«Baklift» liftdə qalıb

 

Jurnalistin peşə borcu ictimaiyyəti maraqlandıran, narahat edən mövzuları işıqlandırmaqdır. Şəhərin yeniləşən lift təsərrüfatı da belə sahələrdən biridir. "Baklift" İstehsalat Birliyinə zəng vurub rəhbərlə bir neçə dəfə danışmaq istəsək də, alınmadı. Hər dəfə müdirin sahədə başında olduğunu dedilər, qayıdanda bizimlə əlaqə yaradacağına söz versələr də, əməl etmədilər. "Baklift"in qulağımızdan asdığı "sırğalar" ağırlıq verəndə məcbur olduq ki, İstehsalat Birliyinin Dilarə Əliyeva küçəsində 162 nömrəli binada yerləşən baş ofisinə gələk.

Qapıda nəzarətçidən müdirin yerində olub-olmadığını soruşduq.

- Yerindədir. - Cavabını verdi. - Sonra yerimi, adımı, familiyamı soruşub, yuxarı zəng vurdu ki, müxbir gəlib.  Danışıq uzananda nəzarətçidən telefonu götürdüm. Narahat bir qadın səsi gileyləndi ki, axı niyə gəlmisiniz? Demişdik sizə zəng edəcəyik! Gözləyin,- deyib özü aşağı düşdü, üzbəsurət danışmağa gəldi:

- Niyə əziyyət çəkirsiniz? Demişdik axı rəhbərlik vaxt tapan kimi sizinlə görüşəcək!

- Bilirsinizmi, mən aylarla gözləyə bilərəm. Ancaq ictimaiyyətə gündəlik məlumatlar lazımdır. Müdiriniz ki, yerindədir, niyə qəbul etmir?

- Bilirsiniz, Qüdrət müəllimin nə qədər işi var? Liftlərin təmiri, dəyişdirilməsi? İndi bir dəqiqə də boş vaxtı yoxdur.

- O, rəhbərdir, işlərini elə qurmalıdır ki, bizə də vaxtı çatsın. Məgər təmirə də müdiriniz gedir?

- Əlbəttə, gedir, bütün işlərə nəzarət edir. Siz narahat olmayın, gedin, vaxt olan kimi əlaqə saxlayacağıq. Biz sizi mütləq dəvət edəcəyik!

-  Bu görüş məndən daha çox sizin rəhbərliyinizə gördüyü işlərdən danışmaq, problemlərə toxunmaq, mövqeyini bildirmək üçün lazım idi. İstənilən mütəxəssisiniz məlumatlandıra bilərdi. Bura gəlməklə peşə borcumu yerinə yetirdim, sizə mövqeyinizi bildirmək üçün imkan yaratdıq.

Məryəm xanım məni bir daha artıq arzusunda belə olmadığım görüşün  mütləq baş tutacağına əmin etdi.

Müdirini daldalayan xanıma 1992-ci ilin may ayında Naxçıvana getməyimi xatırladıram. Muxtar respublika erməni blokadasının çətin günlərini yaşayırdı, ağır döyüşlər gedirdi. Heydər Əliyevin bir dəqiqə də olsun boş vaxtı yox idi, gecə yarısınadək Naxçıvan Ali Məclisində onun otaqlarının işığı yanırdı. Bütün çətinliklərə baxmayaraq, o böyüklükdə insan jurnalistləri qəbul etməyə vaxt tapırdı, bizi dinləyirdi, suallarımıza cavab verirdi. İndi isə belə deyək, dünyanın düz vaxtında niyə kiçik bir idarənin rəhbəri mətbuat qarşısına çıxmağa nə özü "macal tapır", nə də ki, savadlı bir mütəxəssisini çıxarır?

Sonuncu sualımı verib cavab gözləmədən İB-nin binasını tərk edirəm.

Son vaxtlar bir sıra müəssisə rəhbərləri, nədənsə, onlara həvalə edilən təşkilatdan bir alınmaz qala yaradıb içində oturur, ictimaiyyətlə, mətbuatla  bütün əlaqələri kəsir və özlərini də haqlı sayırlar. Əslinə qalsa, onları haqlı saymaq da mümkündür. Aşıq gördüyünü çağırar, - deyiblər. Dəfələrlə müxtəlif təşkilatlara, rayon icra hakimiyyətlərinə yürüş edən jurnalistlərin "qırıcı dəstə"lərini görmüşəm. Üstlərində vəsiqə olsa da, əksəriyyətinin nə jurnalistikaya, nə də əsl mətbuata heç bir aidiyyəti olmadığının şahidi olmuşam. Xalq arasında deyildiyi kimi "geyinib, keçinib gəliblər".  Bir-iki nüsxə də əprimiş qəzetlərindən qoltuqlarına vurub icra hakimiyyətinin mətbuat xidmətinə əl açıb ətək tuturlar ki, sanballı bir-iki müdirin "üstünə" göndərsinlər.  Demokratiyada minlərlə KİV çiçəklədi, mətbuat işçilərinin nəhəng və xaotik ordusu yarandı.

