140 illik tarixin intibah dövrü

 

"Kapital Bank"da ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə konfrans keçirilmişdir

 

 "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Baş ofisində bankın mərkəzi və yerli struktur bölmələrinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının "Kapital Bank" üzrə ilk partiya təşkilatının üzvlərinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın Fəxri xiyabandakı məzarını ziyarət edərək abidələri önünə gül dəstələri qoymuşlar.

Konfransı giriş sözü ilə açan "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Elmar Məmmədov şəxsiyyət amilinin hər bir xalqın istiqlal tarixində əhəmiyyətli rol oynadığını qeyd etmişdir. Bildirmişdir ki, xalqların azadlıq əzminin reallaşmasını, demokratik inkişafını, mədəni yüksəlişini insanları milli ideyalar ətrafında bir araya gətirmək gücünə qabil şəxsiyyətlərin iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın milli dövlətçilik tarixində də bu müqəddəs missiyanı mayın 10-da anadan olmasının 90 illik yubileyi bütün dünya azərbaycanlıları tərəfindən böyük sevgi ilə qeyd edilən ulu öndər Heydər Əliyev yerinə yetirmişdir: "Heydər Əliyev adı müstəqil Azərbaycan dövlətinin tərəqqisinə, inkişafına yol açan dəyərlərin ümumi simvoludur. Bu dəyərlərin formalaşması, cəmiyyətdə özünə yer tapması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətinin hər hansı sahədə əldə etdiyi möhtəşəm nailiyyətlərdə Heydər Əliyevin diqqət və qayğısının, dəstəyinin xoş nişanələrini görürük. Çünki bugünkü uğur və nailiyyətlərə gətirən çətin və şərəfli yolun məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən - XX əsrin 60-cı illərinin sonlarından başlanması danılmaz həqiqətdir".

O, çıxışında Azərbaycan Əmanət Bankının hüquqi varisi kimi gələn il 140 yaşını qeyd edəcək "Kapital Bank"ın da 140 illik fəaliyyətində ardıcıl yüksəliş yoluna məhz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə, ulu öndərin mənəvi köməyi sayəsində qədəm qoyduğunu diqqətə çatdırmışdır.

Daha sonra "Kapital Bank"ın keçdiyi tarixi inkişaf yolunun müxtəlif dövrlərinə işıq salan məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, dünyanın əksər ölkələrində ilk əmanət kassalarının meydana gəlməsi XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə təsadüf edir. Çar Rusiyasında əmanət kassalarının təşkilinə 1841-ci ildən başlanmışdır. Rusiya Senatının 24 iyul 1874-cü il tarixli əmri ilə Bakı şəhərində də Rusiya Dövlət Bankının ilk əmanət kassası şöbəsi açılmışdır. Əmanət kassası şöbələri vaxtaşırı gah Maliyyə Nazirliyinin, gah da Dövlət Bankının tabeliyində fəaliyyət göstərirdi. 1914-cü ilin əvvəlində Bakı və Gəncə quberniyalarında ümumilikdə 80-ə yaxın əmanət kassası mövcud idi. Tarixi faktlar həmin dövrdə əmanət kassalarına qoyulan vəsaitlərin əsas hissəsinin xırda və orta sahibkarlara məxsus olduğunu göstərir.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra 30 sentyabr 1919-cu il tarixində Azərbaycan Dövlət Bankı yaradıldı. 1 dekabr 1919-cu ildən etibarən əmanət kassaları da bu bankın struktur bölmələri kimi yenidən fəaliyyət göstərməyə başladı. Eyni zamanda poçt-teleqraf təşkilatlarının bazasında fəaliyyət göstərən agent kassaları da öz fəaliyyətini xeyli dərəcədə genişləndirdi.

