İnsan kapitalına qoyulan investisiyalar
Müasir dövrdə həm
ayrı-ayrı müəssisələrin, həm də
bütövlükdə cəmiyyətin inkişaf
səviyyəsi və tempini insan kapitalı müəyyənləşdirir.
Bu gün dünyada öz əhalisinə yüksək dəyər
verən ölkələr ən inkişaf
etmiş ölkələr kimi
qəbul olunur. 2000-ci ildə BMT tərəfindən
qəbul edilmiş "Minilliyin
inkişaf məqsədləri"
proqramında gələcək davamlı inkişafın təmin
olunması üçün 8 prioritet məqsəd müəyyən edilmişdir ki, onların da əksəriyyəti bilavasitə insan kapitalının davamlı inkişafı
ilə bağlıdır. Məhz buna
görə də insan kapitalının inkişaf etdirilməsi artıq əksər dünya ölkələri, o
cümlədən Azərbaycan üçün
prioritet məsələyə çevrilmişdir.
Azərbaycanda
insan kapitalının davamlı
inkişafı istiqamətində çox
mühüm tədbirlər görülmüşdür. Ölkəmizdə
təhsilin və elmin
inkişafının yüksək mərhələyə
qaldırılmasında xalqımızın ümummilli
lideri Heydər Əliyevin böyük
xidmətləri olmuşdur. 1969-cu ildə 244 ixtisas üzrə respublikadan
kənara 47 tələbə göndərildiyi halda,
1980-ci ildə bu rəqəm 1400 nəfərə
çatdırılmışdır. Müasir
dövrdə də təhsilin inkişafı məqsədilə
ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara
uyğun olaraq,
dövlət proqramları həyata keçirilməkdədir.
Bunlara misal olaraq, "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xaricdə təhsili
üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikası
ümumtəhsil məktəblərinin İKT ilə təmini
proqramı (2005-2007-ci illər)", "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılmasına dair
Dövlət Proqramı" göstərilə bilər.
Eyni zamanda, 2009-cu ildə
ölkə Prezidentinin Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun
yaradılması ilə bağlı sərəncamı da dediklərimizə nümunədir.
2012-ci ildə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə Dövlət
Proqramı çərçivəsində xaricdə təhsil
alan azərbaycanlıların sayı 1276
nəfər olmuşdur. Xaricdə
təhsil alan tələbələrin ixtisas sahələri üzrə
bölgüsünə nəzər salsaq
görərik ki, ölkənin iqtisadi inkişafının prioritet
istiqamətləri burada da
özünü büruzə verir: belə ki, tələbələrin
əksəriyyəti İKT və turizm
üzrə təhsil alırlar. İqtisadiyyat,
tibb və mühəndislik sahələri
də yüksək çəkiyə malikdir.
Burada diqqətçəkən digər bir cəhət ondan ibarətdir
ki, texniki və təbiət
elmləri sahəsində xaricdə dövlət hesabına təhsil
alan tələbələrin sayı nisbətən
aşağıdır. Belə ki,
bu sahələr, yəni riyaziyyat,
biologiya, kimya üzrə
təhsil alanların xüsusi çəkisi
cəmi 4 faizdir ki, bu da nisbətən
aşağı göstəricidir. Ümumiyyətlə, Azərbaycanda
təhsilin təşkilinin əsas prinsiplərindən biri təhsil sisteminin
humanitarlaşdırılmasıdır. Lakin
ölkədə humanitar sahələrlə
yanaşı, texniki və təbiət
elmlərinin, başqa sözlə, fundamental elm sahələrinin
inkişaf etdirilməsinə də ehtiyac var. Xaricdə təhsil
alan tələbələrin ölkələr
üzrə bölgüsünə nəzər saldıqda isə,
əksər tələbələrin Türkiyə, Almaniya, Böyük Britaniya və Kanadada təhsil
aldığını görərik.
2013-cü
il Azərbaycanda
"İKT ili" elan
olunmuşdur. Bütün bunların
fonunda ölkəmizdə
müasir dünya təhsil sisteminin vacib tərkib hissələrindən biri
olan distant təhsilin aşağı inkişaf
səviyyəsi təəccüb
doğurur. Bəlkə də
bu, adıçəkilən
sistemin postsovet ölkələri üçün
yeni bir forma olmasından irəli gəlir. Bir çox inkişaf
etmiş ölkələrdə
artıq uzun illərdir ki, uğurla həyata keçirilən distant təhsilin
ölkəmizdə inkişafı
xüsusilə regionlarda
yaşayan əhalinin
internet vasitəsilə yüksək
səviyyəli təhsil
almasına və onların faydalı insan kapitalı kimi formalaşmasına səbəb olacaq.
