İdil Biret: Maestro Niyazi kimi dahi dirijorla bir səhnədə çıxış etmək mənim həyatımın ən uğurlu anlarından biri olmuşdur

 

Bu uğurlu layihəni ərsəyə gətirən V Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilatçılarını təbrik edirəm.

Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Türkiyənin tanınmış pianoçusu, xanım İdil Biret AzərTAc-a müsahibəsində demişdir.  Qəbələdə ilk dəfə olan tanınmış pianoçu şəhərin gözəlliyindən, ecazkar təbiətindən heyranlıqla danışmışdır.

Qəbələ Beynəlxalq Musiqi Festivalının tezliklə dünyada daha da məşhurlaşacağına əminliyini bildirən İdil Biret konsert proqramlarının  zənginliyini, musiqi əsərlərinin ahəngdarlığını xüsusilə vurğulamışdır.

Azərbaycanda bir neçə dəfə geniş konsert verdiyini diqqətə çatdıran tanınmış türkiyəli pianoçu maestro Niyazi ilə bir səhnəni bölüşdüyü üçün özünü xoşbəxt saydığını bildirmişdir: "Maestro Niyazi kimi dahi dirijorla bir səhnədə çıxış etmək mənim həyatımın ən uğurlu anlarından biri olmuşdur. Qəbələnin füsunkar təbiəti və tamaşaçıların alqışları məni çıxış etməyə daha da ruhlandırır. Festivalı ərsəyə gətirənlər bu möhtəşəm sənət bayramının daha rəngarəng keçməsi üçün əllərindən gələni əsirgəməmişlər".

Paris Konservatoriyasında təhsil almış İdil Biret 16 yaşından Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsert proqramı ilə çıxış etmişdir. Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan İdil Biret instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Azad ruhu və yaradıcılıq dühası ona tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla eyni səhnədə çıxış etmək imkanını yaratmışdır.

 

Azərbaycan.- 2013.- 1 avqust.- S.4.