Tarixi faktlar əmanət kassalarının o dövrdə də mühüm dövlət tədbirlərində yaxından iştirak etdiyini göstərir. Belə ki, əmanət kassaları çar Rusiyası dövründə Rusiya Dövlət Bankının Azərbaycandakı şöbələrinin tabeliyində olan əmanət kassalarının əhaliyə yaranmış borclarının ödənilməsi üzrə öhdəliyə uyğun olaraq hər həftə hər kitabça üzrə müştərilərə 200 rubl ödəyirdi. Kənd təsərrüfatının kreditləşməsi ilə ipoteka bankları ilə yanaşı, xüsusi ssuda-əmanət kassaları və 1 oktyabr 1919-cu il tarixindən fəaliyyət göstərən ssuda-əmanət ittifaqları məşğul olurdu.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və ölkəmizdə sovet hakimiyyətinin qurulmasından sonra Azərbaycan İnqilab Komitəsinin 31 may 1920-ci il tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Azərbaycan Xalq Bankı adlandırıldı. Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı əsasında isə bütün banklar və kredit təşkilatları ləğv edilərək Xalq Bankının tərkibinə qatıldı. 1924-cü ilin yanvarında Azərbaycan SSR-də dövlət əmək əmanət kassaları təşkil edildi. Ümumiyyətlə, dövlət əmək əmanət kassaları SSRİ-də vahid ümumittifaq mərkəzləşdirilmiş kredit idarəsi kimi yaradılmışdı. Bu kassalar SSRİ Dövlət Bankının tabeliyində fəaliyyət göstərirdi. Əmanət kassalarında əhalidən əmanətlər aşağıdakı formada qəbul olunurdu: tələb olunanadək; müddətli (6 aydan az olmayaraq); şərti, uduşlu, cari hesablı əmanətlər.

Əmanət kassalarında göstərilən xidmətlər arasında əhalinin əmanətləri ilə yanaşı, fabrik-zavod həmkarlar ittifaqı yerli komitələrinin, qarşılıqlı yardım kassasının və təsərrüfat fəaliyyəti ilə məşğul olmayan ilk ictimai təşkilatların, həmçinin kənd (qəsəbə) xalq deputatları sovetlərinin və idarələrin vəsaitləri də cari hesablarda saxlanırdı. Əmanət kassaları əmanətləri qəbul edir və əmanətçilərin ilk tələbi ilə onları qaytarır; əmanətçilərin xahişinə əsasən, əmanətləri bir kassadan digərinə keçirir; kommunal tədiyələri qəbul edir, akkreditivlər, haqq-hesab çekləri verir və ödəyir; dövlət 3 faizli daxili uduşlu istiqraz vərəqələrini satır və alır; pul-şey lotereyası biletləri satır; dövlət istiqrazı və lotereya biletləri üzrə uduşları, fərdi pensiyaları ödəyir və bir sıra digər əməliyyatları həyata keçirirdi.

1940-cı ildə SSRİ-də ümumilikdə 41,6 min əmanət kassası vardı. Onun da 478-i Azərbaycanın payına düşürdü. Eyni tarixdə SSRİ əmanət kassalarındakı əmanətlərin ümumi sayı 17,3 milyon, bilavasitə Azərbaycandakı əmanət kassalarına qoyulmuş əmanətlərin ümumi sayı isə 304000 idi. 1940-cı ildə SSRİ əmanət kassalarında olan əmanətlərin məbləği 700,0 milyon rubl olmuşdu. Bunun da 81 milyon rublu Azərbaycana aid idi. Bu tarixi dövrdə əmanətlərin orta həcmi ümumən SSRİ üzrə 42 rubl, Azərbaycanda isə 26 rubl təşkil edirdi.

İkinci Dünya müharibəsindən sonrakı dövrdə nağdsız hesablaşmaların tədricən inkişafı başlandı. Bu meyil məvaciblərin, pensiyaların, müəllif qonorarlarının əmanət hesablarına qoyulması hallarının getdikcə genişlənməsində də özünü göstərirdi. Ötən əsrin 60-cı illərinin əvvəllərindən bu sahədə müəyyən struktur islahatları aparıldı. Belə ki, 1 yanvar 1963-cü il tarixində əmanət kassaları SSRİ Maliyyə Nazirliyinin tərkibindən SSRİ Dövlət Bankının tərkibinə verildi. 1972-ci ilin mayında isə SSRİ Nazirlər Soveti əmanət işinin gələcək inkişafını nəzərdə tutan qərar qəbul etdi. Bu qərarla əmanət kassaları tam təsərrüfat hesablı sistemə keçirildi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik fəaliyyətinə başladığı 1969-cu ildən sonra ölkəmizdə həyat şəraitinin, insanların maddi rifah halının nəzərəçarpacaq dərəcədə yaxşılaşması, əhalinin pul gəlirlərinin artması əmanət kassalarının fəaliyyətində də böyük inkişaf dəyişikliklərinə təkan vermişdir. O dövrdə cəmiyyətin ümumi rifah halının güzgüsü kimi Azərbaycan əhalisinin həmin dönəmdə əmanət kassalarına qoymuş olduqları vəsaitlərlə bağlı son dərəcə maraqlı bir fakt: 1940-cı ildə əgər Azərbaycandakı əmanət kassalarının ümumi sayı, qeyd edildiyi kimi, cəmi 478 idisə, Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 9-cu ilinə təsadüf edən 1978-ci ildə respublikamızda əmanət kassalarının sayı vətəndaşların tələbatına uyğun olaraq artıq 1660-a çatmışdı.

