Adı «Qızıl kitab»a yazılan ifaçı

 

Heydər Əliyev mənim həyatımda

 

Əyyub Ramiz oğlu Quliyev 1984-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 15 yaşında ikən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsinə daxil olub, 2005-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində Əyyub Quliyev Bülbül adına orta ixtisas musiqi məktəbinin simfonik orkestrinin dirijoru kimi müxtəlif musiqi proqramlarında çıxış edib.

Əyyub Quliyevin musiqiyə olan marağı uşaqlıq dövründən başlayıb. Bülbül adına orta ixtisas musiqi məktəbində oxuduğu illərdə tarı sinəsinə sıxaraq atası məşhur tarzən Ramiz Quliyevlə birlikdə möhtəşəm konsert salonlarında iştirak edib. Səkkiz yaşından tarda məharətlə çalan Əyyub Quliyev bu qədim alətdə həm tar üçün nəzərdə tutulan əsərlərə, həm də tarda ifası çətin, bəzən də mümkün sayılmayan janrlara müraciət edib. Məsələn, Rossinin "Sevilya bərbəri", Qlinkanın "Ruslan və Lyudmila" operalarından musiqi parçalarını Əyyub tardə elə ifa edib ki, hamını heyrətə salıb. Sənətə atasının məhəbbəti ilə gəlsə də, qarşısına böyük Niyazinin sənətini davam etdirməyi məqsəd qoyub.

Əyyub Quliyevin həyatında dərin iz salan bir neçə məqam var. On bir-on iki yaşlarında ümummilli lider Heydər Əliyevlə olan görüşlərini bütün təfsilatı ilə yaddaşında saxlayıb. İlk dəfə ona ulu öndəri görmək 13 yaşında qismət olub. Həmin məqamı belə xatırlayır:

- 1997-ci ildə görkəmli musiqiçi Mstislav Rostropoviçin 70 illiyinə həsr edilmiş yubiley şənlikləri çərçivəsində İncəsənət Muzeyində Azərbaycan incəsənət ustalarının konserti keçirilirdi. Ümummilli lider də həmin tədbirdə iştirak edirdi. Atamla bərabər mənim də həmin konsertə öz töhfəmiz var idi. Bizim ifamızda səslənən "Çahargah" rapsodiyası dinləyicilər tərəfindən rəğbətlə qarşılandı. İfadan məmnun qalan maestro Rostropoviç ümummilli liderlə birlikdə bizə yaxınlaşaraq minnətdarlığını bildirdi və Moskva Dövlət Konservatoriyasının böyük zalında keçirilən yubiley-qala konsertinə dəvət etdi.

Həmin ilin payızında Bakıda Müslüm Maqomayevin 55 illik yubileyi keçirilirdi. Onun bu əlamətdar günündə iştirak etmək üçün Moskvadan Böyük Teatrın solistləri  qonaq gəlmişdilər. Həmin gecədə iştirak edən ulu öndər konsertdən sonra sənətkarlarla görüşərək onların hər biri haqqında  ürək sözlərini dedi. Mənim isə yadımda qalan budur ki, o mənə xüsusi qayğı və məhəbbətlə yanaşdı. İfamı çox bəyəndiyini bildirdi. Söylədi ki, mənim məharətli ifa tərzim, ustalığım ümummilli liderin xoşuna gəlib. Həmişə istedadlılara həssaslıqla yanaşan Heydər Əliyev bu gecənin əhəmiyyətindən, sənətkarların məharətli çıxışlarından söz açaraq atamla birgə hazırladığım proqrama münasibətini də bildirdi: "Görün bu gün necə bir rəngarənglik var - Böyük Teatr, yüksək peşəkarlığa malik opera sənəti, simfonik orkestr və bizim ölməz musiqi alətimiz olan tar. Mən hesab edirəm, xalqımızın - Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, bizim əcdadlarımız belə bir musiqi aləti yaradıblar və o, yaşayır, milli hisslərimizi, hər hansı bir alətdən daha yaxşı ifadə edir. Bizim Ramiz Quliyev və onun gözəl oğlu Əyyub bu alətdə əla çalırlar".

