Yaponiyanın «Rainbow town 79.2 FM Tokyo» radiosunda Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş yayımlanmışdır

 

Yaponiyanın "Rainbow town 79.2 FM Tokyo" radiosunda Azərbaycan mədəniyyətinə həsr edilmiş veriliş səsləndirilmiş, onun videogörüntüləri radionun veb-səhifəsində nümayiş etdirilmişdir.

Verilişdə iştirak edən azərbaycanlı pianoçu, Beynəlxalq müsabiqələr laureatı, hazırda Tokioda yaşayan Gülnarə Səfərova aparıcıların və dinləyicilərin xalqımızın qədim və zəngin mədəniyyəti ilə bağlı suallarını cavablandırmışdır.

Bir saat davam edən verilişin əvvəlində aparıcılar Soişi İçi, xanımlar Saki NodaKarena iyirmi bir il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, onun coğrafi mövqeyi, güclü iqtisadi potensialı, zəngin maddi-mədəni irsi barədə məlumat vermişlər. Bildirilmişdir ki, 1993-cü ildə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müstəqilliyin bərpası və inkişafı üçün böyük işlər görmüşdür. Məhz ulu öndərin qayğısı nəticəsində digər sahələr kimi, Azərbaycan mədəniyyəti də özünün yüksəliş dövrünə qədəm qoymuşdur. Vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüskarı olduğu müxtəlif layihələr xalqımızın mədəniyyətinin dünyada təbliğində mühüm rol oynayır.

Verilişdə Azərbaycan təbiətinin gözəlliyindən, xalqımızın qədim və zəngin mədəniyyətindən geniş bəhs olunmuşdur. Bildirilmişdir ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Vurğulanmışdır ki, dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan milli musiqisinin bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Proqramda G.Səfərova 9,4 milyon nəfər əhalisi olan Azərbaycanda yaşayan çoxsaylı milli azlıqların dillərinin və mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildiyindən də danışmışdır.

Veriliş ərzində tanınmış Azərbaycan bəstəkarlarının əsərləri, milli musiqi nümunələri, xalq mahnıları səsləndirilmişdir.

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 5.