Həmin tarixdə Azərbaycanda əmanət və cari hesabların ümumi sayı 1,2 milyon, əhalinin əmanət hesablarına qoymuş olduqları əmanətlərin ümumi həcmi isə 1,3467 milyard rubl təşkil edirdi. Tarixi statistikanı nəzərdən keçirsək, 1978-ci ildə, ümumilikdə, SSRİ-yə aid göstəricilər fonunda Azərbaycanda əmanətlərin orta həcminin də xeyli yüksəldiyini görərik. Belə ki, əgər 1940-cı ildə Azərbaycanda əmanətlərin orta göstəricisi (26 rubl) ümumən SSRİ-dəki müvafiq rəqəmdən (42 rubl) təxminən yarıbayarı aşağı idisə, 1978-ci ilin statistikasına görə, Azərbaycanda bu göstərici 1127 rublla ümumilikdə SSRİ-də qeydə alınmış 1005 rublluq orta göstəricini xeyli üstələmişdi. Keçmiş SSRİ-yə daxil olan respublikalar arasında Azərbaycan istiqraz satışına görə də həmişə birinci yeri tuturdu.

Zənnimizcə, bu rəqəmlərdən sonra, ötən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf proseslərinin bilavasitə hər bir vətəndaşın dolanışığına, ailə büdcəsinə müsbət təsirini əks etdirmək üçün əlavə faktlara ehtiyac qalmır. Eyni zamanda bir məqamı vurğulamaq istərdik ki, Heydər Əliyev öz şəxsi nümunəsi ilə də ölkə vətəndaşlarını vəsaitlərindən səmərəli istifadə etməyə, istifadəsiz pullarını əmanət kassalarına yerləşdirib əlavə gəlir imkanlarından faydalanmağa, bank xidmətlərindən bəhrələnməyə təşviq edirdi. Ümummilli liderin şəxsən özünün bir dövlət rəhbəri kimi əmanət kassasının müştərisi olması, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi statusunda aylıq məvacibini əmanət kassası vasitəsilə alması vətəndaşlarda əmanət kassalarına, bank xidmətlərinə böyük rəğbət və etimad yaradan şəxsi nümunə kimi son dərəcə əhəmiyyətli idi.

Heydər Əliyevin bu sahəyə diqqət və qayğısından irəli gələrək 1982-ci ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin müvafiq sərəncamı ilə ölkəmizdə əmanət kassalarının sayı daha da artırıldı. 1982-ci ildə müxtəlif təşkilatlarda, zavodlarda, fabriklərdə, ayrı-ayrı kənd və qəsəbələrdə ümumilikdə 300-ə qədər yeni əmanət kassaları açıldı. Bütün idarə və müəssisələrdə əməkhaqlarının məhz əmanət kassaları vasitəsilə nəqdiyyəsiz formada verilməsi xoş bir ənənəyə çevrildi. Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, SSRİ-nin dağılması ərəfəsində Azərbaycanda 2492 əmanət kassası vardı və həmin dövrdə bu sistemdə ümumilikdə 6500 işçi çalışırdı.

1988-ci ildə dövlət əmək əmanət kassalarının bazasında səhmdar cəmiyyət formasında Əmanət Bankı təşkil edildi və SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankı yaradıldı. Əgər əmanət kassaları 1988-ci ilədək yalnız kommunal tədiyyələri, əmanət xidmətləri, əməkhaqları, pensiya, dövlət istiqrazları, pul-şey uduşlu lotereya biletləri, haqq-hesab çekləri, akkreditivlər üzrə əməliyyatlar aparırdısa, bu tarixdən sonra fiziki və hüquqi şəxslərə hesabların açılması, bu hesablar üzrə hesablaşmaların aparılması və kredit fəaliyyəti ilə də məşğul olmağa başladı.

