İnkişaf və quruculuq ünvanına çevrilən Abşeron

 

Abşeron-50

 

50 illik tarixində Abşeron rayonu Azərbaycanın siyasi xəritəsində inzibati ərazi vahidi kimi bir neçə islahatlardan keçməli olmuşdur.

1963-cü ilin yanvarında Bakı şəhərinin Qaradağ, indiki Binəqədi, Sabunçu, Suraxanı, Xəzər rayonları ərazisindəki kolxoz və sovxozların, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə aid dörd elmi-tədqiqat institutunun, texniki təchizat bazalarının, Sumqayıt şəhərinin Saray, Ceyranbatan, Aşağı Güzdək, Sitalçay, Şurabad, Giləzi, Xızı, Tıxlı, Xələnc, Fındığan, Baxışlı, Altıağac yaşayış məntəqələri və həmin ərazidəki sovxozların, Dəvəçi (indiki Şabran) və Siyəzən şəhərləri istisna olmaqla, həmin rayonların bütün yaşayış məntəqələri, təsərrüfat, idarə, müəssisə və təşkilatlarının bazasında təşkil olunmuşdur. Rayonun inzibati ərazisinə Bakı şəhərinin Binəqədi, Sabunçu və Qaradağ rayonlarının Xırdalan, Hökməli, Masazır, Novxanı, Digah, Məmmədli, Fatmayı, Görədil, Qobu, Güzdək yaşayış məntəqələri daxil edilməklə Xırdalan qəsəbəsinə rayon mərkəzi statusu verilmişdir.

Respublikada ən geniş, həm də əlahiddə əraziyə malik olan yeni rayonun kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iri sovxozlarının və kənd təsərrüfatına xidmət edən müəssisələrinin əksəriyyəti inzibati ərazisindən kənarda, Bakı şəhəri rayonlarının tabeçiliyində saxlanılmışdı. Təbii ki, belə bir şəraitdə yeni rayon təşkil olunarkən qarşısına qoyulan əsas məqsədin - respublikanın iri sənaye mərkəzləri olan Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı məhsullarına ehtiyacın daha dolğun ödənilməsi vəzifəsinin öhdəsindən bütünlüklə gələ bilməzdi. Ərazi pərakəndiliyi yerlərdə icra strukturlarının fəaliyyətini istiqamətləndirmək, ehtiyat mənbələrini üzə çıxarıb imkanlardan səmərəli istifadə olunmasını təmin etməkdə müəyyən çətinliklərsiz ötüşmürdü. Bunu nəzərə alaraq iki il sonra, yəni 1965-ci ilin əvvəllərində Dəvəçi və Siyəzəndən ayrılmış ərazilər bütövlükdə həmin rayonlara qaytarılmışdı.

Ötən əsrin 60-cı illərinin sonlarından rayonun iqtisadiyyatında həlledici rol oynayan heyvandarlığın sənaye əsasına keçirilməsi istiqamətində dövlət əhəmiyyətli mühüm layihələrin reallaşdırılmasına başlanılmışdır.Abşeron magistral suvarma kanalı Pirallahı adasının yaxınlığınadək uzadılmış və kanal üzərində 23 ədəd nasos stansiyası tikilib istifadəyə verilmişdi. Beləliklə, təkcə keçmiş SSRİ məkanında deyil, Avropada ən geniş yeraltı suvarma şəbəkəsinin Abşeron rayonunda tikilib quraşdırılmasına başlanıldı və həmin şəbəkənin əhatəsi 15 min hektara çatdırıldı. Ən müasir suvarma texnologiyalarının tətbiqinə qayğı və diqqətin artırılması rayonda meyvəçiliyin, tərəvəzçiliyin, xüsusilə heyvandarlıq üçün etibarlı yem bazasının yaradılmasının yaxın 3-4 ildə mümkün olacağına geniş perspektivlər açdı.

