Qeyri-Hökumət təşkilatları ilə televiziyalar arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

İyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında televiziyaların və son maliyyə müsabiqəsində ikinci mərhələyə adlamış yerli QHT-lərin iştirakı ilə layihələrin səmərəli icrasına dair müzakirələr aparılmışdır.

Şuranın katibliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  qurumun sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirdə çıxış edərək rəhbərlik etdiyi qurum tərəfindən vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı müntəzəm aparıldığını və bunu QHT-lərin fəaliyyətindən cəmiyyətin daha geniş şəkildə faydalanmasının təmin edilməsinə yönəldiyini diqqətə çatdırmışdır. A.Quliyev bəyənilmiş layihə ideyalarının icrasının səmərəli təşkili, onun miqyasının genişləndirilməsi, ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasının birgə müzakirəyə ehtiyacı  olduğunu söyləmişdir.

Şura sədri xüsusən yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televerilişlərin mühüm əhəmiyyət kəsb etdiyini demişdir. Televiziyalar ilə QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan şura sədri bunun müasir modelini tapmağa çalışdıqlarını qeyd etmişdir. A.Quliyev şuranın QHT-lər ilə televiziyalar arasında körpü rolu oynadığını və işçi qaydada müzakirələrin davam etdiriləcəyini bildirmişdir.

QHT təmsilçisi Osman Gündüz, Milli Məclisin deputatı Çingiz Qənizadə və digərləri çıxış edərək şuranın təşkil etdiyi bu müzakirənin mühüm əhəmiyyət daşıdığını və televiziyaların imkanından istifadə olunmasının layihələrin səmərəliliyini artıracağını vurğulamışlar.

Tədbirdə iştirak edən telekanalların təmsilçiləri vətəndaş cəmiyyətinin təşəbbüslərini həmişə dəstəkləməyə və əməkdaşlığa hazır olduqlarını bildirmişlər.

 

Azərbaycan.-2013.- 1 avqust.- S.5.