«YARAT!» Müasir İncəsənət Məkanı tərəfindən «PARTICIPATE» Baku Public Art» festivalı çərçivəsində növbəti layihə təqdim edilmişdir

 

"YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində növbəti layihə - əməkdar incəsənət xadimi, rəssam və kurator Səbinə Şıxlinskayanın "Dünyanı qoruyaq" layihəsi təqdim edilmişdir.

AzərTAc xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində təqdim edilmiş özünəməxsus üsluba malik və al-əlvan rənglənmiş avtobus Səbinə Şıxlinskaya və Emil Məcnunovun yaradıcılıq tandemi ilə hazırlanmışdır.

Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskaya "Dünyanı qoruyaq" əsərində qlobal problemlərə toxunur. Çünki müasir meqapolisdə yaranan zibilin miqdarı getdikcə artır, onun utilizasiyası isə kəskinləşir. Aksiyanın keçirildiyi Bakı Beynəlxalq Avtovağzal Kompleksinə isə gündəlik yüzlərlə şəhər əhli gəlir.

Ətraf mühitin problemlərinə insanların diqqətini cəlb etməyə  cəhd edən layihənin rəhbəri qeyri-adi yaradıcılıq eksperimenti keçirmək qərarına gəlmişdir. O, adi darıxdırıcı zibil konteyneri əvəzinə yoldan keçənlərə özünəməxsus üsluba malik və al-əlvan rənglənmiş, kuklalar yerləşdirilmiş avtobus təklif etmişdir. Onun sənət əsəri olan bu avtobus, eyni zamanda, plastik taranı toplamaq üçün konteynerdir. Oradan keçən istənilən adam əlindəki boş plastik qabı konteynerə atmaqla doğma şəhərdə təmizlik və səliqə-sahmana səs verə bilər. Rəssam və "YARAT!" Müasir İncəsənət Məkanının təşkilatçıları belə plastik qabların yenidən emalının optimal üsulunu tapmağa cəhd göstərirlər.

Təqdim olunan avtobus yaxın günlərdə Azərbaycanın bir neçə rayonuna gedəcəkdir.

Əməkdar incəsənət xadimi Səbinə Şıxlinskaya rəngkarlıq və videoart kimi müxtəlif növ mediada fəaliyyət göstərən tanınmış sənətkardır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və V.Muxin adına Leninqrad Ali İncəsənət-Sənaye  İnstitutunda (indiki A.L.Ştiqlits adına Sankt-Peterburq Dövlət İncəsənət-Sənaye Akademiyası) təhsil almışdır.

Səbinə Şıxlinskayanın iştirak etdiyi çoxsaylı sərgilərin siyahısına 30-cu Avropa Şurası İncəsənət Sərgisi, Almaniya Tarix Muzeyi (Berlin, 2012), "Documenta 13" Tənqidi İncəsənət Pavilyonu Ansamblı (Kassel, 2012), Müasir İncəsənət Mərkəzi (Bakı, 2011), Proun Gallery, (Paris, 2011), Rusiya İncəsənət Akademiyasının Dövlət Müasir İncəsənət Muzeyi (Moskva, 2011), Milli İncəsənət, Mədəniyyət və Muzey Kompleksi (Kiyev, 2011), 52-ci Venesiya Biennalesində Azərbaycanın rəsmi pavilyonu (2007) daxildir.

 

Azərbaycan. - 2013.- 1 avqust.- S. 8.