Dünya, səndə nəyim qaldı

 

Xalqımız 2013-cü ili Heydər Əliyev ili kimi qeyd edir. Çünki bu il ulu öndərin 90 yaşı tamam olur. Heydər Əliyev elə bir məktəb idi ki, bu məktəbin hər bir yetişdirməsi canlı əsərə çevrilmişdi. Heydər Əliyev məktəbini keçənlər həyatda heç vaxt büdrəməyiblər, Vətənə, xalqa sədaqətlə xidmət etmişlər və edirlər! Bu əziz günlərdə Heydər Əliyev məktəbinin yetişdirmələrindən söz açmaq, onları yada salmaq yerinə düşür. Bu məktəbin ən layiqli yetirmələrindən biri də 90 yaşını qeyd etməyə hazırlaşdığımız Yunis Rzayev idi.

 

Onu respublikada yaxşı tanıyırdılar. Böyükdən kiçiyədək hamı Yunis Rzayevə inanırdı, hörmətlə yanaşırdı. Onun yanına böyük ümidlə gələrdilər. İnsanları çox səmimi qarşılayar, əlindən gələn köməyi edərdi. Yunis müəllim barəsində xalq arasında bir deyim yaranmışdır, "o kişi adamdır". Bu, bir həqiqətdir ki, hər adama kişi demirlər. Yunisin doğulub boya-başa çatdığı ailə onun ləyaqətli bir adam kimi formalaşmasında böyük rol oynamışdır.

Yaşlı nəslin nümayəndələri, onun atası Qəhrəman kişini yaxşı xatırlayırlar. Sözü bütöv adam idi. Ailəsini dolandırmaq üçün gecə-gündüz çalışardı, yorulmaq nə olduğunu bilməzdi. Həmişə yeganə oğlu Yunisə deyərdi ki, zəhmət ən böyük məktəbdir, zəhmətin verdiyi tərbiyəni heç kim, heç nə vermir. Bir də dönə-dönə deyirdi ki, dilinə yalan gətirmə, yalan qədər adamı hörmətdən salan ikinci bir şey yoxdur!

Yunis müəllim xoşbəxt bir adam idi. Çünki o, Qəhrəman kişinin ailəsində dünyaya gəlmişdi. Bu ailədə xeyirxahlıq, kasıb-kusuba əl tutmaq,  alicənablıq, ürəyiyanımcıllıq və insanpərvərlik kimi ülvi keyfiyyətlər nəsildən-nəsilə verilmişdi. Yunis müəllimə də bu keyfiyyətlər genlər vasitəsi ilə keçmişdi.

Qəhrəman kişi dünyasını tez dəyişdi. 1946-cı ildən ailə Yunisin ümidinə qaldı. O, müharibədən yenicə qayıtmışdı. Evin tək oğlu, üç bacının tək qardaşı idi. Dolanışıq xeyli çətinləşmişdi, çörək daşdan çıxırdı. Ona görə də Yunis gənc yaşlarında ən ağır işlərə gedirdi.

Onun işgüzarlığını, mərifət və mədəniyyətini, diribaşlığını görüb 21 yaşında Şişqaya kəndində istehlak cəmiyyətinin sədri seçdilər. Yunisdən əvvəl bu vəzifədə onun atası işləyirdi. Müharibə yenicə başlayanda Qəhrəman kişi imkansız ailələrin siyahısını tutub onlara növbədənkənar ərzaq məhsulları verərdi. Çoxlarının dükanlardan aldıqları malların qiymətini ödəməyə imkanları yox idi. Mahir təşkilatçı  xeyirxah bir  ağsaqqal kimi camaatın çörəklə imtahana çəkilməsinə imkan vermədi. Atası dünyasını dəyişəndə kənd camaatının tələbi ilə  Yunis atasını əvəz etdi. Atası kimi Yunis də işə müharibədə həlak olan ataların uşaqlarının siyahısını tutmaqdan başladı.  Yetim qalmışların təhsil almaları üçün çox çalışdı, onlara pulsuz paltar verilməsinə nail oldu. Bir gün gördü ki, müharibə uşaqları çılpaq ayaqlarına əski dolayıb ayaqyalın məktəbə gedirlər. Bu ona elə pis təsir etmişdi ki, ömrünün son günlərinədək xatırlayırdı. Yunis müharibə illərində qəhətə çıxmış  "qaloş" axtarışına başladı. Çox çətinliklə Bakıdan 500 cüt qaloş alıb yetim uşaqlara payladı.  Bu qayğı qarlı günlərdə ayaqyalın məktəbə gedən uşaqları çox sevindirdi.