Təəssüf ki, Abşeron yarımadasında, Bakı şəhərinin inzibati ərazisində respublika tabelikli kənd təsərrüfatı rayonunun mövcudluğu ilə barışmayan yüksək vəzifə sahibləri Abşeronun yarandığı ilk illərdə istehsalat göstəricilərində nəzərəçarpan irəliləyişin olmadığını əsas gətirərək bu rayonun ləğv edilməsinin zəruriliyini daim gündəmdə saxlayırlarmış. Onlar respublikanın əvvəlki rəhbərliyinin vaxtında hazırladıqları layihəni hansı vasitə iləsə imzalatdırıb Abşeron rayonunun Bakı şəhərinin tabeliyinə verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 21 yanvar tarixli 20 saylı birgə qərarının qəbul edilməsinə nail olmuşdular. Rayonun mərkəzi həmin qərara əsasən Maştağa qəsəbəsinə köçürülməli idi.

Qərarın icrasına rəvac vermədən öncə ulu öndər Heydər Əliyev Abşeronda kənd təsərrüfatının sürətli inkişafı üçün şəraitin bir daha dərindən araşdırılması barədəki göstərişinin nəticələrindən razı qalaraq rayonda suvarılan sahələrin daha da genişləndirilməsi, bağçılığın, xüsusilə zeytunçuluğun, sənaye əsasında maldarlığın və quşçuluğun sürətli inkişafının hərtərəfli dəstəklənməsini müvafiq nazirliklərin, baş idarələrin qarşısında təxirəsalınmaz vəzifə kimi qoymuşdur.

Ulu öndərin müdrik rəhbərliyi altında ötən əsrin 70-80-ci illərində respublikanın hər yerində sosial-iqtisadi inkişafın sürətli yüksəlişi başladı. Bu illər ərzində Abşeron təşkil olunarkən qarşısında qoyulan başlıca vəzifənin - Bakı və Sumqayıt şəhərlərinin təzətər kənd təsərrüfatı məhsulları ilə daha dolğun ödənilməsinin öhdəsindən layiqincə gəldiyini sübut etdi. Həmin illərdə rayonda mütərəqqi üsullarla - süni yağış aqreqatları ilə suvarılan sahələrin genişləndirilməsi, istehsalatın bütün sahələrində ən yeni texnikanın geniş tətbiqi, maldarlığın, quşçuluğun, donuzçuluğun bütünlüklə sənaye əsasına keçirilməsi rayonun SSRİ məkanında ən yüksək istehsalat göstəriciləri ilə şöhrətin zirvəsinə yüksəlməsinə şərait yaratdı.

Bakının tərkibinə qatılması barədə imzalanmış qərarın icrasına veto qoyaraq Abşeronun iqtisadi yüksəlişinə böyük qayğı göstərmiş ulu öndər Heydər Əliyevin əldə edilmiş nailiyyətləri yerində görmək üçün 1981-ci il aprel ayının 2-3-də rayona unudulmaz səfəri abşeronluların taleyində tarixi rol oynamışdır.

Ulu öndər rayonla iki günlük tanışlıqdan sonra Bakı şəhərinin və onun rayonlarının, bütün əlaqədar nazirlik və baş idarələrin rəhbərlərinin də iştirak etdikləri müşavirədəki geniş nitqində Abşeron rayonunun nailiyyətlərini yüksək qiymətləndirmiş və nitqinin sonunda dediyi "Abşeronlular öz əməkləri ilə, əzmkarlıqları ilə sübut etmişlər ki, əlahiddə ərazidə yerləşən bu rayon müstəqil yaşamağa qadirdir" cümləsi "bəlkə də qaytardılar" arzusunda olan hər kəsə qəti xəbərdarlıq olmuşdur.

Abşeronlular inzibati ərazi vahidi kimi təşkil olunmasının 50 illiyini qeyd etdikləri doğma rayonun mövcudluğu üçün məhz Heydər Əliyevə minnətdar olduqlarını heç vaxt unutmurlar!

Ötən əsrin 80-ci illərinin əvvəllərində müdrik ölkə başçısı Heydər Əliyevin təqdimatı əsasında yüzlərlə rayon sakini yüksək dövlət təltiflərinə layiq görülmüş, üçü sıravi əməkçi olmaqla dörd nəfərə, o cümlədən rayon Partiya Komitəsinin birinci katibi Tamara Hümbətovaya Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir.

