Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün keçirdiyi
kurslarda növbəti mühazirələr
dinlənilmişdir
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən
dairə seçki komissiyalarının sədrləri
üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış
kurslar iyulun 31-də davam etmişdir.
Tədbirdə
"Seçki hüquqlarının
pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları
və məsuliyyət növləri" mövzusunda
mühazirə ilə çıxış edən Azərbaycan
Respublikası baş prokurorunun
birinci müavini Rüstəm
Usubov bildirmişdir ki, seçki
komissiyalarının fəaliyyətinə müdaxilə edənlər
- partiyalar, bələdiyyələr və
digər təşkilatların nümayəndələri Cinayət
Məcəlləsinə uyğun məsuliyyətə
cəlb oluna bilərlər.
Rüstəm Usubov diqqətə
çatdırmışdır ki, 2005-ci ildə
keçirilən parlament seçkilərinin
nəticələri ilə bağlı Baş
Prokurorluğa 365 müraciət daxil olmuşdur. Həmin
müraciətlərin 102-si MSK-dan, 35-i
dairə seçki komissiyalarından,
4-ü partiyalar blokundan,
31-i hüquq-mühafizə orqanlarından, 193-ü isə vətəndaşlardan
daxil olmuşdur. Həmin
vaxt 20 dairə seçki
komissiyaları ilə bağlı cinayət işi
qaldırılmışdır. Eyni zamanda, 10 dairə seçki
komissiyasının nəticələri ləğv edilmişdir. Dörd dairə
seçki komissiyasının nəticəsi
MSK, altı dairə seçki
komissiyasının nəticəsi isə Konstitusiya
Məhkəməsi tərəfindən ləğv edilmişdir.
Azərbaycanda
2008-ci ildə keçirilmiş prezident seçkiləri zamanı Baş Prokurorluğa heç bir müraciətin
daxil olmadığını deyən
Rüstəm Usubov
vurğulamışdır ki, 2010-cu ildə
parlament seçkiləri ilə
bağlı 89 müraciət qeydə
alınmışdır.
Həmin müraciətlərin 83-ü MSK-ya
və dairə seçki komissiyalarına
göndərilmiş, 5-i ilə bağlı şərh verilmişdir. Bir müraciətlə
bağlı isə cinayət işi
açılmışdır. Qanun
pozuntularının sayının azalması seçki
komissiyalarının işinin düzgün qurulmasının nəticəsi kimi də qiymətləndirilə bilər.
Baş prokurorun
birinci müavini demişdir ki, prokurorluq orqanlarının maddi-texniki
bazasının gücləndirilməsi, sosial
vəziyyətin yaxşılaşdırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində
ciddi işlər görülmüşdür.
Korrupsiyaya qarşı mübarizədə
ciddi islahatlar
aparılmaqla səmərəlilik gücləndirilmiş və
kompleks tədbirlər həyata keçirilmişdir. O demişdir:
"Hüquqpozmaların sahələri müəyyənləşdirilərək
aidiyyəti üzrə göndərilmişdir. Korrupsiyaya qarşı mübarizə sahəsində
ictimai qurumlar QHT-lərlə
əməkdaşlıq edərək əhəmiyyətli
işlər görmüşlər. Bunun
nəticəsində bəzi beynəlxalq təşkilatlar Azərbaycanın
bu istiqamətdə həyata keçirdiyi mübarizə tədbirlərini
səmərəli hesab etmişlər.
"Elektron hökumət" layihəsi çərçivəsində
yaradılmış "Elektron sənəd
dövriyyəsi" sistemi sahəsində
bir sıra işlərin görüldüyünü
deyən Rüstəm Usubov qeyd etmişdir ki, korrupsiyaya qarşı
mübarizədə inzibati tədbirlər
və sistem xarakterli
addımlar atılır.
"ASAN xidmət" mərkəzlərinin
yaradılmasının da məqsədi korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsidir. Korrupsiyaya
qarşı mübarizədə şəffaflığın
artırılmasında İKT sahəsinin inkişafı çox mühümdür.