Onun qayğı və təəssübkeşliyindən çoxları  nümunə götürürdü. Özünü intizamlı və tələbkar kimi göstərən Yunisi az sonra Rayon Partiya Komitəsinə işə dəvət etdilər. Əvvəl təlimatçı, sonralar  şöbə müdiri işlədi.

1951-ci ildə Yunis Rzayevi Basarkeçər Rayon XDS İcraiyyə Komitəsinin sədri, sonralar isə  həmin rayonun partiya komitəsinin birinci katibi seçdilər. O, Basarkeçər rayonunun sosial-iqtisadi məsələlərini uğurla həll edirdi. Həmin illər  Göyçənin ən rahat, qayğısız və xoşbəxt illəri idi. Göyçənin azərbaycanlılar yaşayan kəndləri  ildən-ilə abadlaşır, sosial obyektlərin, xüsusən də məktəblərin, mədəniyyət evlərinin, uşaq bağçalarının tikintisi sürətlənirdi.

Raykom katibi xüsusilə  milli mədəniyyətimizin qorunub inkişaf etməsinə böyük diqqət yetirirdi. Təsadüfi deyil ki, Ermənistanın tərkibinə qatılan azərbaycanlı rayonları içərisində öz milli mədəniyyətini, adət və ənənəsini ən çox qoruyan da elə Basarkeçər rayonu idi.  Hər il burada bədii özfəaliyyət kollektivlərinin olimpiadası keçirilirdi, Bakıdan tez-tez müğənnilər, musiqi kollektivləri və teatrlar dəvət olunurdu. Aşıq musiqisi geniş təbliğ edilirdi. Aşıq Ələsgərin məzarı bərpa olundu. Onun yubileyləri keçirildi.

Yunis Rzayev heç vaxt Azərbaycan mədəniyyətinin erməni mədəniyyətindən zəngin olduğunu dilinə gətirməzdi. Lakin onun rəhbərliyi altında keçirilən tədbirlər vasitəsi ilə bunu sübut edirdi, ermənilərin özlərinin etirafını eşitməkdən xüsusi həzz alırdı.

Ermənistanda Yunis Rzayevin böyük nüfuzu vardı. O, 3 çağırış Ermənistan SSR  Ali Sovetinin, 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı, 2 çağırış respublika Ali Sovetinin sədr müavini seçilmişdi, Ermənistan KP Mərkəzi Komitəsinin üzvü idi.

Yunis Rzayev öz nüfuzundan istifadə edib milli siyasətin keşiyində dayanmışdı. O, Talıb Musayev, Tapdıq  Əmiraslanov, Qəşəm Aslanov və digər qeyrətli oğullarla birlikdə erməni hiyləsinin nəticəsi kimi Göyçə əhalisinin Azərbaycanın Mil-Muğan zonasına köçürülməsinin qarşısını aldı, əhalinin dədə-baba yurdlarından çıxarılmasına imkan vermədi. Azərbaycanlıların ən çox yaşadıqları Vedibasar, Dərələyəz, Uluxanlı, Sərdarabad, Şiraz ərazilərindən fərqli olaraq, Azərbaycanın aran zonalarına Göyçə mahalından köçürülənlər çox az oldu.

