmaqla, əhalinin pul gəlirləri təxminən 6 faiz artmışdır.  Kənd təsərrüfatında 4 faizdən çox artım alınmış,  ümumi daxili məhsulun 83 faizi özəl sektorda formalaşmışdır. Azərbaycanda strateji valyuta ehtiyatları 2012-ci ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatmışdır.

Vaxtilə ümummilli lider Heydər Əliyev demişdir: "Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ictimai təşkilat kimi ölkədə sahibkarlığın inkişafına kömək sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsində, iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində, sahibkarların və iş adamlarının hüquq və qanuni mənafelərinin qorunmasında, ölkədə əhalinin hüquq mədəniyyətinin formalaşdırılmasında və işgüzar fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır".

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkədə iş adamlarının maraqlarından cıxış edən və sahibkarlığın inkişafına dəstək verən ümumrespublika birliyidir. O, özündə  5000-dən çox sahibkarlıq subyektini, o cümlədən 50-yə qədər assosiasiya və birlikləri birləşdirir.

Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial - əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik. Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik  Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasında ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyası təmsil edir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurasının fəaliyyət göstərdiyi 20 il ərzində ilk dəfə bu qurumun baş katibi vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi  seçilmişdir.

Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, iqtisadi potensialımız 2013-cü və növbəti illərdə daha da güclənəcəkdir.

 Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli lider Heydər Əliyevin xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilib yazılsa da, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Yüksək xarakter, mahiyyət və fəaliyyət etibarı ilə uca olan ulu öndər ancaq vətən, xalq amalı ilə yaşayaraq təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önəmli bir şəxsiyyət olmuşdur. Onun Azərbaycana rəhbərliyinin əsrin üçdə biri qədər dövrünü əhatə edən zaman kəsiyi əbədiyaşar ulu öndər Heydər Əliyev dühasının nümayişi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibah dövrü olmuşdur. Ulu öndər Heydər Əliyev həmin zaman kəsiyində Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və özünün şəxsiyyət bütövlüyü ilə doğma vətəni Azərbaycanı bütövləşdirmiş və hər yerdə onu layiqincə təmsil etmişdir.

90 illik yubiley ərəfəsində böyük şəxsiyyət  Heydər Əliyevin zəngin irsinə nəzər salarkən  məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 20 ili ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının  həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Heydər Əliyevin  perspektivdə nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gercəkləşmiş, bütün mənalı həyatını öz xalqına bəxş etmiş siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti  Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl  dövlət idarəciliyi məktəbinə cevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin   zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahının yüksəlməsi naminə faydalanacaqlar.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız və biz Sahibkarlar Konfederasiyası Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində səlahiyyətlərimiz daxilində əlimizdən gələni  əsirgəməyəcəyik. 

 

 

Məmməd MUSAYEV,

Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının prezidenti

 

Azərbaycan.-2013.- 30 aprel.- S.6.