Baş Prokurorluq tərəfindən
2013-cü ildə "Azərbaycan Respublikasında qeydə
alınmış cinayət xarakterli məlumatlar
üzrə cinayət təqibinin nəticələrinə dair Elektron cinayət" İnformasiya Proqramı da
yaradılmışdır. Bu, prokurorluq orqanlarının işinin
daha da
asanlaşdırılmasında əvəzsiz rol
oynayır.
MSK sədrinin müavini Natiq Məmmədov
"Vətəndaşların seçki
hüquqlarının pozulmasına aid
müraciətlərə baxılması" mövzusunda
mühazirə ilə çıxış etmişdir.
Bildirmişdir ki,
artıq Mərkəzi Seçki
Komissiyasında vətəndaşların müraciətlərinin
araşdırılması üçün
mexanizm qurulmuşdur.
Vətəndaşların seçki
hüquqlarının pozulmasına aid
müraciətlərə baxılması məsələlərinə
toxunan MSK sədrinin müavini
vurğulamışdır ki, son vaxtlar şikayətlərin
azaldılması meyilləri müşahidə olunur. Bu da
maarifləndirmə işinin
artırılması ilə bağlıdır.
Məntəqə seçki komissiyalarının vətəndaşlarla
ən çox ünsiyyətdə olan seçki qurumu olduğunu
xatırladan Natiq Məmmədov burada çalışan şəxsləri
diqqətli olmağa
çağırmışdır. O demişdir:
"Məntəqə seçki
komissiyalarının əsas fəaliyyət istiqamətləri
seçiciləri müəyyənləşdirərək
onların seçkidə iştirakını təmin etməkdir.
Məntəqə seçki
komissiyalarının şikayətlərə laqeyd
yanaşmağa ixtiyarları yoxdur. Seçki günü isə məntəqə seçki komissiyaları əsas işlərini
davam etdirməli, şikayətlərə
də baxmağa
çalışmalıdırlar".
Natiq Məmmədov qeyd etmişdir ki, Avropa Şurası Venesiya Komissiyasının tövsiyəsinə
uyğun olaraq dairə
seçki komissiyalarının qərarları
açıq keçirilən iclaslarda elan olunmalıdır. Ancaq
qanunvericiliyə görə, maraqlı tərəflər qərar
verən şəxslərin mövqelərini bilməməlidirlər.
MSK sədrinin müavini dairə seçki
komissiyalarında telefon və internetlə
müraciətə baxılması prosedurunu
da açıqlamışdır. Bildirmişdir ki, qeydiyyat kitabında şəxsin hansı saatda zəng etdiyi və
hansı məsələ ilə əlaqədar müraciəti
əksini tapmalıdır. Komissiyaların əsas fəaliyyəti
seçiciləri müəyyən edərək onların səsverməsini
təmin etməkdən ibarətdir. Lakin
onların şikayətlərə laqeyd yanaşmağa da hüququ yoxdur. Ona görə də orada iki şikayət kitabı mövcuddur.
Onlardan biri seçki günü edilən
şikayətlər, digəri isə səsvermə
gününədək olunan müraciətlər
üçündür.
Dairə seçki
komissiyalarının sədrləri üçün
seçki hüququ
üzrə ixtisaslaşdırılmış kurslar
Azərbaycan Respublikasının Ali Məhkəməsində
davam etdirilmişdir.
"Seçki
hüquqlarının məhkəmə müdafiəsi,
mübahisələrin məhkəmə aidiyyəti. Bu sahədə
məhkəmə təcrübəsi" mövzusunda
çıxış edən Ali Məhkəmənin
sədri Ramiz Rzayev vətəndaşların
Konstitusiya və qanunlarda
nəzərdə tutulmuş seçki hüquqlarının məhkəmə
müdafiəsinin səmərəliliyini artırmaq üçün mühüm
işlərin görüldüyünü
vurğulamışdır.
Kursda seçki
hüquqlarının müdafiəsi ilə bağlı
işlər üzrə icraat, seçki hüquqlarının müdafiəsi
haqqında ərizələrin verilməsi və onlara baxılması qaydaları ilə
bağlı fikir mübadiləsi
aparılmışdır.
Sonda vətəndaşların
seçki hüququnun
etibarlı təmin edilməsi məsələləri ilə əlaqədar
müzakirələr aparılmış, tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.- 2013.- 1 avqust.- S.1,3.