Azərbaycan dilinin inkişafına sanballı töhfə

 

Dilimiz çox zəngin və ahəngdar dildir. Dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm.

 

Heydər ƏLİYEV

 

Bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş Azərbaycan xalqının dili minilliklər boyu davam edən inkişaf və təkmilləşmə prosesi keçərək müasir dövrdə milli özünəməxsusluğumuzun başlıca təzahürünə çevrilmişdir. Azərbaycan dilinin bütün dünyada ən kamil dillərdən biri olduğunu, rəvanlığını, ahəngdarlığını bir çox xalqların görkəmli nümayəndələri etiraf etmişlər.

Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək onu Avrasiyanın hər tərəfində işlədilən bir dil kimi yüksək qiymətləndirmişlər. Hazırda milyonlarla azərbaycanlının mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmış, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif etnosların da istifadə etdikləri ümumi dil olmuşdur.

Türk dili ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı türk boylarının ümumi ünsiyyət və anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dilinə çevrilməyə başlamışdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalars. Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır. Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin dərin tarixi köklərə malik olduğunu sübuta yetirir.

Azərbaycan dilinin dövlət dili kimi hüquqi aktlarda təsbit olunması məsələsi hələ XX əsrin əvvəllərində - Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə böyük aktuallıq kəsb etmişdi. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkcəsi idi. Parlamentin iclaslarından birində bu məsələ geniş müzakirə olunmuşxüsusi qərar qəbul edilmişdi. Qərara əsasən parlamentin rəsmi dili Azərbaycan dili elan olunmuş, digər millətlərin nümayəndələrinin öz çıxışlarını rus dilində etmələri hələlik məqbul sayılmışdı. Bununla belə, rəsmi sənədlərin hamısı ana dilində tərtib edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərin üstündə adətən parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: "Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır".

Bu barədə Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli xüsusi fərmanı da mövcuddur. Həmin fərmana görə iki il ərzində dövlət orqanlarının işi tamamilə ana dilində aparılmalı idi. Hətta bir sıra hallarda bu dili bilməyənlər üçün mütərcim çağırılması, işlərin Azərbaycan dilinə tərcümə olunması da nəzərdə tutulurdu. Lakinİstiqlal Bəyannaməsində, nə də Konstitusiya aktında dövlət dili haqqında maddə öz əksini tapmışdı.

Ölkəmizdə sovet hakimiyyətinin qurulduğu ilk illərdə də bu sahədə yenilik baş vermədi. 1937-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in yeni Konstitusiyasında da Azərbaycan dilinin hüquqi statusu barədə heçdeyilmirdi. Şübhəsiz, bu, sovet rəhbərliyinin apardığı totalitar siyasətin diktə etdiyi reallıq idi. Stalin repressiyalarının geniş vüsət aldığı bir vaxtda Konstitusiyaya ana dili ilə bağlı hər hansı düzəliş və ya əlavə etmək həm çox riskli, həm də perspektivsiz addım ola bilərdi.

Stalinin ölümündən sonra repressiya maşınının dayanması və totalitarizmin ən ağır formalarının aradan qaldırılması istiqamətində atılmış addımlar xalqlara qarşı ayrı-seçkilik siyasətini müəyyən qədər məhdudlaşdırdı. Nəhayət, belə bir vəziyyətdə -  1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti 1937-ci il Konstitusiyasına xüsusi əlavə qəbul etdi. Həmin əlavədə Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması təsbit olunurdu. Lakin bu qərar bir tərəfdən respublikanın özündəki qısqanc qüvvələrin, digər tərəfdən mərkəzdəki mühafizəkarların müqaviməti ilə rastlaşdı. Azərbaycan dilinə keçilməsi barədə tələblər Moskvada narazılıq doğurdu. 1959-cu ildə qəbul edilən qərar bu narazılığa da son qoydu. Tələskənlik və hövsələsizlik respublikada formalaşan milli ovqatlı kadrlara zərbə ilə nəticələndi.

