Yüksək yazı mədəniyyəti
və söz ehtiyatı olan
dil
Ümummilli lider
Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana
əsasən avqustun 1-i respublikamızda Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ana
dilinin inkişafı ilə əlaqədar
ulu öndərin müntəzəm
imzaladığı fərman və sərəncamlarda, eləcə
də çıxış və məruzələrində,
tövsiyələrində vaxtaşırı ortaya
çıxan problemlərə toxunulur və
onlar həllini tapırdı.
Ötən əsrin
70-ci illərindən başlayaraq Azərbaycan
dilinin hərtərəfli
inkişafına, onun rəsmi dövlət
dilinə çevrilməsinə, beynəlxalq münasibətlər
sisteminə yol tapmasına, zənginləşməsinə,
zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük
əhəmiyyət verilirdi. "Dil ədəbiyyatla, mədəniyyətlə,
mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik
formulu yoxdur"
söyləyən Heydər Əliyev yürütdüyü
dil siyasətində həmişə
çalışırdı ki, gənc nəsildə
bu cür nəcib
hisslərin tərbiyə edilməsi ön
planda olsun. Ümummilli lider ana dilini sadəcə
öyrənmək deyil, onu
sevməyi də tələb edirdi. Bu mənada dillə bağlı söylədiyi
bütün fikirlərdə,
çıxış və məruzələrində həmişə
böyük mənalar duyular,
müdriklik hiss edilərdi:
"Xatirimdədir, 70-ci illərdə mən bir
neçə dəfə çox
narahatlıqla göstərişlər verdim
ki, rusdilli məktəblərdə
Azərbaycan ədəbiyyatına çox
yer verilsin.
...Mən arzu
edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində
oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini
isə Azərbaycan dilində oxusun". Bütün
mütəxəssislər, tədqiqatçılar, ümummilli liderlə birlikdə səfərdə
olanlar bir məsələni
həmişə tez-tez yada
salırlar ki, Heydər Əliyev Azərbaycan
dilini təkcə ölkəmizdə,
soydaşlarımızın yaşadığı yerlərdə
deyil, beynəlxalq dillər mühitində
də səsləndirməyi lazım bilirdi.
Ulu öndər deyirdi:
"Mən hər yerdə Azərbaycan dilində
danışıram. Qoy tərcüməçilər
mənim danışdıqlarımı öz
dilimdən tərcümə etsinlər. Biz
daha keçmişdəki kimi
sovet imperiyasının daxilində deyilik ki, rus
dilində danışaq. Qoy hamı, o cümlədən dünyaya yayılmış
soydaşlarımız da bilsinlər ki, bizim öz
dilimiz var və biz öz dilimizdə də
danışırıq". Ümummilli lider Heydər Əliyev bütün
fəaliyyəti boyu Azərbaycan dilinin dövlət dilinə yalnız sözdə
deyil, əməldə də çevrilməsi
üçün var gücü və iradəsi ilə
çalışmışdır. Dünyaya
səpələnmiş azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi,
milli-mənəvi körpülər olması üçün
əsl mübarizə aparmışdır.
Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim
xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif
proseslərdən keçir. Bu gün istər
danışıq, istərsə də yazılı şəkildə
işlətdiyimiz Azərbaycan dili də
mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir.
Əlbəttə, dilin əsas
yaradıcısı millətin özüdür.
Elə ifadələr, kəlmələr var
ki, xalq onu necə işlədibsə, bu
gün də elə qəbul edilməlidir.
Bir sözün yerinə
düşməməsi onun mənasının
itməsinə, təhrif olunmasına gətirib
çıxarır. Nahaq demirlər ki, dil söz
sərvətinin yaradıcısıdır. Bəlkə də
Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar
nemətlərdən biri dildir
və o, təkcə ünsiyyət vasitəsi
deyil.
Müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsində
ulu öndər Heydər Əliyevin
müstəsna xidmətləri var. O böyük insan həmişə
dillə bağlı uzaqgörənlik edirdi.
18 iyun 2001-ci il tarixli "Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərmanında deyilir:
"Azərbaycan dili bu
gün dərin fikirlərin ən incə
çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə
malik dillərdəndir. Düşüncələrdəki
dərinliyi, hisslərdəki incəlikləri
bütünlüklə ifadə etmək kamilliyinə
yetişə bilməsi üçün hər
hansı xalqın bir neçə minillik tarixi
yaşaması lazım gəlir". Bu mənada
biz xoşbəxtik ki,
doğma Azərbaycan xalqı həqiqətən
də dünyanın ən qədim xalqlarından biridir.