Belə vəziyyətdə yalnız işini düzgün quran rəhbər seçim etməyi bacarır, nüfuzlu qəzetləri tanıyır, əlinin altında "reket qəzet"lərin siyahısını saxlayır. Bir sözlə, yaxşını pisdən ayırır, ictimai fikrə təsir edən KİV-lərlə əlaqələrini qurur, pres relizlərini faksla, internetlə mətbuata ötürür,  işgüzar imicini yaradır.

O ki qaldı "Baklift"in "ölkənin ən nüfuzluqocaman qəzetinə dirsək göstərib məlumat verməməsinə, bu bizi qətiyyən narahat etmir. Ona görə ki, araşdırmaq istədiyimiz mövzunu, ilkin mənbənin məlumat verib-verməməsindən asılı olmayaraq, araşdırıb sona çatdırmaq təcrübəmiz var. İstehsalat Birliyinin həftə ərzində bizimlə görüşdən dolayısı yayınması isə elə təəssürat yaradır ki, sanki "Baklift"in özü liftdə qalıb. Çünki hayandan gəlib düyməsini basırsansa, qapılar açılmır ki, açılmır!

Müxtəlif mənbələrdən topladığımız məlumatlardan aydın olur ki, "Baklift" İstehsalat Birliyi 5 minə yaxın liftə xidmət edir. Sevindirici hal odur ki, ildən-ilə yeniləşən liftlərin sayı artır, işləməyən və köhnələrin sayı azalır.  Yeni liftlər qoyulan binaların sakinləri razılıq edirlər. Mehmandarov küçəsində yaşayan Sahil Həsənov liftləri dəyişiləndən sonra rahatlıqlarının artdığını, əsəbilərinin sakitləşdiyini deyir.

Lakin onu da deyək ki, liftlərdən narazı olanların sayı razılardan qat-qat artıqdır. Rəyini öyrəndiyimiz şəhər sakinlərinin əksəriyyəti əvvəlki illərlə müqayisədə lift xidmətinin pisləşdiyini qeyd edir. Əksəriyyət liftdən istifadə üçün adambaşına ayda 40 qəpik ödədiklərini bildirir. "Rüsum az" saytına isə liftdən aylıq istifadə haqqının 20 qəpik olması barədə məlumat verir. Axtardıq adambaşına 20 qəpikdən ödəyənlərin də olduğunu yəqinləşdirdik. Ancaq belə özbaşınalığın nədən yaranmasını güman edirik ki, istehsalat birliyinin özü araşdırmalıdır.

"Baklift" İB-nin nəzarət etdiyi liftlərdən rəyini soruşduğumuz adamların əksəriyyəti narazıdır. Lift xarab olduqda isə bir qayda olaraq sakinlərin hesabına təmir edilir. Təmir haqqı ödənilmirsə, lift də işləmir! Bəla burasındadır ki, binaların sakinləri pul toplayıb öz hesablarına belə təmir etdikdən bir müddət sonra liftlər yenə də sıradan çıxır, adamlar yenə pul toplamağa, lift ustasını çağırmağa məcbur qalırlar. Bu əsasən yaşı 20-ni, 30-u ötən və bəzi yerlərdə isə hətta 40-ı haqlayan "qocaman" liftlərə aiddir.

Elə binalar var ki, lift aylarla işləmir, ildə bir-iki ay işləyən liftlər də var. İnsanlar belə binalardan  köçüb getmək, evini dəyişmək məcburiyyətində qalırlar. Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsinin AB massivində 44 nömrəli binada yaşayan Qalina Hüseynova son bir ildə liftin cəmi bir neçə həftə işlədiyini bildirir: "7-ci mərtəbədə qalıram. Ürəyim xəstədir, mənə təmiz havada gəzmək vacibdir. Lakin liftimiz işləmədiyindən aşağı düşə bilmirəm, elə pəncərədən baxıram həyətin səliqə-sahmanına, rahatlığına". Həmin binada yaşayan Arzu Məmmədova da həmişə liftdən korluq çəkdiklərini bildirir. "Lift pulunu ödəyirsinizmi" sualına isə "işləsin, ödəyək" - deyərək cavab verir. Bir sözlə, narazıların sayı yetərincədir.