 

1977-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası hazırlanmağa başladı. Həmin dövrdə respublikamıza ümummilli lider Heydər Əliyev rəhbərlik edirdio, Azərbaycan dilinin Əsas Qanunda dövlət dili kimi təsbit olunması ilə bağlı təşəbbüslə çıxış etdi. Heydər Əliyevin bu təşəbbüsü İttifaq rəhbərliyi tərəfindən heç də müsbət qarşılanmadı. Bir çoxları bunu "milli ayrı-seçkilik siyasətinin təzahürü" kimi qələmə verir, belə bir addımın atılmasının digər müttəfiq respublikalarda mənfi reaksiya doğuracağını iddia edirdilər. O zaman Konstitusiyanı hazırlayan komissiyanın rəhbəri Heydər Əliyev özü idibütün bu iddialara qarşı tutarlı arqumentlərlə çıxış edərək öz təşəbbüsünün kifayət qədər real səciyyə daşıdığını sübut edirdi. Maneələrə və çətinliklərə baxmayaraq, Heydər Əliyev konstitusiya layihəsindən Azərbaycan dilini dövlət dili kimi təsbit edən maddənin çıxarılması barədə təkliflərlə razılaşmadı.

Azərbaycan dilinin Azərbaycan SSR-də dövlət dili statusu almasına qarşı müqavimət göstərənlərdən ən fəalı olan Ukrayna KP MK-nın birinci katibi Şerbitski ilə Heydər Əliyevin çox ciddi mübahisələri oldu. Şerbitski iddia edirdi ki, əgər müttəfiq respublikalardan biri öz dövlət dilinin adını konstitusiyada göstərərsə, Ukrayna da bunu etməlidir. Ümummilli lider həmin vaxt ona konkret cavab vermişdi: "Mən ona dedim ki, sizə heç kim mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin xüsusi çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Ancaq sizüçün bizə mane olursunuz? Mübahisəmiz çox gərgin oldu".

Ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi əzmkarlıq və qətiyyət nəticəsində 1978-ci ilin aprelində qəbul edilən yeni Konstitusiyanın 73-cü maddəsində Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması qeyd olundu. Beləliklə də Azərbaycan dili dövlət dili statusu aldı və bu, respublikada xalqın milli ruhunun oyanışında, mədəni-tarixi inkişafının stimullaşdırılmasında mühüm əhəmiyyət kəsb etdi. Ana dilimizin hüquqi statusunun dövlət dili səviyyəsinə qaldırılması xalqımızın tarixi nailiyyəti idi.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açıldı. Təəssüflər olsun ki, respublikanın ozamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində xalqın iradəsinə zidd olaraq dövlət dilinin adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq, anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildionun adının dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan antikonstitusion qanun qəbul olundu. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün o zaman Milli Məclisdə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət hesab edildi. Halbuki dövlət dili haqqında müddəa, Konstitusiyada nəzərdə tutulduğuna görə, ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi və deputatların ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi. Lakin o zaman adi qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar verilmişdi.

Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiya layihəsinə baxılarkən dövlət dili haqqında müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət, xalq 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi.

Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına tarixin bütün dövrlərində xüsusi diqqət yetirirdi. 2001-ci il iyunun 18-də ümummilli lider "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha effektli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyırdı.

2001-ci il avqustun 9-da isə ulu öndər yeni fərman - "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" mühüm bir sənəd imzaladı. Fərmanda deyilirdi: "Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin".

Həmin fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən latın qrafikalı Azərbaycan əlifbasına keçid reallaşdı. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı. Latın qrafikası Azərbaycan xalqı üçün tarixi baxımdan daha doğma bir qrafika idi. Hələ 1923-cü ildə respublikamızda latın qrafikalı əlifbaya keçid prosesi başlamışdı. O dövrdə mətbuatda az-az da olsa, latın əlifbası ilə yazılar çap olunurdu. 1929-cu ildə rəsmi olaraq latın qrafikalı Azərbaycan əlifbası qəbul edildi  və 1939-cu ilə qədər məhz bu əlifbadan istifadə olunmuşdu. 1940-cı ildən etibarən isə Azərbaycanda Kirill əlifbasından istifadə edilməyə başlanmışdı. Müstəqilliyin bərpasından sonrakı ilk ildə, 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, o, bütün gücü ilə işləyə bilməmişdi. Yalnız ümummilli lider bu məsələnin birdəfəlik həllinə nail oldu.