Başqa bir konsert poqramında da yenidən bizimlə görüşən ulu öndər üzünü atama tutaraq dedi: "Sənin özünün Azərbaycan tar ifaçılığında ayrıca xidmətin var. Sənə deyim ki, oğlun Əyyubu böyük gələcək gözləyir. Hələ bu yaşında o, necə məharətli və istedadlıdır". Heydər Əliyev mənim bütün çıxışlarımı yaddında saxlamışdı. Görüşlərimizin birində, yenə də Moskva Dövlət  Konservatoriyasının böyük zalında Rostropoviçlə, Müslüm Maqomayevlə bağlı keçirilən yubiley konsertlərində mənim iştirakımı xüsusilə qeyd edərək tarda səsləndirdiyim musiqilərə valeh olduğunu bildirirdi. Heydər Əliyev mənim fəaliyyətimi həmişə yüksək qiymətləndirirdi. Təsəvvür edin, mənim hələ 14 yaşım var idi. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyurdum. Ulu öndərin 1998-ci il 23 avqustda imzaladığı sərəncama əsasən mənim adım Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına yazıldı. Mən Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi xüsusi aylıq təqaüdə də layiq görüldüm.

Ulu öndər Heydər Əliyevin mənə göstərdiyi diqqət və qayğının sayəsində getdikcə uğurlarım çoxalırdı. 1997-1998-ci illərdə Böyük Britaniyada keçirilən Azərbaycan Mədəniyyəti günlərində və 2003-cü ildə Stavanger Beynəlxalq Musiqi Festivalında "Trondheim" (Norveç) orkestri ilə çıxış etdim.

Bizimlə söhbətində Əyyub Quliyev başqa bir məqamı da söylədi: "Mənim ilk heyrətim tarın xoş avazı olub. Bilmirəm, anam mənə laylay çalıb, ya yox, xatırlamıram. Çünki həmişə muğam eşitmişəm. Tara belə bağlandım. Elə bu qabiliyyətimə görə də ümummilli liderin sərəncamı ilə adım "Qızıl kitab"a düşdü. Mən özümü tardan ayrı təsəvvür etməsəm də, dirijor olmaq istəyi qəlbimi tərk etmirdi. Çünki maestro Niyazi bütün cazibəsi ilə məni bu sənətə bağlamışdı. Unudulmaz Heydər Əliyevin xeyir-duası, diqqəti isə məni arzularım yolunda addımlarımı inamla atmağa yönəltdi".

Gənc istedadın qazandığı sonrakı uğurlar da ulu öndərin açdığı yol sahəsində mümkün olub: "Ulu öndərin xeyir-duasından sonra 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə və 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində təhsil aldım. 2004-2010-cu illər ərzində Almaniya, İsveçrə, Böyük Britaniya, İtaliya kimi ölkələrin möhtəşəm səhnələrində məşhur sənətkarların ustad dərslərinin iştirakçısı oldum. Opera  dirijoru kimi debütüm 2007-ci ilin may ayında Sankt-Peterburq Akademik Opera və Balet Teatrında baş tutdu. 2011-ci ilin yanvar ayından isə mən Azərbaycan Akademik Opera və Balet Teatrında dirijor kimi fəaliyyətə başladım. Uğurlarım bir-birini əvəz edirdi.

UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbəri olduğu Azərbaycan Mədəniyyətinin Dostları Fondunun 2002-ci ildə təsis etdiyi "İlin ən yaxşı tələbəsi" nominasiyasında qalib gəldim. 2006-cı ilin dekabrında ölkəmizin Milli Mədəniyyət Mərkəzi tərəfindən "Uğur-2006", 2008-ci ildə isə qazandığım nailiyyətlərə görə respublika Mədəniyyət Nazirliyinin "Zirvə" mükafatlarına layiq görüldüm. 2009-ci ilin iyun ayında Sankt-Peterburqda keçirilən "Musiqi Olimpi" XIV Beynəlxalq Musiqi Festivalının təsis etdiyi "Dinləyici Simpatiyası" Beynəlxalq mükafatı ilə təltif olundum. Bir fərəhimi də bildirim ki, həmin festivalın tarixində bu mükafatı almış ilk azərbaycanlı dirijor idim.