Həmin illər ermənilər bir neçə dəfə Basarkeçər rayonunun və onun azərbaycanlılar yaşayan kəndlərinin adlarını dəyişdirmək istəsələr də, hər dəfə Yunis Rzayevin müqaviməti ilə qarşılaşdılar. O dövrdə erməni millətçilərinin  törtöküntülərinin əl-ayaqları Göyçə mahalından kəsilmişdi. Basarkeçəri heç cür "Vardenis" edə bilmirdilər.

Allah ona hər şey vermişdi,  ucaboylu, enlikürək, qartal  baxışlı, təbiətən şən və şux, yaşına uyğun olmayan gur səsi, boyuna uyğun olmayan qıvraq yerişi və yerişə uyğun olmayan səbrli və təmkinli  adam idi.  Onu nəinki azərbaycanlılar, hətta ermənilər də sevir, ehtiramla yanaşırdılar.

O,  işdə nə qədər ciddi, tələbkar idisə, məclisdə, dost-tanış yanında bir o qədər şən, deyib-gülən idi. Hər bir şeyi gözü ilə görməyi, camaatla söhbət etməyi xoşlayardı. Qocalarla görüşməkdən, söhbət etməkdən həzz alardı. Onda çox yüksək aura var idi. Hara gedirdisə, əhali onun ətrafına toplaşardı, dərdlərini  çəkinmədən danışardılar. Ermənistanda azərbaycanlılar Yunis Rzayevi el ağsaqqalı, el atası, ermənilər isə öz aralarında onu "turkeri derder" (türklərin şahı) adlandırardılar.

Yunis  müəllim o günləri xatırlayaraq deyirdi: "Raykom katibi işləyəndə bir də gördüm ki, Yerevanda Ermənistan KP Mərkəzi Komitəsində, Ermənistan SSR Nazirlər Sovetində, Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətində, nazirliklərdə bir nəfər də olsun azərbaycanlı yoxdur. Ermənistan KP Mərkəzi Komitəsinin birinci katibi Koçinyanla söhbət edərkən dedi ki, ali təhsilli azərbaycanlılar çox azdır. Ali təhsili olanlar da rəhbər işdə işləməyə yaramırlar.  Mən böyük narahatçılıq keçirdim. O gündən kəndləri, hətta başqa rayonları da bir-bir gəzib orta məktəbi qurtarmış gənclərlə, yaşlı və ahıl adamlarla, məktəb direktorları ilə, kənd sovetlərinin və kolxozların sədrləri ilə xeyli söhbət aparmalı oldum. Birinci ildə təxminən 50 nəfərə yaxın gəncin razılığı alınıb Azərbaycanın ali məktəblərinə oxumağa göndərildi".

Yunis Rzayevin fəal iştirakı və təkidli tələbi ilə Ermənistan KP Mərkəzi Komitəsində, Nazirlər Sovetində və bir çox nazirliklərdə azərbaycanlılar işləməyə başladılar.

Bir faktı xatırlatmaq maraqlı olardı. O dövrdə Ermənistan rəhbərliyi Elmlər Akademiyasının prezidenti Ambarsumyanın 60 illik yubileyini qeyd etməyə hazırlaşırdı. O bu ərəfədə Ermənistan KP Mərkəzi Komitəsinə  ünvanladığı müraciətində qeyd edirdi ki, nə qədər ki, Basarkeçərin adı və onun katibi dəyişməyib, mən yubileyimin keçirilməsinə razılıq verməyəcəyəm. Az sonra millətçi ermənilərin bir qrupu bu müraciətə qoşularaq Yunis Rzayevə qarşı nifrətlərini büruzə verməyə başladılar.

Bir dəfə Yunis Rzayev Ermənistan SSR Ali Sovetinin sessiyasında şair Sero Xanzadyanın azərbaycanlılar əleyhinə çıxışına dözməyib, söz almadan ayağa qalxdı və əsəbi halda dedi:

- Sən millətçisən, sən iki xalqın düşmənisən, ona görə də sənin cızma-qaralarının Basarkeçər rayonunda oxunmasını qadağan etmişəm.

