Dünyanın qaçqınlıq bəlası

 

Yaxın tariximizin acılı günlərindən birini yaşamaqdayıq - Ağdamın işğalının, yad əllərə düşməyinin növbəti ildönümüdür. Artıq neçənci dəfədir ki, Ağdamı Ağdamsız xatırlayırıq, bu gözəl şəhəri özündən uzaqda yada salırıq. Doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşımız arasında Ağdamdan olan minlərlə insan var.

 

Hər 4 saniyədə bir insan qaçqına və ya məcburi köçkünə çevrilir

 

Demək olar ki, dünya yaranandan qaçqını, köçkünüvar. Sadəcə, onların sayı bəzən az, bəzən həddindən artıq çox olub! BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında zorla didərgin salınmış insanların sayının son 18 ildə ən yüksək həddə olduğu bildirilir. Didərginliyin əsas faktoru kimi hazırda Suriya böhranı özünü göstərir. Bu səbəbdən qaçqın və məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddə çatıb. BMT QAK-ın illik hesabatında göstərilir ki, 2011-ci ilin sonlarında 42,5 milyon insan didərginlik vəziyyətində idisə, 2012-ci ilin sonlarında bu rəqəm artaraq 45,2 milyonu adlayıb.

Əvvəllər olduğu kimi, bu problemin əsasını müharibələr və onun vurduğu yaralar təşkil edir. Hazırda qaçqınların 55 faizi beş əsas ölkədən - Əfqanıstan, Somali, Suriya, İraq və Sudandandır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quteres vəziyyəti şərh edərkən belə deyib: "Bunlar, doğrudan da, həyəcan doğurucu rəqəmlərdir. Bunlar fərdlərin geniş miqyasda zərər gördüyünü əks etdirir, münaqişələrin qarşısının alınmasında və onlar üçün davamlı həll yollarının tapılmasında beynəlxalq ictimaiyyətin çətinliklərini əks etdirir".

Bütün bu faktlar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə Bakıda keçirilən  Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbirdə səsləndirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson statistik rəqəmlərə əsaslanaraq bildirib ki, 18 yaşdan aşağı uşaqlar dünyadakı bütün qaçqınların 46 faizini təşkil edir. Ötən il ərzində valideynlərindən ayrı düşmüş uşaqların sayı rekord həddə - 21 min 300 nəfərə çatıb. BMT Baş Məclisinin hər il 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi qeyd etməsi məhz bu problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır.

 

Azərbaycanda səkkiz nəfərdən biri qaçqındır

 

Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov bir qayda olaraq Azərbaycanda

1 milyon qaçqın və köçkünün sayının 1992-1993-cü illərə aid olduğunu və keçən 20 il ərzində ölkə əhalisinin təbii artımı  ilə əlaqədar qaçqın və məcburi köçkünlərin də sayının artdığını diqqətə çatdırıb: "Bir ilə 10 min artmaqla bu rəqəm 1 milyon 200 minə çatıb. Doqquz milyondan çox əhalinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. Yəni, dünyada hər 135 nəfərdən biri qaçqın olduğu halda, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqındır. Bizim çox ağır problemimiz vardır".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünyanın digər bölgələrindəki konfliktlərdən fərqləndiyini qeyd edən Əli Həsənov ölkəmizin üzləşdiyi problemə oxşar yalnız iki-üç münaqişənin mövcud olduğunu bildirib. Ölkəmizin üzləşdiyi problem bir dövlətin digərinə - Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranıb və Azərbaycan vətəndaşları öz doğma torpaqlarında qaçqına, məcburi köçkünə çevriliblər. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində qaçqınların və məcburi köçkünlərin problemləri həll olunur, onlar üçün müasir evlər tikilib, qəsəbələr salınıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəyən ziyan təxmini hesablamalara görə, 300 milyard dollardan çoxdurBaş nazirin müavininin dediyi kimi,  "bu ziyanı erməni xalqı ödəməli olacaq".

