İspaniyanın məşhur «Atletiko Madrid» futbol klubunun kollektivi Heydər Əliyev Fondunu ziyarət etmişdir

 

Azərbaycanın "Bakı" futbol klubunun "All Star of Azerbaijan" komandası ilə yoldaşlıq oyunu keçirmək üçün ölkəmizdə səfərdə olan İspaniyanın və dünyanın ən tanınmış klublarından biri - "Atletiko Madrid" komandasının oyunçuları aprelin 29-da Heydər Əliyev Fondunu ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə təsadüf edən ziyarət zamanı  qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.

Qeyd olunmuşdur ki, Azərbaycanda idmanın inkişafına daim diqqət və qayğı göstərən ulu öndər ölkəmizdə Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı idi. Ümummilli liderin bu sahədə həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda idmanın kütləviliyinə nail olunmuş, yüksək nailiyyətlər qazanılmışdır. Son bir neçə ildə respublikamız dünyanın idman mərkəzlərindən birinə çevrilmiş və ölkəmiz bir sıra mötəbər idman yarışlarına uğurla ev sahibliyi etmişdir.

Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxan qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də maraqla tamaşa etmişlər.

Dünyanın tanınmış futbol klubunun kollektivi Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.

 

 

Azərbaycan.-2013.- 30 aprel.- S.11.