Azərbaycanda Olimpiya hərəkatı yüksəliş dövrünü yaşayır
Milli Olimpiya Komitəsi Prezident İlham Əliyevin rəhbərliyi altında son 16 ildə böyük uğurlara imza
atmışdır
Bu gün
Olimpiya Oyunları beynəlxalq həyatın
ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən
heç bir dövlət
kənarda qalmamağa, olimpiadalarda
layiqincə təmsil olunmağa
çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya
Oyunlarında göstərilən nəticə yalnız
dövlətin idman həyatının deyil, onun iqtisadi
potensialının, ictimai, sosial-mədəni
həyatının göstəricisidir. Olimpiya
Oyunlarında qazanılan yüksək nəticələr
ölkənin beynəlxalq aləmdə imicini
yüksəltməklə yanaşı, onun
imkanlarını nümayiş etdirir.
Xatırladaq
ki, milli müstəqilliyin
bərpasının ilk illərində
ölkəmizdə yaranmış böhranlı vəziyyət
idmanı da tənəzzülə
uğratmışdı. İdmanın xilası və inkişaf etdirilməsi üçün,
ilk növbədə, dövlətin idmana münasibətində dəyişiklik
yaranmalı idi. Bu, 1993-cü ildə
xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasını
öz üzərinə götürməsindən
sonra başladı. Ulu
öndər xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra idmana
münasibət kökündən dəyişdi. Azərbaycan
xaos və anarxiya
girdabından çıxdığı zaman
idmanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən birinə
çevrildi.
Ümummilli lider ölkədə Olimpiya
hərəkatının genişlənməsinin də təşəbbüskarı
və ilhamçısı oldu. 1994-cü
ilin aprelində Heydər Əliyev Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti
Xuan Antonio
Samarançı, Milli Olimpiya
Komitələri Assosiasiyasının prezidenti
Mario Vaskes Rananı, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu qəbul etdi. Qəbulda Azərbaycanda Olimpiya hərəkatının vəziyyəti
və onun inkişaf
perspektivlərinə dair geniş
fikir mübadiləsi aparıldı. Bu görüşdən üç
ay sonra Prezidentin fərmanı ilə Azərbaycan Gənclər
və İdman Nazirliyi
yaradıldı.
Bütün bunlara baxmayaraq, həmin
dövrdə, daha doğrusu,
1992-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyətinin birinci beşilliyində görülmüş
işlər qənaətbəxş sayıla bilməzdi. Çünki MOK-un fəaliyyəti
lazımi səviyyədə qurulmamışdı. Qeyd etdiyimiz kimi, 1994-cü ildə Gənclər və İdman Nazirliyi
yaradılmışdı və dövlətin idman
siyasəti məlum idi. Həmin dövrdə
MOK qarşıda duran ümdə vəzifələrin
həyata keçirilməsi üçün
kənarda qalmamalı, aparıcı rol
oynamalı idi. Təəssüf
ki, MOK belə bir mövqe tuta bilmədi,
ölkənin idman həyatına müsbət
təsir edəcək işləri, demək olar
ki, görmədi. İdmanın
inkişafı ilə bağlı əsas yük
dövlət strukturlarının üzərinə düşürdü. O vaxt
Atlanta Olimpiadasına
hazırlıq üzrə Təşkilat Komitəsi
yaradıldı. Olimpiya Oyunlarına
hazırlıq və respublikanın təmsil olunması istiqamətində
işlərin həyata keçirilməsinə yalnız
dövlət strukturları cəlb olundu.
Ümumən, MOK-un fəaliyyətinin ilk beşilliyi
dövründə milli Olimpiya
hərəkatında süstlük hökm sürürdü.
Belə bir vəziyyət isə ölkə
rəhbərliyini, idman ictimaiyyətini qane edə bilməzdi. İşdə əsaslı
dönüş yaratmaq
tələb olunurdu. Dünyaya
səs salmaq üçün
Olimpiya Oyunlarında yüksək nəticələr
göstərmək lazım idi.
MOK-un 1997-ci il
iyulun 31-də keçirilmiş
növbəti baş məclisində bütün bu məsələlər
ciddi müzakirə olundu.
