Məhkəmə orqanlarında mütərəqqi
islahatların banisi
Xalqlarının taleyində
müstəsna rol oynayan
liderlər həm də milli dövlətçilik
ideyalarının praktik surətdə
gerçəkləşməsində mühüm
rol oynayır, tərəqqi üçün dayanıqlı əsasların,
mütərəqqi inkişaf strategiyasının
müəllifinə çevrilirlər. Tarix
özündən sonra layiqli
irs qoyub getmiş belə fenomen
şəxsiyyətlərin, xarizmatik liderlərin
xalqı və dövləti naminə həyata keçirdiyi xeyirxah əməllərdə
yaşayaraq təsir qüvvəsini qoruyur. Millətin vahid məqsədlər
uğrunda toparlanması üçün
zəruri olan milli ideya - milli ideologiya
da məhz bu böyük şəxsiyyətlərin siyasi konsepsiyasında reallaşır.
İndi
siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət
etiraf edir ki, ötən əsrin ortalarında - 1969-cu ilin 14
iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə irəli çəkilməsi
xalqımızı milli müstəqilliyə doğru aparan
işıqlı yolun başlanğıcına
çevrilmişdir. Haqq-ədalət uğrunda mücadiləni
özünün həyat kredosuna çevirmiş ulu öndər
hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə
hər bir fərdin maraq və mənafeyini üstün
tutmaqla, ədalətli və qanunpərəst rəhbər
olduğunu təsdiqləmişdir. Cəmiyyətin ən
müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin
təminatına çalışan Heydər Əliyev
yalnız bu yolla dövlətlə xalq arasında möhkəm
mənəvi, siyasi və hüquqi bağlantıya,
qarşılıqlı etimada nail olmağı mümkün
saymışdır.
Ulu
öndər Azərbaycan KP MK-nın məşhur 1969-cu il 5
avqust tarixli plenumunda ölkədə
qanunçuluğun, hüquq qaydalarının təminatı
sahəsində vəziyyətin qənaətbəxş
olmadığını vurğulamış, sonrakı mərhələdə
hüquqi mexanizmlərin gücləndirilməsinə
başlayaraq məmur özbaşınalığına,
korrupsiya və rüşvətxorluğa qarşı
amansız mübarizə aparmışdır. 1981-ci il
dekabrın 19-da "Literaturnaya qazeta"ya verdiyi "Qoy, ədalət
zəfər çalsın!" başlıqlı məşhur
müsahibəsində ulu öndər demişdir: "...Biz
"qanunçuluq" deyəndə Cinayət Məcəlləsindən
çox cəmiyyətimizin əxlaq kodeksini nəzərdə
tuturuq. Özü də hüquq pozuntuları, onların
profilaktikası bizim üçün təkcə hüquqa aid
məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir,
çünki söhbət ən əvvəl insan uğrunda
mübarizədən, sovet adamının hüquqlarına
hörmətdən, ləyaqət və şərəfinin
qorunmasından, onda ən yaxşı vətəndaşlıq
keyfiyyətlərinin, yüksək
əxlaqi prinsiplərin tərbiyə edilməsindən
gedir".
Ulu
öndər Azərbaycana birinci rəhbərliyi dövründə
daha çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri,
intellektual səviyyəsi, yüksək bilik səviyəsi ilə
fərqlənən gənclərə üstünlük
vermişdir. Heydər Əliyevin rəhbərliyinə qədərki
dövrdə hüquqşünaslığın, belə demək
mümkünsə, "irsən ötürülməsi cəhdləri"
geniş vüsət almışdı. Yüksək vəzifəli
məmurlar, xüsusən də hüquq-mühafizə
sistemində çalışan şəxslər
övladlarını o zamankı Azərbaycan Dövlət
Universitetinin hüquq fakültəsində yerləşdirmək
üçün ən müxtəlif vasitələrə əl
atırdılar. Nəticədə imkansız, lakin savadlı
və qabiliyyətli gənclərin, fəhlə-kəndli
övladlarının hüquqları kobud şəkildə
pozulur, onların hüquq təhsili almaq arzusu arzu olaraq
qalırdı. Heydər Əliyev ötən əsrin 70-ci illərində
ali məktəblərə qəbul prosesində
özünü göstərən neqativ halların
qarşısını almaq, ölkənin hüquq sistemini
saflaşdırmaq üçün vəzifəli şəxslərin
övladlarının qanunsuz
yolla o zamankı Azərbaycan Dövlət Universitetinin
hüquq fakültəsinə daxil olmasının
qarşısını almışdır.