Nəhayət, 1990-cı ilin ortalarında müstəqil inzibati əraziyə malik Xızı rayonu təşkil olunduqdan sonra 37 il Abşeron rayonunun tərkibində olmuş səkkiz yaşayış məntəqəsi, bir qarışıq yem zavodu, bir quşçuluq fabriki, dörd iri heyvandarlıq sovxozu, bir kökəltmə kompleksi, çoxsaylı təhsil, səhiyyə və mədəniyyət ocaqları həmin rayona verilmişdir.

Hazırda Abşeron rayonunun 300 min nəfərə yaxın əhalisi bir şəhər, səkkiz qəsəbə və altı kənddə yaşayır. Rayonun ərazisi 1960 kvadratkilometrdir.

Rayonda 34 tam orta, iki ümumi orta məktəb, bir universitet, bir orta ixtisas məktəbi (kollec), iki peşə liseyi, 23 uşaq bağçası-körpələr evi, üç stasionar müalicə müəssisəsi, iki rayon poliklinikası, 16 həkim məntəqəsi, 19 mədəniyyət ocağı, iki uşaq musiqi və üç uşaq incəsənət məktəbi, uşaq-gənclər məktəbi, yaşılörtüklü iki futbol meydançası, ağır atletika idman bazası fəaliyyət göstərir.

Ötən əsrin 80-ci illərinin sonu 1990-cı illərinin əvvəllərində Azərbaycanda siyasi sabitliyin pozulması, iqtisadiyyatın bütün sahələrində geriliyin dərinləşməsi ilə nəticələndi. Uzun illər, hətta ölkənin hər yerində genişmiqyaslı quruculuq və abadlaşdırmanın vüsətləndiyi dövrdə belə, Abşeron rayonunun bütün yaşayış məntəqələri, məktəblər, uşaq bağçaları, həkim məntəqələri və digər sosial obyektlər ciddi aşınmaya məruz qalmış, miskin görkəmləri ilə cansıxıcı mənzərə yaratmışdı. Əhalinin adi içməli suya, elektrik enerjisinə, yanacaq qazına ehtiyacını minimum ödəmək üçün şəbəkələrin korroziyaya uğramış xətlərini bərpa etmək lazım gəlirdi.

Möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin avqustundan RİH-yə başçı təyin edilərkən mövcud vəziyyətlə tanışlığım, yerlərdə nüfuzlu ağsaqqallarla, ziyalılarla görüşlər vəziyyətin gərginliyini bir daha sübut etdi. İlk növbədə, mövcud problemlərin daxili imkanlar hesabına aradan qaldırılmasına istiqamətlənmiş əhatəli tədbirlər proqramı işləyib hazırladıq və təxirə salmadan əməli işə keçdik.

Yaşayış məntəqələrində sökülüb dağılmış yolların və küçələrin abadlaşdırılmasına iş adamlarını, yerli bələdiyyələri, özəl qurumların sahiblərini cəlb etdik. Rayonda xeyriyyəçilik hərəkatının genişlənməsinə rəvac verdik. Qısa müddətdə rayon ərazisi quruculuq tədbirlərinin geniş meydanına çevrildi.

2006-cı il rayonda "Məktəb ili" elan edildi. Aşınmaya məruz qalmış mövcud məktəblərin daxili imkanları hesabına əsaslı təmirini üzərimizə götürdük. Sonuncu məktəbin rayonda 1982-ci ildə tikilib istifadəyə verildiyini, şagird sıxlığının dözülməz həddə çatdığını, ümumtəhsil məktəblərinin əksəriyyətinin üçnövbəli dərs qrafiki ilə işlədiyini xatırlamaqla yeni məktəblərin tikintisində yaranmış kəskin ehtiyac barədə respublikanın direktiv orqanları qarşısında məsələ qaldırdıq.

İlk iki il ərzində istifadədə olan məktəblərin əsaslı təmirini başa çatdırdıq. Hər məktəbdə fərdi istilik sistemi qurulub işə salındı. Məktəb tikintisi rayonda geniş vüsət alıb. 2006-2007-ci illərdə rayonda 10 müasir məktəb kompleksi və əlavə tədris korpusları tikilib istifadəyə verildi.

