Dövlət Proqramına
niyə əməl olunmur
Daşkəsən
rayonu üzrə qazlaşdırma 17 faiz təşkil edir
Əvvəlcə Xoşbulaq kəndində olduq.
Şikayətçilərlə görüşdük.
Hamı xəbər alır ki, hələ
2011-ci ilin iyun
ayının 14-də qaz xəttinin təntənəli
açılışı keçirildiyi
halda niyə indiyə kimi
bu yerlərə qaz verilmir? El arasında hətta
belə bir zərb-məsəl yaranıb.
"Açdılar və..qaçdılar". Bu laqeydliyə nə vaxt son qoyulacaq? Haqlı
sualdır.
Məsələni
aydınlaşdırmaq üçün rayon mərkəzinə gəldik. Gəlişimiz
yerinə düşdü. Altı
aylığın yekunları müzakirə olunurdu.
Məruzə və çıxışları dinlədik. Bəlli
oldu ki, ölkənin
hər yerində olduğu kimi,
dağlar diyarında da
genişmiqyaslı abadlıq, quruculuq
işləri görülür. Dövlətin
qayğısı və köməyi sayəsində "Yeni Daşkəsən" layihəsi uğurla yerinə yetirilir.
Prezidentin məxsusi sərəncamı ilə
Zağalı-Kollu-Çıraqlı avtomobil
yolu çəkilir. Çovdarda
qızıl zavodu, rayonun
mərkəzində və Quşçu qəsəbəsində
hərəsi 16 mənzilli iki
yaşayış binası tikilir. Şəhər
beş saylı uşaq
bağçası tamamilə yenidən qurulur.
İcra hakimiyyəti üçün
çoxmərtəbəli bina
ucaldılır. Hələ sovetlər dövründə 7 rayon arasında bölüşdürülmüş
Daşkəsənin yay otlaqlarının geri qaytarılması problemi
həll olunur. Səfalı guşədə
avtovağzal tikilir və
bununla da Bakı,
Sumqayıt, Lənkəran, Qazax, Gəncə
marşrutları müasir nəqliyyat
vasitələri ilə təmin ediləcəkdir. Digər məsələlər
də tədricən yoluna düşür.
Ancaq elə problem
də var ki, neçə
vaxtdır bütün Daşkəsəni
ciddi narahat edir. Bu, rayonun
qazlaşdırılması məsələsidir. Millət vəkili
Rövşən Rzayevin də iştirak etdiyi
toplantıda bu barədə çox kəskin çıxışlar oldu. Bununla da
Xoşbulaqda və rayonun
digər kəndlərində
qazın yoxluğu barədə eşitdiyimiz şikayətlərin tamamilə
haqlı olduğunu yəqin etdik. Azərbaycanın hər sahəsinin
sürətlə inkişaf etdiyi bir dövrdə ucqar dağ kəndinə bu cür laqeyd
münasibət yolverilməzdir!
Bəlli olduğu
kimi, dövlət başçısı İlham Əliyev yerlərdə sosial problemlərin həllinə xüsusi diqqət yetirir.
Nazirlər Kabinetinin 2013-cü ilin birinci
yarısının yekunları müzakirə edilən iclasda Prezident İlham Əliyev demişdir:
"Bu ilin sonuna qədər qarşıya vəzifə qoyulmuşdur ki, bütün yaşayış məntəqələrinin
90 faizi qazlaşdırılmalıdır.
Xüsusilə indi bölgələrdə
bu iş geniş vüsət almışdır. Elə
etməliyik ki, biz
qazlaşdırmanı maksimum dərəcədə
təmin edək".
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nda məsələ məhz belə qoyulmuşdur. "Azəriqaz"a bir vəzifə olaraq
tapşırılmışdır ki,
Daşkəsən rayonunda kəndlər
qazlaşdırılsın. Bəri başdan
deyək ki, "Azəriqaz" nədənsə
bu mühüm
dövlət tapşırığına son
dərəcə laqeyd münasibət bəsləyir!
Bu işdə hətta yalan
məlumatlara, gözdən pərdə asmaq
hallarına da yol verilir. 2011-ci ilin iyun ayının 14-də Xoşbulaq
kəndində təntənəli surətdə təbii qaz xəttinin açılışı oldu. Bakıdan da gələn
var idi, rayon mərkəzindən də! Hamı sevinc, fərəh içində! Təbriklər,
alqışlar ara vermirdi...
Sən demə, bütün bunlar əbəs
imiş! Aradan iki il keçir.
Xoşbulaq hələ də qaza həsrət qalıb.(?!)
Niyə belə oldu? Daşkəsən Qaz
İsitismar Sahəsində dedilər ki, Xoşbulağın
qazlaşdırılması ilə "Azəriqaz" İstehsalat Birliyinin
sifarişinə əsasən "Kainat"
adlı özəl bir müəssisə
məşğul olurdu. Bir
müddət pis işləmədilər,
təqribən 23 kilometr uzunluğunda
daxili xətlər çəkdilər.
