Pirallahının sərvəti
İlin bütün fəsillərində neftçilərin
işi çoxdur
Pirallahı adadır. Təbiətin
hökmü ilə dənizin ortasına -
sahildən onlarca kilometr
aralı düşmüş torpaq parçasıdır. İnsanlar
onu damba vasitəsilə
quru əraziyə birləşdiriblər.
Burada daş evlər,
sənaye obyektləri, su anbarı, elektrik stansiyası və s.
tikilir. Bir sözlə,
adada bir oba yaranıb, abad bir qəsəbə salınıb, indi 16 min nəfərdən
çox əhalisi olan
qəsəbə.
"Pirallahı" həm
də yataqdır. Neftlə və qazla zəngin
olan bir məkandır
ki, onilliklər boyu
çıxarılan sərvəti hələ də tükənməyib.
İnsanlar da burada məhz neft
tapılandan sonra məskən salıb, ev-eşik qurub, infrastruktur yaradıblar.
"Pirallahı" elə
bir yataqdır ki, sərvətinin
yarısı quruda - yerin
təkində, yarısı Xəzərdə - dənizin
dibindədir. Adada ilk
sənaye əhəmiyyətli neft 1902-ci
ildə 44 nömrəli quyudan
alınıb. 1935-ci ildə isə sahildən 520 metr aralıda polad dirəklər
üzərindən qazılmış 157 nömrəli quyu yatağın sudakı ərazisini nişan verib. Bu quyu canlı bir eksponata çevrilərək
hələ də işləyir, neft və
qaz verir.
Pirallahıda neft və qazçıxarma idarəsi
1936-cı ildə yaradılıb. Bu idarə
də adanın özü kimi,
uzun illər yad adlarla çağırılıb. İndi "Abşeronneft"
Neft və Qazçıxarma İdarəsi
adlanır. Bu gün
"Abşeronneft" Xəzərin
qoynundakı "Gürgan-dəniz", "Darvin
bankası", "Qərbi Abşeron"
və digər yataqları da istismar edir. Dəniz
özülləri sahildən onlarca kilometr irəliyə
"addımlayıb". İdarənin hətta adadan 45 kilometr aralıda,
Xəzərin Sumqayıt şəhərinə yaxın ərazisində
də özülləri var.
Özüllər və estakadalar, 4 neft və
qazçıxarma mədəni (sexi), bir sıra digər əsas və köməkçi
sahələr "Abşeronneft"in 1500 nəfərdən artıq olan kollektivinin iş yerləridir. Burada geoloq da, qazmaçı da, operator da,
hətta istehsalatdan kənarda, yəni xidmət
sahəsində və köməkçi işlərdə
çalışanlar da özlərini neftçi, böyük
neftçilər ordusunun üzvü
hesab edirlər. Məhz bu
birlik hissinin gücü ilə idarə qarşıda duran vəzifələri layiqincə yerinə yetirir. Bu ilin 6 ayında "Abşeronneft" 117 min 65 ton neft
hasil edib.
Bu, planın 112,4 faiz yerinə yetirilməsi deməkdir. Yarımillik neft və qaz
təhvili tapşırıqlarına
da artıqlaması ilə əməl olunub.
Xatırladaq
ki, yataqlar köhnədir və burada hasilatı sabit saxlamaq o qədər də asan məsələ deyil. "Abşeronneft" əməkçiləri
isə hasilatı nəinki sabit saxlamağa, hətta artırmağa da nail olurlar. Bu, geoloji
və texniki tədbirlərin həyata
keçirilməsinin, yeni
texnologiyanın tətbiq
edilməsinin, işin
düzgün təşkilinin,
ən başlıcası,
kollektivin bütün
üzvlərinin gərgin
zəhməti sayəsində
mümkün olur.
Son illərin bir nailiyyəti də əməyin təhlükəsizliyi, neftçilərin
məişət şəraitinin
yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində
görülən işlərdir.
Başqa
sözlə, başlıca
şərt neftçinin
sağlamlığıdır, onun evindən sağ-salamat çıxdığı
kimi əmək növbəsindən ailəsinin,
uşaqlarının yanına
da beləcə qayıtmasıdır. Axı
bu yerlərin ən böyük sərvəti insanlardır
- ada və dəniz şəraitində
torpağın və suyun dərinliklərindən
təbiətin sərvətini
üzə çıxaran
insanlar...
Bu ğün Pirallahı müxtəlif
sahələrdə çalışan
yüzlərlə insanın
məskən saldığı
bir məkan olsa da, yaddaşlarda
həmişəlik neftçilər
qəsəbəsi kimi
qalır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı
ilə bu qəsəbənin sosial-iqtisadi
inkişafına yönəldilən
tədbirlər burada yaşayan neftçilərə
və bütün sakinlərə qayğıdan
qaynaqlanır. Dövlət
başçısı keçən
il noyabrın 23-də
qəsəbəni sahillə
birləşdirən avtomobil
yolunun dəniz suyu ilə yuyulmasının
qarşısının alınması,
yolətrafı zonalarda
ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi
və yol boyunca sahilbərkitmə işlərinin aparılması
məqsədilə ilkin
olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması
barədə sərəncam
vermişdir.
İndi
nəzərdə tutulan
işlər davam etdirilməkdə, Pirallahıya
gedən yollar abadlaşmaqdadır. Axı qədim Pirallahı bu gün həm
də Azərbaycan paytaxtının ən gənc rayonudur. Bu rayonun ən
böyük sərvəti
neft və neftçilərdir.
Neftçilərin isə işi həmişə çox olur.
Bu isti yay
günlərində də
onlar mədənlərdə,
özül və estakadalardadır.
Flora SADIQLI
Azərbaycan.- 2013.- 1 avqust.- S. 1.