Azərbaycanda insan kapitalının
inkişafı üçün
müxtəlif ölkələrin
bu sahədə olan təcrübələrinin
tədqiq edilməsi və yerli şəraitə
uyğunlaşdırılaraq ölkəmizdə tətbiq
edilməsi də zəruridir. Bu qəbildən nümunə
kimi, Qətər Dövlətinin insan kapitalı siyasəti nəzərdən keçirilə
bilər. Qətər də
Azərbaycan kimi neft ixrac edən
bir ölkədir.
Hazırda Qətər dünyada
ən yüksək həyat səviyyəsinə
malik ölkələrdən
biridir. 2012-ci ildə
adambaşına düşən
ÜDM həcminə görə,
Qətər dünyada
birinci yeri tutmuşdur və bu da artıq
Qətərin "qara
qızılı insan
qızılına" çevirmək
sahəsində böyük
yol qət etdiyini deməyə əsas verir. Neft kapitalını insan kapitalına çevirmək
bu ölkənin prioritetləri sırasındadır
və bu sahədə çox böyük işlər görülmüşdür. Belə ki, 1995-ci ildə Qətər Əmirinin sərəncamı ilə
burada Qətər Təhsil, Elm və İctimai İnkişaf Fondu (Qətər
Foundation) yaradılmışdır.
Fondun yaradılmasında əsas
məqsəd "insan
potensialını inkişaf
etdirməklə Qətərin
karbon iqtisadiyyatından
bilik iqtisadiyyatına keçid yolunu dəstəkləmək"dir. Fond yarıözəl əsasda
fəaliyyət göstərir
və qeyri-kommersiya təşkilatıdır. Özəl maliyyələşdirilmə ilə
yanaşı, bir sıra hallarda dövlət tərəfindən
də maliyyələşdirilmə
həyata keçirilir.
Fondun fəaliyyəti təhsil,
elm və ictimai inkişaf olmaqla 3 əsas istiqaməti əhatə edir. Fond tərəfindən ölkədə təhsilin
inkişafı məqsədilə
Təhsil şəhəri
yaradılmış və
burada çoxlu sayda xarici, yüksək
səviyyəli universitetlərin
filialları, o cümlədən
bir neçə yerli universitet və məktəb yerləşdirilmişdir ki,
bu da yerli
tələbə və
şagirdlərə yüksək
səviyyədə təhsil
almaq imkanı verir. Bundan başqa, Təhsil
şəhəri ərazisində
Qətər Elm və
Texnologiya Parkı yaradılaraq buraya bir çox xarici investorlar cəlb olunmuşdur.
Təhsil şəhəri ərazisinin "azad zona" elan edilərək istənilən
fəaliyyətin hər
cür vergi və yığımlardan
azad olunması buraya xarici, eləcə də yerli investorların maraqlarını artırmışdır.
Təhsil müəssisələri və özəl müəssisələrin bir
ərazidə yerləşməsi
strateji əhəmiyyət
daşıyır. Belə ki,
bunun nəticəsində
tələbələrin start-up layihələri elə buradaca tədqiq olunur, araşdırılır
və gələcək
vəd edən layihələr müəyyənləşdirilərək
həyata keçirilir.
Bu da tələbələrdə
hələ təhsil aldıqları müddətdə
sahibkarlıq mədəniyyəti
və vərdişlərinin
formalaşmasına gətirib
çıxarır.
Qətər Elm, Təhsil və İctimai İnkişaf Fondunun fəaliyyəti hər üç istiqaməti ilə, insan kapitalının inkişafına səy göstərən ölkələr,
o cümlədən Azərbaycan
üçün parlaq
nümunə rolunu oynaya bilər. Azərbaycanda İnsan Kapitalı
Fondunun yaradılmasının
zəruriliyi ilə bağlı fikirlər son
dövrlərdə çox
səsləndirilmişdir. Belə bir fondun yaradılması
bu sahənin kompleks olaraq inkişafına şərait
yaradacaq. Lakin yarıözəl
əsasda fəaliyyət
göstərən Qətər
Fondundan fərqli olaraq, Azərbaycanda yaradılacaq İnsan Kapitalı Fondunun tamamilə dövlət mülkiyyətində olması
daha məqsədəuyğundur.