Uzun illərdir ermənilərin vurduğu bu ziyanın bədəlini hələlik Azərbaycan dövləti ödəyir. Yüz minlərlə insanın bütün qayğıları, problemləri məhz onun üzərindədir. Bu problemin həlli ilə ilk dəfə geniş miqyasda xalqımızın ümummilli lideri Heydər Əliyev məşğul olmağa başladı və o, dəfələrlə bu problemi "Azərbaycanın bir nömrəli problemi" adlandıraraq qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayırdı. Onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləriylə 200-dən, 80 ölkənin dövlət başçıları ilə isə 500-dən artıq görüşləri olub. Məhz ulu öndərin səyləri nəticəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edildi, eyni zamanda, ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dincsiyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, "Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı" təsdiq edildi. 1999-cu ildə isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi.

Bir faktı da qeyd etməyə dəyər: Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli sərəncamı ilə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılıb. Həmin Komissiyanın sədri Baş nazirin müavini Əli Həsənovdur. Ölkədəki beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının fəaliyyəti həmin komissiya tərəfindən əlaqələndirilir. Komissiya həmin təşkilatların dövlət qeydiyyatına alınması, viza, vergis. məsələlərin, bir milyondan çox qaçqın və məcburi köçkünlərin, o cümlədən aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları, beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatları ilə birlikdə təhlillər və müzakirələr aparılmasını, prioritetlərin müəyyənləşdirilməsini, onların həlli ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edir.

Ulu öndərin siyasətini uğurla davam etdirən İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edildi. Məhz bu proqramorada nəzərdə tutulan geniş tədbirlər ölkəmizdəki qaçqın və məcburi köçkünlərə daimi dövlət qayğısının əyani təsdiqidir. Ümumilikdə Dövlət Proqramında 22921 ailə - 110 min məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21354 ailənin yeni qəsəbələrə köçürülməsi, 1567 ailənin isə müvəqqəti məskunlaşdıqları ictimai binaların təmiri, 30 min yerinin (onlardan 25 mini inşaat işlərində, 5 mini isə yeni təşkil olunacaq kiçik sexlərdə) yaradılması nəzərdə tutulurdu. Hələ o vaxt -  2004-cü ilin sentyabrında məcburi köçkünlərlə görüşündə dövlət başçısı deyirdi: "Ölkədə mövcud olan çadır düşərgələri tezliklə ləğv olunacaq və məcburi köçkünlər yeni qəsəbələrə köçürüləcəkdir".

Elə həmin il Dövlət Neft Fondundan ayrılan vəsait hesabına Ağdam rayonunda 12 və Ağcabədi rayonunda 1 qəsəbənin tikintisi başa çatdırıldı, məcburi köçkünlər həmin qəsəbələrə köçürüldü və beləliklə, 4 çadır düşərgəsi tamamilə ləğv edildi. Ağdam və Ağcabədi rayonlarında salınan bu qəsəbələrdə ümumi sahəsi 190632 kv.metr olan 3860 yaşayış evi ilə yanaşı, 15 məktəb binası, 5 uşaq bağçası, 1 xəstəxana, 9 tibb məntəqəsi, 8 klub-icma mərkəzi, 7 poçt və rabitə şöbəsi, 11 hamam, 10 inzibati bina, 1 yanğın postu tikildi, 113,8 km yol, 139,2 km su xətti, 43,2 km qapalı irriqasiya sistemi, 211,9 km elektrik hava xətti çəkildi, 124 artezian quyusu qazıldı. Burada inşaat işlərinə respublikanın 30-dan artıq şəhər və rayonundan təxminən 20 min nəfər cəlb olundu.

2006-cı il martın 1-də təməli qoyulan Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksinin 2008-ci il yanvarın 17-də keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı dövlətin qaçqın və məcburi köçkün probleminə ayırdığı diqqətin bariz nümunəsidir.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 100 ev,  Saatlı rayonunda Yunanıstanın Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sektorunun tikintisini həyata keçirən "Contractors İnternational Company" (CCİC) şirkətinin vəsaiti hesabına salınan 100 ailəlik qəsəbə istifadəyə verildi. Görülən tədbirlər nəticəsində Azərbaycanda mövcud olmuş 12 çadır düşərgəsindən 2003-cü ildə Biləsuvar rayonu ərazisindəki 5-i, 2006-cı ildə isə Bərdə və Ağcabədi rayonlarındakı 4-ü ləğv edildi.