Məlum oldu ki,
istedadlı idmançılarımızın, məşqçi
və mütəxəssislərimizin bir qismi ölkədən gedib,
idmançıların məşq və yarışlarda
iştirakı, onların sosial vəziyyəti
acınacaqlı haldadır. Həmçinin aydın oldu ki, MOK-un
nəinki beynəlxalq idman qurumları ilə,
hətta ölkənin idman təşkilatları
ilə əlaqəsi yoxdur.
Belə bir
vəziyyətlə barışmayan Baş
Məclis MOK İcraiyyə Komitəsinin yeni
tərkibini seçdi. Səsvermə nəticəsində
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin birinci vitse-prezidenti,
Milli Məclisin deputatı İlham
Əliyev MOK-un prezidenti
seçildi. Elə ilk
günlər göstərdi ki, MOK bu seçimdə səhv etməmişdir.
Gözlənildiyi kimi, yeni
prezident fəaliyyətə coşqun enerji və
işə bələdliklə, mövcud durumu düzgün qiymətləndirməklə
idmanımızı dirçəltməyin yollarını dəqiq
müəyyənləşdirib dərhal hərəkətə
başladı.
Beləliklə,
1997-ci ildə cənab İlham Əliyevin
MOK-un prezidenti
seçilməsi ilə ölkədə Olimpiya
hərəkatının və bütövlükdə
idmanın inkişafında yeni mərhələnin
əsası qoyuldu. İlk
növbədə, Olimpiya hərəkatının
real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı. İşə
əngəl törədən amillər müəyyənləşdirildi
və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlərin
görülməsinə başlanıldı. Başqa
sözlə, cənab İlham Əliyev MOK-un prezidenti seçiləndən
sonra ölkədə bədən tərbiyəsi
və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu,
bu sahədə sistemli
şəkildə işlər görüldü.
Qurumun fəaliyyətində canlanma təkcə olimpizmin
təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə
bitmədi, həm də maddi-texniki
bazanın gücləndirilməsi sahəsini əhatə
etdi.
Qeyd edək ki,
1997-ci ildə MOK-un özünəməxsus
heç bir idman qurğusu yox idi. Həmin il komitə başqa təşkilata
aid binanın bir
neçə otağında yerləşirdi. Azərbaycanda
keçmiş SSRİ dövründən
qalma, dövlət idman
strukturlarına və həmkarlar ittifaqlarına məxsus idman qurğularının bir
qisminin istismar müddəti
bitmiş, digər qismi
isə ya köhnəlmiş, ya da keçid
dövründə hökm sürmüş
özbaşınalıq, baxımsızlıq ucbatından bərbad hala düşmüşdü. İdman
zalları və meydançalarının böyük
bir hissəsindən öz
təyinatı üzrə istifadə olunmurdu.
İdman avadanlıqlarının əksəriyyəti
dağıdılmışdı. Mövcud
idman zallarının təyinatı
üzrə işlədilməsi, onların bərpası, idman avadanlıqlarının yeniləri
ilə əvəz edilməsi zərurəti kəskin hiss olunurdu.
Paytaxtdan başlayan
quruculuq tədricən bölgələrə
doğru istiqamətləndi. Xüsusi olaraq qeyd etmək
lazımdır ki, bölgələrdə
Olimpiya idman komplekslərinin
tikilib istismara verilməsi
həmin yerlərin sosial-iqtisadi
inkişafı və idman hərəkatının
tərəqqisi üçün önəmli
rol oynayırdı. Bütövlükdə
2000-ci ildən indiyədək ölkədə 38 Olimpiya İdman Kompleksi və
bir sıra ixtisaslaşmış idman qurğuları tikilib
istifadəyə verilmiş, mövcud idman obyektləri
yenidən qurulmuşdur. İndi
respublikamızın əksər bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir.
Ölkənin ucqar rayonlarında belə
müxtəlif idman növləri ilə məşğul
olmaq üçün
şərait var. Bütün
bunlar Olimpiya hərəkatının
inkişafına təkan verir. Bu gün təkcə beynəlxalq
idman yarışları deyil,
idmanla bağlı digər böyük tədbirlər də ölkəmizə
həvalə edilir.
