ARDNŞ, BP və «Total» şirkətləri TAP konsorsiumuna qoşulub

 

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" layihəsinin işlənməsi üzrə konsorsiumun üzvü olan ARDNŞ, BP və "Total" şirkətləri Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumuna qoşulub.

TAP konsorsiumundan "APA Economics"ə verilən məlumata görə, bu konsorsiumda ARDNŞ və BP-nin hər biri 20, "Total" isə 10 faizlik paya sahib olub.

Bundan başqa, Avropada əsas qaz tranziti operatoru olan "Fluxys" şirkəti də 16 faiz payla TAP-a qoşulub. Məlumatda deyilir ki, TAP səhmdarları olan İsveçrənin "Axpo", Norveçin "Statoil" və Almaniyanın "E.ON" şirkətləri də layihəni dəstəkləməkdə davam edir.

Nəticədə TAP-ın səhmdarları rolunda artıq BP (20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (16%), "Total" (10%), "E.ON" (9%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

TAP-ın icraçı direktoru Kyetil Tunqland qeyd edib ki, yeni səhmdarlar TAP-ın strateji mövqelərini əhəmiyyətli dərəcədə genişləndirəcək və bu, daha sonra bütün Cənub Qaz Dəhlizinin inteqrasiyasını gücləndirəcək.

Məlumatda həmçinin bildirilir ki, TAP layihəsi bundan sonra da tərəfdaşların qoşulması üçün açıqdır.

 

Azərbaycan. - 2013.- 2 avqust.- S.1.