Çünki bu sahənin
dövlətin tam nəzarətində
olması etibarlılıq
baxımından həm
əhalinin, həm də xarici investorların maraqlarına
uyğun olacaq. Bundan başqa, fondun fəaliyyəti çərçivəsində
insan kapitalı sahəsinin klasterləşdirilməsi
də mühüm əhəmiyyətə malikdir.
İqtisadiyyatın bütün sahələrində
olduğu kimi, təhsil və elm mərkəzlərinin də
bir ərazidə cəmlənməsi bu sahələrin səmərəliliyinin
artmasına səbəb
olur. Azərbaycanda Təhsil şəhəri,
Elm və Texnologiya Parkı misalında bu cür klasterləşdirmənin
həyata keçirilməsi
mümkündür. Dünyanın əksər inkişaf etmiş ölkələrində
təhsil müəssisələri
ətrafında universitet
şəhərcikləri yaradılır
və burada müxtəlif kitabxanalar, tədqiqat mərkəzləri,
laboratoriyalar və s. yerləşir. Lakin Azərbaycanda
bu təcrübə hələ mənimsənilməmişdir
və əksər universitetlər əsasən
paytaxtda yerləşən
bir neçə tədris korpusundan ibarətdir.
Azərbaycanda kiçik və orta sahibkarlığın
inkişafının dəstəklənməsi
də prioritet məsələlərdən biridir.
Belə ki, müasir dövrdə ölkələrin
ÜDM-in 90 faizə qədəri
kiçik və orta müəssisələr
tərəfindən formalaşdırılır.
Bu da həmin
sahəyə xüsusi
diqqət yetirilməsini
zəruri edir. Kiçik və orta sahibkarlığın
inkişaf etdirilməsi
məqsədilə dünyanın
bir çox ölkələrində hələ
orta məktəb səviyyəsində şagirdlərə
sahibkarlıq icbari fənn kimi keçilir. Bu cür ölkələrə
misal olaraq, Finlandiya, Polşa və Avstriya göstərilə bilər.
Bu ölkələrin nümunələrindən
istifadə edərək
ölkəmizdə də
sahibkarlığın orta
və ya orta ixtisas təhsili
müəssisələrində könüllü və ya icbari fənn
kimi tədris olunması şagirdlərə
hələ uşaq yaşlarından biznes təfəkkürünün aşılanmasına
və gələcəkdə
bu sahədə ciddi inkişafa səbəb ola
bilər.
Azərbaycanda insan kapitalının
inkişafı dövlətin
iqtisadi inkişaf siyasətinin prioritetləri
arasında yer alır. 2012-ci ildə
Prezident İlham Əliyevin fərmanı ilə "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyası təsdiq
edilmişdir. Konsepsiyanın hazırlanmasında əsas
məqsəd ölkədə
iqtisadiyyatın tarazlı
və dayanıqlı
inkişafını təmin
etmək, əhalinin sosial rifahını yüksəltmək, cəmiyyətin
bütün istiqamətlərdə
tərəqqisini sürətləndirməklə
inkişafın keyfiyyətcə
yeni modelini formalaşdırmaqdır. Konsepsiyada insan kapitalının inkişaf etdirilməsi mərkəzi mövqe tutur. Dövlət büdcəsindən elm, təhsil,
səhiyyə, sosial müdafiə, mədəniyyət
və idman xərclərinə ayrılan
vəsait 2012-ci ildə
4325,4 milyon manat təşkil etmişdir ki, bu da ötən
ilin göstəricisindən
10,8 faiz artıqdır.
Bütün bunlar Azərbaycanda bu istiqamətdə kifayət
qədər ciddi fəaliyyət göstərildiyini
bir daha sübut edir. Bunun nəticəsində Azərbaycan
artıq özünə
dünyada iqtisadi cəhətdən sürətlə
inkişaf edən ölkələr arasında
xüsusi yer qazanmışdır. Yuxarıda qeyd
etdiklərimizə əsasən
demək olar ki, Azərbaycanda artıq "neft kapitalının insan kapitalına çevrilməsi"
istiqamətində kifayət
qədər əhəmiyyətli
tədbirlər görülmüşdür
ki, bunun nəticələri də
özünü göstərməkdədir.
Lakin bu sahənin tam inkişafını təmin
etmək üçün
hələ bir sıra tədbirlərin görülməsinə ehtiyac
var. Bu da Təhsil Nazirliyi tərəfindən
həyata keçiriləcəkdir.
Mahir HÜMBƏTOV,
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi,
Aygün QARAYEVA,
Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təcrübəçisi
Azərbaycan. - 2013.- 2 avqust.- S. 6.