«Milli
Şura»nın «vahid namizəd»
xülyası baş tutmadı
R.İbrahimbəyovla
İ.Qəmbər razılığa gələ bilmədilər
"Milli
Şura"da təmsil
olunan aqressiv
müxalifət partiyaları rəhbərlərinin qoca kinorejissor Rüstəm
İbrahimbəyovla erməniyə məxsus "Vera Palace" hotelində görüşünün bütün
detalları bəlli oldu. R.İbrahimbəyovun
"erməni xəstəliyinə" yoluxan
qurum üzvlərinin antimilli
mövqe tutmaları onların antiazərbaycan
şəbəkənin təsiri altında fəaliyyət
göstərdiklərini sübuta yetirdi.
Müsavat başqanı İsa Qəmbərin görüşdən sonra mətbuata verdiyi
açıqlama həqiqətən də bu
şəxsin vaxtilə söylədiyi, "maraqlarım naminə
şeytanla da əməkdaşlığa
gedərəm" - fikrini bir
daha təsdiqləmiş oldu.
Erməniyə məxsus "Vera Palace" hotelində görüşlə
bağlı Müsavat
başqanının "tədbirin belə bir
məkanda keçirilməsində qəbahət görmürəm"
- fikrini səsləndirməsi onun milli heysiyyatdan
uzaq olduğunu təsdiqlədi.
Bu fakt İ.Qəmbərin Azərbaycan
torpaqlarının 20 faizini işğal edən, 1 milyondan
artıq soydaşımızı qaçqın və köçkün vəziyyətinə salan ermənilərə olan
böyük məhəbbətinin təzahürü
kimi də dəyərləndirilə bilər.
Tiflis görüşü
"Milli Şura"nın ümummilli maraqlar pərdəsi
altında gizlənərək antiazərbaycan şəbəkənin
"beşinci kolon"u olduğunu sübuta yetirdi. Bu qurum faktiki
olaraq milli
maraqlarımızı şəxsi maraqlara
satan manqurtlaşmış bir dəstəyə çevrilib.
Antiazərbaycançı şəbəkə öz çirkin ssenarisini bu dəfə
R.İbrahimbəyov kimi qoca
kinorejissorun əli ilə həyata
keçirməyə çalışır.
"Milli Şura" üzvlərinin
son toplantısı "vahid
namizəd" məsələsinin də mif
olduğunu üzə çıxardı.
İ.Qəmbərlə R.İbrahimbəyovun ikisaatlıq
görüşündə razılığın əldə
olunmaması düşərgə təmsilçilərinin vahid siyasi çətir
altında birləşməsinin qeyri-mümkünlüyünü
sübuta yetirdi. Qoca kinorejissor
"vahid namizəd" məsələsində
Müsavat başqanının "hə"sini
ala bilmədiyindən reneqat
Eldar Namazovu da özü ilə Moskvaya aparmaqla yeni variantlar
hazırlamağı məqsədəuyğun saydı. Eldar Namazovun da "vahid namizəd"
məsələsində "yalnız İbrahimbəyov"
variantı üzərində israr etməsi
bütövlükdə düşərgədə
qarşıdurmanı daha da
artırıb.
"Ümid"
Partiyasının sədri İqbal
Ağazadə "Milli Şura"nın
Tiflis görüşü
və vahid namizədin ətrafında gedən
proseslərlə bağlı bunları bildirib:
"Bu gün Azərbaycanda
siyasətin filmini çəkməyi siyasətdən
heç nə bilməyən Rüstəm
müəllimə həvalə edib Azərbaycanın
qos-qoca siyasətçiləri, Azərbaycan
xalq hərəkatında iştirak
edənlər. Və nəticə - hökmən film belə bərbad alınacaqdı. Eyni ilə "Bəyin
oğurlanması"nda deyilən kimi. Deyir, bu ssenari
zay ssenaridir. O biri də deyir ki, əşşi, bunu
götürəndə biləydin də. Əvvəlcədən
adamlar bilməli idi, hara və niyə gedirlər... Rüstəm
İbrahimbəyovun gəlib-gəlməməsi prosesi mənim üçün
maraqlı deyil. Mənim üçün
maraqlı olan Azərbaycan müxalifətinin
böyük bir kəsiminin
yanlış yolda olmasıdır. Bu, yanlış yoldur.
