«Buta» diskinin təqdimatı keçirilmişdir

 

İyulun 31-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Buta" diskinin təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, disk Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Tələbə Gənclər Təşkilatının təşəbbüsü,  ATGTİ-nin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmışdır.

Tədbirdə Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, ATGTİ-nin sədri Şahin İsmayılov və BMA-nın tələbə gənclər təşkilatının sədri Vüqar Hümbətov disk haqqında məlumat vermişlər. Bildirilmişdir ki, layihənin əsas məqsədi Azərbaycan klassik musiqisinin gənc ifaçılarına dəstək göstərmək, onların vasitəsilə ölkəmizdən kənarda musiqimizi təbliğ etməkdir.

Nəzərə çatdırılmışdır ki, qısa müddətdə ərsəyə gəlmiş "Buta" diskində BMA-nın tələbələrinin ifasında Azərbaycan klassik musiqisinin inciləri toplanmışdır. Musiqilər arasında Qara Qarayevin, Cahangir Cahangirovun, Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Niyazinin, Emin Sabitoğlunun və digər bəstəkarlarımızın əsərləri, həmçinin "Getdi yar" xalq mahnısı yer almışdır.

Diskin zövqlü dizaynı içərisindəki gözəl ifaları tamamlamışdır. On bir musiqinin yer aldığı disk 1000 nüsxə tirajla buraxılmışdır.

 

Azərbaycan.- 2013.- 1 avqust.- S. 5.