R.İbrahimbəyovla İ.Qəmbər
«vahid namizəd» məsələsində
razılığa gələ bilmədilər
"Milli Şura" üzvlərinin
erməniyə məxsus hoteldə görüşünün
detalları bəlli oldu
"Milli
Şura" yaranan
gündən qurum üzvləri
arasında qarşılıqlı ittihamlar,
"söz savaşları" davam edir. Antimilli
qüvvələrin cəmləşdiyi qurumun
taleyinin belə olması gözlənilən
idi. Son olaylar da bir
daha göstərdi ki,
qurum təmsilçilərinin ölkəyə
rəhbərlik etmək iddiası gülüncdür.
"Milli Şura"
üzvlərinin erməniyə məxsus "Vera
Palace" hotelində görüşmələri
bu şəxslərin əsl ermənipərəst
simalarını ortaya qoydu.
Bununla da "Milli Şura" üzvlərinin nəinki Vətən,
dövlət, millət hissindən, hətta kosmopolit
insana da xas adi insani
keyfiyyətlərdən - vicdan və ədalət
hissindən məhrum olduqları üzə çıxdı.
Belə bir addımı Rüstəm
İbrahimbəyovun erməni sevgisinin
növbəti təzahürü kimi
də qiymətləndirmək olar.
R.İbrahimbəyovun ermənilərə
olan sevgisinin zaman-zaman özünü büruzə
verməsi onsuz da hər
kəsə bəllidir. Görünür,
onun tərəfdaşları, aqressiv müxalifət partiya
rəhbərləri də antiazərbaycançı şəbəkənin,
xüsusilə də ermənilərin təsiri altında fəaliyyət
göstərməkdən çəkinmirlər. Beləliklə,
məlum olur ki, bu şəxslər maraqları naminə hətta
ən qatı düşmənlərimizlə belə
razılığa gəlməyə hazırdırlar. Aydındır ki, R.İbrahimbəyov
və milli təəssübkeşlikdən
uzaq olan "Milli Şura"nın üzvləri türk dünyasına qarşı erməni vəhşiliyinin
simvoluna çevrilən Xocalı
soyqırımını, milyondan çox Azərbaycan türkünün
doğma yurdundan zorla didərgin düşməsi faktlarını
görə-görə erməni təəssübkeşliyi
çəkmələri məkrli qüvvələrin
marağına xidmət edir. Aşkar görünür
ki, müstəqil Azərbaycan dövlətinin
sürətlə inkişaf etməsindən
narahat olan qüvvələr
ölkəmizə və xalqımıza qarşı qərəzli
mövqelərini gizlədə bilmirlər. Beləcə, bu çirkin əməllərini
R.İbrahiməyov kimi qoca
ssenaristin əli ilə həyata
keçirməyə çalışırlar.
Tiflisdə
keçirilən toplantıda məlum olub
ki, İbrahimbəyov orada
Gürcüstan kinematoqrafları ilə film çəkməyi
planlaşdırırmış. Bu plana əsasən, Tiflisə gələn qoca kinossenarist deyib ki, "Milli Şura" nə zaman onun qayıtması ilə
bağlı qərar qəbul etsə, o zaman Bakıya qayıdacaq. Bu da növbəti yalan
ssenarilərdən biridir. "Milli Şura" üzvləri
dünənə kimi R.İbrahimbəyovun
Bakıya gəlməsini istəyirdilər. Elə isə bir qərar qəbul etmək nə çətin
işdir ki?! Görünür, bunun üçün də xarici
dairələrdən xüsusi göstəriş
gəlməlidir...
İbrahimbəyov gəlsə,
nə dəyişəcək ki? Qurumun tərkibində hərə özünü potensial "vahid namizəd"
kimi görür.
Müsavat Partiyası Mərkəzi
İcra Aparatının rəhbəri Arif Hacılı bildirib:
"Əvvəlcədən bəlli idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana
gəlməkdən qorxur. O kimdir ki, onun
da ayağına gedək. Kifayət qədər
ona güzəştə getdik.
Onun Milli
Şuranın sədri olmasına dəstək verdik.
Bundan sonra İsa Qəmbərin namizədliyinin dəstəklənməsi
haqqında düşünməliyik".
Rəsul Quliyev
isə tam əmindir ki,
prezident seçilə bilər. Deyir ki, ölkəyə
qayıda bilsə, seçkidə iştirak
edəcək, özü də qalib gələcək: "Mənim namizədliyimi
irəli sürmək məsələsinə gəldikdə,
"heç bir
bazası olmayan" ifadəsi demoqogiyadan başqa bir şey deyildir.
Mən artıq "Rüstəm İbrahimbəyov
nəyə görə vahid namizəd
olmalıdır və o, qeydiyyata
alınmasa, seçkilərin keçirilməsinə imkan vermək olmaz" kimi fikirlərimi dəfələrlə
söyləmişəm... Ölkəyə qayıda bilsəm,
seçkidə iştirak edəcəyəm,
mənə vahid namizəd olmaq lazım deyil".
Öz aralarında "vahid namizəd" məsələsində
razılığa gələ bilməyən müxalifət
liderləri artıq gülünc duruma düşüblər. Bütün proseslər göstərir ki,
müxalifətin başqa-başqa adlarla "birlik"lər yaratmaq
cəhdləri nə qədər qəribə səslənsə
də, məhəllə uşaqlarının
yığışıb müxtəlif adlarda
oyun oynamaqlarına bənzəyir. Əvvəllər
yaradılan və hazırda fəaliyyətləri
görünməyən saxta birliklərin
tərkibinə baxsaq, hamısında eyni simaların olduğunu
görərik. Onların ideyaları da, irəli
sürdükləri fikirləri də özləri kimi köhnədir. "Milli
Şura" da bu qəbildəndir. Hazırda yeni
informasiya və kreativ
düşüncələr dövründə
yaşayırıq. Ancaq müxalifətin
saxta birliklərinin davamçısı olan "Milli Şura" üzvləri hələ də
80-90-cı illərin düşüncəsindən uzağa gedə bilməyiblər.
Elgün MƏNSİMOV
Azərbaycan.- 2013.- 1 avqust.- S.3.