18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı imzalandıqdan və Azərbaycan dövlət müstəqilliyinə nail olduqdan sonra, bu sahə də yeni bir mərhələyə qədəm qoydu. 11 fevral 1992-ci il tarixli 567 nömrəli fərmanla Əmanət Bankının Azərbaycan respublika bankı bazasında Azərbaycan Respublikasının Əmanət Bankı yaradıldı. Lakin müstəqilliyin ilk illəri Əmanət Bankı üçün keşməkeşli oldu. Məlum olduğu kimi, Azərbaycanın ağır sosial-iqtisadi böhran şəraitində yaşadığı o çətin illərdə ölkə həyatının ən çox ziyan çəkən sahələrindən biri də məhz bank - maliyyə sektoru idi. Maliyyə bazarının spesifik prinsiplərindən bixəbər olan müvəqqəti iqtidar sahiblərinin həyata keçirdikləri düşünülməmiş tədbirlər ölkədə maliyyə durumunu çıxılmaz həddə gətirir, inflyasiya gündən-günə dərinləşir, sürətlə dəyərdən düşən vəsaitlərini xilas etmək üçün yollar axtaran vətəndaşların uzun illər ərzində alın təri ilə qazandıqları pullar bu sahədəki özbaşınalıq səbəbindən bank adı altında bütün ölkəni bürümüş fırıldaqçı maliyyə pramidalarının qurbanına çevrilir, bank sektoruna inam getdikcə itirdi. Bu sahədə vəziyyəti tənzimləməli olan qurumların rəhbərləri böhrandan düzgün çıxış yolları tapmaqdansa, həmin maliyyə pramidaları ilə rəqabətə girərək əmanətlər üzrə faiz dərəcələrini süni şəkildə artırır, beləliklə bankları uçuruma aparırdılar.

Məruzələrdə, 1993-cü ilə qədər ölkənin bank-maliyyə sektorunda əsas söz sahibi sayılan səriştəsiz idarəçilərin Azərbaycan tarixinin böyük bir parçası olan Əmanət Bankına, onun yüksək təcrübəyə malik əməkdaşlarına ögey münasibəti, bu Bankın da ölkədə inflyasiyanı getdikcə dərinləşdirən maliyyə pramidaları ilə qeyri-sağlam rəqabətə sürüklənərək əmanət faizlərini artırmağa məcbur edilməsi Əmanət Bankının fəaliyyət tarixinin o illərə aid ağrılı məqamları kimi yada salınmışdır. Qeyd edilmişdir ki, nəhayət, 1993-cü ilin 15 iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsinə çevrilməklə Əmanət Bankının fəaliyyətində də tənəzzülə son qoydu. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan həyatının digər əhəmiyyətli sahələrində olduğu kimi, bank-maliyyə sektorunda da vəziyyət tezliklə müsbətə doğru dəyişdi. Ölkənin maliyyə bazarında sağlamlaşdırma tədbirlərinə başlandı. 1993-cü ildə əmanətlər faiz vergisindən azad edildi. Eyni zamanda məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1993-cü və 1995-1997-ci illərdə, sovet dövründə əmanət kassalarında qoyulmuş vəsaitlərə görə ilk dəfə kompensasiyalar hesablandı. Əmanət kassalarının 1996-cı ildən başlayaraq Azərbaycanda vətəndaşlara özəlləşdirmə çeklərinin verilməsi kimi genişmiqyaslı prosesə cəlb olunması, bu çeklərin əhaliyə əmanət kassaları vasitəsilə verilməsi də ulu öndərin Əmanət Bankına doğma münasibətinin, bu sistemin potensialına yüksək inamının ifadəsi idi. Bu münasibət Ermənistan silahlı birləşmələri tərəfindən yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərimizə dövlət tərəfindən edilən aylıq yardımların ödənişinin məhz Əmanət Bankına həvalə olunması və digər bu kimi dövlət əhəmiyyətli tədbirlərdə də öz əksini tapırdı.