Ümummilli
lider Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi
dövründə görülən işlərin - elm, təhsil,
səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr
üzrə həyata keçirilən məqsədyönlü
tədbirlərin uğurlu nəticələri bir neçə
on ildən sonra Azərbaycanın müstəqil dövlət
kimi mövcudluğuna etibarlı zəmin
formalaşdırmışdır. Məhz belə bir zəmin
üzərində SSRİ-də yaranmış tarixi şəraitdən
bəhrələnərək öz hüquqları uğrunda
mübarizəyə qalxan xalqımızın fədakarlığı
nəticəsində Azərbaycan, nəhayət ki, dövlət
müstəqilliyini bərpa etmişdir. Fəqət,
1991-1993-cü illərdə respublikamızda cərəyan edən
mürəkkəb proseslər - siyasi böhranın, xaos və
anarxiya mühitinin dərinləşməsi, xalqın
canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin
itirilməsi təhlükəsinin yaranması bu
reallığı bir daha təsdiqlədi ki, yalnız
böyük dəstəyə malik liderlər
xalqlarının müstəqilliyinə etibarlı təminat
yarada, onu qoruyub saxlaya bilərlər. Böhranlı bir mərhələdə - 1993-cü ilin iyununda xalqın
çağırışına cavab verərək hakimiyyət
sükanına keçən ümummilli lideri
respublikamızı üzləşdiyi bir çox faciələrdən
qurtarmış, müdrik və uzaqgörən
addımları ilə onu davamlı, sabit inkişaf yoluna
çıxarmışdır.
Xilaskarlıq
missiyası ilə milli qurtuluşu təmin edən
ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə
yaratdığı milli dövlətçilik modeli spesifikliyi
və unikallığı ilə fərqlənməklə
xalqın gələcək yaşam fəlsəfəsini, milli
inkişaf prioritetlərini müəyyənləşdirmiş,
demokratik dəyərləri özündə maksimum dərəcədə
ehtiva etmişdir. 1995-ci ildə ulu öndər Heydər Əliyevin
rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya xalqın
keçdiyi tarixi yolun, müstəqillik uğrunda
apardığı ardıcıl mübarizənin məntiqi
yekunu olaraq dövlətin fəaliyyətinin əsas istiqamətlərini,
demokratik dövlət quruculuğu prosesinin başlıca
prinsiplərini, vətəndaşların fundamental hüquq və
vəzifələrini müəyyən etmişdir. Faktiki
olaraq, yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanda siyasi
sistemin formalaşmasına başlanılmış,
hüquqi-siyasi islahatların aparılmasına fundamental baza
yaradılmış, hakimiyyət bölgüsü prinsipləri
təsbit edilmişdir. Əsas Qanunda əksini tapmış
müddəaların üçdəbirinin sırf insan
hüquqlarının etibarlı təminatı ilə
bağlı olması da kifayət qədər diqqətçəkici
məqamdır.
Azərbaycan Konstitusiyasına əsasən, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır. Bu modelə əsasən, respublikada birinci instansiya, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Üçpilləli məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etməklə, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu sistem birinci instansiya məhkəməsinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə düzgün və obyektiv həllinə şərait yaratmış olur.
Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 1998-ci il 1 dekabr tarixdə "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu isə məhkəmə hakimiyyətinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmin qanun əsasında həyata keçirilən islahatlar nəticəsində yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat yaradan üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır. Həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin görülməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmiş, məhkəmələr üzərində prokuror nəzarəti ləğv edilmiş, istintaqa məhkəmə nəzarəti, habelə təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququ müəyyən olunmuşdur.
Ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu çoxşaxəli islahatları ötən 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev hər bir fərdin qanuni maraq və mənafeyinin təminatı baxımından məhkəmə-hüquq və ədliyyə sistemində mütərəqqi islahatları təmin etmişdir. Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir.
2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı mütərəqqi hüquqi islahatlar üçün fundamental baza rolunu oynamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn bu mühüm fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, habelə Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri yaradılaraq fəaliyyətə başlamışdır.
Hakimlərin yüksək iş yükünün məhkəmə araşdırmalarının keyfiyyətinə mənfi təsir göstərən amillərdən biri olduğunu nəzərə alan dövlət başçısı İlham Əliyev 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanla respublika məhkəmələri hakimlərinin sayı 157 ştat artırılmışdır. Hakimlərin maddi təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, bütün məhkəmə aparatlarının tərkibi yenidən müəyyən olunmuşdur. Ölkədə 20-dək yeni regional məhkəmənin yaradılması, o cümlədən apelyasiya, ağır cinayətlər və inzibati-iqtisadi məhkəmələrin fəaliyyətə başlaması, məhkəmə aparatı işçilərinin sayının 75 faiz artırılması, hər bir hakimə köməkçi ştatının ayrılması son illər həyata keçirilən islahatların miqyası barədə kifayət qədər real təsəvvürlər formalaşdırır. Bütün bunlarla yanaşı, məhkəmələri əhatə edən vahid internet portalının yaradılması vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsinə xidmət etməklə, onlara ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq imkanı verir.
Dünya Bankı tərəfindən dəstəklənən "Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi" çərçivəsində Azərbaycanda xüsusi işlənilmiş və dünyada analoqu olmayan unikal proqram təminatı vasitəsilə 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmış, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərinin Yasamal, Gəncə şəhərinin Nizami, habelə Gədəbəy və Oğuz rayonlarının məhkəmələri üçün ən müasir məhkəmə binaları inşa olunmuşdur.
Hazırda Sabunçu və Şəki məhkəmə komplekslərinin və Quba Rayon Məhkəməsinin yeni inzibati binalarının tikintisi davam etdirilir. Yeni məhkəmə binalarında hakimlərlə vətəndaşların birbaşa ünsiyyətinin məhdudlaşdırılması, şəffaflığın təminatı və korrupsiyaya qarşı mübarizə baxımından mühüm addımlardan biri kimi dəyərləndirilməlidir.
Son illər Azərbaycanda da milli gəlirin artım tempi ilə siyasi-hüquqi islahatların həyata keçirilməsi prosesi mütənasiblik təşkil etməyə başlamışdır. Adambaşına düşən milli gəlirin 6000 manata, dövlət büdcəsinin 25 milyard dollara, strateji valyuta ehtiyatlarımızın 47 milyard manata çatması ölkə iqtidarına liberallaşma və modernləşmə istiqamətində daha qətiyyətli addımlar atmağa, vətəndaş maraqlarına xidmət edən məhkəmə-hüquq islahatlarını inamla davam etdirməyə imkan verir.
Möhtərəm
Prezidentin müvafiq sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Strategiyasında hüquqi
islahatlara geniş yer verilmiş, eyni zamanda, respublikanın
yaxın perspektivdə orta inkişaf etmiş ölkədən
yüksək inkişaf etmiş ölkəyə çevrilməsi
qarşıya ali məqsəd kimi qoyulmuşdur. Əminik ki,
bu məqsədə uğurla çatacağıq. Məhkəmə-hüquq
islahatları isə bundan sonra da davam edəcək, ədalət
mühakiməsinin tam obyektivliyi və səmərəliliyi təmin
ediləcəkdir.
Gündüz ABBASOV,
Yardımlı rayon məhkəməsinin
sədri
Azərbaycan.-2013.- 30 aprel.- S.8.