Con Bernard Pommier: Sehrli ölkədə, gözəl məkanda yenidən olduğum üçün çox şadam

 

Sehrli ölkədə, gözəl məkanda yenidən olduğum üçün çox şadam.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, "Northern Simfonia" konsert salonunun bədii rəhbəri, Torino Filarmoniyasının baş dirijoru, fransalı Con Bernard Pommier AzərTAc-a müsahibəsində demişdir.

Azərbaycana ilk dəfə bir neçə il əvvəl səfər etdiyini bildirən Con Bernard Pommier ötən müddət ərzində ölkəmizin sürətlə inkişaf etdiyini, yeni tikililərin onda unudulmaz təəssürat oyatdığını xüsusilə vurğulamışdır.

Tanınmış dirijor belə bir gözəl təşəbbüsü irəli sürənlərə, festivalın təşkilatçılarına minnətdarlığını bildirərək demişdir: "Burada yenidən olmaqdan çox məmnunam. Dostlarla yenidən görüşmək, onlarla birlikdə olmaq insana xüsusi zövq verir. Biz artıq bir musiqiçilər ailəsiyik. Bu, məni, sözün həqiqi mənasında, xoşbəxt edir. Mən Qəbələyə həyat yoldaşımla gəlmişəm. Həyat yoldaşım Olqa Martinova festival günlərində Dmitri Yablonski ilə eyni səhnəni bölüşəcəkdir. Qəbələ qeyri-adi və gözəl məkandır. Yerusəlim Simfonik Orkestri ilə çıxış etmək mənim üçün çox sevindirici haldır. Qəbələnin təbiəti möhtəşəmdir. Bu gün səhər şəhər ətrafında gəzintiyə çıxdım. İnsanların mehribanlığı və qonaqpərvərliyi məni heyran etdi".

 

Azərbaycan.- 2013.- 1 avqust.- S.4.