Ermənilər hər vasitə ilə onu aradan götürməyə  çalışırdılar. Ən nəhayət, istədiklərinə nail oldular: Yunis müəllimə böhtan atıb şərlədilər, fitnə-fəsad qurdular. SSRİ Ali Sovetinin deputatı Yunis Rzayevi Basarkeçər rayon partiya komitəsinin birinci katibi vəzifəsindən çıxarıb, Dövlət Meşə Təsərrüfatı Komitəsi sədrinin birinci müavini vəzifəsinə qoydular. Beləliklə, onu azərbaycanlıların əsas mərkəzi   olan Basarkeçərdən ayırıb Yerevan şəhərinə apardılar.

Yunis müəllim yeni iş yerinə uyğunlaşa bilmirdi. Ermənilər hər tərəfdən ona hücumlar edirdi, gözdən salmağa, ləkələməyə çalışırdılar.

Nəhayət, 1970-ci ilin fevral ayında Yunis Rzayev Bakıya gətirilərək Şamaxı rayon Partiya Komitəsinin birinci katibi seçildi. Yunis müəllim Şamaxıda 3 ilə yaxın bir dövrdə işlədi. İlk növbədə, fəaliyyətə mədəniyyət məsələlərindən başladı. Nəsiminin, Xəqaninin, S.Ə.Şirvaninin, M.Ə.Sabirin, M.Hadinin və başqalarının dünyaya tanıdılmasına çalışırdı. Bu günədək davam edən "Sabir poeziya günləri" o dövrdə meydana gəldi.

Heç vaxt yadımdan çıxmaz. Azərbaycan KP Mərkəzi Komitəsinin plenumundakı çıxışı ilə  hamını təəccübləndirə bildi. Rəsmi partiya tədbirində açıq-saçıq, səmimi söhbət gedirdi:

- Azərbaycan ərazisi  Ermənistanınkından 2,5 dəfə çoxdur! Orada hər qarış torpaq əkilib-becərilir. Aşağı məhsuldarlıqdan söhbət gedə bilməz. Bir baxın,  Azərbaycanda  272 min ton, Ermənistanda isə 300 min tondan çox üzüm istehsal olunur. Niyə, nə üçün? Bütün texniki bitkilərin şahı olan, daha çox gəlir verən üzümçülüyə niyə belə az diqqət yetirilir? Şamaxıda üzümçülüyün əsası  XYII əsrdə qoyulmuşdur. Məşhur mesanat və sahibkar Mahmudağanın XIX əsrdə yüz hektarlarla üzüm bağı olmuşdur. İndi Şamaxıda ildə 30-40 min ton üzüm yığılır. Bu ki, yolverilməzdir!

Heydər Əliyev dördüncü il idi ki, Azərbaycan KP Mərkəzi Komitəsinə katib seçilmişdi. Yunis Rzayevin çıxışını çox diqqətlə dinləyirdi. Bu çıxış Yunis Rzayevin həyatında dönüş nöqtəsi oldu. Azərbaycanın bütün rəhbər işçiləri və ziyalıları elə ilk çıxışından onun milli və vətənpərvər bir adam olduğunu duyub hiss etdilər. Bu çıxışdan sonra Yunis Rzayevin hörməti və izzəti qat-qat artdı. Çox keçmədən onu Respublika Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsinə irəli çəkdilər.

Yunis müəllimin gəlişi ilə Üzümçülük və Şərabçılıq Komitəsinin Aparatında ab-hava dəyişildi. İşçilər arasında səmimilik, işgüzar mühit yarandı. Burada məsuliyyət hissi artdı. Elə işçilər formalaşdı ki, onların hər biri bütöv bir rayona rəhbərlik edə bilərdilər. Aydın Əsədullayev, Sabir Vəliyev, Nazif Əzizov kimi kadrlar ömürlərini, günlərini, həyatlarını üzümçülüyə həsr etdilər. Onların günləri rayonlarda, üzüm bağlarında  keçirdi.

