Əsaslı təmirdən sonra «Göyərçin» abidəsinin açılışı olmuşdur

 

Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhərin keçmişitarixi ilə bağlı bütün abidələrin qorunmasına, parkların insanların istirahət mərkəzlərinə, gəzinti və maraqlı tədbirlərin təşkil edildiyi məkana çevrilməsinə xüsusi qayğı göstərir. Əhali də təmir edilən parklardan, istirahət guşələrindən, nümunəvi məhəllələrdən məmnunluq və razılıq edirlər.

Həyata keçirilən  yenidənqurma və abadlıq işləri şəhərin ümumi memarlığına da yeni çalarlar əlavə edib. Bu sırada yenidənqurma və təmir işlərindən sonra dünən açılışı olan "Göyərçin" abidəsini misal göstərmək olar. Nəsimi adına mədəniyyət və istirahət parkının mərkəzində yerləşən bu abidə bir müddət əvvəl baxımsızlıq ucbatından əvvəlki görkəmini itirmişdi. Ölkə rəhbəri cənab İlham Əliyev Sumqayıta səfəri zamanı həmin abidəni ziyarət etmiş və yenidən qurulması üçün tövsiyə və tapşırıqlar vermişdi.

Artıq "Göyərçin" abidəsi yenidən qurulmuş, onun ətrafında abadlıq işləri görülmüşdür. Ətrafa tamet döşənmiş, işıqlandırma sistemləri yenilənmiş, abidənin dövrəsinə müasir oturacaqlar düzülmüşdür.

"Göyərçin" abidəsinin açılış mərasimində ərazidə böyük bayram təntənəsi yaşandı. Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin bədii rəhbəri və baş dirijoru, əməkdar incəsənət xadimi polkovnik-leytenant Əlibala Rzayevin rəhbərliyi ilə səslənən əsrarəngiz musiqi nömrələri toplaşanların alqış sədaları ilə qarşılandı. Bir qədər kənarda isə Dünya Taykvando Federasiyasının nümunəvi komandasının göstərdiyi döyüş nümunələri tədbirə toplaşanları valeh etdi. İdman nömrələrinin rəhbəri İl -Han Na bildirdi ki, hər dəfə Sumqayıta gələndə çox yeniliklərlə rastlaşır. Yəqin ki, bu park da öz gözəlliyi, səliqə-sahmanı ilə buraya gələnlərin diqqətini çəkəcək, hamının istirahət üçün sevib seçdiyi məkana çevriləcək.

 

Akif ƏLİYEV

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 5.