Rüstəm İbrahimbəyov və "Milli
Şura" bu yanaşmada, formatda
yanlış yoldadır. Yanlış olan
da istəyir gəlsin, istəyir gəlməsin".
Aqressiv müxalifət təmsilçilərinin
"vahid namizəd" məsələsində
bir-birlərinə güzəştə getməyəcəkləri
əvvəlcədən də bəlli idi.
Son hadisələr və sosial
şəbəkələrdə partiya
funksionerlərinin bir-birlərinin ünvanına təhqiramiz
ifadələr işlətməsi bir daha bu şəxslərin əsl
simasını cəmiyyətə göstərmiş oldu. Aqressiv müxalifət
düşərgəsində baş verənlərlə
bağlı digər müxalifətçilərin mövqeyi də maraq doğurur.
ADP sədri Sərdar Cəlaloğlu
baş verənlərlə bağlı bildirib: "Rüstəm İbrahimbəyovun ətrafında
birləşən qüvvələrin arasında
bağlılıq yoxdur. Hamısı
bir-birinə düşməndir. Nə Rəsul Quliyev İsa Qəmbəri,
nə Əli Kərimli İsa Qəmbəri,
nə də İsa Qəmbər Lalə
Şövkəti qəbul edir. Belə bir qurumla,
hansı güc və qüdrət iki aya qələbəni təmin
edəcək?.. Əvvəlcədən də gözlənilən
idi ki, Rüstəm
İbrahimbəyov Azərbaycana gəlməyəcək. Çünki bundan əvvəl
də bunabənzər bir problem
yaşamışıq... Necə olur
hakimiyyət öz əllərində olanda, Azərbaycanda heç
bir ciddi müxalifət
olmayanda, beynəlxalq ictimaiyyətin indiki kimi təsiri olmayanda Əbülfəz Elçibəy
yalnız 58 faiz səs topladı və çox böyük
çətinliklə prezident seçildi? Eyni zamanda, dünyanın əksər ölkələrinin
Azərbaycanda maraqları var. Bu maraqlar "Milli Şura"nın maraqları ilə
üst-üstə düşmür. Belə
olan halda, bunlar necə inanırlar ki,
Rüstəm İbrahimbəyov qalib gələcək?
Rüstəm İbrahimbəyovun heç bir siyasi təcrübəsi
yoxdur. Siyasi hakimiyyət
dəyişikliyinə rəhbərlik edən adamın müəyyən
ölçüləri olmalıdır. Siyasi
partiyası yox, siyasi
təcrübəsi yox, özü
də deyir ki, mən
siyasəti bilmirəm".
Destruktiv müxalifət
dairələrinin qlobal məkanda cərəyan
edən prosesləri analiz etmək
imkanlarında olmaması və hələ də konyunktur maraqlara xidmət
etmələri yalnız təəssüf doğurur.
İddiaları ilə imkanları heç
zaman uzlaşmayan ifrat radikal qüvvələrin
birillik uğursuz
hakimiyyət illəri
hələ unudulmayıb. Azərbaycan cəmiyyətinin
siyasi nöqteyi-nəzərdən kifayət
qədər yetkinləşməsi vətəndaşların
düşüncə tərzində də kardinal
dəyişikliklərə səbəb olmuş,
seçki mübarizəsində populizm elementlərinə, irreal
vədlərə hansısa yer
saxlamamışdır.
Elnur HACALIYEV
Azərbaycan. - 2013.- 2 avqust.- S. 2.