Minnətdarlıq hissi ilə qeyd edirəm ki, rayonumuzda məktəb şəbəkəsinin genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük qayğısından da yetərincə bəhrələnmişik. Fondun maliyyə dəstəyi ilə Novxanı və Masazır kəndlərində iki tam orta məktəb binası tikilmiş, istifadəyə verildiyindən keçən 40 ilə yaxın müddətdə təmir aparılmadığından bərbad vəziyyətə düşmüş 7 saylı internat evinin nəhəng binası əsaslı qaydada yenidən qurulmuş, sanitar qovşaqları təzələnmiş, istilik sistemi bərpa edilmişdir. İnternatın geniş həyətində istirahət guşəsi, qazon örtüklü çəmənlik, gül-çiçəklə əhatə olunmuş gəzinti yolları buranın miskin mənzərəsini unutdurmuşdur.

Yerli bələdiyyələrin, xeyriyyəçi iş adamlarının maliyyə dəstəyi ilə yaşayış məntəqələrindəki bütün uşaq bağçaları əsaslı qaydada təmir olunmuşdur. Daxili imkanlarımız hesabına 2006-cı ildən sonra daha doqquz uşaq bağçası tikilmişdir.

Bütün uşaq bağçaları istilik sistemi ilə təmin olunmuş, bərk və yumşaq inventarlar təzələnmiş, ərzaq təminatı yaxşılaşdırılmışdır.

"Səhiyyə ili" elan etdiyimiz 2007-ci ildən başlayaraq rayonda səhiyyə xidmətinin kökündən yaxşılaşdırılması istiqamətində iri layihələrin reallaşdırılması təmin olunmuşdur.

Rayon təşkil olunandan mərkəzi xəstəxana statusunda fəaliyyət göstərmiş Saray qəsəbəsindəki stasionar müalicə ocağının binası əsaslı təmirdən və yenidənqurmadan sonra ən müasir tibbi avadanlıq və təzə inventarla təchiz olunmuş, ərazisi tam abadlaşdırılaraq yaşıllaşdırılmış, burada istirahət köşkləri qurulmuş, gəzinti yollarının ətrafı müxtəlif gül və bəzək kolları ilə əhatə edilmişdir.

Son illər faktiki olaraq fəaliyyətini dayandırmış Qobu sahə xəstəxanasının uçub-dağılmış binasının yerində 25 çarpayılıq yeni müalicə korpusu, abadlaşdırılmış ərazisində iaşə bloku və istirahət köşkləri tikilib istifadəyə verilmişdir.

Xırdalan şəhərində uşaq bağçası kimi tikilmiş binanın 1982-ci ildə profili dəyişilərək Uşaq İnfeksion Xəstəxanası kimi istifadəyə verilmiş tibb ocağı da baxımsız qalmışdı. Qəzalı vəziyyətdə olan həmin bina əsaslı qaydada yenidən qurulub genişləndirilməklə burada 85 çarpayılıq mərkəzi xəstəxananın yerləşdirilməsinə şərait yaradılmış, müalicə ocağı zəruri tibbi avadanlıq və inventarlarla təchiz edilmişdir.

Rayon poliklinikası istisna olmaqla, bütün yaşayış məntəqələrindəki həkim ambulatoriyaları uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Təbii ki, normal iş şəraiti olmayan həmin tibb ocaqlarının əhaliyə göstərdiyi səhiyyə xidmətinin səviyyəsini yüksəltmək üçün təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunurdu. İctimai əsaslarla hər yaşayış təntəqəsində müasir tələbləri ödəyə biləcək yeni səhiyyə ocaqlarının binalarının layihəsi hazırlanıb bələdiyyələrə çatdırıldıqdan sonra qəsəbə və kəndlərdə tikinti işlərinə başlandı. İri yaşayış məntəqələri olan Masazır, Novxanı, Mehdiabad və Hökməlidə hər birində14-16 otaqdan ibarət geniş foyeləri olan ikimərtəbəli, yaraşıqlı səhiyyə ocaqları tikildi və ən müasir tibbi avadanlıqlarla təmin edildi. Nisbətən kiçik yaşayış məntəqələrində isə 6-9 otaqlı həkim məntəqələri inşa olundu.

Bütün tibb müəssisələrində böyük-kiçikliyindən asılı olmayaraq, müasir istilik sistemi quraşdırılmışdır. Səhiyyə işçiləri və pasiyentlər üçün tibb ocaqlarında yaradılmış şəraitin kökündən yaxşılaşdırılması xidmətin səviyyəsinin də əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan vermişdir.