 

 

İllər və rəqəmlər - 2001-2009

 

1993-2009-cu illərdə qaçqınların məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dövlət büdcəsindən ayrılan vəsaiti nəzərdən keçirsək, böyük bir inkişafın şahidi olarıq: əgər 1993-2003-cü illərdə bu vəsait 240,1 milyon manat idisə, artıq 2004-2009-cu illərdə bir neçə dəfə artaraq 729,2 milyon manata, cəmi  969,3 milyon manata çatdı.

Ümumiyyətlə, 2001-2009-cu illərdə Dövlət Neft Fondundan (612,9 milyon manat) və digər mənbələrdən (33,2 milyon manat) ayrılan 646,1 milyon manat vəsait hesabına 18190 ailə - 81,8 min nəfər daimi məskunlaşmamış qaçqın və məcburi köçkünlər üçün 10168 min kv.metr sahəsi olan 63 qəsəbə və fərdi evlər, həmçinin 123 məktəb, 4 musiqi məktəbi, 37 uşaq bağçası, 45 tibb müəssisəsi, 33 rabitə evi tikilib, 542 km yol, 645 km su xətti, 1007 km hava elektrik xətti, 81,5 km qaz, 33,1 km kanalizasiya, 1,27 km istilik xətləri çəkilib, 11 min hektarda irriqasiya işləri aparılıb, 537 müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb. O cümlədən Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məskunlaşdırılması üçün respublikanın müxtəlif şəhər və rayonlarının ərazilərində 1330 ev tikilərək istifadəyə verilib. Yeni qəsəbələrə köçürülən məcburi köçkünlərə Nazirlər Kabinetinin qərarı ilə kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün müəyyən edilmiş miqdarda əvəzsiz maliyyə yardımı verilir.

2001-2003-cü illərdə Dövlət Neft Fondundan ayrılan bu vəsait 58,5 milyon manat  idisə, 2004-2009-cu illərdə 554,4 milyon manata çatıb. 2004-2009-cu illərdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ayrılan vəsaitlər də xeyli yüksəlib: məcburi köçkünlərə dövlət büdcəsindən ayrılan saxlanılma xərcləri 729,2 milyon, digər mənbələr 41,7 milyon, Dövlət Neft Şirkəti 18,8 milyon,  dövlət büdcəsindən ayrılan investisiya  xərcləri 13,347 milyon, cəmi: 1.357,447 milyon manata qalxıb. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı dövlət tərəfindən ayrılan vəsaitin həcmi ilbəil artırılır. Təkcə 2009-cu ildə bu məqsədlə 309,9 milyon manat vəsait ayrılıb.

Bu illər ərzində Bakı şəhəri, Sabunçu rayonu ərazisindəki "Qərənfil" sanatoriyasında müvəqqəti məskunlaşmış 39 məcburi köçkün ailəsi üçün 2006-cı ilin oktyabrında Abşeron rayonunun Mehdiabad qəsəbəsində fərdi evlər tikilərək istifadəyə verilib.

Xəzər rayonu ərazisindəki "Zuğulba" sanatoriyasında müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün Sabunçu rayonunun Ramana qəsəbəsində salınan yeni qəsəbənin 2007-ci il 4 mayda açılışı oldu və Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdə iştirak etdi.

Həmçinin Yeni Dövlət Proqramına uyğun olaraq, Xocalı rayonundan olan 500 ailə üçün Goranboy, Xocavənd rayonundan olan 500 ailə üçün isə Beyləqan rayonları ərazisində yeni qəsəbələr inşa edilib.

2009-cu ildə 1747 nəfər qaçqın və məcburi köçkün işlə təmin edilib, 467 nəfər peşə hazırlığı kurslarına və 253 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.

2009-cu ildə respublikanın ayrı-ayrı şəhər və rayonları üzrə 90 müvəqqəti məskunlaşma obyektində 39 ədəd müxtəlif markalı güc transformatoru, 66 ədəd artezian  və digər su nasosu quraşdırılıb, həmçinin 2925 metr müxtəlif markalı güc kabeli, 67000 metr elektrik naqili verilib.