1973-cü ildən başlayaraq Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi sahəsində inqilabi iş başlandı. Bu işin ən fəal icraçısı Yunis Rzayev idi.

Heydər Əliyevin inadkarlığı və təşkilatçılığı nəticəsində Sov.İKP Mərkəzi Komitənin və SSRİ Nazirlər Sovetinin 1979-cu il 22 fevral tarixli "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalının gələcəkdə ixtisaslaşması, üzümçülük və şərabçılığın inkişaf etdirilməsi tədbirləri haqqında" qərarı qəbul olundu. Bu qərara əsasən Azərbaycanda üzüm istehsalının 2,5-3 milyon tona çatdırılması nəzərdə tutulurdu.

Yunis Rzayevin tələbkarlığı nəticəsində partiya və hökumət qərarının icrası ilə əlaqədar üzüm plantasiyaları sürətlə genişlənirdi. Dağ rayonlarının iqtisadiyyatını möhkəmləndirmək üçün Yardımlı və Lerik rayonlarında üzüm bağlarının salınmasına başlandı. Lakin  bu iş Lerik rayonunda maneələrlə qarşılaşırdı. Yerli ağsaqqallar deyirdilər ki, əziyyətimiz hədər gedəcək, quraqlıq şəraitində dağlarda üzüm bitməyəcəkdir. Mən Lerik rayonunun  Şingədulan kəndində keçirilən müşavirələrin birində gedən qızğın dialoqu yaxşı xatırlayıram:

- Yunis müəllim, qıyma ki, əziyyətimiz hədər getsin. Heç olmasa dağ-daşda qoyun-quzumuz otlayır. Lerik hara, üzüm hara?  

Yunis Rzayev heç kəsin sözünü kəsmir, hamıya diqqətlə qulaq asırdı. Onda nə qədər səbir, hövsələ var idi?!

Blaknotumu vərəqləyirəm. Həmin müşavirənin keçirildiyi tarixi tapıram. 1978-ci il 12 avqust Tofiqə Əliyeva adlı fəhlə görün nə deyirdi:

- Yunis müəllim, mən sizi birinci dəfədir ki, görürəm, Üz-gözünüzdən nur tökülür. Amma siz mənə qəti deyin, 5 ildən sonra bu üzüm bağları, balalarımızı dolandırmaq üçün bizə çörək verəcəkdir, ya yox?

Yunis müəllim dərindən nəfəs alaraq inandırıcı şəkildə dedi:

- Çörəyiniz mütləq olacaq. Mən öləndən sonra qəbrim üstə gəlin, üzüm əkmək  sizə bir zərər gətirmiş olsa, onda mənə lənət oxuyun, yox, əgər xeyir gətirmiş olsa, mənə rəhmət deyin!

Üzüm bağlarının sahəsi 1969-cu ildəki 119,5 min hektardan 1984-cü ildə 284,1 min hektara çatdırıldı. Üzüm istehsalı bü dövrdə 272 min  tondan 2.126,1 min tona yüksəldi. Üzüm istehsalına görə Azərbaycan keçmiş SSRİ məkanında birinci yerə çıxdı. Şərab istehsalı 16,1 milyon dekalitrdən 115,1 milyon dekalitrə, şərab süzülməsi 12,1 milyon dal-dan 16 milyon dekalitrə, konyak süzülməsi 314 min dekalitrdən 1523 min dekalitrə, şampan istehsalı 1657 min butulkadan 18.700 min butulkaya qədər çoxalmışdır.

181 üzüm emalı zavodu tikilmişdir. Zavodların emal gücü 2.100 min tona qaldırılmışdı.

Bunlar ilk baxışdan quru rəqəmlərdir. Rəqəmlərin  dili quru olsa da, bu rəqəmlər çox şey deyir və onların dalında illərin zəhməti, gərgin əmək, yuxusuz gecələr durur.