Dövlət müstəqilliyini
qazandıqdan sonra dilimizin
tətbiqi işinin təkmilləşdirilməsi
ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar
imzalanıb. Dil tarixində əlamətdar,
önəmli hadisəyə çevrilən bir
məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq
12 ildir ki, biz ana dilimizlə
bağlı bu qürurdoğuracaq
günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil
sadəcə ünsiyyət vasitəsi deyil,
eyni zamanda ədəbiyyatdır,
tarixdir, mahnıdır, musiqidir,
millətin taleyidir. Bu
gün Azərbaycan dili
Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar
beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə
dilin mövqeyinin
möhkəmləndirilməsi üçün
bir sıra islahatlar həyata
keçirilib. Hansı ölkədə
yaşamasından asılı olmayaraq hər
bir azərbaycanlı öz
ana dilini, milli adət-ənənələrini
unutmamalıdır. Dil həm də bir döyüşçü
kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən
də onu elə sözlə yükləməliyik
ki, döyüşlərdən qələbə
ilə qayıtsın.
Təqdirəlayiq
haldır ki, ümummilli
liderin ideyalarını layiqincə yerinə
yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma
dilimizə, milli adət-ənənələrimizə,
qədim mədəniyyətimizə böyük
həssaslıqla yanaşır. İnam və
qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin
inkişafının
əsas qarantı da məhz ölkə Prezidentinin özüdür.
Azərbaycan ədəbiyyatını, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin
latın qrafikasında yenidən nəşr edilməsi məhz
İlham Əliyevin təşəbbüsü
ilə baş tutdu. Prezidentin 2004-cü il
yanvarın 12-də imzaladığı "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"kı sərəncamı həm
də əlifba ilə bağlı problemləri tamamilə həll
etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin
latın qrafikasına keçirilməsi baş
tutdu. Dövlət
başçısının sonrakı sərəncamlarında
isə 150 cildlik "Dünya
ədəbiyyatı kitabxanası", 100 cildlik
"Dünya uşaq ədəbiyyatı
kitabxanası", 100 cildlik "Azərbaycan
ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin
latın qrafikalı ədəbiyyat fondunu
zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi
mühüm və uğurlu
tədbirlərdən biri də 2004-cü
il 13 yanvar tarixində
imzaladığı "Azərbaycan milli
ensiklopediyasının nəşri haqqında" sərəncam
oldu. Bu sərəncamların nəticəsində qiymətli
kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində
mühüm rol
oynadı. Prezident İlham
Əliyev milli xüsusiyyətlərimizin
saxlanmasında ana dili
və ədəbiyyatımızın başlıca amillərdən
olduğunu dəfələrlə diqqətə
çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
Dəfələrlə
müşahidə edilib ki,
ölkə Prezidenti İlham
Əliyev müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə
keçirdiyi görüşlərdə
həmişə dövlət atributlarına, xüsusilə də
Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə,
incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən
söz açır. Bu
nümunədən, örnəkdən isə hamımız pay götürməliyik. Humanitar elmlərlə
bağlı apardığı söhbətlərin birində
milli-mənəvi dəyərlərimizə, ana
dilimizə toxunaraq bir
sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan Prezidentin söylədiyi fikirlər bu gün də hər birimiz üçün
önəmlidir: "Ana dilimizə
hörmət və qayğı daim
olmalıdır. Biz ana
dilimizi xarici təsirdən
qorumalıyıq. Ana dilimiz
bizim toxunulmaz sərvətimizdir.
Azərbaycan xalqının formalaşmasında, müstəqil
Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili
müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim
qoruyaq. Bu məsələyə
çox ciddi diqqət
göstərilməlidir".
Prezident İlham
Əliyev 2011-ci ildə - Azərbaycan Milli
Elmlər Akademiyasının illik ümumi yığıncağındakı
nitqində ana dilimizin
qorunmasının vacibliyini elm xadimlərinin diqqətinə
çatdıraraq bir daha
təsdiqlədi ki, bu
istiqamətdə görəcəyimiz işlər çoxdur. Ana dilinə məsuliyyətlə
yanaşmaq həm övladlıq, həm də
vətəndaşlıq borcumuzdur.