2003-cü ilin yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Həmin qanunda dövlətin ana dilinə qayğısı sahəsindəki əsas vəzifələr dəqiq şəkildə göstərildi. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun dövlət dilinin inkişaf proqramının hazırlanmasına və dövlət büdcəsindən ayrılmış vəsait hesabına həmin proqramın həyata keçirilməsinin maliyyələşdirilməsini hökumətin başlıca vəzifələrindən biri kimi müəyyən edirdi. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun təhsil sahəsində başqa dillər üçün geniş imkanlar da açırdı. Belə bir prinsipin qanunda öz əksini tapması həm insan hüquqları, həm də beynəlxalq hüquqda təsbit olunmuş digər mühüm aktlar baxımından olduqca böyük əhəmiyyətə malikdir. Qanunda nəzərdə tutulurdu ki, başqa dillərdə tədris aparan təhsil müəssisələrinin hər birində Azərbaycan dilinin tədrisi məcburi xarakter daşıyır.

Ulu öndərin siyasi kursunu son 10 ildə bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizə yüksək hörmətin təcəssümü kimi Azərbaycan dilinin inkişafına, onun saflığının, təmizliyinin qorunmasına yönəlmiş sistemli tədbirlər həyata keçirir. Ölkə rəhbərinin hələ 12 yanvar 2004-cü il tarixli   "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı əsasında hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. İndiyə qədər yüzlərlə kitabın yeni əlifbada çapı milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı, incəsənətimizi qoruyub gələcək nəsillərə çatdırmaq, qloballaşma dövründə milli özünəməxsusluğu yaşatmaq niyyətindən irəli gəlir. Bu tədbirlər həm də dövlət başçısının elmin və mədəniyyətin inkişafına böyük diqqət yetirdiyini göstərir.

Bununla belə, Azərbaycan Respublikasının son 10 illik inkişaf yolu göstərmişdir ki, digər sahələrdə olduğu kimi, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin aliorta məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin təkmilləşməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və s. sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımi səviyyədə əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris vəsaiti, ana dilində bədii və elmi ədəbiyyat, mətbuat və s. ilə təmin olunması qənaətbəxş deyildir.

Bu problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il 23 may tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və inkişaf mərhələlərinə elmi-tarixi rakursdan nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud olan problemlər, görülməli olan tədbirlər dolğun əksini tapmışdır. Sənəddə Azərbaycan dilinin xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olduğu xüsusi vurğulanır: "Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur".

Sərəncamda bütün bunlarla yanaşı, mövcud problemlərə də ətraflı nəzər salınır, son dövrlər müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi təəssüflə diqqətə çəkilir. Qeyd olunur ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektroninteraktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Sovet dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid olunması ilə ölkəmizdə dilçilik sahəsindəki nəzərəçarpan boşluq hələ də aradan qaldırılmamışdır.

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun  istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın qısa müddətdə hazırlanaraq Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir. Sənədin preambula hissəsində haqlı olaraq göstərilir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövründə Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlər yeni səviyyəyə yüksəldilməlidir: "...Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır".

 Dövlət proqramı 2013-2020-ci illər ərzində bu istiqamətdə bir sıra zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Dövlət proqramında Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması; dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi; dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi; dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi; dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi; dilçi alimlərin müasir informasiyakommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi; dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi; dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi; dilnitq mədəniyyətinin yüksəldilməsi; Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi; Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi kimi mühüm vəzifələr əksini tapmışdır.

Bütün bunlar təsdiqləyir ki, qloballaşan dünyanın yeni çağırışlarına cavab verən siyasət yürüdən Azərbaycan Prezidenti

İlham Əliyev bu prosesin müəyyən neqativ təsirlərini də nəzərə alır, xüsusən mühüm siyasi mədəniyyət hadisəsi olan milli dilin təmizliyinin qorunmasına çalışır. Bu da nəzərə alınır ki, ana dilinə yüksək məhəbbət azərbaycançılıq ideologiyasının milli mahiyyətini açmaqla yanaşı, xalqımızın etnik fərdiliyini özündə təcəssüm etdirən mühüm amildir. Eyni zamanda, Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin mühüm atributlarından biri kimi həm də dünya azərbaycanlılarının milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsinə imkan yaradır.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2013.- 1 avqust.- S. 1-2.