«YAY!»
qalereyasında «Özünümüşahidə» adlı videoart sərgisi açılmışdır
"YARAT!" Müasir
İncəsənət Məkanının "YAY!"
qalereyasında "Özünümüşahidə"
adlı videoart sərgisi
açılmışdır.
AzərTAc xəbər verir ki, aprelin 23-dək davam edəcək sərgi "YARAT!" Müasir İncəsənət Məkanı
və gənc müstəqil kurator Suad Qarayeva tərəfindən
düşünülərək
reallaşdırılmışdır.
İnsanın
özünü dərketmə axtarışına
çıxması qədim zamanlardan bəri müşahidə
olunur. Vücudun fiziki və əqli hədlərini aşmaqdan
meydana çıxan tərəqqi inqilabi ixtiralara və insan
qabiliyyətinin gücləndirilməsinə səbəb olur.
Lakin indiyədək müasir cəmiyyətdə insan
vücudunun tədqiqi, müəyyən mənada, yasaqdır.
Vücud və beyinlə yanaşı, üçüncü
tərəfdaş mövcuddur - bu ötəri və sezilməyən
anlayış fövqəltəbii bir səltənətdə
yaşayır, elm və texnologiya dünyasının
biçarəsidir. Bununla belə, son iki onillikdə
müşahidə olunan texnoloji tərəqqi sayəsində
insanın daxili aləmi ilə bağlı suallar yenə də
gündəmdədir, çünki psixosomatik impulslar
qeyri-müəyyənlik örtüyü ilə gizlədilən,
nadir və təbiət qanunlarına tabe olmayan məkanın
olmasına dəlalət edir.
"Özünümüşahidə"
sərgisində üç rəssamın əsərləri
təqdim olunur. Rəssamların hamısı insanın daxili
aləmi mövzusuna toxunur və tamaşaçıların təməl,
qədimdən gələn və əhəmiyyətli məqamlarla
bağlı anlayışlarını sorğu-sual edir. Bu sərgidə
təmsil olunan rəssamlar əsasən əbədilik
konsepsiyasını mütərəqqi texnologiyalar dili ilə
ifadə edən videoart sənətindən istifadə edirlər.
Böyük
Britaniyada doğulub böyüyən Villiam Kobbinqin
yaratdığı əsərlər daxili aləm, onun zədələri
və təxəyyülləri məsələləri ilə
bağlı müasir Qərb anlayışının təməlini
formalaşdıran Ziqmund Freydin psixotəhlil tədqiqatlarından
qaynaqlanır. Onun 2004-cü ildə yaratdığı
"Öpüş" əsərində məhəbbətin
sonsuz izharı ilə bir-birinə qovuşmuş kişi və
qadın təsvir olunmuşdur. Onların başlarını
palçıq kürələri ilə əvəz edən
Kobbinq bu insanların fərdiyyətini formalaşdıran
bütün əlamətlərini silmiş, bununla da bu
addıma ümumdünya əhəmiyyəti əta etmiş və
personajları "id" (altşüurla), qeyri-iradi
duyğuların və diləklərin təməl meyli ilə
məhdudlaşdırmışdır.
2004-cü
ildə yaradılmış "Qazıyıb
çıxartma" adlı digər bir əsərdə tənha
bir insan fiquru müəllifin çirkli başının
üstünü kəsir və bu da onun vücuduna məxsus məknun
layların aşkar olunmasının məzəli cəhdidir.
"Qazıyıb çıxartma" əsərində bərkimiş,
fəqət "Öpüş"ün ifadə etdiyi
ehtirasda incə və plastik torpaq quruluşu yerin altında
gizlədilən insan mahiyyətini xatırladır, bununla da
Kobbinqin cəhdlərinə əlavə dolaşıqlıq bəxş
edir.
Qırğız
rəssamı Şaarbek Amankul qədim tarixi Şərq fəlsəfəsi
və adət-ənənələrindən bəhrələnmiş
doğma qırğız torpağında yeni, postsovet ruhaniyyətini
tədqiq edir. Əvvəlcədən demək olar ki, tamamilə
məhv edilmiş, lakin ölkə siyasi müstəqilliyini əldə
etdikdən sonra dirçələn, insanlara xas olan ruhaniyyətə
qayıdış arzusu 2007-ci ildə çəkilmiş
"Şam" videoçarxında təsvir olunmuşdur. Həmin
videoçarxda Qırğızıstanın ucqar bölgələrində
yenicə formalaşmış sektaların şaman ayinləri
sənədli film şəklində göstərilir. Amankul
dini mərasimləri və bu mərasimlərdə iştirak
edən insanları lentə alaraq daxili və xarici aləmlər
arasında səddin yayılmasını və beləliklə,
şamanların cuşa gəlmə məqamını əbədiləşdirmişdir.
2007-ci
ildə çəkilmiş "Zindan" əsərində
zindanda müqavimət rəqsini oynayan iki çılpaq
qadın fiquru təsvir olunmuşdur. Sürrealistik
araşdırmalara və istəklərə izzət rəmzi
olan bu film insanın daxilində bağlı olan, fəqət
qeyd olunmağa, qaydaya salınmağa və
reallaşdırılmağa can atan, əsirlikdə izhar olunan
instinktdən bəhs edir.
Nəhayət,
Azərbaycan rəssamı Zamir Süleymanov və Emin Əzizbəylinin
2012-ci ildə çəkdikləri "Astar"
qısametrajlı filmi gündəlik həyatın təzahürü
olan fərdin daxili aləminə baxışdan bəhs edir. Filmdə Bakıda və onun ətraflarında
doğulan və böyüyən gənc
oğlanın gündəlik həyatı təsvir olunur. Əsərin qəhrəmanının keçirdiyi qeyri-adi təcrübəni
ani kadrlarla göstərən
müəlliflər həm fərdi, həm də personajın
öz təxəyyülü ilə
bağlı, lakin bütün
insanlara xas təəssüratlarını
və əhəmiyyətsiz təcrübələrini təsvir
edirlər. Məhdud özünümüşahidənin digər
misalları kimi, belə bir
gündəlik məqamlar həm fani, həm
də əbədidir, həm mücərrəd, həm də
realdır, həm mənzum, həm də bayağıdır.
Azərbaycan.- 2013.- 12 aprel.- S. 7.