Azərbaycan
Prezidenti İlham
Əliyevin 2012-ci ilin aprel
ayında respublikanın şimal-qərb bölgəsinə səfəri
zamanı Ağstafa şəhərindəki
Yazıçılar Evində bölgə ziyalıları ilə
görüş zamanı mənəviyyat
və dil məsələsinə yenidən
qayıtması hamını dərindən
düşündürməlidir. Cənab Prezidentin müdrik fikirləri çox
məsələyə işıq saldı: "Biz dilimizi
qorumalıyıq. Kim bunu
qorumalıdır? İlk növbədə
ziyalılar, ədiblər, şairlər, eyni
zamanda nüfuzlu insanlar, söz sahibləri,
bizim televiziya
kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax
bu məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr
işlədilir. Nə üçün?
Axı bizim eyni məna
daşıyan bir neçə kəlməmiz
vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dil bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər
çox dil bilsə, o qədər yaxşıdır. Xüsusilə
gənclərimiz həm rus dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər. Ancaq
biz dilimizi
qorumalıyıq. Ona görə ki, bu, çox
ciddi məsələdir". Bu məqamla bağlı üzünü
ziyalılara tutan Prezidentin
bir istəyi də var.
Onlar sözlərini desinlər. Təkcə
öz əsərlərində, şeirlərində
dili vəsf etməsinlər, telekanallarda, mətbuat səhifələrində
dilin evini yıxan adamlara qarşı mübarizə
aparsınlar. Bu ciddi irad və
tapşırıqdan sonra gözləmək
olardı ki, dilçiliklə məşğul
olan aidiyyəti orqanlar,
dilçi alimlər, ədəbiyyatşünaslar,
mütəxəssislər hər gün
dillə bağlı üzləşdiyimiz nöqsanlar
haqqında öz qətiyyətli sözlərini
deyəcəklər. Amma hələ
də susqunluq davam edir. İş o yerə çatıb ki,
özəl kanallar dil
məsələsini şou-proqramlarına gətirərək
lağlağılıq edirlər. Bir irad da olanda
"demokratiyadır, mən bu cür danışıram" söyləyirlər.
Sovet
dövründə Azərbaycan dilçilərinin dünya elmində gedən proseslərdən təcrid
olunması ilə əlaqədar ölkəmizdə dilçilik sahəsində müəyyən boşluqlar yaranmışdı və
bunları aradan qaldırmaq üçün ölkə
başçısı cənab İlham
Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan
dilinin qloballaşma
şəraitində
zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin
inkişafına dair Dövlət
Proqramı haqqında" sərəncam
imzalamışdı. Həmin sərəncamda deyilir:
"Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından
lazımınca və düzgün istifadə
edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl
gətirə biləcək yad
ünsürlərin üzə çıxarılması və
qarşısının alınması istiqamətində
mütəxəssislər heç də
həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə
etibarilə dövlət dilimizin tətbiqi
sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə
büruzə verir".
Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən
Prezident İlham
Əliyev onun həyatımızın mühüm amili olduğunu diqqətə çatdıraraq bəzi
mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulmasının adi hal
aldığını göstərir. Həqiqətən də,
film dublyajında, tərcüməsində,
küçə və meydanlardakı reklamlarda,
afişalarda, mətbuat səhifələrində,
telekanallarda Azərbaycan dilinin
leksik və qrammatik
qaydaları pozulur. Qəzetimizdə dəfələrlə
ana dili ilə
bağlı müxtəlif mövzulara,
problemlərə toxunmuş, dilçi alimləri,
ziyalıları, jurnalistləri ana dilimizin keşiyində dayanmağa
səsləmişik. Təəssüf ki,
bəzən dilin qayda-qanunlarını məhz
onu qorumağa borclu olanlar pozur. Mətbuat səhifələrində, ekran-efir məkanında bu
məsələ hələ də qüsurlu
olaraq qalır. Televiziya
aparıcılarının səs ahəngində yadlıq,
diqqəti çəkmək üçün
yersiz hay-küylü
çıxışlar, səhv tələffüz, yerinə
düşməyən ifadələr, ləhcələr dilimizi korlamaqdadır. Yazı prosesində, korrektura zamanı hansısa bir
sözün düzgün
yazılışı üçün
"Azərbaycan dilinin orfoqrafiya
lüğəti"nə baxmalı oluruq.
Təəssüf ki, sonuncu
orfoqrafiya lüğəti (2004-cü il nəşri) qüsurlarla
doludur.
Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan dili
xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin
sarsılmaz təməlidir. Bu səbəbdən
də onun qorunması və qayğı
ilə əhatə olunması müstəqil Azərbaycanın
hər bir vətəndaşının
müqəddəs borcudur.
Flora XƏLİLOVA
Azərbaycan.- 2013.- 1 avqust.- S. 2.