Ötən yeddi ildə mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də köklü tədbirlər həyata keçirilmişdir.

Rayon mərkəzindəki mədəniyyət sarayı əsaslı qaydada təmir edilmiş, tamaşa zalı və səhnəsi unikal tərtibatda qurulmuşdur. Ceyranbatan qəsəbəsində möhtəşəm mədəniyyət mərkəzi tikilib istifadəyə verilmişdir. Qobu qəsəbəsində daha əzəmətli mədəniyyət mərkəzinin tikintisi başa çatmaqdadır. Fatmayı kəndində yeni klub və kitabxana sakinlərin istifadəsinə verilmişdir. Rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinə diqqət artırılmışdır.

Yeganə idman bazası Uşaq Gənclər İdman məktəbinin primitiv binasından ibarət olan rayonun indi bütün yaşayış məntəqələrində sadə idman qurğuları yaradılmışdır. Masazır kəndində beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraiti olan ağır atletika idman kompleksi, "Qurtuluş-93" yaşayış massivində stadion, üzgüçülük hovuzu, Görədil kəndində mini-futbol meydançası idmançılara son illərin töhfəsidir.

Dərin minnətdarlıq hissi ilə qeyd edirəm ki, möhtərəm Prezident İlham Əliyev 2011-ci il 9 sentyabr tarixli sərəncamı ilə Xırdalan şəhərində 5 hektarlıq ərazidə Olimpiya İdman Kompleksinin tikintisi davam edir.

2005-ci ilin sonlarından start verdiyimiz abadlaşdırma və quruculuq işlərinin miqyası hazırda daha da genişlənməkdədir.

Xırdalan şəhərinin mərkəzində 9,5 hektarlıq Eldar şamlığında ulu öndər Heydər Əliyevin abidə kompleksi ucaldılmış, burada Heydər Əliyev Muzeyi inşa edilmiş, çiçəklər və bəzək kolları ilə əhatə olunmuş gəzinti yolları, musiqili fəvvarələr, ana və uşaqların mənalı istirahəti üçün növbənöv atraksion və əyləncə vasitələri, istirahətə gələnlərə nümunəvi xidmət şəraiti olan müasir iaşə obyektləri, girişindən başlamış hər yeri öz gözəlliyi ilə diqqəti cəlb edən Heydər parkı salınmışdır.

Bundan əlavə, şəhərdəki "Əsgər Anası" abidə kompleksi yenidən qurulmuş, tarixi rəmzləri nəzərə alınmaqla "Misir Azərbaycan Dostluğu"  parkı salınmış, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, akademik M.Mirqasımovun büstü qoyulmuş, çoxsaylı xiyabanlar, məhəllələr daxilində istirahət guşələri yaradılmışdır.

Masazır kəndində qəzəlxan-şair Ə.Vahidin, Novxanı kəndində həmyerlimiz əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin əzəmətli heykəlləri ucaldılmış, ətrafları abadlaşdırılıb gül-çiçəkli xiyabanlara çevrilmişdir.

Bir-birinin ardınca rayon icra hakimiyyəti, rayon statistika idarəsi, DSMF-nın rayon şöbəsi, Məşğulluq və Əhalinin Sosial Müdafiə mərkəzləri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rayon şöbəsi, Ərazi Vergilər Bdarəsinin Məlumat Terminalı, 45 saylı Dairə Seçki Komissiyası, Rayon Maliyyə İdarəsi, Rayon Polis Şöbəsi, MTN-in rayon şöbəsi və s. üçün yaraşıqlı inzibati binalar tikilib istifadəyə verilmişdir.

YAP-ın rayon təşkilatının, Xırdalan şəhəri ərazi dairəsi nümayəndəliyinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və rayon məhkəməsinin inzibati binaları əsaslı qaydada yenidən qurulmuşdur. Digər qəsəbə və kəndlərimizdə də quruculuq işləri yaşayış məntəqələrimizin simasını sürətlə dəyişmişdir.