90 evə sayğaclar
qoyuldu. Qazın təntənəli
açılışını təşkil etdilər. Sonra da nə oldusa, işləri yarımçıq qoyub getdilər. İndi bu yerlərdə qaz
çəkilişi ilə başqa bir firma məşğul olur. Onun da
işinin bir nəticəsi
bilinmir.
Ölkə üzrə 90 faiz qazlaşdırmadan söhbət getdiyi bir dövrdə
Daşkəsən rayonunda bu
günə kimi 44 kənddən cəmi
4-nə qaz verilir. Başqa sözlə desək, rayonun
qazlaşdırılmasına vur-tut 17 faiz əməl olunur.
"Azərbaycanın Uralı" kimi
tanınan çox mühüm
metallurgiya mərkəzində niyə belə
vəziyyət yaranıb? Dövlət Proqramına əməl
etməyən "Azəriqaz"ın təqsiri göz qabağındadır. Görünür,
bu işdə rayon icra hakimiyyəti ilə "Azəriqaz"
arasında yaranmış mübahisə və münaqişələrin,
qarşılıqlı ittihamların, məhkəmə
çəkişmələrinin də təsiri az olmamışdır. Arada
isə əhali əziyyət çəkir! Əlacsız qalan insanlar müvafiq təşkilatlara müraciət edir, kömək istəyirlər.
Dövlət
Neft Şirkətinin Prezidenti
Rövnəq Abdullayev 18 yanvar
2013-cü il tarixli məktubu
ilə bildirmişdi ki,
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na uyğun
olaraq 2013-cü ildə Daşkəsən
rayonunda təbii qazla
təmin olunmayan 38 kənd və 3 qəsəbənin (41
yaşayış məntəqəsinin) mərhələlərlə
qazlaşdırılması icra
olunacaqdır".
Ondan bir qədər
əvvəl 2012-ci ilin dekabr
ayının 7-də "Azəriqaz" İstehsalat
Birliyi baş direktorunun əsaslı tikinti
üzrə müavini Qağaməli Seyfullayev əhalinin çoxsaylı məktublarına
çox "ustalıqla", çox mətləbsiz cavab
verib. Eyni gündə imzaladığı, eyni
məzmunlu 12 məktubda müxtəlif ünvanlara,
Zağalıya, Qazaxyolçulara, Bayana, Əmirvara, Quşçuya,
Çovdara, Əhmədliyə, Kəmərqayaya,
Gurbulağa, Muşavağa,
Zəylik-Alonitə, Zinzahala eyni vədlər verilir: kəndinizin
qazlaşdırılması növbəti ildə (yəni
2013-cü ildə) nəzərdə tutulmuşdur.
2013-cü il
yarıdan ötüb. İkinci
Dövlət Proqramının icra müddəti
başa çatır. Dövlət Neft Şirkəti rəsmilərinin isə vədlərindən
bir xəbər yoxdur!
Daşkəsənlilər haqlı olaraq
bilmək istəyirlər: Dövlət Proqramına niyə əməl
edilmir?
"Azərbaycan" qəzeti
Xoşbulaq kəndinə qaz
çəkilişinin başa
çatdırılıb əhaliyə təhvil verilməsindəki
ciddi nöqsanlardan ikinci dəfədir ki
yazır. Qəzetimizin 14 iyul
2013-ci il tarixli
nömrəsində dərc olunmuş
"Sevincimiz əbəs imiş"
sərlövhəli yazıya "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər
Hacıyevin 30 iyul 2013-cü il tarixli cavab
məktubunda Xoşbulaq kəndinə qaz çəkilişi ilə bağlı
indiyədək çəkilən boru kəmərləri,
fərdi evlərə ayrılan xətlər, qoyulan
qaz sayğacları barədə ətraflı
məlumat verilir. Amma
nədənsə yenə də mavi
qazın evlərə hansı səbəbdən bugünədək
verilməməsi və qaz verilişinin
dəqiq nə vaxt baş
tutacağı barədə bir kəlmə
də danışılmır. Cavab məktubundakı "...hal-hazırda bu
istiqamətdə işlərin icrası mərhələlərlə
davam etdirilir"
müəmması isə ümiddən daha
çox şübhələrə yol açır.
Xoşbulaq kənd sakinləri qaz kəmərlərinin çəkilişinə
görə minnətdardırlar! Amma onlar mənzillərində mavi
alovun şölələnməsini istəyirlər.
Nə qədər ki, bu
hadisə baş verməyib, kəndin
qazlaşdırılması barədə danışıqlar
məntiqsiz görünür. Biz də kənd
camaatına qoşularaq eyni
sualı bir daha
"Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinə
ünvanlayırıq: "Xoşbulaq kəndundə
mavi qaz nə vaxt alovlanacaq?"
Əhməd
İSAYEV
Azərbaycan. - 2013.- 2 avqust.- S. 5.