İndi Azərbaycanda keçirilən
Avropa, dünya
çempionatları silsilə xarakter
daşıyır. Hər il
müxtəlif beynəlxalq turnirlər, bədii gimnastika, taekvando, güləş,
boks, karate və Olimpiya növlərinə daxil
olan digər idman
yarışlarının məhz Azərbaycanda keçirilməsi,
hər bir sahədə olduğu
kimi, idmanda da ölkəmizə böyük
imic qazandırmışdır. Azərbaycanın
başda Beynəlxalq Olimpiya
Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi
nüfuzlu təşkilatlar olmaqla dünyanın bütün
idman qurumları ilə sıx əlaqələri
var. Son illər bu əlaqələr daha da genişlənmişdir. Bunu
idman təşkilatları rəhbərlərinin
Bakıya intensiv səfərləri və
ölkəmizdə keçirilən mötəbər turnirlər
də təsdiq edir.
BOK, AOK və digər beynəlxalq
idman təşkilatları ilə sıx əməkşdalığın
qurulması ölkəmizin dünya olimpiya hərəkatına fəal şəkildə
qoşulduğunu nümayiş
etdirir. Bir sözlə,
MOK Prezident İlham
Əliyevin rəhbərliyi ilə ideal bir Olimpiya Komitəsinə
çevrilmişdir. Bunu
idmançılarımızın Olimpiya
Oyunlarında göstərdikləri nəticələr əyani
şəkildə nümayiş etdirir. İdmançılarımız Olimpiya Oyunlarında getdikcə daha
çox medal qazanaraq hər dəfə milli
rekordu təzələmişlər. Belə ki, ölkəmizin ilk dəfə müstəqil yığma komanda kimi
qatıldığı Atlanta
Olimpiadasında (1996) cəmi bir medal (gümüş)
qazanılmışdısa, sonrakı Olimpiya
Oyunlarında - Sidneydə (2000) 3 medal (2
qızıl, 1 bürünc), Afinada (2004) 5 medal (1
qızıl, 4 bürünc), Pekində
(2008) 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc),
nəhayət, Londonda (2012) 10 medal (2 qızıl, 2 gümüş,
6 bürünc) əldə edilmişdir. Diqqətəlayiq haldır ki, dövlət başçısının özü hər dəfə Olimpiya
Oyunları keçiriləndə
idmançılarımızın yanında olmuş
və onları dəstəkləmişdir.
İdman sahəsində
gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği,
idmanın maddi-texniki bazasının
möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası sayəsində
ölkəmiz mötəbər beynəlxalq idman
yarışlarının
keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən biri olmuşdur. Hazırda
Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq
yarışlara deyil, eyni
zamanda qitə və dünya
çempionatlarına ev sahibliyi
edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu
turnirlərdə qazanılmış hər bir
uğur, sadəcə olaraq,
hansısa bir qələbə deyildir: "Hər dəfə milli bayrağımız qaldırılanda,
dövlət himnimiz səslənəndə
hər bir vətənpərvər Azərbaycan
vətəndaşı qürur hissi ilə bu gözəl
anları yaşayır. Çünki
ölkənin qələbəsi, idmançıların qələbəsi,
bizim uğurlarımız hər bir vətənpərvər vətəndaşı
sevindirir. Ancaq idman, sadəcə olaraq, idman yarışlarında əldə edilən
qələbə deyildir. İdmanın cəmiyyətdə
çox geniş,
çoxşaxəli təsiri vardır. Bir
daha qayıtmaq istəyirəm əvvəlki
fikrə, adətən, inkişaf etmiş ölkələrdə idman da inkişaf
edir və inkişafdadır. Yəni
idmanın inkişafı ölkələrin ümumi
inkişafının göstəricisidir".
Sevindirici haldır ki, bu gün Prezident
İlham Əliyevin rəhbərliyi
altında Milli Olimpiya
Komitəsinin qazandığı nüfuz,
göstərdiyi fəaliyyət beynəlxalq idman
təşkilatları tərəfindən dəstəklənir
və ən yüksək qiymətə layiq
görülür.
Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının,
2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və
2016-cı ildə Şahmat
Olimpiadasının Bakıda keçirmək hüququnu
əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə
marağının artmasından irəli gəlir. Ötən
il dekabrın 8-də Avropa
Olimpiya Komitəsinin Baş
Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının paytaxtımızda
keçirilməsi ilə bağlı qərarın qəbul
edilməsi təsadüfi deyil. Yeri gəlmişkən, birinci
Avropa Oyunlarının Bakıda
keçirilməsi haqqında qərar 49 Milli
Olimpiya Komitəsindən 48-nin iştirak etdiyi gizli səsvermədə 38 ölkə lehinə,
8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla təsdiqlənmişdir.
Avropa qitəsində
ilk dəfə təşkil olunacaq bu mötəbər
idman tədbirinin məhz Azərbaycana həvalə
edilməsi beynəlxalq idman ictimaiyyətinin
ölkəmizdə görülən bütün
işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində
əldə edilən
nailiyyətlərə verilən yüksək qiymətdir. Bununla bağlı Prezident
İlham Əliyev demişdir:
"Bu gün Azərbaycanın
mötəbər beynəlxalq tədbirlərin keçirilməsində
gözəl təcrübəsi var. Azərbaycanda
mütəmadi qaydada dünya,
Avropa çempionatları keçirilmişdir.
Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə
keçirilmişdir. İki
həftədən çox bir müddətdə bütün
idmançılar və şəhərimizin qonaqları Azərbaycan
xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli
inkişaf prosesini izləmişlər.
FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və
bizim təşkilatçılıq
qabiliyyətimizə çox yüksək
qiymət verilmişdir. Yəni biz bu tədbirləri
keçirməklə və öz təşkilatçılıq
qabiliyyətimizi göstərməklə bir
növ, yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir
Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab
edirəm ki, Avropa
oyunları da yüksək səviyyədə
keçiriləcəkdir".
Müstəqillik
dövründə idmançılarımızın Olimpiya Oyunlarında qazandıqları qələbələrin
də belə nüfuzlu tədbirlərin
Azərbaycanda keçirilməsinə böyük
imkanlar yaratdığını həmişə
qeyd edən cənab İlham
Əliyev demişdir: "Azərbaycan
bu gün dünyada və Avropada idman dövləti kimi
tanınır. İdmançılarımızın
uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü
göstərir... Əlbəttə ki,
idmançıların uğurlu
çıxışları bu
oyunların Bakıda keçirilməsinə müsbət
təsir göstərmişdir".
Azərbaycan həm də idman ölkəsi olduğunu
bu yaxınlarda Kazan
Universiadasında qazanılmış böyük
qələbə bir daha
sübut etdi.
Yığma komandamız XXVII Yay
Universiadasına 81 idmançı ilə qatılmış,
10 idman növündə mübarizə
aparmışdır. Tələbə
idmançılarımız gərgin mübarizə şəraitində
keçən yarışlarda 16 medal (4
qızıl, 5 gümüş, 7 bürünc) qazandılar. Bu,
o deməkdir ki, Kazanda milli himnimiz
dörd dəfə səsləndi,
dövlətimizin bayrağı 16 dəfə
qaldırıldı. İdmançılarımız komanda hesabında 15-ci yerə
çıxdılar. Avropada 9-cu, müsəlman
ölkələri arasında isə 1-ci yeri
tutduq. Bu isə ötən
illərlə müqayisədə rekord
göstəricidir.
Bütün bu nailiyyətlər Azərbaycanda gedən hərtərəfli,
sürətli inkişafın məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.
Şübhə etməmək olar ki, bütün sahələrdə
olduğu kimi, idman və Olimpiya hərəkatı
sahəsində yeridilən dövlət siyasəti ölkəmizə
bundan sonra da yeni-yeni uğurlar
gətirəcək.
Elçin CƏFƏROV
Azərbaycan.- 2013.- 1 avqust.- S. 4.