Bakıda kibertəhlükəsizliyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

 

Bu ilin sonunda Bakıda keçirilməsi planlaşdırılan "BakuTel-2013" beynəlxalq sərgi-konfransı çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Dünya azərbaycanlılarının I virtual konfransı təşkil olunacaq.

Nazirliyin məlumatında bildirilir ki, sərgi çərçivəsində həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə birgə "Beynəlxalq kibertəhlükəsizlik" konfransının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda konfransın ekspertlər iclası və nazirlər toplantısının keçirilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq ITU-da xüsusi qrup yaradılıb. Hazırda həmin qrup konfransın proqramı və tədbirə dəvətlilərin siyahısının hazırlanması ilə məşğuldur. Sentyabrın əvvəlindən etibarən konfransda iştirak edəcək tərəflərə müvafiq dəvətnamələrin təqdim edilməsi nəzərdə tutulur.

Konfransın yekununda kibertəhlükəsizlik sahəsində Bakı bəyannaməsinin qəbulu gözlənilir. Bəyannamədə 2014-cü ildə Bakıda kibertəhlükəsizlik üzrə sammitin keçirilməsi ilə bağlı tövsiyələr də əks olunacaq. Nəticə etibarı ilə burada BMT çərçivəsində kibertəhlükəsizlik üzrə dünyada ilk və yeganə qətnamənin qəbul ediləcəyi planlaşdırılır.

Qeyd edək ki, "Bakutel-2013" sərgisi dekabrın 2-5-də keçiriləcək.

 

Azərbaycan. - 2013.- 1 avqust.- S. 7.