Məruzəçilər bildirmişlər ki, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ümumilikdə ölkəmizin bank-maliyyə sektoru böyük inkişaf yolu keçmiş, bu sahədə aparılan məqsədyönlü siyasət uğurlu nəticələrlə müşayiət olunmuşdur. İslahatların ilk mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirilmiş, eyni zamanda özəl bank sisteminin institusional təsisatları formalaşdırılmışdır. Bu mərhələdə kapitalla bağlı müəyyən edilən aşağı tələblər, bankların fəaliyyəti üçün müəyyən edilmiş liberal şərtlər və yumşaq tənzimləmə alətləri ölkədə bank sisteminin genişlənməsinə şərait yaratmışdır. Kəskin inflyasiya dövründə qısa müddət ərzində sistemə kütləvi sayda özəl bankın daxil olması cəmiyyətdə narahatlığa səbəb olan müəyyən problemlər yaratsa da, 1996-cı ildən etibarən bank sisteminin davamlılığının təmin olunmasına yönələn ardıcıl tədbirlər, xüsusilə də yüksək səriştəyə malik kadrların bank sektoruna cəlb edilməsi bu problemlərin tez bir zamanda aradan qaldırılmasını təmin etmişdir. Belə ki, özəl banklar qarşısında qoyulan minimal kapital tələbi mərhələli şəkildə artırılmış, dövrün tələblərinə cavab verə bilməyən kiçik bankların bir qismi birləşmiş, digər bir qismi isə fəaliyyətini dayandırmışdır. Özəl bankların minimal kapital tələbinin ardıcıl artırılması və konsolidasiya prosesinin təşviqi özəl bank sisteminin kapital bazasını möhkəmləndirərək sistemin davamlılığının təmin olunmasına, maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına münbit şərait yaratmışdır.

Ölkənin bank-maliyyə sektorunda aparılan bu islahatlar 21 fevral 2000-ci il tarixinə qədər fəaliyyətini bu ad altında davam etdirən Azərbaycan Əmanət Bankının tarixində də bir sıra mühüm dəyişikliklərlə yadda qalmışdır. Belə ki, dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsi kimi Azərbaycan Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılmışdır. 29 dekabr 2004-cü il tarixində bank səhmdarlarının iclasında BUSBankın adının dəyişdirilərək "Kapital Bank" adlandırılması qərara alınmış, 2008-ci ildə isə dövlətsizləşdirmə prosesi uğurla başa çatdırılmaqla "Kapital Bank" tam özəl kommersiya bankına çevrilmişdir.

Bu illərdə bankçılıq fəaliyyəti sahəsində hüquqi mexanizmləri tənzimləyən qanunvericilik bazası da xeyli dərəcədə təkmilləşdirilmiş, beynəlxalq təcrübəyə uyğunlaşdırılmışdır. Ölkədə müstəqil bank sistemi və pul tədavülünün hüquqi əsaslarının təminatı məqsədilə qəbul edilən yeni qanunvericilik sənədləri, o cümlədən "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunların qəbulu və zaman-zaman təkmilləşdirilməsi Azərbaycanın bank sisteminin etibarlılığının artırılmasına, əmanətçilərin və kreditorların maraqlarının daha səmərəli şəkildə qorunmasına hüquqi əsas yaratmışdır.

1998-ci ildən başlayaraq ölkədə müasir standartlara cavab verən elektron ödəniş sistemlərinin yaradılması istiqamətində də məqsədyönlü addımlar atılmışdır. 2001-ci ildə Milli Ödəniş Sisteminin arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), 2002-ci ildə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS), 2008-ci ildə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) istifadəyə verilmişdir. Bu sistemlərin istismara buraxılması banklar arasında hesablaşmaların real vaxt rejimində həyata keçirilməsinə, pul dövriyyəsinin sürətinin nəzərəçarpacaq dərəcədə artmasına, banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına, böyük sayda ödəniş əməliyyatları aparan hökumət qurumlarının Milli Ödəniş Sisteminin infrastrukturuna inteqrasiya olunmasına imkan yaratmışdır.