Dərin minnətdarlıq hissi ilə qeyd edirəm ki, qısa müddətdə nail olduğumuz uğurlar möhtərəm Prezident İlham Əliyevin böyük qayğı və diqqətindən, fəaliyyətimizi yüksək qiymətləndirməsindən qaynaqlanır. Dövlətimizin başçısının 2006-cı il sentyabrın 12-də rayonumuza tarixi səfəri zamanı Heydər Əliyev adına rayon mədəniyyət və istirahət parkının və Heydər Əliyev Muzeyinin açılışında şəxsən iştirakı, rayonun ağsaqqalları, ziyalıları ilə səmimi görüşləri, rayonda aparılan quruculuq işlərini yüksək qiymətləndirməsi, proqram əhəmiyyətli tövsiyə və tapşırıqları qurub-yaratmaq əzmimizi daha da möhkəmləndirdi.

Yeddi il ərzində rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsində fəal iştirakı ilə seçilən 104 nəfər abşeronlunun dövlətimizin başçısının sərəncamları ilə orden və medallarla təltif edilməsini, respublikanın fəxri adlarına layiq görülməsini həyata keçirdiyimiz quruculuq işlərinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Bunu həm də möhtərəm Prezident qarşımızda qoyduğu "Abşeronun əvvəlki şöhrətini qaytarın!" tapşırığını şərəflə yerinə yetirdiyimizin təsdiqi hesab edirik.

Təəccüblü olsa da, Xırdalan müstəqil inzibati ərazi kimi təşkil olunmuş Abşeronun mərkəzi seçildiyi halda yaşayış məntəqəsi tən ortadan iki hissəyə bölünərək yarısı Bakı şəhərinin Binəqədi rayonunun tabeliyinə verilmişdi. Həmin rayon buraya özünün ucqar ərazisi kimi baxırdı. İllər uzunu heç bir abadlıq işi aparılmamış, 12 min nəfərədək əhalisi olan yaşayış massivində yeganə sosial qurum vaxtilə taxta sexi olmuş binada yerləşən doqquzillik məktəbdən ibarət idi. Bütövlükdə 416 hektarlıq həmin ərazinin Abşeron rayonuna qaytarılması və Xırdalana şəhər statusu verilməsi haqqında dövlət başçısının müvafiq fərmanlarından sonra quruculuq işlərini daha geniş ərazidə aparmaq üçün bu istiqamətdə fəaliyyətimizi ikiqat artırmalı olduq. Burada 640 şagird-yerlik tam orta məktəb binasının qısa müddətdə tikilib istifadəyə verilməsi münasibətilə təntənəli açılışını sakinlər dövlətimizin böyük qayğısı kimi qiymətləndirmiş, Xırdalan şəhərinin sakini olaraq rayonda gedən geniş quruculuq işlərindən yetərincə bəhrələnəcəklərinə görə sonsuz minnətdarlıqlarını bildirmişlər.

Ərazimizin iri sənaye mərkəzləri olan Bakı və Sumqayıt şəhərlərinə, beynəlxalq əhəmiyyətli yollarla yaxınlığı burada iri müəssisələrin açılmasına və böyük məbləğdə investisiya qoyulmasına münbit şərait yaradır. Bunun nəticəsidir ki, əsas kapitala yönəldilən investisiyaların orta illik məbləği 11 dəfə artaraq 182,2 milyon manata çatmışdır.

Ümumidaxili məhsul istehsalının 2005-ci illə müqayisədə 6,7 dəfə, sənaye məhsulunun həcminin isə 13 dəfə artması rayon büdcəsinin daxili gəlirlər hesabına formalaşmasına geniş imkanlar yaratmışdır. Yerli vergi ödəmələrinin məbləği 2003-cü ildəki 1,4 milyon manatdan 2011-ci ildə 24 milyon 27 min manata çatmış və ya 21 dəfə artmışdır. Məhz bunun nəticəsidir ki, son iki ildə yerli gəlir və xərcləri tənzimləmək üçün respublika büdcəsindən rayona dotasiya ayrılmasına ehtiyac qalmamışdır. 2012-ci ildə yerli büdcənin mədaxil proqnozunun reallaşmasının gedişi bir daha sübut edir ki, 2013-cü ildə də rayonumuz dövlət büdcəsindən dotasiya almayacaqdır.