2006-ci ilin oktyabr ayında Polşanın Belostok şəhərində keçirilən dirijorların V.İ.Lyutoslavski adına IV Beynəlxalq müsabiqəsində birinci yerə çıxmaqla bərabər, "Orkestrin xüsusi mükafatı - müsabiqənin ən yaxşı dirijoru" adına, 2008-ci ilin noyabr ayında D.Mitropulos adına dirijorların IX Beynəlxalq müsabiqəsində (Afina) yenə də "Orkestrin xüsusi mükafatına", 2009-cu ilin sentyabrında Rumıniyada təşkil olunan "Krayova" Beynəlxalq müsabiqəsində birinci yerə və 2010-cu ilin oktyabrında isə Arturo Toskanın adına "Dirijorların IX Beynəlxalq müsabiqəsində "Qran-pri"yə və "Sinopoli" mükafatına layiq görüldüm. Bir gənc dirijor kimi Amerika debütüm 2010-cu ilin fevral ayında məşhur "Karneqi holl"un səhnəsində baş tutmuşdur.

Əgər kiçik yaşlarımda mənə dövlət başçısı tərəfindən son dərəcə diqqət göstərilməsəydi, inam bəslənməsəydi, adım "Qızıl kitab"a yazılmasaydı, bəlkə də bu gün mənim adım, soyadım dünyanın möhtəşəm konsert salonlarının afişalarında görünməzdi. Üzərimdə bu məsuliyyəti həmişə hiss edirəm, qədirbilənlik və ehtiramla  ulu öndəri xatırlayıram".

Heydər Əliyev istedadlı musiqiçi ilə görüşlərinin birində demişdi: "Bizim simfonik orkestr və simfonik orkestrin musiqiçiləri ən fədakar insanlardır. Bütün çətinliklərə baxmayaraq, onlar öz peşələrindən, öz sənətlərindən ayrılmırlar. Bizim simfonik orkestr yaşayır və yaşayacaqdır. Mən demişəm və bu gün təntənəli surətdə vəd edirəm ki, - bizim simfonik orkestrə ən əlverişli şərait yaratmaq üçün tədbirlər görəcəyik ki, o, fəaliyyət göstərsin".

Heydər Əliyevin bu arzuları indi çiçək açıb. Ölkə Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan musiqi sənətinə göstərdikləri diqqət öz bəhrəsini verməkdədir.

Sənətə gəldiyi gündən böyük uğurlara imza atan Əyyub Quliyev söyləyir: "Ulu öndər Heydər Əliyevin mənim həyatımda silinməz izləri var. Harada çalışmağımdan asılı olmayaraq, bu unudulmaz şəxsiyyətin müdrik bir ifadəsi məni həmişə Vətənə çağırırdı: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" Bu sözləri bəlkə min dəfə söyləməkdən, ürəyimdə təkrarlamaqdan yorulmamışam. Həmişə də bir iftixarlı duyğu hissimə hakim kəsilib ki, mən Heydər Əliyevi nəinki yaxından görmüşəm, söhbət etmişəm, suallarına cavab vermişəm, əllərini saçıma çəkib, mən həm də Heydər Əliyevin ümid bəslədiyi gənclərdən olmuşam. Əgər onu bu gün doğrulduramsa, xoşbəxtəm! Heydər Əliyev taleyimdə elə bir işıq yandırdı ki, nuru heç vaxt azalmaz. Məhz bu nurun aydınlığında həmişə uğurlara doğru gedirəm".

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 30 aprel.- S.8.