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu bu sahədə də böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 9 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramı çərçivəsində görülən tədbirlər isə ödəniş sistemləri sahəsində aparılan islahatların əhatə dairəsini daha da genişləndirmiş, Milli Ödəniş Sisteminin imkanlarını artırmışdır. Bütün ölkə üzrə vahid elektron ödəniş məkanının yaradılması yönündə böyük nailiyyətlər əldə edilmiş, hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxış imkanları artmışdır. Ölkədə kart ödənişlərinin daha da inkişafı üçün yeni bir infrastruktur növü - prosessinq mərkəzləri, "AzeriCard", "MilliKart", o cümlədən "Kapital Bank" tərəfindən yaradılan "KapitalKart" prosessinq mərkəzi istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə ödəniş sistemlərinin inkişafı, iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 22 noyabr 2005-ci il tarixli sərəncamı da ötən dövr ərzində ölkəmizdə özəl bankların inkişafını təmin edən tarixi qərarlardan olmuşdur.

14 mart 2012-ci il tarixində isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə vətəndaşlarının sosial rifahının daha da gücləndirilməsinə, bank-maliyyə sektoruna inamın artırılmasına yönələn daha bir tarixi qərara imza atmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli müvafiq fərmanı ilə respublikamızın son illər qazandığı mühüm sosial-iqtisadi nailiyyətlərə əsaslanaraq, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi qərara alınmışdır. Bu fərman əsasında 1,6 milyona yaxın əmanət hesabları üzrə Azərbaycan vətəndaşlarına fərdi birdəfəlik ödəmənin verilməsi Azərbaycanın getdikcə artan sosial-iqtisadi qüdrətini və bu imkanların ölkə vətəndaşlarının rifahına yönəldiyini bir daha təsdiqlədi. Azərbaycan bütün MDB məkanında yeganə ölkə oldu ki, qısa müddətdə belə bir qərarın icrasını yerinə yetirdi. Xatırladaq ki, indiyə qədər hər 1000 rubl əmanətə görə Rusiyada cəmi 30, Belarusda 33, Moldovada 71, Qırğızıstanda 21, Qazaxıstanda 7, Özbəkistanda 109, Ermənistanda 34 ABŞ dolları məbləğində pul verilmişdi. Ukraynada bu prosesi, ümumiyyətlə, başa çatdırmaq mümkün olmamışdı. Azərbaycan isə, 1000 rubl əmanət qalığına görə vətəndaşlara 190 ABŞ dolları ödəməklə bütün MDB məkanında ən yüksək indeksasiya əmsalını tətbiq etdi. Bu sosial layihənin icrası "Kapital Bank"a da keçmişin ağır mirasından azad olmaqla 140 illik fəaliyyət tarixinin yeni bir inkişaf mərhələsinə qədəm qoyaraq bütün gücünü, potensialını ölkəmizdə ən müasir tələblərə uyğun bank məhsul və xidmətlərinin təmin olunmasına, əhalinin sosial müdafiəsi sisteminin təşkili proseslərində, Azərbaycan respublikası regionlarının sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlərdə maliyyə vasitəçisi kimi yaxından iştiraka yönəltməyə şərait yaratmış oldu.

Məruzələrə yekun vurularaq qeyd edilmişdir ki, hazırda 100-ə yaxın filialı özündə birləşdirən, 2 min nəfərdən çox işçinin çalışdığı "Kapital Bank" özəl bank kimi müştərilərə universal bank xidmətlərini təmin edir. Eyni zamanda bu gün də bir sıra dövlət əhəmiyyətli layihələrdə yaxından iştirak "Kapital Bank"ın əsas fəaliyyət prioritetlərindəndir. Hazırda bank bir sıra regionlarda pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin, məvaciblərin plastik kartlarla, bankomatlar vasitəsilə ödənilməsi vəzifəsini yerinə yetirir. Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi "Kapital Bank" regionlarda kiçik və orta biznes layihələrinin kreditləşməsini həyata keçirir. "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli və Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli sərəncamına uyğun olaraq "Kapital Bank" kənd təsərrüfatı istehsalçılarına yardım proqramı çərçivəsində ayrılan subsidiyaların plastik kartlarla verilməsini də təmin edir. "Kapital Bank" müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, insanlarımızın rifah halının yaxşılaşmasına yönələn bu layihələrdə yaxından iştirakı ilə qürur duyur.

Azərbaycanın inkişafına verilən hər bir töhfə bütün ömrünü müstəqil Azərbaycan dövlətinin tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin müqəddəs ruhuna ən böyük ehtiram nümunəsidir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 30 aprel.- S.7.