2005-2012-ci illər arasında rayon ərazisində çoxsaylı sosial obyektlərlə yanaşı, iri sənaye müəssisələri, o cümlədən Aşağı Güzdək, Qobu və Məmmədlidə nəhəng kərpic zavodları, Xırdalanda şüşə qablar zavodu, "Politra", "AZ MDF", "M-Line" mebel, "Piramida" və "Avropa qapıları" qapı-pəncərə istehsalı fabrikləri tikilib istifadəyə verilmişdir.

Rayonda fəaliyyət göstərən onlarca  özəl quşçuluq və maldarlıq təsərrüfatları, örtülü istixanalarda tərəvəz yetişdirilməsi yerli ərzaq məhsullarına olan ehtiyacın ödənilməsində rayonun xüsusi çəkisini artırır.

Respublika Sahibkarlığa Kömək Milli Fondundan son beş ildə abşeronlu sahibkarlara 61,8 milyon manat güzəştli kredit ayrılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına isə 400 min manata yaxın subsidiya verilmişdir. 2004-2012-ci illər ərzində mövcud müəssisələrin genişləndirilməsi yenilərinin işə salınması hesabına 15 mindən artıq yeni iş yeri açılmış, bu dövrdə işçilərin orta aylıq əməkhaqqı 3,9 dəfə artmışdır.

Daxili imkanlar hesabına son yeddi ildə yaşayış məntəqələrini birləşdirən yolların, şəhər, qəsəbə və kəndlərin küçə və meydançalarının təxminən üç milyon kvadratmetr sahəsi asfaltlanmış, 486 min kubmetr çınqıl döşənməklə yeni yaşayış massivlərində piyadaların və nəqliyyatın maneəsiz hərəkətinə şərait yaradılmışdır.

Yaşayış məntəqələrinin küçələrinə, piyada səkilərinə 28,3 min p/metr bardyur düzülmüş, 10,3 min kvadratmetr tamet döşənmiş, genişləndirilib yenidən qurulmuş mərkəzi küçələrdə, eləcə də Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının rayon ərazisindən keçən hissələrindəki müxtəliftəyinatlı tikililərin fasadlarının 95,4 min kvadratmetr dekorativ inşaat materialları ilə üzlənmişdir.

Yolların mühafizə zonasında üs-üstə 10 min kvadratmetrdən artıq sahədə qazon örtük yaradılmış, 20 mindən çox müxtəlif ting, 100 minlərlə ədəd qızılgül və dekorativ kol əkilmiş, bitkilərin suvarılması üçün 30 min kvadratmetr sahəni əhatə edən şəbəkə qurulmuşdur.

Ötən əsrin 70-ci illərində Xırdalan şəhərində, Ceyranbatan, Aşağı Güzdək və Mehdiabad qəsəbələrində inşa olunmuş, illər uzunu təmir edilmədiyindən ciddi aşınmaya məruz qalmış çoxmərtəbəli, çoxmənzilli 155 ədəd yaşayış evinin dam örtükləri, fasadları, pilləkən qəfəsələri və mühəndis-kommunikasiya qovşaqları əsaslı təmir olunmuşdur. Xırdalan şəhərindəki doqquz ədəd doqquzmərtəbəli yaşayış binalarının uzun illər qəza vəziyyətində olan 37 ədəd sərnişin lifti yeniləri ilə əvəz edilmişdir.

Xırdalan şəhərində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri üçün son üç ildə 24 və 81 mənzilli yaşayış binaları inşa olunmuşdur. 81 mənzilli binadan mənzil ayrılmış ailələrə dövlət tərəfindən həm də hədiyyə olunan minik avtomobillərinin açarlarının təqdim olunma mərasimində şəxsən Prezident İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın iştirakları dövlət başçısının hər bir vətəndaşa qayğı və diqqətinin parlaq təcəssümü kimi dərin minnətdarlıqla qarşılanmışdır.

Ümumiyyətlə, vətəndaşların mənzil problemlərinin uğurlu həllində Abşeron rayonunun xüsusi çəkisi sürətlə artır. Son illər rayonun Xırdalan, Masazır, Mehdiabad, Məmmədli və digər yaşayış məntəqələrində mənzil tikintisi sürətlə davam etdirilir.

