Ümummilli lider Heydər
Əliyevin ideyaları
Azərbaycan gəncliyinin sabahına daha böyük
inamla baxmağa əsas verir
Aprelin
29-da Milli Olimpiya Komitəsində "Heydər Əliyev
ideyaları və Azərbaycan gəncliyi" mövzusunda
konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90
illik yubileyinə həsr olunan tədbirdə gənclər təşkilatlarının
rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri
və fəal gənclər iştirak etmişlər.
Konfransda
gənclər və idman nazirinin müavini İntiqam Babayev
"Heydər Əliyev və gənclər siyasəti"
mövzusunda məruzə ilə çıxış
etmişdir.
Nazir müavini bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir. Ulu öndərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-dən gənclər forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, eləcə də gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirmişdir.
Diqqətə çatdırılmışdır ki, ulu öndərin gəncliyə və gənclərə qayğısı indi mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan gəncliyi 2005-2009-cu illər Dövlət Proqramı" uğurla həyata keçirilmişdir. Bununla yanaşı, 2006-cı ildə Prezident İlham Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunmuş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. İndi bu nazirlik Azərbaycan gəncliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin arzu və amallarını davam etdirən ən böyük qurumdur.
Vurğulanmışdır
ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli
sərəncamı ilə təsdiqlənmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsil üzrə Dövlət
Proqramı" bütün təbəqədən olan gənclərin
xaricdə təhsilinə geniş imkanlar yaratmış, həm
də beynəlxalq aləmdə rəğbətlə
qarşılanmışdır.
Konfransda
"Heydər Əliyev və idman siyasəti" mövzusunda
məruzə də dinlənilmişdir. Gənclər və
İdman Nazirliyinin idman sektorunun
müdiri Aydın Məmmədov məruzəsində
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra idman sahəsində
yüksəlişin əsası qoyulmuşdur. Heydər Əliyev
Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən
tərbiyəsi və idmanı geniş coğrafi məkanda
inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər
qazanmaq və dünya şöhrətli idmançılar
hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul
olan qurumlar qarşısında konkret vəzifələr
qoymuşdu. İdmanın inkişafı üçün həyata
keçirilməli əsas tədbirlər sırasına
mövcud idman bazalarının, stadionların, meydança və
zalların qorunması, bərpası və təyinatı
üzrə istifadəsinin təmin edilməsi, yeni idman
bazalarının, meydançalarının, stadion və
zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı,
idman klublarının açılması, mütəxəssislərin
yetişdirilməsi, ölkə birinciliklərinin və digər
yarışların keçirilməsi,
idmançılarımızın beynəlxalq
yarışlarda iştirakının təmin edilməsi,
yüksək nəticələri olan idmançılara diqqət
və qayğı göstərilməsi, ölkəmizdə
beynəlxalq yarışların keçirilməsi, uşaq və
yeniyetmələrin daha geniş miqyasda idmana cəlb
olunması daxil edilmişdi.
Məruzəçi
qeyd etmişdir ki, Prezident İlham Əliyevin sarsılmaz iradəsi
və böyük səyləri nəticəsində Azərbaycan
dünyanın qabaqcıl idman ölkələrindən birinə
çevrilmişdir. Bölgələrdə də Olimpiya
komplekslərinin açılması, ölkəmizin
nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi,
idmançılarımızın Olimpiya oyunları və
dünya çempionatlarında uğurlu
çıxışları buna əyani sübutdur. Beynəlxalq
yarışlarda qələbə qazanan gənc idmançıların
layiqincə qiymətləndirilməsi də onların yeni
uğurlarında mühüm rol oynayır. Təsadüfi
deyil ki, beynəlxalq yarışlarda iştirak edən
idmançılarımızın sayı ildən-ilə
artır. Azərbaycanın 2012-ci il 30-cu London Yay Olimpiya
Oyunlarında idmanın 16 növü üzrə 53
idmançı ilə təmsil olunması faktı da bunu təsdiq
edir.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digər çıxış edənlər ulu öndərin ideyalarının Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini, onların cəmiyyətdə özlərini təsdiq etmələrində əsaslı rol oynadığını vurğulamışlar.
Bildirilmişdir
ki, ölkəmizdə gənclərin təhsili, ailə, məişət,
məşğulluq məsələləri, mənzil şəraitinin
yaxşılaşdırılması, onların cəmiyyət
həyatında layiqli təbəqə kimi
iştirakının təmin olunması, milli adət-ənənələrə,
saf dəyərlərə bağlılığı
üçün bütün zəruri tədbirlər həyata
keçirilir. Bütün bunlar isə Azərbaycan gəncliyinin
sabahına daha böyük inamla baxmağa əsas verir.
Azərbaycan.-2013.- 30 aprel.- S.11.