Böyük Britaniyanın «The Guardian» qəzetində Azərbaycanda yaradılmış «ASAN xidmət» mərkəzlərinin səmərəliliyindən bəhs edən məqalə dərc olunmuşdur

 

Böyük Britaniyanın "The Guardian" qəzetində ölkəmizdə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərinin səmərəliliyindən bəhs edən məqalə dərc olunmuşdur.

AzərTAc xəbər verir ki, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Kamal Cəfərovun müəllifi olduğu məqalədə  bildirilir ki, "ASAN xidmət" mərkəzlərinin sayəsində vətəndaşlar hüquqlarını bilir, keyfiyyətli dövlət xidmətləri ilə təmin olunurlar.

Müəllif yazır: "Vətəndaşların bir sıra dövlət xidmətlərindən yararlana biləcəyi "bir pəncərə" modeli Böyük Britaniya, KanadaGürcüstan kimi ölkələrdə tətbiq edilmişdir. Burada məqsəd vətəndaşlara göstərilən xidmətləri daha səmərəli təşkil etməkdir. Azərbaycanda vətəndaşların yararlandıqları xidmətlərin səviyyəsinin artırılmasına müsbət təsir göstərən bənzər model  bu yaxınlarda tətbiq edilmişdir".

Daha sonra yazıda dövlət başçısı İlham Əliyevin bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam imzaladığı qeyd olunur. Müəllif yazır ki, belə bir addımın atılmasının məqsədi müasir texnologiyalardan istifadə edən vətəndaşlar üçün dövlət xidmətlərinə çıxışı daha da asanlaşdırmaqdır. Azərbaycanda bu funksiyanı xidmətlərin yüksək ixtisaslı dövlət məmurları tərəfindən vahid və əlaqəli şəkildə təqdim edildiyi "ASAN xidmət" mərkəzləri yerinə yetirir.

"ASAN xidmət" mərkəzlərində vətəndaşların rahatlığının təmin olunduğunu bildirən müəllif daha sonra yazır: "Bu mərkəzlərdə işləyən insanların orta yaşı 18-35 arasında dəyişir. Onlardan bir çoxu xarici ölkələrdə təhsil almışlar. Bütün bunlar Azərbaycanda ictimai xidmətlərin səmərəliliyinin artırılmasına təkan verən amillərdir".

Sonda məqalədə bildirilir ki, "ASAN xidmət" mərkəzlərində ödənişlər onlayn həyata keçirildiyi üçün belə mərkəzlərin yaradılması ölkədə korrupsiya hallarının da aradan qaldırılmasına öz töhfəsini verir.

 

Azərbaycan. - 2013.- 1 avqust.- S. 7.