Rayonda möhtəşəm infrastruktur layihələrinin həyata keçirilməsinə möhtərəm Prezidentin daim diqqət və qayğısından abşeronlular yetərincə bəhrələnirlər. Minnətdarlıq hissi ilə qeyd edirəm ki, bu qayğı ildən-ilə artır və bizi quruculuq işlərini  daha da vüsətləndirməyə ruhlandırır.

Bir ildə dalbadal Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin, genişprofilli əzəmətli mərkəzi rayon xəstəxanasının, hər biri beş yaşayış məntəqəsini birləşdirən Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil və Hökməli-Qobu-Lökbatan, Güzdək-Puta avtomobil yollarının tikintisi barədə imzaladığı sərəncamlar bu böyük qayğının parlaq təzahürüdür.

Bir neçə il əvvəl rayonun ağrılı problemi olan əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında da əsaslı dönüş yaradılmışdır.

Bu gün razılıq hissi ilə qeyd edirik ki, rayonun bütün ərazisində qaz şəbəkəsinin tamamilə yenidən qurulması və yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılmışdır. Hazırda yeni yaşayış massivlərinin qazlaşdırılması davam etdirilir.

Elektrik enerjisi ilə sabit təminat istiqamətində də əməli tədbirlər görülür. "Masazır-Əsas" 50 MVA-lik yarımstansiya istifadəyə verilmiş, "Xırdalan-110" yarımstansiyanın layihə-smeta sənədləri hazırlanmış, onun tikiləcəyi ərazi müəyyənləşdirilmiş, lazımi avadanlıqlar tədarük edilərək tikinti sahəsinə çatdırılmışdır. Həmin yarımstansiyanın işə  salınması bütövlükdə Xırdalan şəhərini, yeni "Zabrat-220" yarımstansiyanın istismara buraxılması isə Məmmədli, Digah, Mehdiabad, Novxanı, Fatmayı, Görədil, Masazır, Saray və Ceyranbatan yaşayış məntəqələrini, buradakı sosial obyektləri və müxtəlif təyinatlı müəssisələri sabit elektrik enerjisi ilə təmin edəcəkdir.

Rayonda 1964-cü ildə inşa olunarkən Xırdalan qəsəbəsinin 10-12 min nəfərlik əhalisinə hesablanmış kanalizasiya şəbəkəsindən və ötürücü nasosxanadan savayı son illərə kimi digər yaşayış məntəqələrində çirkab suların kənarlaşdırılması üçün heç bir iş görülməmişdi. 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında həm Xırdalan şəhərinin kanalizasiya şəbəkəsinin yenidən qurulması, həm də rayonun bütün yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi nəzərə alınmış və artıq bu istiqamətdə iri layihələrin həyata keçirilməsinə başlanılmışdır.

Xırdalan şəhərinin içməli su probleminin həlli ilə yanaşı, təzyiqli kanalizasiya xətti və leysan kanalizasiyasının çəkilişi də sürətlə davam etdirilir. Yaxın iki il ərzində şəhərin çirkab sularının irihəcmli yeraltı tunellə birbaşa təmizləyici qurğulara ötürülməsi istiqamətində də işgedir. Hazırda rayonda elə bir yaşayış məntəqəsi yoxdur ki, orada içməli su və ya kanalizasiya xətlərinin, eləcə də su anbarlarının tikintisi aparılmasın.

Bu gün yaşayış məntəqələrimizin abadlaşdırılması, genişmiqyaslı quruculuğun şəhər, qəsəbə və kəndlərimizə verdiyi gözəllik və müasirlikdən məmnunluqla söhbət açsaq da, görülən işlər bizi arxayınlaşdırmır.

Möhtərəm Prezident İlham Əliyevin söylədiyi "Bir halda ki, abşeronlular belə yaxşı çalışırlar, deməli, gələcəkdə daha böyük işlər görəcəklər", - sözlərini irəliyə istiqamətləndirən deviz kimi qəbul etmişik. Abşeron rayonunu müstəqil Azərbaycanın daim öndəgedən regionuna çevirmək üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.

 

 

Zakir FƏRƏCOV,

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı

 

Azərbaycan.-2013.- 30 aprel.- S.10.