Prezident İlham ƏLİYEV: «Bu gün bizim əsas hədəfimiz qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir»

 

Cari ilin birinci yarısında qeyri-neft sektorunda məhsul istehsalı 11 faiz artmışdır

 

Xüsusən son illər ölkə iqtisadiyyatının neft-qaz amilindən asılılığını azaltmaq üçün qeyri-neft sənayesinin inkişafı istiqamətində bir sıra mühüm addımlar atılır. İlk növbədə, mövcud qeyri-neft sənayesi müəssisələrini dirçəltmək üçün kapital qoyuluşu artırılır. Bununla yanaşı, müasir dövrün tələbinə uyğun yeni müəssisələr də yaradılır. Onu da qeyd edək ki, qeyri-neft sənaye müəssisələrinin yaradılması üç mənbə - dövlət, xariciyerli sahibkarların vəsaitləri hesabına maliyyələşdirilir. Hazırda bu istiqamətdə işlər daha böyük vüsət alıb.

Sənayeləşmənin coğrafiyası da genişlənir. Belə ki, əvvəllər yeni istehsal sahələri əsasən Bakıda yaradılırdısa, son bir neçə ilin statistikası yeni sənaye müəssisələrinin böyük əksəriyyətinin bölgələrdə istifadəyə verildiyini göstərir. Bunun da xüsusi əhəmiyyəti var. Çünki regionlarda açılan sənaye müəssisələri bölgələrin iqtisadiyyatının inkişafına təkan verməklə bərabər, yüksək maaşlı yeni yerlərinin açılmasına şərait yaradır. O da diqqətçəkən faktdır ki, regionlarda açılan çoxsaylı sənaye müəssisələrində istehsal olunan məhsullar bu gün dünya bazarına da çıxarılır və xaricdə analoji məhsullarla uğurla rəqabət aparır.

Hazırda dövlətin ayırdığı güzəştli kreditlər hesabına regionlarda qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaq müəssisələrin inşası davam edir. Bu sıraya 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 2 ət emalı, 2 konserv, 7 çörək zavodu daxildir. Həmin müəssisələri təyinatına görə həm aqrar, həm də qeyri-neft sənaye sektoruna aid etmək olar. Deməli, bölgələrdə sənaye müəssisələrinin yaradılması eyni zamanda aqrar sektorun inkişafına dəstək verir. Bu, həm də analoji məhsulların ölkəmizə idxalının azalması deməkdir.

Bir sözlə, dövlət 10 il ərzində qeyri-neft sektorunu 2 dəfə artırmaq barədə qarşıya qoyduğu məqsədə çatmaq üçün mühüm işlər görməklə qeyri-neft sektorunda məhsul istehsalını ildən-ilə artırmağa nail olur. Bu istiqamətdə həyata keçirilən layihələrin nəticəsidir ki, cari ilin birinci yarısında qeyri-neft sektorunda iqtisadi artım 11 faizə çatıb. Dünyada qlobal maliyyə böhranının hələ tam aradan qalxmadığı bir şəraitdə belə göstərici yüksək nəticə kimi qəbul olunmalıdır.

Sənaye sektorunun inkişafında yeni texnoparkların yaradılmasının böyük əhəmiyyəti var. Sumqayıt Texnoparkı hazırda 20-dən çox müəssisədən ibarətdir və burada müxtəlif çeşiddə məhsullar istehsal edilir. Lakin dövlət bununla kifayətlənmir və başqa regionlarda da belə texnoparkların yaradılmasını qarşıya məqsəd kimi qoyub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu məsələyə toxunaraq demişdir: "Sənayeləşmə ilə bağlı artıq bütün müvafiq göstərişlər verilmişdir. Sadəcə olaraq, bir daha qeyd etmək istəyirəm ki, bu sahə prioritet olaraq qalır. Sənaye parklarının yaradılması prosesi gedir. Yaxın aylarda biz bu parklarda artıq yeni müəssisələrin açılışını qeyd edəcəyik. Azərbaycanın sənaye potensialı böyüyür, artır. Hazırda tikilməkdə olan böyük sənaye kompleksləri Azərbaycanda çox güclü ixracyönümlü sənaye potensialı yaradacaqdır. Bu məsələlər diqqət mərkəzindədir. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir əsas sənaye şəhərlərimizdir və bu şəhərlərdə sənaye komplekslərinin tikintisi planlı şəkildə təmin ediləcəkdir".

Rəsmi statistika da təsdiqləyir ki, cari ilin yanvar-iyun aylarında sənaye sahələrində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 0,3 faiz üstələyib və qeyri-neft bölməsində 2,9 faizlik artım qeydə alınıb. Hesabat dövründə özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,3 faizini təşkil edib. Ümumi istehsalın 93,1 faizi sənaye mallarının (əmtəələrinin) istehsalı, 6,9 faizi  sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

Birinci yarımildə qidaiçki istehsalı müəssisələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,7 və 11,6 faiz artım qeydə alınıb. Bu sahələrdə məhsul artımı əsasən qənd və şəkər tozu, üzlü süd, pendir və kəsmik, cemmarmelad, pivə, alkoqolsuz içkilər istehsalı sahələrində daha yüksək olub. Həmin dövrdə kompyuter, elektronoptik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində 123 milyon manatlıq məhsul hazırlanıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kompyuter, elektronoptik məhsulların istehsalı 53,3, elektrik avadanlıqlarının istehsalı isə 4,7 faiz artıb.

Sənaye sahələrində yeni müəssisələrin fəaliyyətə başlaması eyni zamanda yeni yerlərinin açılması deməkdır. Həm də yeni yerlərində əməkhaqqı daha yüksəkdir. Bunun nəticəsidir ki, cari ilin yanvar-may aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı ötən illə müqayisədə 5,5 faiz artaraq 178,8 min nəfərə, onların orta aylıq əməkhaqqı isə 7,8 faiz yüksələrək 635,8 manata çatıb.

Əməkhaqqının daha çox artımı emal sahəsinin elektrik avadanlıqlarının, dəri və dəri məmulatlarının, nəqliyyat vasitələrinin, geyim, tikinti materiallarının, mebel, qida məhsullarının, kağız və karton, içki, ağac emalı və ağac məmulatlarının hazırlanması və s. sahələrdə daha yüksək olub. Bu dövrdə qeyri-dövlət bölməsində çalışan işçilərin orta aylıq əməkhaqqı 6,4 faiz artaraq - 751,7 manat təşkil edib.

Ölkəmizin iqtisadi tempinin yüksək olması barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu ildünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların  nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib".

 

 

Rüstəm KAMAL

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 1.