«TOUR D`AZERBAIDJAN» beynəlxalq velosiped turuna
həsr olunan mətbuat konfransı keçirilmişdir
Mətbuat
konfransında çıxış edən Azərbaycan
Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, təşkilat
komitəsinin sədri Sahib Ələkbərov "TOUR
D`AZERBAIDJAN" beynəlxalq velosiped turu, onun marşrutları,
habelə tura hazırlıq işlərinin mövcud vəziyyəti
barədə media nümayəndələrini məlumatlandırmışdır.
Qeyd
edilmişdir ki, ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunan beynəlxalq velosiped turu 5 mərhələdən
ibarət olmaqla may ayının 1-dən 5-dək Bakı şəhəri,
Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ,
Oğuz, Şəki rayonlarının ərazisində
keçiriləcək. Veloturda 24 ölkədən, o cümlədən
ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya,
Niderland, Norveç, İsveçrə, Portuqaliya,
Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna,
Belarus, Qazaxıstan və digər xarici ölkələrdən
500 nəfərdən çox iştirakçının və
fəxri qonaqların, o cümlədən Beynəlxalq
Velosipedçilər İttifaqının rəhbərliyinin,
dünyanın tanınmış velosipedçilərinin, eləcə
də XXX London Yay Olimpiadasının qalibi, Qazaxıstan
velosipedçisi Aleksandr Vinokurovun iştirakı gözlənilir.
Veloturda
ümumilikdə 25 komanda çıxış edəcək
ki, bunların da 17-si kontinental, 6-sı milli komandalardır. Hər
komandanın tərkibində 6 velosipedçi yarışacaq.
Bütövlükdə velotura 41 ölkədən
velosipedçi qatılacaq.
Veloturun
təşkilat komitəsinin üzvü Albrext Röder qeyd
etmişdir ki, turda iştirak edən komandalardan 20-si təxminən
eyni qüvvəyə malikdir ki, bu da yarışın ciddi rəqabət
şəraitində keçəcəyini söyləməyə
əsas verir. Bu il Minskdə keçirilmiş trek
yarışları üzrə dünya
çempionatının qalibləri olan 2 velosipedçi də
Avstraliya komandasının tərkibində "Tour
d`Azerbaıdjan"a qatılacaq. Turda iştirak edən
velosipedçilər arasında "Tour d'France"
yarışlarının mükafatçıları da var.
A.Röder
"Baku Synergy Cycling Project" komandasının əsas rəqibləri
kimi "Rabobank Development Team" (Hollandiya), "Leopard - Trek
Continental Team" (Lüksemburq) və "Continental Team
Astana" (Qazaxıstan) komandalarını gördüklərini
bildirmişdir.
S.Ələkbərov
tur çərçivəsində hazırlıq işlərinin
artıq yekunlaşdığnı bildirmiş və qeyd
etmişdir ki, turun 1-ci və 5-ci mərhələləri
çərçivəsində Bakı şəhərində
bir sıra prospektlər və yollarda nəqliyyatın hərəkəti
dayandırılacaq və ya məhdudlaşdırılacaq.
Turun ilk günü - may ayının 1-də Heydər Əliyev
prospektinin saat 10.30-dan 14.00-dək nəqliyyatın hərəkəti
üçün bağlanacağı gözlənilir:
"Böyük velosiped yarışları zamanı nəqliyyatın
hərəkətinin məhdudlaşdırılması dünyanın
bütün ölkələrində tətbiq olunur. Məsələn,
Fransada velosiped yarışları zamanı Parisin mərkəzi
yolu olan "Yelisey çölləri", İstanbulda şəhərin
Asiya və Avropa hissəsini bir-birinə bağlayan
başlıca hərəkət qovşağı olan
körpü bağlanır".
Sonra
media nümayəndələrinin sualları
cavablandırılmışdır.
Azərbaycan.-2013.- 30 aprel.- S.11.