Elə adamlar olub ki, lift işləmədiyindən xəstələrini həkimə aparıb gətirmək üçün stula otuzdurub əllərində 7-ci və ya 9-cu mərtəbəyə düşürüb qaldırıblar. Bir də ən çox şikayət liftin kimin pulu varsa, birbaşa onun qapısına getməsindədir. Nədənsə, imkansız ailələrin qapısına çatanda həmin mərtəbədə liftin düyməsi "işləmir". Gileylərin sonu yoxdur!

Liftlərdə baş verən bədbəxt hadisələrdən İstehsalat Birliyi bir o qədər könüllü danışmasa da, yalnız son iki ayda FHN lift qəzaları ilə bağlı 3 məlumat yayıb. Ötən ay FHN Nəcimi rayonunda nasaz liftdə qalan 7 nəfəri gecə yarısı xilas edib. Liftin şaxtasına yıxılan balaca uşaq FHN tərəfindən xilas edilərək ağır  travmalarla xəstəxanaya çatdırılmışdır. Hövsan qəsəbəsində isə şaxtada təmir işləri apararkən fəhlə Elçin Vahidov liftlə şaxtanın divarı arasında qalaraq ölüb.

"Baklift" İB qapılarını üzümüzə bağlasa da, onların da mövqeyindən lift təsərrüfatını nəzərdən keçirməyi özümüzə borc bildik. 10-15 il istismar edilən liftlərin acınacaqlı görkəmi var. Sakinlər liftlərlə düşmən malı kimi rəftar edirlər. Lift təsərrüfatından hiddətlə şikayətlənən sakinlərin uşaqları da, bəzi məqamlarda özləri də hikkə ilə liftlərə divan tuturlar. Onlardan karusel kimi istifadə edərək aşağı-yuxarı yellənən kim, ağzına gələni və "kodlaşdırılmış" lift mesajlarını divarlara həkk edən kim, liftin tavanına, mərtəbə düymələrinə od vurub yandıran kim! Liftin içinə girəndə bəzən elə təsəvvür yaranır ki, iki cəbhənin amansız savaşından sonra viran qoyulan döyüş meydanındasan. Yəni əlindən gələni edirlər ki, bu liftlərin sanki düşmən malı olduğunu sübut etsinlər. Hələ ev təmirlərində lifti "KAMAZ" kimi yükləyib dəfələrlə sındıranları demirik!

Bunu heç bir xalq özünə rəva bilməz, alman, ingilis iki günə nadinc uşağı axtarar, tapar. Lifti təpələmə kərpiclə yükləyəni məhkəməyə verər. Biz isə bağışlanılmaz laqeydliklə fikirləşirik ki, "Əşi, sındırırsa, cəhənnəmə-gora sındırsın. Dədəmin malı deyil ki"! Lakin düşünmürük ki, dədəmizin malından da qiymətlidir.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 7 milyon manat vəsait ayırıb. 2013-cü ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan da 12 milyon manatın ayrılması nəzərdə tutulub. Ötən il bu məqsədlər üçün 12 milyon manat ayrılmışdı.  Etiraf edək ki, bunlar böyük pullardır!  Bu gün şəhər binalarında  hansı blokun sakinləri öz aralarında atışıb liftlərini təzələyər? Təbii ki, heç biri. Kimsə bizə bir köynək hədiyyə edəndə sevinirik, çalışırıq ki səliqəli geyinək. "BAklift" İB-nin xidmət etdiyi liftlər də dövlətin öz xalqına hədiyyəsidir. Onu biz qorumasaq, qədrini bilməsək, kim bunu bizim yerimizə edəcək? Təəssüf ki, bu təşkilat öz mövqeyini özü açıb ortaya qoya bilmir, insanların şüuruna, əxlaqına təsir vasitələrini ciddi araşdırmır. Əvəzində nə görürük? Kim evinə liftlə qalxırsa, "Baklift" İstehsalat Birliyindən, "Baklift" İstehsalat Birliyiöz növbəsində, bütün müştərilərindən narazıdır. Bəzi məqamlarda isə, açığını deyək, bu narazılıq qarşılıqlı nifrətə, ədavətə keçir. Ona görə ki, üz-üzə oturub danışmırlar, heç kim öz günahını görmür, etiraf etmir. Ən asanı ittiham etməkdir. Xidmət göstərənlə bu xidmətdən istifadə edənlərin qarşılıqlı narazılığımı, nifrətimi deyək,  nədən bəhrələnir? Qarşılıqlı məsuliyyətsizlikdən, vətəndaş və məmur məsuliyyətinin kallığından.

"Baklift" düymələrini kilidləyib problemlərin arxasında gizlənməli deyil! Qapıları açıb təbliğatını qurmalı, maarifləndirmə işini gücləndirməli, insanlarla dil tapmağı bacarmalıdır.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan. - 2013.- 1 avqust.- S. 7.