Azərbaycan Respublikasının fövqəladə hallar naziri Gürcüstanda səfərdədir

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana ikigünlük səfəri başlamışdır.

AzərTAc xəbər verir ki, səfərin ilk günündə nümayəndə heyətinin üzvləri ulu öndər Heydər Əliyevin Tbilisidəki büstü, eləcə də Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklillər qoymuşlar.

Nazir K.Heydərov Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət etmiş, ölkəmizin Gürcüstandakı səfirliyinin yeni binasında yaradılan şəraitlə tanış olmuşdur.

Daha sonra nümayəndə heyəti Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili ilə görüşmüşdür.

Görüşdən sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov AzərTAc-ın müxbirinə bildirmişdir ki, səfər çərçivəsində Gürcüstanın daxili işlər naziri ilə "Azərbaycan Respublikası hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Bununla biz fövqəladə halların aradan qaldırılması sahəsində bir-birimizə yardım məsələlərini rəsmən təsdiq etdik. Biz əvvəllər də belə hallarda bir-birimizə kömək əli uzadırdıq, lakin indi bunu rəsmiləşdirdik.

General-polkovnik Kəmaləddin Heydərov qeyd etmişdir ki, Gürcüstan daxili işlər naziri ilə rəsmi görüşdə gələcəkdə ölkələrimizin ərazisində baş verə biləcək həm təbii, həm də başqa qəzaların nəticələrinin aradan qaldırılması üçün daha səmərəli yollar axtarışı barədə fikir mübadiləsi apardıq. Həmçinin əməkdaşların müştərək təlimlərinin təşkili məsələsinə də diqqəti cəlb etdik.

K.Heydərov görüşdə Azərbaycanın və Gürcüstanın ərazilərindən keçən neft-qaz kəmərlərində yarana biləcək təhlükələrin qarşısının alınması mövzusuna toxunulduğunu, ümumiyyətlə, Gürcüstan ilə müzakirə ediləcək məsələlərin çox olduğunu qeyd etmişdir.

Nazir demişdir ki, biz Gürcüstan tərəfinə Fövqəladə Hallar Nazirliyinin Akademiyası barədə təkliflərimizi verdik. Ola bilsin, gələcəkdə gürcü məzunlarda akademiyada təhsil almaq arzusu yaransın. Biz müştərək təlimlərin keçirilməsi üçün işçi plan da hazırlayacağıq. Əminəm ki, bu sahədə əməkdaşlığımız ölkələrimizin ərazisində baş verə biləcək fövqəladə halların birgə aradan qaldırılmasında mühüm rol oynayacaq, böyük səmərə verəcəkdir.

Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Gürcüstana səfərinin əhəmiyyətini vurğulamışdır. O demişdir ki, bu yaxınlarda Azərbaycana səfəri zamanı keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bu gün rəsmi sənəddə əksini tapmışdır. Biz fövqəladə halların nəticələrinin aradan qaldırılması, onun məhdudlaşdırılması və yüngülləşdirilməsi sahəsində Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında əməkdaşlığa dair razılaşmanı imzaladıq.

İ.Qaribaşvili strateji tərəfdaş olan ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, fövqəladə hallar zamanı qarşılıqlı yardım sahəsində də əməkdaşlığın uğurla davam etdirildiyini bildirmişdir.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Gürcüstan Fövqəladə Halların İdarə Olunması Mərkəzi ilə tanış olmuşlar.

Tədbirlərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.

Nümayəndə heyəti avqustun 2-də Batumiyə səfər edəcəkdir.

Səfər avqustun 2-də başa çatacaqdır.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Tbilisi

 

Azərbaycan. - 2013.- 2 avqust.- S. 6.