Yunis Rzayevin böyük arzuları var idi. O istəyirdi ki, 1990-cı ildə Azərbaycanda üzüm istehsalı 2,5-3 milyon tona çatsın, üzümçülük və şərabçılıq bütünlüklə elmi əsaslar üzərində qurulsun, şanı, ağ kişmiş, qırmızı kişmiş, mərmər kişmiş sortları kimi min illərin sınağından çıxmış üzüm növləri yenidən həyata qaytarılsın, Azərbaycan kişmiş istehsal edən və satan dünya ölkələri sırasına çıxsın. Bu məqsədlə o, Cəlilabadda, xüsusilə Naxçıvanda kişmiş sortları sahələrini genişləndirməyə və kişmiş zavodları tikdirməyə çalışırdı. Onun bu arzuları yerinə yetirilsəydi, Azərbaycan 1990-cı ildə o vaxtın pulu ilə  4 milyon manatlıq üzüm, şərab məhsulları istehsal etməli idi. Bu, çox böyük  gəlir idi. Onu  ən çox narahat edən məsələlərdən biri də o idi ki, şərabın doldurulması və satılması əməliyyatının yarıdan çoxunu Moskva özü həll edir, Azərbaycana isə yalnız xammal mənbəyi kimi baxırdı. Bu asılılıqdan qurtarmaq, öz gəlirinin sahibi olmaq məqsədilə Yunis Rzayev Azərbaycanda butulka istehsalı zavodu tikdirmək, mütəxəssislər hazırlamaq üçün gecə-gündüz fikirləşir, yollar axtarırdı. Təəssüf ki, o bu arzularına çata bilmədi. Ürək ona vəfasızlıq etdi.

Yunis Rzayev əsl insan idi. O bütün Azərbaycanı bürümüş üzüm bağları ilə nəfəs alırdı. Üzümçülük onun həyatı  idi. O şöhrət axtarmırdı. İşləyirdi, son nəfəsinə qədər işləyirdi, çünki ayrı cür bacarmırdı. Ölümündən də qorxmurdu! Onsuz da elə Ermənistanda ona o qədər mənəvi əzab vermişdilər ki, ölümdən beş-betər idi.

İşgüzarlığı ilə yanaşı, Yunis Rzayev ürəyi yanımcıl insan idi. 1977-ci ildə dünyaya 3-cü qızım gəlmişdi. Cavanlıq dövrü idi, bir az pərt olmuşdum. Yunis müəllim ilk baxışda bunu sezmişdi. Mərkəzi  Komitənin kənd təsərrüfatı şöbəsinin  müdiri Leyla Rəcəbova gülə-gülə dedi ki, yenə də qızı olduğu üçün bikefdir.

- Ay saqqalı ağarmış, - dedi. - Mənim 4 qızım var. Bəs mən nə edim? Qız Allahın  gözəl payıdır! Mən böyük qızımı çox sevirəm. O, mənə və xəstə anasına qayğı ilə yanaşır.

Məndən xəlvət körpənin xəstəxanadan çıxma vaxtını öyrənib, sürücüsü vasitəsilə uşaq arabası, paltarı və digər şeylər alıb göndərmişdi.

Mən Yunis müəllimdən ancaq qayğı, ancaq diqqət görmüşəm.

Yunis Rzayev əsl Azərbaycan vətəndaşı idi. O, bütün həyatını xalqına, doğma Azərbaycanın şöhrətini, şərəfini qaldırmağa sərf etmişdi. O, Azərbaycan adı gələndə ayağa durmağı, ətrafındakıları ayağa qaldırmağı bacaran böyük ürək sahibi idi. Lakin ona etibarsızlıq  edən  bu ürək oldu. Ömrünün 61-ci ilində dayandı. Lakin heç zaman qədirbilən adamların qəlbindən silinməyəcək, onu zaman-zaman xatırlayacaqlar.

 

 

Çingiz FƏRƏCOV

 

Azərbaycan.-2013.- 30 aprel.- S.9.