 

İllər və rəqəmlər - 2001-2012

 

Ümumiyyətlə, 2001-2012-ci illər ərzində Dövlət Neft Fondundan digər mənbələrdən ayrılmış vəsait hesabına 2 milyon kvadratmetr sahəsi olan 31 min mənzildən ibarət bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmışdır.

Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman kompleksi, 37 rabitə evi tikilib, 628,0 kilometr yol, 781 kilometr su, 1333 kilometr hava elektrik, 288 kilometr qaz, 13 kilometr istilik xətləri çəkilib, 671 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.

Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində yeni mənzillərə köçürülüb.

 

Beləliklə, indiyədək 31 min ailə - 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

 

Bu da 2013-cü il

 

Görülən işlər əvvəlki templə davam etməkdədir. 2013-cü ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub. Bu il 20 min məcburi köçkün mənzillə təmin olunacaq. Bunu Baş nazirin müavini Əli Həsənov Azərbaycan Prezidentinin imzaladığı "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqamı" çərçivəsində 2013-cü ildə nəzərdə tutulan tədbirlərin müzakirəsinə həsr olunan müşavirədə bildirib. Bu il görüləcək işlər üçün dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. Artıq Gəncədə 1500 mənzildən ibarət 25 beşmərtəbəli binadan ibarət şəhərcik, Bərdədə əvvəllər çadır şəhərciyi salınan yerdə 866 mənzildən ibarət 15 beşmərtəbəli bina tikilir. Həmçinin Abşeron, İmişli, Qaradağ, İsmayıllı, Balakən və Qəbələdə belə binalar tikiləcək. 5 il ərzində 10 mindən çox qaçqın ailəsi üçün yeni qəsəbələr inşa olunacaq.

Bir faktı da qeyd etməliyik: əgər  2003-cü ildə hər bir qaçqına və məcburi köçkünə xərclənən vəsait 121 manat təşkil edirdisə, son illər bu rəqəm dəfələrlə artıb. Bununla yanaşı, məcburi köçkünlərin yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılması ilə bağlı mühüm nailiyyətlər əldə olunub. Azərbaycan hökumətinin ayırdığı kreditlər hesabına qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli yerlərinin yaradılması mümkün olub. Eləcə də Dünya Bankının yönəltdiyi mikrokreditlər qaçqınların kənd təsərrüfatı, emal, xidmət, ticarət və digər iqtisadi sahələr üzrə fəaliyyətini xeyli artırıb.

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı statistik göstəricilər də maraqlıdır: əgər 2003-cü ildə köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, indi bu rəqəm 15 faizdir. Azərbaycanda təkcə keçən il hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunubdur. Bu, dünyanın bütün münaqişə zonalarında müşahidə olunan ən yüksək rəqəmdir.  Bütövlükdə ötən il qaçqın və məcburi köçkünlərə 300 milyon manat vəsait sərf olunub. Bu il isə 600 milyon manat vəsaitin sərf olunması gözlənilir. Son 20 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait xərclənibdir. Azərbaycan hökuməti məcburi köçkünlərin sosial problemlərinin, mənzil-məişət qayğılarının həlli və yaşayış imkanlarının yaxşılaşdırılması üçün həyata keçirdiyi davamlı tədbirləri qarşıdakı illərdə daha da gücləndirəcək. Dövlət büdcə gəlirləri və Dövlət Neft Fondunun vəsaitləri ilə yanaşı, digər maliyyə mənbələri hesabına qaçqınların həyat şəraitinin yüksəldilməsinə xidmət edən davamlı layihələr həyata keçirəcək. Eyni zamanda, hökumət məcburi köçkünlərin yerləri ilə təmin olunması, iqtisadi inkişafa öz töhfələrini verməsi üçün lazım olan bütün tədbirləri görəcək. Baş nazirin müavini Əli Həsənov dəfələrlə dövlətin Azərbaycanın qaçqın və məcburi köçkünlərinin problemlərini tam həll etmək iqtidarında olduğunu bildirib. Bununla belə, bəzi beynəlxalq humanitar təşkilatlar bizimlə əməkdaşlıqlarını davam etdirirlər: "Əsas odur ki, bütün sosial problemləri Azərbaycan Prezidenti özü həll etmişdir. Təkcə münaqişənin həll olunması qalmışdır".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 4.