Mərkəzi Seçki Komissiyasının aşağı seçki komissiyalarının üzvləri üçün kursları davam
edir
Avqustun 1-də Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən
dairə seçki komissiyalarının sədrləri
üçün təşkil edilmiş seçki hüququ üzrə
ixtisaslaşdırılmış kurslar davam etmişdir.
AzərTAc xəbər
verir ki, kurslarda Bakı Apelyasiya Məhkəməsinin
sədri İman Nağıyev "Seçki hüququnun apelyasiya məhkəmə instansiyasında
müdafiəsi (apelyasiya şikayəti, icraat qaydası, sübutlar,
sübutetmə yükü və s.)" mövzusunda
mühazirə ilə çıxış etmişdir. Bildirilmişdir
ki, hazırda ölkəmizdə beş apelyasiya məhkəmə
instansiyasının fəaliyyət göstərməsinə baxmayaraq, işlərin böyük
qisminə Bakı Apelyasiya Məhkəməsində
baxılır.
Bakı Apelyasiya Məhkəməsinin sədri diqqətə
çatdırmışdır ki,
qanunvericilikdə edilən dəyişikliyə əsasən,
artıq məhkəmələrə ünvanlanan
şikayətlər üzrə baxılan işlərdə
sübutetmə vəzifəsi seçki
komissiyalarının üzərinə düşmüşdür. O demişdir:
"2012-ci ilədək şikayətlərə Mülki Prosessual Məcəlləyə
əsasən baxılırdısa, artıq bu
proses İnzibati Prosessual Məcəllə ilə tənzimlənir
və şikayətlərə inzibati məhkəmələrdə
baxılır. Qanunvericilikdə edilən dəyişikliyə
görə məhkəmə prosesində seçki
komissiyalarının qərarlarının qanunauyğunluğunu
komissiyaların özləri sübut etməlidirlər".
İman Nağıyev ölkəmizdə
keçirilən seçkilər zamanı Bakı Apelyasiya Məhkəməsinə edilən
şikayətlər barədə də məlumat vermişdir. Vurğulamışdır ki, 2007-ci ildən fəaliyyətə başlayan Bakı Apelyasiya
Məhkəməsinə ümumilikdə seçki
hüququ ilə bağlı 262 iş daxil olmuşdur.
Bu işlər 2008-ci ildə keçirilmiş prezident,
2009-cu ildə ümumxalq səsverməsi
(referendum) və bələdiyyə
seçkiləri, eləcə də 2010-cu ildə keçirilmiş parlament
seçkiləri ilə bağlı olmuşdur.
Bakı Apelyasiya Məhkəməsinə
seçkilərlə əlaqədar daxil olmuş işlərə qanunvericiliyin
tələblərinə riayət edilərək
baxılmışdır.
MSK katibliyinin
ümumi şöbəsinin müdiri Elşən Əsgərov "Dairə
seçki komissiyalarında
kargüzarlığın aparılması qaydaları" mövzusunda çıxış etmişdir. Elşən Əsgərov dairə
seçki komissiyalarının sədrlərini
kargüzarlığın aparılması qaydaları ilə
tanış etmiş və onları
maraqlandıran sualları ətraflı
cavablandırmışdır.
MSK katibliyinin
informasiya mərkəzinin müdiri
Rüfət Gülməmmədov "Seçici
siyahılarının tərtib edilməsi, dəqiqləşdirilməsi
və seçicilərə təqdim edilməsi qaydaları və
şərtləri. Seçki prosesində
Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən (DAİS) istifadəyə
dair tələblər" mövzusunda çıxış etmişdir.
Rüfət Gülməmmədov
komissiya sədrlərini siyahıların
tərtib edilməsi, dəqiqləşdirilməsi və
seçicilərə təqdim edilməsi qaydaları və
şərtləri ilə bağlı məlumatlandırmışdır.
Kurslar
avqustun 4-dək davam edəcəkdir.
Azərbaycan. - 2013.- 2 avqust.- S. 2.